Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fətanətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə!
Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.
Onun (s.a.s.) bəyanı o qədər gözəl, ifadələri o qədər füsunkar idi ki, sözlərini eşidən qəlblər məst olur, baxışlar başqalaşır, ağıl və mühakimələr ağ bayraq qaldırır, insani duyğular cana gəlir, ruhlar qanadlanırdı. Allah Onun dilinə elə bir güc bəxş etmişdi ki, dərin sözləri, təsirli bəyanları qarşısında hüzurunda olan bəxtiyar insanların sanki dili tutulur və ovsunlanırdı. Elə ki dodaqlarında hikmət inciləri bərq vurmağa başlayırdı, ağıl və mühakimə sahiblərinin nitqi tutulur, elə ki yaxşını, gözəli, doğrunu danışırdı, dilinin şəkər-şərbəti dinləyənlərin ruhunu sarır, elə ki odlu sözləri ilə çirkinlikləri hədəfə alır, küfr və inkar edənləri öz çirkabında boğurdu, məfkurəsi adından gətirdiyi hüccət, bürhan və dəlillərlə kükrəyəndə isə bütün qaranlıq ruhların dilinə kündə vurur və zülmətləri dağıdırdı.
O (s.a.s.), bu ilahi lütflərin şüurunda idi və təhdisi-nemət niyyəti ilə dilə gətirməkdə qəbahət görməzdi: “Mən ümmi nəbi olan Məhəmmədəm. Məndən sonra nəbi yoxdur! Mən sözün ilki ilə, sonu ilə və “cəvamiül-kəlimlə” şərəfləndirildim,” deyərək Haqqın lütflərini sadalayır və “Ey insanlar, mən “cəvamiül-kəlim”lə və hər şeyi söyləyib son nöqtəni qoymaqla şərəfləndirildim” nurlu bəyanları ilə də keçmiş və gələcəyin Uca Xətibi olduğunu elan edirdi.
Həqiqətən, Allah Rəsulu (s.a.s.) abi-həyat nəfəsi ilə Haqq bağçasının güllərinə ilahilər bəstələyən elə bir bülbül idi ki, nə vaxt cəh-cəh vursa, könlünü dilə gətirir və qəlbinin dilindən ən ovsunlayıcı nəğmələr söyləyirdi. Onun bağının təzə fidanlarından çıxan sözlər başqa baharda açılmış tumurcuqlara, başqa səhərdə günəşə gülən çiçəklərə bənzəmirdi. Onun söz süfrəsində hər şey bir qönçə kimi təzə və novbar idi. Və bu novbar nemətləri dadıb ləzzətini hiss etmək, ondan həzz almaq da yalnız bu silsilənin ilk talelilərinə müyəssər olmuşdu.
O Bəyan Sultanı (s.a.s.) söz cövhərindən elə bir qılınc düzəltdi ki, o qılıncın səmada bir dəfə çevrə cızıb işıq saçması ilə bütün yalançı və saxta bəyanlar qaçıb yarasa yuvalarında gizləndi, bütün nağıllarsa Qaf dağının arxasına sığındı. O, söz və bəyandan elə çeşmələr axıtdı ki, bir anda cahiliyyə səhrasının hər tərəfi Cənnət bağçalarına döndü və elə irmaqlar meydana gətirdi ki, qapıları imana açıq bütün könüllər özlərini sonsuzluq okeanına tökülən o irmaqlarda gördülər.
Onun sözləri səmadan süzülürdü. Əgər Rəsulun vəhyin nəğməsi ilə bəstələnən sözləri olmasaydı, cahan xaosdan çıxmazdı. O, söz qılıncı ilə təbiətin üzündəki pərdəni dəlik-deşik etdi, din kitabını söz naxışlarıyla bəzədi. Söz Onun atının tərkinə yüklənmiş bir gövhər, sadağında qızıl bir oxdur. O, getdiyi hər yerdə söz anlayanların ətəyini ləl-cəvahiratla doldurdu və yayı gərib atını qaranlıqların üstünə çapdı. Allah-Təala sonuncu dəfə sözlə bir cahan dövləti qurmaq istəyincə o Bəyan Sultanını (s.a.s.) bu dövlətin bahadırı seçdi, söz, sikkə və fərmanını Onun ixtiyarına verdi.
