3. 308 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İslam dininə görə uşağı olmayanların övladlığa uşaq götürməsi caizdirmi?

Cavab:Məsələyə “uşağı olmayanlar nə üçün övladlığagötürməyə baş vurur?” sualı ilə başlayaq. Övladlığa uşaq götürməkdə əsas məqsəd uşağa baxmaq, onu böyüdüb boya-başa çatdırmaq, himayə etmək, ölüncə də var-dövləti ona bağışlamaq üçün edilir.

 Qayda olaraq bilməliyik ki, uşağın ata-anası ilə nəsil baxımından münasibətini tamamilə kəsib başqa bir soyada keçirmək və özünə varis təyin etmək üçün övladlığa uşaq götürmək caiz deyildir.

Hz. Peyğəmbər (s.ə.s) xüsusilə yetimlərin himayə edilməsini təşviq etmiş, onların hüquqlarının qorunmasını tələb etmiş və bunu yerinə yetirənlərin cənnətdə özü ilə birlikdə olacaqlarına dair müjdə vermişdir.

Lakin unutmamaq lazımdır ki, yetkinlik yaşına çatandan sonra himayəyə götürülən, böyüdülən uşaq (nikah düşməyəcək qədər) yaxın qohum deyilsə naməhrəm hesab olunur. Məhz bu səbəbdən, həddi-büluğa çatdıqdan sonra naməhrəmlik münasibətləri gözlənilməlidir. İslam dininə görə bir uşağı başqasının öz himayəsinə götürməsi, onu evində böyütməsi qadağan olunmayıb. Əksinə, bu kimi davranışlar təşviq edilmişdir. Lakin uşaq əsl ailəsini bilməli, miras, nəfəqə və naməhrəmlik kimi mövzularda lazımi tədbirlər görülməlidir.

Qeyd etmək lazımdır ki, İslamda atası-anası bilinən bir uşağı övladlığa götürüb soyadını dəyişdirmək və onu varis etmək müəyyən səbəblərdən qadağan edilmişdir:

1. Ata-ananın, yəni ailənin uşaqlar üzərindəki hüquqlarından biri də öz ailəsinə sahib çıxması, soyadını davam etdirməsi, ailə ilə bağlı vəzifə və öhdəlikləri yerinə yetirməsidir.

 2. Ailə fərdlərinın (qohum-əqrəbanın) kimlərdən meydana gəldiyini və mirasın kimlər arasındakı bölünəcəyi ilə bağlı Quran və Sünnədə təfərrüatı ilə məlumat verilmiş və ayənin sonunda da Allah-Təala: “Bunlar Allahın qoyduğu hüdudlardır” buyuraraq bu xüsuslara riayət etməmizin gərəkli olduğu bildirilmişdir.

3. İslamda ailə fərdləri arasından məhrəmlik-naməhrəmlik münasibətləri vardır. Bəzi yaxın qohumların yanında örtünmək və s. kimi bəzi məsələlərlə bağlı hökmlər daha uzaq qohumlara nisbətən fərqlidir. Məhz bu səbəbdən övladlığa götürülən uşaq yetkinlik yaşına çatdıqdan sonra naməhrəmlik məsələlərinə riayət olunmalıdır.

Nəticə etibarı ilə deyə bilərik ki, övladlığa uşaq götürülə bilər. Ancaq o bizim öz övladımız deyildir. Sadəcə olaraq biz onu yetkinlik yaşına çatana kimi himayə edib, tərbiyəsi ilə məğul ola bilərik. Bu yaşa çatdıqdan sonra ona bu həqiqəti açıqlamalıyıq.

 Dr. Anar Qurbanov

BİU, Zaqatala korpusunun müəllimi




Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.


Şərh yaz