1. 247 dəfə oxunub ,   0 şərh   Çap et

Bu dünyada hər başlanğıcın bir sonu var. Aləmlərə Rəhmət olaraq göndərilən Hz. Məhəmməd Mustafa da (sallallahu əleyhi və səlləm) bir insan olduğundan vaxt-vədə yetişəndə O da dünyadan köçəcəkdi. Vəzifəsini bitirmiş, əmanətini layiqincə başa çatdırmış və Rəbbinə yönəlmişdi. Hər yerə elçilər göndərir, eşitməyənlərə eşitdirir, görməyən gözləri aydınlığa qovuşdururdu. Allahın vəd etdiyi yardım və fəth gerçəkləşmişdi: insanlar dəstə-dəstə İslamı qəbul edirdi. İslam təkcə Ərəbistan yarımadasını ağuşuna almamış, ətraf bölgələrə də qədəm qoymuşdu. Fəth edilən yerlərdə təbliğ və irşada ciddi ehtiyac var idi. Allah Rəsulu da yetişdirdiyi “gövhərlərin” bir çoxunu bu diyarlara göndərirdi.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hər il ramazan ayında adəti üzrə on gün etikaf edirdi. Hicrətin onuncu ilinin ramazan ayında isə iyirmi gün etikafa çəkildi. Hər il ramazan ayında bir dəfə Qurani-Kərimi əvvəldən-axıra qədər Cəbraildən dinləyirdi, amma bu il iki dəfə etdi. Eyni zamanda Vida həccində həccin qaydalarını öyrətmiş: “Bəlkə də, gələn il sizinlə görüşə bilmədim”, – buyurmuşdu. Uhud şəhidlərini ziyarət etmiş, onlara xeyir-dua etmiş və göz yaşları ilə vidalaşmışdı.

Bu aralar bir yandan da bəzi yerlərdə ortaya çıxan fitnələri aradan qaldırmaq üçün ordu hazırlayırdı. Orduya Üsamə bin Zeydi sərkərdə təyin etdi.  Hz. Zeyd çox gənc idi. Münafiqlər narahat olmağa başladılar. Bunu görən Rəsulullah (sallallahu əleyhi və səlləm) camaatı topladı, onun bu vəzifəyə daha layiq olduğunu, özünün də dəyər verdiyini söyləyib itaəti tövsiyə etdi. Bunu görən ənsar və mühacir Hz. Üsaməyə tabe olaraq döyüşə çıxmağa hazırlaşdı. Ancaq Allah Rəsulu xəstə olduğu üçün səhabələr Mədinədən kənar bir yerdə dayanıb gözləməyə başladılar.

Rəsulullah (sallallahu əleyhi və səlləm) şiddətli baş ağrılarından əziyyət çəkirdi son günlərində. Hətta bir gün Baqi qəbiristanlığına ziyarət edib qayıdarkən Hz. Aişə Onu qarşılamış, başının ağrıdığını söyləyəndə də Allah Rəsulu: “Əslində, mənim başım ağrıyır”,– demişdi. Bundan sonra bu ağrılar get-gedə şiddətlənir və taqəti kəsilir.

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) xanımları bu xəstəlik əsnasında Onun Hz. Aişənin yanında qalmaq istədiyini anlamış və buna razı olmuşdular. Rəsulullah da Hz. Meymunənin evindən çıxaraq bir tərəfində əmisi oğlu Fəzl, digər tərəfində də Hz. Əli olmaqla Hz. Aişənin evinə təşrif gətirdi. Burada xəstəliyi daha da ağırlaşdı. Üstünə su tökməklə oyada bildilər. Bir az özünə gəldiyini hiss edib namaz vaxtında məscidə getmək istədi. Sonra səhabələrlə namaz qılıb söhbət etdi. Ağrıları azaltmaq üçün başına sarıq bağlamışdı. Minbərdə oturaraq Uhud şəhidlərinə dua və istiğfar edib belə dedi: “Allah bir qulunu Onu və ya dünyanı seçməkdə sərbəst buraxdı, qul da Onun yanına getməyi seçdi”, – buyurdu. Bunu eşidib məsələni anlayan səmimi dostu Hz. Əbu Bəkir ağlamağa başladı.

Yeriməyə taqət tapınca namaz qıldırmaq üçün məscidə gəldi. Son qıldırdığı namaz axşam namazı oldu. Şiddətli ağrılara görə başını dəsmalla bağlamışdı. Bu halda gəldi və namazı qıldırdı. Namazda “Mürsəlat” surəsini oxudu. Yatsı vaxtı çatanda: “Namaz vaxtı gəldimi?”– deyə soruşdu. Orada olanlar: “Hər kəs sizi gözləyir”,– dedilər. Qaba su tökdürüb yuyundu. Sonra ayağa qalxıb məscidə getmək istəyirdi ki, huşunu itirdi. Ayılıb özünə gələndə namazın qılınıb-qılınmadığını soruşdu. “Camaat sizi gözləyir, ya Rəsulullah”,– dedilər. Allah Rəsulu: “Əbu Bəkir namazı qıldırsın”,– buyurdu. Bu, böyük bir şərəf, eyni zamanda son dərəcə ağır məsuliyyət  idi. Hz. Aişə atasının olduqca həssas olduğunu, dolayısilə, belə bir şeyi etməkdə çətinlik çəkəcəyini söyləsə də, Rəsulullah (sallallahu əleyhi və səlləm) bunu təkrar etdi və onlar belə dedi:

