Peyğəmbər fars sözü olub “rəhbər, yol göstərən və elçi” mənalarına gəlir. Dini terminologiyada isə Allahın bəndələri arasından seçib vəhylə şərəfləndirərək, əmr və yasaqlarını insanlara çatdırmaq üçün göndərdiyi elçilərə deyilir. Peyğəmbər sözünün ərəb dilindəki qarşılığı rəsul və mürsəl sözləridir. Yeni kitabla insanlara göndərilən peyğəmbərə rəsul və ya mürsəl deyilir. Bu sözlərin cəm şəkli rüsul və mürsəlindir.
Xəbərçi və xəbər gətirən mənasının daha geniş olmasına görədir ki, “peyğəmbər” kəlməsi ərəbcədəki “rəsul” və “nəbi” kəlmələrini də əhatə edəcək xüsusiyyətə sahibdir və son iki kəlmədən daha ümumi mənadadır.
“Peyğəmbər” kəlməsi rəsul və nəbi sözlərinin əvəzinə işlədilir. Bundan əlavə nəbi və rəsul kəlmələrindəki fərqi nəzərə alsaq peyğəmbər sözü nəbi qavramına daha yaxındır.
Quranda “Nəbi” kəlməsi də peyğəmbər mənasında işlənir. Nəbi də Allahın əmr və qadağalarını insanlara bildirir. Lakin o, yeni kitabla göndərilməyib, özündən əvvəlki peyğəmbərin gətirdiyi şəri (şəriətə aid) əsasları ümmətinə çatdırmaqla mükəlləfdir. Ənbiya nəbi sözünün cəm şəklidir. Risalət və nübüvvət sözləri isə peyğəmbərlik mənasına gəlir.
Peyğəmbərlər Allah tərəfindən seçilən məxsusi keyfiyyətlərə malik kamil insanlardır. Ən gözəl maddi-mənəvi vəsflərə malik olan bu insanların söz, hərəkət və davranışları hər kəsə nümunədir. Allah istəyir ki, insanlar peyğəmbərlərin izi ilə getsinlər və onları özlərinə örnək götürsünlər. Onlar bir komandan, bir sərkərdə, bir ata, bir dövlət başçısı, bir hakim kimi və nəhayət, möcüzələri ilə – bir sözlə, həyatın hər sahəsində insanlara kamil örnəkdir.