2. 463 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (s.ə.s.) ailə üzvləri ilə söhbət edərdi. Peyğəmbərimiz ailə üzvlərinin hər biri ilə șəxsən və baș-bașa söhbət etdiyi kimi, onların hamısı ilə müștərək söhbətlər də edərdi. Zövcələri ilə müəyyən vaxtlarda görüşməyi adətə çevirmişdi. Hər səhər məsciddən çıxandan və hər ikindi vaxtı namaz qılandan sonra, xanımlarına bir-bir baş çəkər, onlarla hal-əhval tutardı. Xüsusilə, ailə üzvlərini bir yerə yığmaq üçün hər axșam söhbət məclisləri qurardı. Rəvayətlərə görə, Allah Rəsulu bu məclislərdə zövcələrinə “xürafə” adlı ibrətamiz hekayələr danıșar, zarafatları ilə hamını güldürərmiş.

Hz. Aișə oyuncaq uşaqlarının olduğunu, qonșuların yanına gəldiyini, onlarla birlikdə oynadığını danışır və Rəsulullahın da onların gəlməsinə mane olmadığını, əksinə kömək etdiyini,[1] bəzən də oyuncaqlarla  ona zarafat etdiyini[2] bildirir. Allah Rəsulu Hz. Aişənin bayramlarda həbəșilərin göstərdiyi əyləncələrə tamaşa etməsinə həm icazə vermiș, həm də baxmasına kömək etmişdir.[3] Zövcələri ilə müxtəlif zarafatlar da etmișdir.[4] Hətta Hz. Aișə ilə qaçmaqda yarıșmışdır.[5]

(Hz. Aişədən rəvayət:) Bir gün Hz. Aişə Rəsulullah üçün bulamac bișirir. Sevda (r.a.) anamız da orada imiş.  Hz. Aișə  Hz. Sevdaya: “Buyur, sən də ye!” – deyir. O imtina edincə, Hz. Aişə: “Yeməsən, üzünə yaxacağam”, – deyir. Hz. Sevdanın  yeməməkdə israr etdiyini görən Aişə anamız bulamacı onun üzünə yaxır. Allah Rəsulu bu zarafata (s.ə.s.) gülərək: “Nə dayanmısan, sən də onun üzünə yax,” – deyir. Hz. Sevda da yeməyi Hz. Aișənin üzünə yaxır. Rəsulullah (s.ə.s.) ona da gülür.[6]

Rəsulullah (s.ə.s.) bəzən də sözlə zarafatlar etmișdir. Hz. Aișə buyurur: “Bir gecə “görən, o biri zövcələrinin yanına getdi,” – deyərək vəsvəsə içində Rəsulullahı axtarırdım ki, əlim saçına toxundu. Məsələni bașa düșən Rəsulullah (s.ə.s.): “Sənə yenə șeytanın gəlib, deyəsən!” – dedi”.[7]

Yenə Allah Rəsulu ailəsinin bir üzvü kimi olan xidmətçisi Ümmü Əymənlə belə zarafat edir:

Ümmü Əymən (r.a.) bir gün Allah Rəsulunun yanına gəlib:

– Mənə bir minik heyvanı ver, – deyir. Rəsulullah:

– Səni dəvə balasına mindirəcəyəm, – buyurur. Ümmü Əymən:

– Ey Allahın Elçisi! Dəvə balası məni apara bilməz, – deyir.

Allah Rəsulu (s.ə.s.):

– Səni dəvə balasından bașqa bir șeyə mindirmərəm, – deyərək hər dəvənin əslində dəvə balası sayıldığına işarə edir. Hadisəni rəvayət edən ravi Rəsulullahın etdiyi zarafatlarda belə həqiqətə sadiq qaldığını diqqətə çatdırır.[8]

Peyğəmbərimiz (s.ə.s.) söz və davranıșları ilə ailə üzvlərinə mənəvi dəstək olmağa böyük əhəmiyyət vermişdir. Rəsulullahın bir çox davranışı – zövcələrinin fəzilətlərini özlərinə deməsi,[9] onları sevdiyini dilə gətirməsi,[10] miniyinə götürməsi,[11] eyni qabın suyu ilə yuyunması,[12] zövcəsinin dəvə və ya ata minməsinə kömək etməsi və minərkən dizini dayaq etməsi,[13] yemək dəvətinə “zövcəmi də gətirsəm” șərti ilə razılıq verməsi,[14] bir sıxıntı içində kədərlənib ağlayan xanımının göz yașlarını əlləri ilə silərək təsəlli verməsi[15] –  zövcələrini məmnun etmək üçün idi.

Hz. Safiyyənin rəvayəti: bir dəfə birgə mindikləri dəvənin ayağı sürüșür, ikisi də yıxılır. Allah Rəsulu qaça-qaça köməyə gələn Talhaya: “Qadına baxın, onunla maraqlanın,”[16] – deyə buyurur.

