Axirətin tarlası sayılan dünyaya axirət qazancı əldə etməyə gələn bəşər övladı ramazanda ibadət və gözəl əməllərindən birə min savab qazanır. Ramazanda ibadət və gözəl əməllərin savabı birə mindir.
Hədisi-Şərifin bəyanına görə, Qurani-Kərimin hər bir hərfinə on savab, on xeyir və on cənnət meyvəsi verilir.[1]
Ramazan ayında oxunan Qurani-Kərimin hər hərfi min savab qazandırır. Ramazan cümələrində bu savab daha da çoxalır. Qədr gecəsində isə otuz minə bərabərdir. Çünki “Qədr gecəsi min aydan daha xeyirlidir”[2] min ay da otuz min gün deməkdir.
Bəli, hər bir hərfi otuz min əbədi meyvə verən Qurani-Kərim milyonlarla əbədi meyvəni (neməti) ramazanda möminlərə bəxş edir. İnsan bu bərəkətli və qazancı əbədi olan ticarətə baxmalı, onu görməli və bu ticarətin dəyərini bilməyənlərin nə qədər zərərdə olduğunu başa düşməlidir…
Ramazan ayı axirət “ticarəti” üçün qazanclı tarladır, əməl və ibadətlərin “yetişib böyüməsi” üçün zəruri olan yaz yağışıdır. Ramazan insanın Allahın sonsuz səltənəti qarşısında ibadətləri ilə “rəsmi keçid”dən keçməsi üçün müqəddəs bir bayramdır. Məhz buna görə də insana nəfsin qəflətindən, yemək, içmək kimi heyvani ehtiyac və istəklərindən, boş, mənasız işlərdən, nəfsani həvəslərdən qurtulmaq üçün fərz buyurulmuşdur.
İnsan ramazanda nəfsin həvəslərindən uzaqlaşıb mələkləşir… Axirət ticarətinə başlayır. Dünya ehtiyaclarını müvəqqəti olaraq bir kənara qoymaqla axirət insanına çevrilir, ruhaniləşir və orucu ilə Allahın Saməd isminə ayna olur. Allah Saməddir, yəni hər şey Ona möhtacdır, amma o heç nəyə möhtac deyildir, yemək, içmək və s. şeylərə ehtiyacı yoxdur. Mələklər yemək, içmək və evlənmək baxımından Saməd isminin təcəllisinə ayna olurlar. İnsanlar da ramazanda mələklər kimi Saməd isminin təcəllisinə ayna ola bilər.
Bəli, ramazan ayında bu fani dünyada, fani ömürdə və qısa bir həyatda əbədi bir ömrü və uzun bir həyatı ehtiva edən, insana bəxş edən müqəddəs zaman kəsiyidir.
Bir ramazanla səksən illik ömrün meyvələrini əldə etmək olar. Qədr gecəsinin isə Quranın bəyanı ilə min aydan daha xeyirli olması bu fikrə, sirrə bir dəlil kimi kifayət edir.
Bəli, bir padşah hakimiyyəti boyunca taxta çıxma münasibəti ilə və ya müxtəlif səbəblərlə hər il bəzi günləri bayram edir və həmin günlərdə sadiq xalqı ilə ümumi qanunlar çərçivəsində deyil, xüsusi ehtiramla, mərhəmət və iltifatla rəftar edir. Bunun kimi Əzəli və Əbədi Sultan, on səkkiz min aləmin Cəlallı Padşahı uca, şanlı fərmanı olan Qurani-Kərimi ramazan ayında nazil etmişdir. Ramazanın xüsusi ilahi bir bayram, İlahi bir sərgi və ruhani bir məclis olması hikmət baxımından labüddür.
Madam ki ramazan belə bir bayramdır, əlbəttə, insanların bu ayda səfil və heyvani məşğuliyyətlərdən müəyyən qədər çəkinməsi üçün oruc tutmağın əmr edilməsi təbiidir.
Ən mükəmməl oruc isə, mədə ilə yanaşı, bütün duyğu orqanları, göz, qulaq, qəlb, fikir və xəyal ilə tutulan orucdur. Yəni onları haram şeylərdən, boş və mənasız işlərdən uzaqlaşdırmaq və hər birini ibadətə yönəltməkdir.
Məsələn, dili yalandan, qeybətdən və pis sözlərdən çəkindiməklə ona oruc tutdurmaq və Quran oxumaq, zikr (Allahı anmaq), təfəkkür, təsbih (Allahı bütün nöqsanlıqlardan uzaq tutmaq), salavat və tövbə kimi çox dəyərli ibadətlərlə məşğul etmək kimi…
Gözü naməhrəmə baxmaqdan, qulağı çirkin şeyləri dinləməkdən çəkindirib (gözü) ibrəti görməyə, (qulağı isə) haqq söz olan Qurani-Kərim dinləməyə həsr etmək və beləcə bütün digər orqanlara da bir növ oruc tutdurmaq kimi…