3. 135 dəfə oxunub ,   0 şərh   Çap et

HZ. İBRAHİMƏ QƏDƏR UZANAN ŞƏCƏRƏ

 Gözlənilən Son Peyğəmbər Hz. İbrahimin əmanətini gətirib qoyduğu yerdə zühur edəcəkdi. Ancaq bunun üçün aradan xeyli müddət  keçməli idi.

Hz. İbrahimdən sonra burada daimi məskən salan Hz. İsmailin on iki oğ­lu dünyaya gəlir. Oğlanlarından Nabitin digərlərindən fərqlənməsi diqqəti cəlb edirdi. Eyni xüsusiyyət Nabitin oğlu Yəşcubda da özünü büruzə verir. Bu fərqli cəhətlər ardıcıllıqla Yarub, Teyrah, Nahur, Muqavvim, Udad və Adnana qədər davam edir. Aydın idi ki, bu şəcərədə özünəməxsus bir əsilzadəlik və peyğəmbərlik yükünü daşıya biləcək fərqli bir xüsusiyyət var idi.

Peyğəmbərimizin iyirminci babası Adnandan atası Abdullaha kimi bütün babalarında − Maad, Nizar, Mudar, Malik, Fihr, Qalib, Lüeyy, Kəb, Mürrə, Kilab, Qusayy (Zeyd), Abdimənaf (Müğirə), Haşim (Amr) və Abdulmuttalibdə (Şeybə)[1] də bir üstünlük müşahidə olunur və onların alınlarında Kainatın İftixarl məxsus bir nuranilik sezilirdi.

Abdulmuttalib

Haşimin dörd oğlundan biri olan Abdulmuttalibin əsl adı Şeybədir. Məlum olduğu kimi, Peyğəmbərimizin ikinci nəsildən babası olan Haşim Hicazda fəziləti ilə seçilən ən nüfuzlu şəxslərdən biri idi. Hacılara izzəti-ikram adətinin əsasını o qoymuş və Qureyşin yay-qış ticarət ənənəsi də onunla başlamışdı. Özü də ticarətlə məşğul olurdu.

Haşim yenə ticarət məqsədilə Şama gedərkən Mədinəyə baş çəkmiş, burada Nəccaroğullarından Səlma adlı bir qadınla evlənmiş və bundan sonra Mədinədə məskunlaşmışdı. Ancaq Mədinə həyatı uzun sürmür və o bir döyüşdə vəfat edir. Bu vaxt hamilə olan xanımı Səlma Abdulmuttalibi dünyaya gətirir. Övladının saçlarındakı ağ tüklərə görə ona Şeybə adını qoyur. Şeybə anasının yanında, dayılarının tərbiyəsi və himayəsi altında böyüyür.

Atasının vəfatından sonra anadan olduğu üçün Məkkədəki əqrəbaları Şeybənin varlığından xəbərsiz idi. Əmisi Muttalib Mədinədə qardaşı oğlunun olmasından xəbər tutanda Şeybənin artıq yeddi-səkkiz yaşı var idi.

Dərhal Mədinəyə gələn Muttalib Şeybəni görən kimi onu bağrına basıb öpür, uzun-uzadı söhbət edib hal-əhval tutduqdan sonra onu tərkinə alıb Məkkəyə aparmaq istəyir. Balaca Şeybə və anası Səlma əvvəlcə buna etiraz etsə də, onları razı salıb qardaşı oğlunu da götürərək Məkkəyə qayıdır.

Şeybənin kim olduğunu bilməyən məkkəlilər Muttalibin  tərkindəki uşağı görüb bir qul sanaraq onu “Muttalibin qulu” mənasında “Abdulmuttalib” adlandırırlar. Bu ünvan artıq Şeybənin məlum  adı olur.

Muttalibin ölümü ilə Məkkənin rəhbərliyinə Abdulmuttalib gətirilmiş, beləliklə, onun üçün məsuliyyətli, ağır bir mərhələ başlamışdı. Abdulmuttalib taleyin (qədərin) “su səpdiyi” bir yolda səfərə çıxmış və aydındır ki, çiyinlərinə müjdəsi  verilən Son Peyğəmbərin zühur edəcəyi zəmini hazırlamaq kimi bir missiya yüklənmişdi. Artıq Abdulmuttalib məkkəlilərin dünyəvi işlərində özlərinə hakim təyin etdiyi və mübahisəli məsələlərdə üz tutduğu güclü bir rəhbər idi.