O biri aləmlərdən agah olan bütün söz ustadları təcəlli marşını səsləndirən xorun bir üzvü idi. O, bu bülbüllər toplumunun rəhbəri oldu, nəbilər və vəlilər gəlib bir zikr halqası əmələ gətirirdilər. O, bu qüdsilər halqasına sərzakir vəzifəsiylə gəldi və gur səsiylə ərşü-fərşi lərzəyə gətirdi. O, sözlərlə bəzədiyi səmavi süfrəni insanlığın önünə sərdi və süfrədəki hər şey dost bağının ən məhrəm yerlərindən dərilib Ona təqdim edilmiş şahanə lütflərin ən bakir meyvələri idi. O meyvələri nə başqaları baxıb görmüş, nə də onlara əl vurmuşdu.
Hələ ən məhrəm bağçaların ən ətirli güllərini ən həzin nəğmələrlə tərənnüm edən bu Əndəlibi-Zişanın (Şanlı Bülbül) (s.a.s.) ilham göyərçini qanadlananda bütün dillər susur, qulaqlar diqqətlə onu dinləyir və ruhlar Onun bəyan zümzüməsindən məst olurdular.
Bəli, Onun sözlərinin hər dalğası sahilləri incilərlə bəzəyən bir dəniz, könüllərə ürpərtilər sala-sala zirvələrdən tökülən bir şəlalə və dərinliklərdən qopub gələn çeşmələr kimi idi. Nə o dəryaların ənginlik və mahiyyətini vəsf etmək, nə o çağlayanlara tərcüman olmaq, nə də o çeşmələrə çatmaq mümkündü.
İndiyə qədər yüzlərlə alim və ədib Onun söz cövhərinin başına dolansa da, yüzlərlə və minlərlə tədqiqatçı o pak abi-həyat bulağına üz tutsa da və nə qədər dahi ömrünü Onun dərinliyini qavramağa həsr etsə də, O, həmişə əlçatmaz zirvə olaraq qalmışdır. Bir şairimiz beytində bu məqamı gözəl təsvir edir:
Bikri-fikri kainatın parça-parça oldu lakin
Pərdeyi-ismətdə qaldı bəyani-Rəsul hələ.
Bəli, bir damla dəryanı, bir şüa günəşi tam əks etdirə bilmədiyi kimi, Məhəmmədi həqiqətin bir parçası sayılan üləma, övliya, əsfiya da başqa insanlarla müqayisədə kamil olsalar belə, Onu layiqincə təmsil edə və əks etdirə bilməzlər.
Allah Rəsulu məktəb-mədrəsə təhsili görməmiş mürşidi-kamil idi. Allah-Təala Rəsulunu maddi-mənəvi xarakterinin möhkəmliyi, duyğularının duruluğu, düşüncələrinin sağlamlığı və ülvi məqamlara açıq vicdanının ənginliyi ilə Haqqın bəyanlarını olduğu kimi qəbul etməyə, əslinə toxunmadan insanlığa çatdırmağa uyğun və münasib fitrətdə yaratmış, onun ruh-mənəvi saflığını qorumuş, bəşəri təlim-tərbiyənin, təlim-tərbiyədəki bəşəri sistemlərin təsirinə düşməkdən hifz etmiş, sonra da vəhy verərək insanlığa rəhbər göndərmişdir. Bütün bunlar onun məktəb-mədrəsə təhsili almamış kamil və mükəmməl bir mürşid olmasından xəbər verir.
Onun təbiət və xarakteri, zahiri və batini hisləri, ağıl və mühakiməsi peyğəmbərlik vəzifəsi ilə elə bağlı idi ki, Haqdan gələn heç bir bəyan, heç bir ilham mehi zərrə qədər dəyişikliyə məruz qalmadan, dəyişmədən O nurdan yaranmışın nurani dünyasında büllurlaşır, sonra da ilahi tənəzzülat şəklində insanlara çatırdı.
Bu ən duru mənbədən fışqırıb axan və gəlib o pak könülə süzülən, sonra da ən lətif, ən nəzif, ən fəsih bir lisanla bəşəri idraka uyğun səsləndirilən ilahi bəyan Onun peyğəmbərliyinin əlaməti, risalətinin dəlili olduğu kimi, o dolambaclı yollarda azuqəsi, işığı-burağı və düşmənlərinə qarşı dəlili və isbatı idi. O, insanlara Haqqın bəyanlarını çatdırmaqla eyni zamanda peyğəmbərliyini hayqırır və elan edirdi. O, vəhyin o sirli, sehrli cövhər xəzinələri ilə müsəlmanların müşküllərini həll edir, ehtiyaclarını yoluna qoyur, yenə o almaz qılıncla düşmənlərini susdururdu.
