“Rəsulullahın adları” deyəndə Onun üçün işlədilən adları nəzərdə tuturuq. Əbu Bəkir bin Ərəbi: “Allah-Təalanın 1000 ismi var. Peyğəmbərimizin də 1000 adı var,” – deyə buyurmușdur. Peyğəmbərimizin ən çox tanınan adı Məhəmməddir. Bəzi alimlərə görə, Onun beș yüzə qədər adı var. Suyuti “Əl-Behicətüs-Səniyyə” adlı kitabını Rəsulullahın adlarına həsr etmişdir.
Həzrəti Cübeyr ibn Mutim (r.a.) Peyğəmbərimizin adları haqqında bu hədisi rəvayət edir: “Mənim adlarım var: Mən Məhəmmədəm, mən Əhmədəm, mən Əl-Mahiyəm (məhv edici) – Allah mənim vasitəmlə küfrü məhv edəcək. Mən Hașirəm (toplayıcıyam, insanlar mənim arxamda həșr ediləcək). Mən Aqibəm (ən sonuncu gələn), məndən sonra peyğəmbər gəlməyəcək”.[1] Hədisdə Peyğəmbərimiz: “Adlarım var,”– buyurmuș, ancaq bu adların bir neçəsini bildirmişdir.
Rəsulullah bașqa bir hədisdə isə: “Mən Məhəmmədəm, mən Əhmədəm, mən Nəbiyyür-Rəhmətəm, mən Nəbiyyüt-Tövbəyəm, mən Muqaffiyəm, mən Hașirəm, mən Nəbiyyül-Məlahiməm,”[2]– deyə buyurur.
Peyğəmbərimizə Məhəmməd adını babası Əbdülmüttəlib qoymușdu. Əbdülmüttəlib “Niyə bu adı qoydun?” sualını verənlərə:
– İstədim ki, onu həm göy, həm də yer əhli təqdir etsin, öysün və ona səna etsin, – deyə cavab vermișdi.[3]
Qurani-Kərimin dörd yerində Məhəmməd adı zikr edilir[4], Əhməd ismi isə “Saff” surəsinin altıncı ayəsində Hz. İsanın sözləri[5] içində verilir.
Məhəmməd sözünün kökü “həmd”dir. Məhəmməd adı zaman və şəxs şəkilçiləri qəbul etmiş fel olub mübaliğə bildirir. Yəni “çox öyülmüș” deməkdir. “Dəfələrlə mədh edilmiş” mənasında istifadə edildiyi kimi, “təqdir və qibtə edilməyə layiq xüsusiyyətləri özündə cəm edən” mənasına da gəlir.
Əhməd adı isə çox həmd edən mənasına gələn bir ifadə șəklidir. Peyğəmbərimizin Əhməd adı ilə anılması bu șəkildə izah edilir: Allah-Təala Peyğəmbərimizə məqami-Mahmuddan elə həmdlər və elə gözəl sənalar ehsan edəcək ki, belə bir lütf heç kimə nəsib olmamıș və olmayacaqdır. Rəsulullah da Ona bəxș edilən bu xüsusi həmdlərlə Rəbbinə həmdü-səna edəcəkdir.
“Şəfa” kitabının müəllifi Qazı İyaza görə: “Rəsulullah (s.ə.s.) Məhəmməd adı verilməmişdən əvvəl Əhməd idi. Çünkü keçmiș səmavi kitablarda (Tövrat və İncildə) Əhməd adı ilə adlandırılırdı. Qurani-Kərimdə isə Onun adı Məhəmməd kimi verilir. Demək, O, insanlar onu (Rəsulullahı) öymədən əvvəl Rəbbini mədh etmişdir, Ona həmd etmişdir. O, axirətdə Rəbbinə həmd edəcək, Allah da Onun șəfaətini qəbul edəcək. O, “Həmd” surəsi (“Fatihə”), Livaul-Həmd (Həmd bayrağı) və Məqami-Mahmud kimi hədiyyələrlə şərəfraz edildi; müxtəlif davranıșlardan sonra həmd etmək ona şəriət hökmü kimi əmr edildi; ümməti “Hammadun” adlandırıldı və Onda həmdin bütün mənaları cəmləndi”.[6]
Əl-Mahi ismi isə “məhv edən”, “yox edən” və “ortadan qaldıran” deməkdir. Küfrü ortadan qaldıran və yaxud Ona tabe olanlardan pislikləri uzaqlaşdıran mənasında istifadə edilmișdir.