Zəmzəm

Kəbənin kölgəsində və Hicr adlandırılan yerdə yatarkən gördüyü yuxu Abdulmuttalib üçün bir başlanğıc idi. Bir nəfər ona səslənir:

− Ayağa qalx! Tayyibəni qaz, − deyirdi.

Dərhal soruşur:

− Tayyibə nədir?

Sualına heç bir cavab ala bilməmişdi. Ertəsi gün yenə yuxusunda eyni adamı görür. O, bu dəfə:

− Madmunəni qaz, − deyirdi.

−  Madmunə nədir? − deyə həyəcanla soruşur. Sualı bu dəfə də cavabsız qalır.

Üçüncü gün yenə qarşısında gördüyü şəxs bu dəfə ona:

− Zəmzəmi qaz, − deyirdi.

Əvvəlki suallarına ala bilmədiyi cavabı heç olmasa, bu dəfə eşitmək üçün dərhal soruşur:

− Zəmzəm nədir?

Bu dəfə sualına cavab verilir:

− Zəmzəm heç vaxt kəsilməyəcək və dərinliyinə varılmayacaq, sonsuz dərinliyə malik bir sudur. Onunla hacılarrın su ehtiyacını ödəyərsən. O, Kəbədə qurban qanlarının töküldüyü yerlə digər tullantıların atıldığı yerin arasındadır. Alaca qanadlı bir qarğa gəlib dimdiyi ilə həmin yeri işarə edəcək. Həmçinin orada bir qarışqa yuvası da var.

Bütün bunlar Abdulmuttalibi dərin düşüncələrə sövq etmişdi. Belə ki, Zəmzəmin  varlığından xəbərdar idi, çünki cürhümlülər düşmən istilasından qaçarkən əllərindəki bütün qiymətli əşyaları bura atmış və üstünü örtüb getmişdilər. Ancaq onun yerini bilən kimsə qalmamışdı və buna görə də bu, bir əfsanəyə çevrilmişdi. Amma indi həmin yer dəqiqliklə təsvir edilir, ona heç vaxt kəsilməyəcək və dibinə enilməsi mümkün olmayacaq  bir suyu çıxarmaq əmr edilirdi.

Bu qədər aydın məlumatın qarşısında laqeyd qalmaq mümkün deyildi. Abdulmuttalib əlamətləri verilən yerə gəlir. Deyildiyi kimi, bir alaca qarğa bir məkana  enib-qalxır, dimdiyi ilə də, sanki, bu yerə işarə edirdi. Abdulmuttalib bir az  yaxınlaşınca  qarışqa yuvasını da  görür. Daha şübhəsi qalmamışdı. Ertəsi gün oğlu Harisi də özü ilə götürüb həmin yerə gəlir və Zəmzəmi qazmağa başlayır.

Çox keçmədən quyunun ağzını örtən böyük və dairəvi daş görünür. Quyunun qapağını qaldırarkən oranın hər cür zinət əşyası və qiymətli əşyalarla dolu olduğunu gorürlər. Abdulmuttalib və oğlu Haris bir tərəfdən onları bir-bir quyudan çıxarır, digər tərəfdən isə quyunun altından gələn bir nəmişlik özünü hiss etdirirdi. Artıq vaxt tamamdı, çox keçməmiş Zəmzəm də ortaya çıxır.

Onlara heç kimə nəsib olmayan bir lütf ehsan edilmişdi. Əlbəttə, bu cür nemət onu verənə təşəkkür etməyi zəruri edirdi və işin bu yerində Abdulmuttalib:

− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır.

Bu həyəcan qureyşlilərin də diqqətini cəlb etmişdi. Az sonra onun ətrafında  böyük bir halqa meydana gətirirlər.

− Bu, babamız İsmailin mirasıdır, bunda bizim də haqqımız var. Bizi də bunlara şərik eləməlisən, − deyir və quyudan çıxan qızıl-gümüşü onlarla bölüşdürməsini istəyirdilər. Abdulmuttalib tövrünü dəyişmədən:

− Xeyr, bunu edə bilmərəm. Çünki bu, ancaq mənə bəxş edilmiş xüsusi bir durumdur, −  cavabını verir. Amma onlar israr edirlər.