Quran Onun üçün hər şey idi, hava idi, su idi, silah idi, zireh idi, qala idi, bürc idi və bürclərdə dalğalanan bayraq idi. O, Quranla nəfəs alır, onunla buludlar kimi göylərə yüksəlir, onunla rəhmət damlaları kimi yenidən yer sakinlərinin imdadına yetişir, onunla zülmətləri dağıdır, onunla şərdən və şərlilərdən qorunur, onunla hayqırır və onunla işığa dönüb hər yana nur saçırdı.
Hikmətin fəsih lisanı olan o Bəyan Sultanına nazil olan bitib-tükənməz ilahi elm xəzinəsi ilə yanaşı, neçə-neçə suallar, bir çox müşküllər, ümmətə aid neçə-neçə dini, ictimai, iqtisadi, siyasi məsələlər ünvanlanırdı. Rəsulullah da bunları sonsuz elmin parlaq aynası və İlahi varidatın tənəzzülgahı, mənzili, mərkəzi, seyrangahı sayılan qəlbi-paki-Əhmədi (Əhmədin pak qəlbi) və lisani-nəzihi-Məhəmmədi (Məhəmmədin nak dili) ilə cavablandırır, düyünləri çözür, mübhəmləri izah edir və Quranla gələn mütləq əmrləri təqyid, bağlı məsələləri açır, xüsusini ümumiləşdirir, ümumini xüsusiləşdirir, Quranın bəyanları ilə yanaşı, öz ifadə və sözlərinin gücünü də xatırladırdı. Ümumbəşəri peyğəmbərliyi ilə bütün insanlığa xitab edən bir mübəlliğ, bir mürşid, bir islahatçı və bir mücəddidin başqa cür olması da mümkün deyildi.
Peyğəmbərimizin (s.a.s.) peyğəmbərliklə şərəfləndiyi dövrdə “cəmiyyət arasında ən dəyərli “mal” fəsahət və bəlağət idi”. Daha sonralar zəka, söz və bəyan üstünlüyü ilə dünyaya hökm edən bu ədib və istedadlı millət istər “vəhyi-mətluv” olan Quranda, istərsə də bəyan, irşad, xütbə, nitq və təlimat kimi şeylərdə ilahi bəyanın o müqəddəs və nurlu təmsilçisinə həmişə heyranlıq duymuş və Ona ehtiram göstərmişlər. O da daima sözlərini dinlətmiş, qəbul etdirmiş və heç vaxt da tənqidlə rastlaşmamışdır. Əgər Onun söz, bəyan və düşüncələrinə ən kiçik tənqid və ya etiraz olsaydı, bu gün də düşmənçilik edən insanlar bundan yaxşıca faydalanar, şişirdib-böyüdərək, bəzəyib-düzəyərək, hər kəsə və hər tərəfə çatdıraraq bir hay-həşir qoparardılar ki, gəl görəsən. Çünki Onu sarsıtmaq, gözdən salmaq üçün ən çirkin böhtanlaracan hər yolu qanuni sayanlar belə bir fürsəti çox axtarmışdılar, çox gözləmişdilər, amma tapa bilməmişdilər. Halbuki Onun ifadə, bəyan və kəlam gücü haqqında Fironun Həzrət Musa haqqında söylədiyi qədər belə bir şey deyilməmişdi, deyilə bilməmişdi və deyilə bilməzdi də.
Onun “Mənə ədəbi Rəbbim öyrətdi.. həm də çox gözəl öyrətdi!” zirvəsindən yüksələn səsi-sədası dostu da, düşməni də heyrətə gətirir, fövqəlbəşər bəyana təzim etdirirdi.
Əshabi-kiram arasında Həzrət Ləbid, Hansa, Kab, Hassan və İbn Rəvaha kimi yüzlərlə söz ustadı, Həzrət Əbu Bəkir, Ömər, Əli, Müaviyə, Əmr ibn As və İbn Abbas kimi yüzlərlə natiq, yüzlərlə hüquqşünas və yüzlərlə hikmət əhli, demək olar, hər məsələdə Onu ustad, mürşid və rəhbər qəbul etdiyi kimi, gələcək əsrlərdə hədis elminin nəhəng hafiz və şərhçiləri, təfsir elminin dahi alimləri, fiqhin bənzərsiz müctəhidləri, dinin zamana sığmayan mücəddidləri, mənəviyyat iqliminin minlərlə övliya, əsfiya, əbrar və müqərrəbini, kəlam, məntiq, mühakimə və dəqiq elmlərin alimləri, üstəlik yüzlərlə fərqli sahələrin minlərlə elm adamı Onun ümman kimi bəyan cövhərini daima ən feyzli, ən bərəkətli, ən duru, ən doğru qaynaq bilmiş, Ona müraciət etmiş, Ona sığınmış və “aclıqlarını”, “susuzluqlarını” o səmavi süfrədə yatırıb hüzura qovuşmuşlar.