“Ey insanlar, Mənə mal və dostluğu ilə ən yaxın insan Əbu Bəkirdir. Əgər əziz bir dost seçmək lazım gəlsə, mütləq Əbu Bəkri seçərəm. Amma İslam qardaşlığımız var. Məscidə açılan qa­pıların hamısı bağlansın, Əbu Bəkrin qapısı istisna. Mən hamınızdan  qabaqdayam və sizi gözləyəcəyəm. İndi hovuzumu gö­rürəm. Mənə yer üzü xəzinələrinin açarları verildi. Vallah, mən sizin məndən sonra müşrik olacağınızdan deyil, dünya üçün bir-birinizə düşmən olacağınızdan qorxuram”,– buyurdu. Bu vaxt ağrıları xəfifləmiş, namaza qalxmışdı. Camaata namaz qıldıran Hz. Əbu Bəkir geri çəkilmək istədi, ancaq Rəsulullah (sallallahu əleyhi və səlləm) davam etməsini işarə edərək özü də onun arxasında oturub namazını qıldı.

Xəstəliyində mütəmadi olaraq ağırlaşma və yüngülləşmə olurdu. Bazar ertəsi günü ruhunda bir sakitlik və hüzur var idi. Mübarək otağı məscidə bitişik idi. Sübh vaxtı pərdəni qaldırıb baxanda camaatın namaz qıldığını gördü. Gördüyü mənzərədən sevinib gülümsədi. İnsanlar ayaq səslərini eşidib elə bildilər, Rəsulullah (sallallahu əleyhi və səlləm) məscidə gəlir. Hər kəs sevincindən yerə-göyə sığmırdı. Az qala namazı pozacaqdılar. İmamlıq edən Hz. Əbu Bəkir geri çəkilib yerini Ona vermək istədi. Ancaq Allah Rəsulu işarə edərək ona mane oldu və otağına girib pərdəni endirdi. Əshab Allah Rəsulunun (əleyhi əkməlüt-təhaya) mübarək üzünü son dəfə görürdü.

Rəbiüləvvəl ayının on ikisi, bazar ertəsi günortadan əvvəl başı Hz. Aişə anamızın köksünə söykənmiş halda son nəfəsini verdi. Aişə anamız bu son anları belə anladır:

“Allahın mənə ehsan etdiyi nemətlərdən biri də Rəsulullahın (sallallahu əleyhi və səlləm) mənim otağımda, mənim növbəmdə (mübarək başı) köksümün üstündə vəfat etməsidir. (Belə ki, qardaşım)­ Ab­dur­rəhman əlində bir misvak otağa girmişdi. Mən də Rəsulullahı köksümə söykəmişdim. Onun misvaka diqqətlə baxdığını gördüm. Misvakı çox sevdiyini bildiyim üçün: “Sizə misvak verim?”– deyə soruşdum. Başı ilə: “Bəli”,– deyə işarə etdi. Mən də misvakı yumşaldıb verdim, ağzında gəzdirdi. Bir də Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanında kiçik su qabı var idi. Arabir əlini bu qabda isladıb üzünü silir və: “Lə ilahə illəllah! Ölümün necə şiddətləri, dərəcələri var”,– deyirdi. Sonra əlini qaldırdı. Ruhu bədənini tərk edənə qədər: “Allahım, məni Rəfiqi-Alaya (Uca Dost) apar”, – deyə dua  etdi. Bu dua ilə Xatəmül-Ənbiyanın (möcüzələr göstərən mübarək) əli düşdü” (Buxari, Merda 19, Fezailus-Sahabə 5, Daavat 28).

Allah Rəsulu (əleyhi əkməlüt-təhaya) ömrünün sonunda on üç gün xəstə yatmışdır. Xəstəliyinin beş gününü digər xanımlarının yanında keçirmiş, səkkiz gününü isə Hz. Aişənin otağında qalmışdı. Xəstəliyi çərşənbə günü başlamış, iki həftə keçdikdən sonra bazar ertəsi Haqqa qovuşmuşdu.

Allah Rəsulunun ömrünün sonlarına yaxın diqqət etdiyi məsələlər

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) son günlərində daha çox namaza diqqət etmişdir. Bunu həm vəfatına qədər xəstə ola-ola camaat namazına qatılmağa çalışmasında, həm də səhabələrinə “namaza, namaza diqqət edin, əliniz altında olanlara görə Allahdan qorxun” (İbn Mace, Vesaya 1) bəyanında görürük.

Digər məsələlər isə işçi haqlarıdır. İnsana və onun haqlarına əhəmiyyət verən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ümmətinə bu barədə xəbərdarlıq etmiş: “Kölələrinizlə yaxşı rəftar edin, onları geyindirin, yedirdin və gözəl sözlər söyləyin”, – buyuraraq insanlara gözəl davranmağı vəsiyyət etmişdir. Allah Rəsulunun son zamanlarında vurğuladığı digər məsələlər isə qadınlarla yaxşı davranılması, gələn elçilərin hörmətlə qarşılanması və Ərəbistan yarımadasının şirkdən tamamilə təmizlənməsidir.




Şərh yaz