− İnsaflı ol! Səninlə döyüşməli də olsaq, əl çəkəsi deyilik, − deyə onu təhdid edirdilər. Hətta aralarından Adiyy ibn Nəvfəl irəli çıxaraq Abdulmuttalibə:

− Bu necə ola bilər? Sən tək adamsan. Yanında oğlundan başqa heç kimin yoxdur. Hansı cəsarətlə bizə qarşı çıxır, istəklərimizi yerinə yetirmirsən? − deyir və tələblərinə boyun əyməsi üçün  Abdulmuttali­bə, sanki, meydan oxuyurdu.

Abdulmuttalib Adiyyin sözlərindən təsirlənmişdi. Güc və qüvvəni ancaq yanındakı  adamların sayı ilə ölçən Adiyyə başa düşdüyü dillə cavab verməli idi. Buna görə də Abdulmuttalib əllərini açır, üzünü səmaya tutaraq bunları söyləməyə başlayır:

− And içirəm ki, əgər Allah mənə on oğul verərsə, bunlardan birini Kəbənin yanında qurban edəcəyəm!

Bu,  içdən gələn bir dua olduğu kimi, Beytullahın kölgəsində Allaha verilmiş söz idi.

Ancaq çəkişmə davam edirdi. Bu əsnada Abdulmuttalib  bir təklif irəli sürür:

− Gəlin, bu məsələ haqqında aramızda hökm verməsi üçün istədiyiniz adamı hakim təyin edək.

Pis təklif deyildi. Çünki istədikləri adamı təklif edə biləcəkdilər. Tərəddüd etmədən:

− Sadoğullarının kahini, − deyirlər. Bu adam Şam əşrəfindən olmaqla sayılıb seçilən və mötəbər bir şəxs idi. Onsuz da Abdulmuttalib üçün heç nə dəyişməyəcəkdi:

− Olar, − deyib başını aşağı saldı.

Bundan sonra yaxın qohumlarını da özü ilə götürən Abdulmuttalib və ondan pay tələb edənlər hər qəbilədən bir nümayəndə ilə Şam tərəfə yola düşürlər. Yol uzun, şərait çətin idi. Yollarda əsas etibarilə səhra  şərtləri hakim idi.

Qədərin bir təcəllisi (hökmü) olaraq, Hicazla Şamın arasında bir yerə çatanda Abdulmuttalibin və yanındakıların suyu qurtarır. Səhrada suyun qurtarması ən böyük fəlakət, ölüm demək idi. Səbr edib bir müddət davam etdilər, amma ucsuz-bucaqsız səhra bitib-tükənmirdi. Çarəsiz qalıb aralarında mübahisə olsa da, yol yoldaşları olan məkkəlilərdən su istəyirlər. Amma onların su vermək niyyəti yox idi:

− Biz də səhradayıq və biz də sizin kimi susuz qalmaqdan qorxuruq, − deyirlər.

Artıq onların kömək etməyəcəyini başa düşmüşdülər. Bu dəfə Abdulmuttalib yanındakı qohumlarına tərəf dönərək:

− Siz nə fikirləşirsiniz? − deyə soruşur.

− Biz sənə tabeyik. Sən nə desən, onu da edərik, − cavabı­­­­­­nı verirlər.

Belə vəziyyətdə iki yol qalırdı; ya dayanıb ölümü gözləməli, ya da ətrafa dağılışıb su axtarmalı idilər. Onlar ikinci variantı seçdilər. Su tapmaq məqsədi ilə axtarışa başladılar. Dəvəsinin yanına gələn Abdulmuttalib ayağa qalxan dəvənin altından şirin su fışqırdığını görüncə Zəmzəmdə olduğu kimi həyəcanlanır:

− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır. Hamı dərhal onun başına toplaşır. Mənzərəni görənlər dəhşətə gəlmişdi. Susuzluğun başlıca təhlükə olduğu və insanların, heyvanların susuzluqdan tələf olma həddinə çatdığı bir yerdə, həm də belə qızmar səhranın ortasında, hətta torpağın üstünə qədər çıxan belə bir suyun varlığı, həqiqətən, təkbir gətirməyi zərurətə çevirən  açıq-aşkar bir inayət idi.

Əvvəlcə Abdulmuttalib qılıncı ilə suyun çıxdığı yeri genişləndirir, ardınca həm yoldaşları su içir, həm də heyvanları  suvarırlar. Sonra da birgə gəldikləri və özləri susuz qalacaq deyə onlara su verməyən məkkəliləri dəvət edir:

− Gəlin, Allahın bizə bəxş etdiyi sudan siz də için və heyvanlarınızı da suvarın, − deyir.