Bəli, Onun sünnəsi dünəndən bu günədək müctəhidlərin ən doğru məxəzi, mərifət səmasında süzənlərin ən güclü qanadı, elm adamlarının ən duru çeşməsi, övliya və əsfiyanın da ən nurlu varidat mənbəyi olmuşdur. Şəriət elmləri, təsəvvüfün müxtəlif yolları, zahiri və batini elmlərin mahiyyəti və xülasəsi daima Onun o nurlu söz cövhərindən fışqırmışdır.
O, varlığın başlanğıcından sonuna, insan oğlunun yaradılışından Cənnət və ya Cəhənnəmə çatmasına, vicdanın rəbbani mərifəti görüb dərk etməsindən o biri dünyada Camalullahı seyr etməsinə, iman və etiqaddan ibadətin ən incə təfərrüatına qədər hər şeyi o qədər mükəmməl izah etmişdir ki, Quran istisna, heç bir bəyan Ona tən ola bilməz.
Allahı zat, sifət və isimləri ilə həm də Ona layiq incəlik və həssaslıqla ciddi müvazinət daxilində, qiyamət və həşrü-nəşri, hesab və Cənnət-Cəhənnəmi ümidlə gurlayan ürpərdicilik və həzzə çevrilən dəhşət içində, mələklər, ruh, cin və şeytanı qeybin əsrarəngizliyi çərçivəsində, imanı, əməli, əməldə ixlası, çəyirdəyin qabiliyyətini, torpağın bitirmə xüsusiyyətini yağışın həyatvericiliyi və baharın əlvan rənglərlə bəzənməsi şəklində elə gözəl təsvir edir ki, insan Onun o möhtəşəm tablolarını seyr edərkən təmiz fitrətli insanların imanla rişələnib kök atdığını, İslamla boy atıb kamilləşdiyini, ixlasla Cənnət əhlinə çevrildiyini sanki öz gözləri ilə görür.
O, namazı oturub-duran, insana dost və yoldaş olan, onu tənha qoymayan və yollarını işıqlandıran, dəstəmazı can olub, qan olub insanın damarlarında gəzib-dolaşan, çaytək qapısı ağzından axan, axdıqca hər cür hisi-pası yuyub aparan, əzan, iqaməni sərv ağacları kimi boy atıb yüksələn, səsi-sədası ilə şeytanları vahiməyə salan və nəfis ətrə dönüb namaz yolçularının ruhuna hopan, zəkat, sədəqəni bir-birinə yadlaşmış kütlələr arasında körpü olan, onları doğmalaşdıran, möhkəm bir lehim kimi parçaları birləşdirən, orucu qalxantək sahibini qoruyan, onun Cənnətə girməsinə kömək etmək üçün Cənnət qalalarında sirli bir qapıya çevrilən və saqi kimi əlində qədəh kövsər təqdim edən, həcci bir dərzitək sökükləri yamayan, bir qəssal kimi ləkələri yuyan və ümumi məşvərət məclisi kimi bütün inananları bir yerə yığan, cihadı bir fədai kimi sinəsini gərib Cəhənnəmin yollarını bağlayan, bir təşrifatçı kimi Cənnət yollarını açıb insanlara “Buyur!” deyən və şəfqətli ata kimi inad edənlərn əl qolunu bağlayıb firdövslərə (cənnətə) sürüyən, zikri, duanı naqilsiz telefon kimi Yaradanla yaradılmışı görüşdürən, danışdıran, əmri-bil-məruf, nəhyi-anil-münkəri bir yol polisi, bir qapıçı kimi, yolların başında, qapıların qabağında dayanıb yoldan keçib-keçməmə, qapıdan içəri girib-girməmə işlərinə baxan, silei-rəhmi bir ana kimi qollarını açıb gözləyən, insanlarla çarpışan, onları mühakimə edən, vədlər verən, yoldan azmasınlar deyə onlara xəbərdarlıq edən, yaxasından tutub silkələyən canlı motiv kimi təsvir edir və dinləyənləri ovsunlayırdı.
Bəli, Onun bütün bu məsələləri bir naxış kimi təsvir etməsi, təsvirdə istifadə etdiyi vəsaitin xüsusiyyətləri, bəyanındakı hərəkət, işarə, təsvir və musiqi gücü, bütün ədəbi sənətlərdən asanlıqla və yerli-yerində istifadə etməsi xülasə, bunların hər biri xüsusi araşdırma tələb edir.