Xəta ilə, bilərək və ya məcburiyyət nəticəsində işlənən bəzi günahların bağışlanması üçün borc ödəməyə “kəffarə” deyilir.
Ramazan ayında oruclu ikən cinsi əlaqədə olan şəxs hənim orucu həm qəza etməli, həm də kəffarə orucu tutmalıdır. Yəni bir gün qəza, altmış gün də kəffarə orucu tutmalıdır. Oruca kəffarə tətbiq edilən həmin hadisə belədir:
Bir gün bir nəfər Rəsulullahın (s.ə.s.) yanına gələrək, “Mən məhv oldum” − dedi. Həzrət Peyğəmbər: “Niyə məhv oldun?” − deyə soruşduqda, həmin şəxs, “Ramazanda oruclu ikən həyat yoldaşımla cinsi əlaqədə oldum”, − dedi. Rəsulullah, “Bir kölə azad et”, − buyurdu. Həmin şəxs, “Kölə tapa bilmərəm (buna imkanım yoxdur).” – dedi. Həzrət Peyğəmbər, “Ard-arda iki ay oruc tut.” − buyurdu. O, “Buna gücüm çatmaz”, − dedikdə, Rəsulullah, “Altmış yoxsulu doyur”, − dedi. Həmin şəxs, “Buna da gücüm çatmaz”, − dedi. Bu əsnada Rəsulullaha (s.ə.s.) bir səbət xurma gətirdilər. Allah Rəsulu (s.ə.s.) xurma səbətini həmin şəxsə verərək, bu xurmaları yoxsullara paylamağı tapşırdı. Həmin şəxs Mədinədə onlardan kasıb kimsə olmadığını dedikdə, Rəsulullah gülümsədi və, “Get bunları ailənlə ye”, − buyurdu.[1]
Orucla əlaqəli bu kəffarə hökmü Qurandakı zihar kəffarəsi ilə eynidir. Zihar cahiliyyə dövründə bir ərin arvadını anasına və ya bir yaxınına bənzədərək onu özünə haram etdiyi bir and növüdür. Rəsulullah (s.ə.s.):
“Ramazan ayında bilərək orucunu pozan zihar edən şəxs kimi kəffarə ödəməlidir.” – buyurmuşdur.[2]
Hənəfilərə görə, burada orucun pozulma şəklindən bəhs edilmir. Bu səbəbdən hənəfilərə görə, bilərək yemək-içməklə pozulan oruc üçün də kəffarə lazımdır.
Hər hansı yeyəcək və içəcək bilərək yeyilib-içildiyi və ya dərmandan orucu pozacaq şəkildə istifadə edildiyi təqdirdə, qəsdən pozulan oruc üçün həm qəza, həm də kəffarə lazım gəlir. Ancaq tutulan oruc xəstəlik, heyz və nifas halı, yolçuluq, məcburiyyət və təhdid altında pozularsa, həmin orucu sadəcə qəza etmək lazımdır. Unudaraq nə isə yeyib-içməklə oruc pozulmur.
Oruc kəffarəsi yalnız fərz olan və niyyət edilərək başlanan ramazan orucunu qəsdən pozmağın cəzasıdır. Bir hədisdə belə buyrulur:
“Kim Ramazan ayında üzrsüz səbəbdən və xəstə olmadığı təqdirdə tutduğu orucu pozarsa, ömür boyu oruc tutsa da həmin orucun yerinə keçməz.”[3]
Qəza, nəzir, sünnə və ya nafilə oruclar bilərək və ya bilməyərək pozulduğu təqdirdə sadəcə günə-gün qəza edilməlidir, kəffarə lazım deyil.
Şafeilər də oruc kəffarəsini zihar kəffarəsinə qiyas edir. Şafeilərə görə, yalnız cinsi əlaqədə olmaqla pozulan fərz oruc üçün kəffarə lazımdır. Yəni bilərək cinsi əlaqədə olan şəxsə kəffarə düşür.
Oruc kəffarəsi də zihar kəffarəsində olduğu kimidir. Sırayla bu üç maddədən özünə münasib olanı seçmək olar.
Dövrümüzdə köləlik sistemi olmadığı üçün ikinci və üçüncü maddələrdən biri əsas götürülməlidir. Burada sıraya əməl etmək şərtdir. İki ay oruc tutmağa gücünün çatmayacağını düşünən şəxs, altmış yoxsulu bir dəfədə və ya ayrı-ayrı günlərdə doyura bilər. Buna da gücü çatmayacaqsa, tövbə və istiğfar edərək Allahdan bağışlanma diləməlidir. Kəffarə orucunun hökmü vacibdir.
Kəffarə orucu heyz və nifas kimi bir üzr səbəbilə kəsilərsə, qaldığı yerdən davam edilir. Məsələn, kəffarə borcu olan qadın 25 gün oruc tutub, beş gün aybaşı olsa, təmizləndikdən sonra qaldığı yerdən davam etməlidir.
Kəffarə ödəməyə gücü çatmayanın üzərindən kəffarə borcu düşmür. Hansı ödəmə şəklinə gücü çatırsa, onu etməlidir.[4]
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.