Hamı bir-birinin üzünə baxır. Gözlərinə inana bilmirdilər. Bu, mümkün deyildi. Amma həqiqət idi. Əvvəlcə  gəlib sudan doyunca içir, sonra heyvanlarını gətirib suvarırlar. Bu qədər aşkar bir lütf qarşısında utanmışdılar: su vermədikləri Abdulmuttalib əlindəki suyunu onlarla bölüşürdü. Vicdan əzabı çəkdikləri hallarından hiss olunurdu. Çox keçmədən Abdulmuttalibə yaxınlaşıb belə deyirlər:

− Ey Abdulmuttalib, Allaha and olsun ki, hökm bizim əleyhimizə nəticələndi. Vallah, Zəmzəm məsələsində səninlə əsla  çəkişməyəcək, haqq tələb etməyəcəyik. Şübhəsiz ki, sənə Zəmzəmi bəxş edən də − bu səhrada suyu lütf edən Allahdır.

Məsələ artıq xoşluqla həll edilmiş, hakimin yanına getməyə də ehtiyac qalmamışdı. Bir müddət istirahət edib Məkkəyə qayıdırlar.[2]

Abdulmuttalibin on övladı və nəzirini vermək cəhdi

Uzun müddət rəyasət (rəhbərlik, rəislik) vəzifəsini layiqincə yerinə yetirən Abdulmuttalibin bu illərdə on oğlu dünyaya gəlmişdi. On oğlunun da sağlam boya-başa çatdığını və ona dayaq olacaq yaşa gəldiyini görüb Zəmzəmi tapanda dediyi nəziri xatırlayır, sözünü yerinə yetirmək üçün onlardan birini qurban vermək istəyir. Çünki Allaha səmimi qəlbdən dua etmiş və istəyinə cavab verildiyi təqdirdə oğlanlarından birini Kəbədə qurban edəcəyini nəzir demişdi. İndi isə qəbul edilmiş duanın müqabilində  deyiləni vermək lazım idi.

Əvvəlcə oğlanları Haris, Zübeyr, Hacəl, Dirar, Muqavvim, Abduluzza (Əbu Ləhəb), Abbas, Həmzə, Əbu Talib və Abdullahı öz hüzuruna toplayıb məsələni onlarla müzakirə edir. Nəzir ataları tərəfindən deyilmişdi, etiraz etmək olmazdı, onlar da qəbul etdiklərini bildirdilər. Ancaq qurbanın hansı yolla müəyyənləşdiriləcəyi hələ məlum deyildi. İşin bu yerində Abdulmuttalib hər birinin bir ox götürməsini və üstünə adını yazıb ona verməsini tələb edir. Atalarının bu istəyi də dərhal yerinə yetirilir. Sonra oxları da götürüb Kəbədəki Hübəl[3] bütünün yanına girən Abdulmuttalib oxlardan birini çəkir. Həyəcanla oxun üstündəki ada baxır: “Abdullah” yazılmışdı. Abdullah onun ən çox sevdiyi sonbeşiyi idi. Ancaq qərar qəti idi və dəyişdirmək olmazdı.

Abdulmuttalib çölə çıxıb nəticəni maraqla gözləyənlərə qurban veriləcək oğlunun adını elan edir. Sonra da Abdullahın əlindən tutub bir əlində bıçaq nəzirini vermək məqsədi ilə İsaf və Nailə bütünə tərəf getməyə başlayır.

Bu,  zarafat deyildi.  Çünki atası Hz. İbrahim kimi onda da təslimiy­yət hissi hakim idi. Bu, əsrlərdir həsrəti çəkilən bir Peyğəmbərin babasından gözlənilən bir mətanət idi və Abdulmuttalib oğlunu qurban kəsmək üçün bir ciddiyyət içində işə başlamış, vədini yerinə yetirməyə hazırlaşırdı. Oğlu Abdullah da Hz. İsmail kimi təvəkkül içində idi. Bunu görən Qureyşin böyükləri dərhal Abdulmuttalibə yaxınlaşır:

− Sən neyləmək istəyirsən, ey Abdulmuttalib! − deyirlər.

Abdulmuttalib sakit şəkildə:

− Onu qurban kəsəcəyəm, − cavabını verir. Adamlar araya girir:

− Əsla belə bir şey etmə! Çünki bu, mümkün olası iş deyil. Başqa bir çarəyə əl at! Çünki bu gün sənin burada bunu etməyin yeni bir adətin başlanğıcı deməkdir. İnsanların kökünü kəsməkmi istəyirsən? − deyə ona qarşı çıxırlar.