Əl-Hașir – “toplayan”, “bir araya gətirən” deməkdir. Qiyamət günü əvvəlcə Peyğəmbərimiz, sonra da digər insanlar dirildiləcək. Rəsulullah sayca ən çox ümmətin peyğəmbəri kimi axirətdə bir pənahgah, bir yardım əli kimi görülərək insanları özünə cəzb edəcəkdir.
Əl-Aqib kəlməsi isə “sonuncu” mənasına gəlir. “Ondan sonra peyğəmbər gəlməyəcək” deməkdir. Onun son peyğəmbər olduğuna dair istər ayə, istərsə də hədisi-șəriflərdə hökmlər var.
İbni-Həcər Peyğəmbərimizin bașqa isimlərinin olmasına baxmayaraq, hədisdə sadəcə “beș”indən bəhs olunmasını belə açıqlayır: “Mənim özümə məxsus beș xüsusi adım var, bu adlar məndən əvvəl qədim qövmlərdə heç bir böyük və məșhur şəxsə verilməmișdir”.
Peyğəmbərimizin bu adlarını da sadalamaq olar: Rauf, Rahim, Mübəșșir, Nəzir, Mubeyyin, Dai-iləllah, Siracul-Münir, Müzəkkir, Rəhmət, Nemət, Hadi, Şəhid, Əmin, Müzzəmil, Müddəssir, Muxtar, Mustafa, Şəfi, Müșəffa, Sadiq, Masduq, Yasin, Fatih, Xatim, Taha və s…
Məhəmməd Daməğani “Şəvqul-Ərus” və “Ünsün-Nüfus” adlı əsərlərində Kabul-Axbardan nəql edir: “Peyğəmbərimizin adları Əhli-Cənnət nəzdində Əbdulkərim, Əhli-Ərș nəzdində Əbdülməcid, bașqa mələklər nəzdində Əbdülhəmid, Ənbiya nəzdində Əbdülvəhhab, Şeytanlar üçün Əbdülqəhhar, Cinlər nəzdində Əbdürrəhim, dağlar üçün Əbdülxaliq, quru ərazilərlə bağlı Əbdülqadir, dənizlər üçün Əbdülmuheymin, balıqlar üçün Əbdülquddus, həșərat üçün Əbdülğıyas, vəhși canlılar üçün Əbdülbaqi; yırtıcı canlılar üçün Əbdüssalam, (ümumən dörd ayaqlı) heyvanlar üçün Əbdülmumin, qușlar üçün Əbdülğaffar, Tövratda Müz Müz, İncildə Tab Tab, Suhufda Aqib, Zəburda Faruq, Allah nəzdində Ta-Ha və Ya-Sin, möminlər üçün Məhəmməddir. Künyəsi Əbül-Qasımdır “.[7]
[1]. Muvatta ,2/1004; Tirmizi, 5/135; Əhməd ibn Hənbəl, 4/80, 84
[2]. Müslim, 4/1828; İbn Hibban, Səhih, 14/220
[3]. Beyhaqi, Dəlail, 1/113; İbn Kəsir, Əl-Bidayə, 2/266.
[4]. “Ali-İmran”, 3/144, “Əhzab”, 33/40, “Məhəmməd”, 47/2, Fəth, 48/29
[5] … bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” … (“Saff” surəsi,
[6]. Qazı İyaz, Şəfa, 368
[7]. Məvahibül-Lədünniyyə, 1/373