Mənəviyyata Açılan Pəncərə

Peyğəmbərimizin ciddiyyəti və sükutu

Ağır və təmkinli davranma, ciddi və heysiyyətli olma mənalarını verən vüqar Rəsulullah xarakterinin nəzərəçarpan xüsusiyyətlərindən biridir.

Vüqar imandan qaynaqlanan bir ciddilik və təmkindir. Vüqarla təkəbbürü və qüruru bir-birinə qarıșdırmamaq lazımdır. Bir idarəçinin işində ciddi olması vüqar sayılır. Amma bu ciddiliyi ailəsinə də tətbiq etməsi vüqar deyildir. Əksinə, ailə üzvləri ilə șəfqət və mərhəmətlə rəftar etmək lazımdır.

Vüqar insanda təvazödən tac qoysa, (yəni vüqarlı insan həm də təvazökar olsa,) çox bəyənilən fəzilətə çevrilər. Bütün bu xüsusiyyətlər Peyğəmbərimizdə cəm olmuşdu. O, vüqarlı və təva­zökar idi; vüqarı ehtiram gərəkdirir, təvazökarlığı sevgi cəlb edirdi. O, (s.ə.s.) son dərəcə vüqarlı, ciddi və izzətli idi. Onu ilk dəfə görənlər vüqarı və əzəməti qarșısında əvvəlcə ürpərsələr də, șəfqət dolu Peyğəmbər iqlimini tanıdıqca hüzur və sükunətə qərq olurdular.

Peyğəmbərlik kimi ən ciddi və ən mühüm bir vəzifəni icra edən insan, șübhəsiz ki, vüqarlı və izzətli olmalıdır. Elə daim Allahla birlikdə olduğunu düșünən və bir anlıq da olsa, bu düșüncəni fikrindən çıxarmayan Allah Rəsulu da bir vüqar abidəsi idi. Onu ilk dəfə görən yəhudi alimi Abdullah b. Salam: “Bu simada yalan əlaməti görə bilmədim,” – demiș və Rəsulullahın əzəmət və ciddiliyinə məftun olmuşdu. Ardınca da İslamı qəbul etmişdi.

Peyğəmbərimiz həmişə yüngül davranıșlardan uzaq olmuşdu. Heç kim Onda utancverici söz və ya davranıșa şahid olmamışdı. Kimsənin qeybətini etməz, dedi-qoduya nifrət edər və hər kəsə hüsn-zənlə baxardı. “Bir insanın (müsəlmanın) özünə aid olmayan işlərdən uzaqlaşması onun gözəl müsəlman olmasından xəbər verir” – deyən Allah Rəsulu həmișə ədəb və təmkinlə hərəkət etmișdi.

O, zarafatları ilə də öyrədirdi, hikmətli və ibrətli zarafatlar edirdi.  Danışmaq xatirinə danıșmazdı. “Allaha və axirət gününə iman edən insan ya xeyir danıșsın, ya da sussun,” – deyən Allah Rəsulu nitq nemətinin israf edilməməsinin vacibliyini vurğulayırdı.

O, bir lider idi. Mərkəzdə yol verilən kiçik bir xətanın ətrafda daha ağır nəticələrə gətirib çıxaracağını bilən Rəsulullah insanlara daim gözəl örnək oldu. Ən qatı düșmənləri belə Onun müstəsna șəxsiyyətinə toz qondura, əxlaqında bircə xəta tapa bilmədilər. Onu və məfkurəsini qaralamaq istəyəndə də həmișə xəyali və mövhumi șeylərə əl atdılar.

O, az və mənalı danıșardı. Səlis danıșar, danıșığı  ilə həmsöhbətlərinin  yorğunluğunu çıxarardı. Onu dinləyənlər, demək olar, bütün sözlərini əzbərləyərdilər. Qəhqəhə ilə gülməzdi, ümumiyyətlə, təbəssüm edərdi. Gülərkən gözlərinin içi gülər, həmsöhbətinin qəlbinə hərarət saçardı. Ətrafına həmișə güvən təlqin edərdi. Ümumiyyətlə, bardaș qurar və ya diz üstə oturardı. Ayaqlarını qibləyə tərəf uzatmaz, sağa-sola yaslanıb oturmazdı.

Yerişi təmkinli idi: sağa sola deyil, qabağa baxar və yeyin addımlarla yeriyərdi. Səhabə Onun əzəmət və təmkinindən çox vaxt sual verməyə cəsarət etməz, bir qonaq gəlib sual sorușmasını gözləyərdilər.

Əbu Malik atasının Peyğəmbərimizin danıșması və sükutu ilə əlaqədar müșahidələrini nəql edir:

“Ușaqkən Rəsulullahın (s.ə.s.) məclisində olardıq. Heç kimin Onun qədər az danışdığını görmədim. Bəzi səhabələr danıșıb sözü uzadanda O, təbəssüm edərdi”.

Nəvəsi Hz. Həsən babasını belə təsvir edir: “Rəsulullah (s.ə.s.) daim düșüncəli idi. Çox vaxt susar, heç zaman gərəksiz yerə danıșmazdı…”

Məșhur alim Vəhb bin Münəbbih Rəsulullahın fətanətindən bəhs edərkən yazır: “Oxuduğum 71 kitabın – kəsrətdən kinayə (ve­rilən say çoxluqdan kinayədir, yəni çoxlu kitab mənasındadır) – hamısında Allah Rəsulunu (s.ə.s.) ağılda ən yüksək, fikirdə də ən dəyərli gördüm”.[1]



[1]. Qazı İyaz, Şəfa, 51

 

Exit mobile version