Fəqət bütün bunlar verilən sözün yerinə yetirilib-yetirilməməsi ilə bağlı bir yol göstərmirdi. Abdulmuttalib razılaşmır.

Həmin adamlardan biri təklif edir:

− Onu qurban kəsmə! Çünki bu mövzuda üzrlü səbəbin var. İstəyirsən, onu qurban kəsmək əvəzinə, mallarımızı ortaya qoyaq və fidyə müqabilində onu xilas edək.

 Bu təklif də Abdulmuttalibin xoşuna gəlmir. İzdihamın içindən  bir nəfərin səsi yüksəlir:

− Əsla oğlunu qurban kəsmə! İstəyirsən, onu Hicaza apar. Oradakı məşhur alimə məsələni ərz et və onun məsləhəti ilə hərəkət et. “Qurban kəs” deyərsə, qurban kəsər, başqa yol göstərərsə, onu yerinə yetirər və beləliklə, nəzirini vermiş olarsan.

Bu təklif Abdulmuttalibin ağlına batır. Əlindəki bıçağı kənara qoyur. Özü ilə bir heyət götürüb həmin müdrik şəxsin yanına gedir. Onu Xeybərdə tapır, əvvəlcə başlarına gələni bir-bir danışır, yol göstərməsini xahiş  edirlər. Müdrik şəxs:

− Bu gün gedin və mənə xəbər gələndə yenə gəlin, − deyir.

Məcbur qalıb onun yanından ayrılırlar. Abdulmuttalib səhəri dualarla açır. Nəticənin xeyirli olması üçün Rəbbinə yalvarıb-yaxarır.

Səhərisi yenidən və həyəcanla həmin şəxsin qapısını döyürlər. Açılan qapıdan hiss olunurdu ki, alternativ həll variantı artıq tapılıb. Əvvəlcə:

− Sizin aranızda qan pulu nə qədərdir? − deyə həmin müdrik soruşur.

− On dəvə, − deyirlər.

− Elə isə, indi qayıdın vətəninizə və qurban kəsiləcək şəxsi də, on dəvəni də ortaya qoyun. Sonra ikisinin arasında püşk atın. Əgər püşk oğlanın adına çıxarsa, əlavə on dəvə artıraraq bir də püşk atın. Nə vaxt atılan püşk dəvələrə çıxsa, bilin ki, Rəbbiniz bu işdən razıdır. Beləcə siz də yoldaşınızı qurban olmaqdan xilas edərsiniz.

Təklif yaxşı idi. Həm də təklifin müəllifi hamının etimad göstərdiyi bir müdrik idi və vaxt itirmədən Məkkə yoluna düşürlər.

Müdrik adamın tövsiyəsi istiqamətində işə başlamazdan əvvəl Abdulmuttalib yenə Rəbbinə üz tutur və atacağı addımların xeyirli nəticələr verməsi üçün dua edib yalvarır. Sonra da Abdullahla on dəvəni ortaya qoyub püşk atmağa başlayırlar. Abdulmuttalib yenə bir kənara çəkilmiş,  içindən gələn səmimi hislərlə Allaha yalvarırdı.

İlk püşk Abdullaha çıxmışdı. On dəvə əlavə edərək püşk atmanı davam etdirir. Püşkün nəticəsi yenə Abdullahı göstərirdi. Hər dəfə on dəvə artırmaqla püşk atmanı doqquz dəfə təkrar edirlər. Doqquzu da Abdullahın adına çıxmışdı. Nəhayət, on dəvə də əlavə edib dəvələrin sayını yüzə çatdırandan sonra püşkün nəticəsi dəvələri göstərəndə əvvəlcə sevinclə bir-birinə baxırlar, sonra Abdulmuttalibə tərəf dönərək:

− Artıq Rəbbinin razılığı əldə edildi, ey Abdulmuttalib, − deyirlər.

Ancaq Abdulmuttalib daha təmkinli idi və üç dəfə də təkrar püşk atdırdı. Hər dəfə də püşklər Abdulmuttalibin lehinə çıxdı. Bütün bunlar bir dəyəri ifadə edirdi və artıq yüz dəvə müqabilində Abdullahın qurtulması hamıya rahat nəfəs aldırdı. Nəhayət, yüz dəvə orada qurban kəsildi və səmimi qəlbdən  Rəbbə verilən söz də yerinə yetirildi.[4]

İllər sonra Allah Rəsulu (s.ə.s.) zühur edəcək  və Ona:

− Ey iki qurbanlığın oğlu, − deyə səslənən bədəviyə dönəcək və bunu:

− Mən iki qurbanlığın oğluyam,[5] –  sözləri ilə təsdiq edəcəkdi. Çünki Hz. İsmail kimi atası Abdullah da bıçaq altına yatmış, təvəkküldə zirvə fəth etdiyini felən göstərmişdi.