Rəsulullah (s.ə.s.) təkcə zövcələrınə deyil, “ailəsindən saydığı” hər kəsə  xüsusi ehtiram göstərərdi. Zövcələrindən  Hz. Aișə Ondan müstəsna sevgi və etibar görmüşdü. Əmisi Abbas da Onun xüsusi etibarını qazanmışdı. Rəsulullah onu doğma atası kimi sevmiș, bir çox işdə ondan məsləhət almıș, onun köməyini həmișə qəbul etmișdir.[17]

Peyğəmbərimizin azad etdiyi Zeyd və oğlu Üsamə (r.a.) Onun xüsusi sevgi göstərdiyi insanlardan idi. Allah Rəsulu Hibbu-Rəsulullah (Allah Rəsulunun sevgilisi) ünvanı ilə məșhur olan Üsaməni nəvələri Həsən və Hüseyn qədər sevmiş[18], ona daim iltifat göstərmişdir.[19] Fəth və Həcc günü kimi əlamətdar günlərdə Peyğəmbərimizin tərkində oturmaq șərəfinə çatan Üsamə on səkkiz yașında Rəsulullahın əmri ilə Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Əbu Ubeydə ibn əl-Cərrah kimi böyük mühacirlərin də iștirak etdiyi orduya rəhbərlik etmișdi.[20]

Allah Rəsulu sadəcə ailə üzvlərindən deyil, onların yaxınlarından da iltifat və qayğısını əsirgəməmişdi. Bir gün evinə gələn yașlı bir qadına ziyadə iltifat göstərmiş, bunu görən Hz. Aișə qadın getdikdən sonra bu iltifatın səbəbini sorușmuşdu. Rəsulullah da:

– Ey Aișə, bu qadın, Xədicənin rəfiqəsidir. Onun sağlığında bizə gəlib-gedərdi. Dostluğa vəfa imandandır,”[21] – deyə cavab vermişdi. Hz. Aișə Allah Rəsulunun Hz. Xədicənin yaxınlarına bağlı olduğunu, buna görə də hər dəfə qoyun kəsəndə onun rəfiqələrinə mütləq pay göndərdiyini rəvayət edir.[22] Bədir döyüşündə Müsəlmanlara əsir düşən Rəsulullahın kürəkəni Əbul-Asa qurtuluș fidyəsi kimi göndərilən boyunbağını görən Allah Rəsulu çox təsirlənmiş, bunu qaytarmağı təklif etmişdi. Təklifi qəbul edilmişdi. Bu boyunbağı qızı Zeynəbə anası Xədicənin toy hədiyyəsi idi.[23]

Hz. Ənəs rəvayət edir: “Rəsulullah bir zövcəsinin yanında idi. Bașqa bir zövcəsi də bir qab yemək göndərmișdi. Zövcəsi Rəsulullahın əlinə vurub qabı yerə saldı, tabaq qırıldı. Rəsulullah tabağın iki parçasını birləșdirib tökülən yeməyi içinə yığdı və: “Ananıza qısqanclıq gəldi, haydı buyurun yeyin,” – dedi”. Bundan sonra verilən rəvayətdə Hz. Aișənin özü ilə gətirdiyi dașla Hz. Hafsanın yemək qabını qırmasından bəhs edilir. Üçüncü rəvayətdə isə Hz. Aișə “Safiyyə kimi yemək bișirən görmədiyini” dilə gətirdikdən sonra, “özünü saxlaya bilməyib qabı qırdığını” etiraf edir. Allah Rəsulu onun bu hərəkətinə heç nə deməmiş, sakitcə tökülən yeməyi yığıb sadəcə: “Ananıza qısqanclıq gəldi, buyurun yeyin,” – bu­yurmuşdu.[24]

Rəvayətlərdə Peyğəmbərimizin bəzi ev ișlərində zövcələrinə kömək etdiyini də görürük. Hz. Aișə “Rəsulullah evdə nə edərdi?” deyə sorușanlara  bu cavabı vermișdi: “Ailənin qulluğunda durar, na­maz bașlayanda da evdən çıxardı”. “Hansı işləri görərdi” sualına da Hz. Aișədən gələn rəvayətlərdə: “ayaqqabı təmir edər, paltar yuyar və paltar təmizləyər, qoyunu sağar, tuluğu yamayar, öz ișlərini və siz kișilərin evdə gördüyü hər növ iși görərdi” kimi cavablara rast gəlirik.[25] Bəzi rəvayətlərdə gösrərilir ki, özünə yemək də bișirərmiş.[26]

Bununla yanașı, Allah Rəsulu zövcələrinə iltifat göstərməyi də ehmal etməmişdi. Rəsulullah ailə üzvlərinin müəyyən qədər əylənməsinə də diqqət yetirmişdir. Peyğəmbərimiz toylarda, bayramlarda, bəzi mərasimlərdə əylənməyə icazə vermișdir. Allah Rəsulu zövcələri ilə həmişə səbrlə rəftar etmişdir. Bunun ən gözəl nümunəsi də “İla” hadisəsidir.