Mübarək yuva

Abdulmuttalibin on oğlu, altı qızı dünya­­­­­­ya gəlmiş­­­­­­­­di. Peyğəmbərimizin atası Abdullah onun sonbeşiyi idi. Bu oğlanın hər hərəkəti ilə digərlərindən seçildiyi gözlərdən qaçmırdı. İffət, izzət zirvəsi idi. Buna görə də Abdulmuttalib onu başqa uşaqlarından çox sevir və heç yanından ayırmaq istəmirdi. Eyni zamanda Abdullah simaca da  çox gözəl idi.

Püşk atma qurtarandan sonra yüz dəvəni kəsərək əhdini yerinə yetirən   Abdulmuttalib oğlu  Abdullahın  əlindən tutub Zuhrəoğulları­nın yurduna gəlir. Məqsədi Abdullahı buradan evləndirmək idi. Nəhayət, Zührəoğullarının başçısı Vəhb ibn Abdi Manafın yanına gələrək onun o günün ən şərəfli və əsil-nəcabətli gənc qızı Əminəyə elçi gəldiyini bildirir. Həmin vaxtlar Əminə Qureyş arasında fəziləti ilə məşhur idi.

Təklif müsbət qarşılanır və çox keçmədən Abdulmuttalibin oğlu Abdullahla Vəhbin qızı Əminənin nikahı kəsilir, yeni bir ailə yuvası qurulur. Bu ailə yer üzünün ilk insanı Hz. Adəmdən etibarən hər peyğəmbərin müjdələdiyi, məna aləminə açıq hər könül insanının intizarla yolunu gözlədiyi Sonuncu Peyğəmbərin dünyaya göz açacağı  yuva idi.

Abdullah ticarətlə məşğul olurdu və az sonra ticarət məqsədilə bir karvanla birlikdə səfərə çıxır. Mədinə yaxınlığına çatanda ağır xəstələnir və burada qalmağa məcbur olur. Çox keçmədən burada da vəfat edir. Vəfat edərkən 25 yaşında idi. Mirası beş dəvə, bir neçə qoyun və Ümmü Əymən ləqəbli həbəşli kənizdən ibarət idi.

Abdullahın vəfat xəbəri Məkkəyə çatanda Abdulmuttalibin ailəsini hüzn bürüyür. Kədərini dilə gətirərkən hislərini şeirlə ifadə edən Hz. Əminə gənc yaşda itirdiyi həyat yoldaşının arxasınca yana-yana ağı deyir.[6]

Ancaq dözməli idi.  Əsrlər əvvəl Bəkkə vadisinə gəlib burada Kəbəni inşa edən Hz. İbrahim kimi, ata Abdullah da gözlənilən Son Sultan Hz. Məhəmmədin hicrət edib qalan ömrünü yaşayacağı və bir olan Allaha iman məfkurəsini buradan bütün dünyaya təbliğ edəcəyi mübarək bir bölgəyə gəlmiş, sanki, öncül qüvvə kimi Onun adına Mədinəyə əbədi bir imza həkk etmişdi.

Bu zaman Hz. Əminə bütün cahanın doğuşunu həsrətlə gözlədiyi Sultana hamilə idi.



[1]. Bax: ibn Sa’d, Tabakat, 1/55, 56; Taberi, Tarih, 2/172 və b.

[2]. İbn Hişam, Sire, 1/278 və b.

[3]. Məkkəlilər bir məsələ qarşısında aciz qalanda, əsil-nəcabətlə bağlı bir problemlə qarşılaşanda Kəbəyə gətirilən hədiyyələrin saxlandığı məkanda yerləşən  bu bütün yanına gəlir və püşk atırdılar. Sonra püşkə görə hərəkət edirdilər.

[4]. İbn Hişam, Sire, 1/288-290 ; Taberi, Tarih, 1/498

[5]. Hakim, Müstedrek, 2/604 (4036); Alusi, Ruhu’l-Meani, 23/134

[6]. Bax: ibn Sa’d, Tabakat, 1/100




Şərh yaz