İki  Cahan Sərvəri, ən gözəl örnək olan Peyğəmbərimiz zövcələri ilə məșvərət də etmișdir. Allah Rəsulu ilk dəfə vəhy gələndə gördüklərindən qorxmuș və hislərini Hz. Xədicəyə danıșmıșdı. Onun Peyğəmbərimizə verdiyi təskinlik və təsəlli dillər əzbəridir.[27] Həmçinin Hz. Xədicənin təklifi ilə qızı Zeynəbi  Əbul-Asa ərə vermişdir. Hətta ravi Zeynəbin Əbu1-Asa verilməsini Rəsulullaha Hz. Xədicənin təklif etdiyini və Rəsulullahın bu təklifi qəbul etdiyini bildirəndən sonra mövzumuz üçün əhəmiyyətli bir cümlə əlavə edir: “Rəsulullah (s.ə.s.) Hz. Xədicənin sözünü yerə salmazdı…”[28] Bununla yanașı, “İfq” hadisəsi zamanı Hz. Aișə haqqında Zeynəb binti Cahșın, Hz. Aișənin qulluqçusu Bərirənin fikirlərini sorușmușdu.[29]

Bu mənada Ümmü Sələmə nümunəsi daha maraqlıdır. Hudeybiyyədə sülh bağlanıb həmin il ümrə etməmək maddəsi qəbul edilincə səhabələr məmnun qalmamıș, Rəsulullahın “ehramdan çıxma” əmrini dinləməkdə gecikmişdi. Rəsulullahın kədərini görüb səbəbini öyrənən Ümmü Sə­lə­mə: “Ya Rəsulallah! Sən qalx, qurbanı kəs, onlar Sənə itaət edib qurbanlarını kəsəcəklər,” – dedi. Rəsulullah da belə etdi və həqiqətən, səhabələr Onun ardınca qurbanlarını kəsdilər.[30]


[1]Buxari, 5/2270; Müslim, 4/1890

[2]Əbu Davud, 2/700-702

[3]Buxari, 1/323; ən-Nəsayi (Əl-Müctəba), Qahirə, 1930, (Suyutinin şərhi və Sindinin haşiyəsi ilə birlikdə), 3/195; İbn Həcər, Əl-Mətalib, 4/129; İbn Həcər, Məcmauz-zəvaid, 11/250

[4]Bax.: Heysəmi, Məcməüz-zəvaid, 4/315-320

[5]İbn Macə, 1/606; Əbu Davud, 2/34

[6]Heysəmi, Məcməüz-zəvaid, 4/315-316

[7]Müslim, 4/2168; Nəsayi, 7/72

[8]İbn Sad, Tabaqat, 8/224.

[9]Mübarəkfuri, Töhfətul-Ahvəzi, 5/563-65.

[10]İbn Həcər, Fəthül-bari bi-şərhi səhihil-Buxari, Misir, 1959. 8/22, 23.

[11]İbni Həcər, əl-Mətslibül-Aliyə, 2/417.

[12]Darimi, Sünən, 1/153, 157, 740. H. 755. H.

[13]İbn Həcər, q.o.ə. 6/427, İbn Sad q.o.ə. 8/119.

[14]Ən-Nəsayi, Sünən, 6/158.

[15].Heysəmi, q.o.ə. 4/320.

[16]İbn Həcər, q.o.ə. 6/533; İbn Sad, q.o.ə. 8/124.

[17]İbn Macə, Kəffarat, 12; İbnül-Əsir, Üsdül-Ğabə, 3/165- 167.

[18]İbn Sad, e.a.ə. 4/62.

[19]İbn Sad, e.a.ə. 4/69.

[20]İbn Sad, q.o.ə. 4/68.

[21]Mübarəkfuri, q.o.ə. 6/159.

[22]Tirmizi, 4/369.

[23]İbn Sad, q.o.ə. 8/31.

[24]Nəsayi, 7/70; Azimabadi, Avnul-Mabud, 9/481; Təbərani, Mucəmus-Sağir, 1/205-206

[25]Bax.: Buxari, Ədəbul-Müfrəd 1/4; Tirmizi, 4/654; Əhməd ibn Hənbəl, 6/106

[26]Tirmizi, Əş-Şemailul-Muhammədiyyə, Xumus 1968. s. 181. Hakim, Müstədrək, 4/110.

[27]Bax.: Buxari, 1/4

[28]Heysəmi, q.o.ə. 9/213.

[29]Buxari, 2/942

[30]Vakıdi, Məğazi, 2/613. Daha ətraflı məlumat üçün bax.: İbrahim Canan, Aile İçi Eğitim,s. 205-226, Gülyurdu Yayınları, İzmir, 2006



Açar sözləri

peyğemberimizin ailesi

Şərh yaz