1. 717 dəfə oxunub ,   0 şərh   Çap et

MÜBARƏK DOĞUM

Abdulmuttalibin təvəkkülü və təslimiyyəti ilə yanaşı, Əbrəhə və ordusunun başına gələnlər dillərdə dastan olmuşdu. Yaddaşlar bir daha silkələnmiş və Hz. İbrahimlə Hz. İsmailin dualarla inşa etdiyi Kəbənin toxunulmazlığı bir daha təsdiqlənmişdi. İndi bəşəriyyət bu duaların qəbul edilməsi həyəcanını yaşamağa hazırlaşırdı.

Bəşəriyyətin gözlədiyi Son Xilaskara hamilə olan Hz. Əminə başqa hamilə qadınlar kimi sıxıntılar yaşamır və onu sərin külək kimi bürüyən rəhmət mehinin ağuşunda hamiləlik dövrü keçirirdi. Üstəlik bir də qulağına müjdələr pıçıldanırdı. Bir gün bunları eşidir:

− Həqiqətən, Sən ümmətin əfəndisinə (rəhbərinə) hamiləsən. Onu dünyaya gətirdiyin vaxt: “Onu hər cür həsəd aparanın şərindən Bir olana əmanət edir və Onun himayəsinə həvalə  edirəm,” − de, adını da  “Məhəmməd” qoy![1]

Əminə şahid olduğu bu hadisədən olduqca təsirlənmişdi. Bəli,  bir körpə gətirəcəkdi dünyaya. Amma bu  körpənin “ümmətin rəhbəri” olması nə demək idi? Həm də Məhəmməd adını indiyə qədər eşitməmişdi. Çünki o dövrdə Məhəmməd adı, demək olar ki, işlənmirdi. Bu ad bütün Hicazda ancaq üç nəfərə qoyulmuşdu. Bunların üçünün də atası hökmdar və məliklərlə birlikdə olmuş kitab əhli insanlar idi. Hamısı da həyat yoldaşları hamilə olarkən vəfat etmişdilər. Ölməmişdən əvvəl həyat yoldaşlarına əgər doğulacaq uşaq oğlan olarsa, adını Məhəmməd qoymağı vəsiyyət etmişdilər. Çünki onlar bilirdilər ki, axırzamanda dünyaya gələcək Son Peyğəmbərin adı Məhəmməd olacaq və artıq Onun da ulduzu doğmaq üzrə  idi. [2]

Bətnində gəzdirdiyi əmanət onun yuxularına da girir və beləliklə, yükü yüngülləşirdi. Bir gün Əminə yuxuda vücudundan böyük bir nur  çıxdığını və bu nurla Bəsrə və Şam bölgəsindəki sarayların  işıqlandığını görür.[3]

Təqvim 20 aprel 571-ci il tarixini göstərirdi. Fil hadisəsindən  təx­minən 50 gün ötmüşdü. Qəməri təqvimlə rəbiül-əvvəl ayının 12-si, bazar ertəsi idi. Dan yerinin sökülməyə başladığı ərəfədə bütün qaranlıqları nura qərq edəcək bir doğum yaşanırdı. Abdurrəhman ibn Avfın anası Şifa xatunla Osman ibn Əbil-Asın anası Fatimə Xatun Hz. Əminənin yanında idi. Beləcə əsrlərdir, müjdəsi dillərdə dastan olan Son Sultan Hz. Məhəmməd (s.ə.s.) sühulət içində (asanlıqla) dünyaya təşrif buyurur. Doğulmuşdu Fəxri-Kainat, amma başqa uşaqlara bənzəmirdi. Körpənin dodaqları tərpənir və nəsə pıçıldayırdı. Şifa xatun diqqətini artırınca: “Allah sənə mərhəmət etsin!” − dediyini eşidir. Otağın içi bir anda aydınlaşmış, Şərq və Qərb bu aydınlıqla nura qərq olmuşdu. Hətta bu nurla Rum diyarının sarayları görünmüşdü. Fatimə Xatunun da şahid olduğu nur seli evin hər küncünü bürümüşdü.[4] Elə bil, göydəki ulduzlar salxım-salxım uzanmış, üstlərinə töküləcəkdi.[5]

Dərhal Abdulmuttalibə xəbər göndərilir. Kəbədə ibadətlə məşğul olan Abdulmuttalib həyəcan içində evə gəlir. Cahanın intizarla gözlədiyi Nuru qucağına alanda sevincdən saqqalı göz yaşları ilə islanmışdı. Oğulları arasında ən çox sevdiyi Abdullahın övladı sağ-salamat anadan olmuş, mənalı baxışları ilə onu süzürdü. Kürək sümükləri arasındakı bir işarə hamının diqqətini cəlb etmişdi, çünki bu, din alimlərinin bildirdiyi kimi, gələcək Son Peyğəmbərin “peyğəmbərlik möhürü” idi.

Növbə ad qoymağa gəlincə Hz. Əminə eşidib gördüklərini Abdul­muttalibə danışır və körpənin adını Məhəmməd qoyurlar. Sonra da nəvəsini qucağına alan Abdulmuttalib şükrünü əda etmək üçün birbaşa Kəbəyə gəldi. Kəbə ilk dəfə öz əkizi ilə görüşürdü. Abdulmuttalib mərhum Abdullahın övladı olan yeganə nəvəsinə niyə Məhəmməd adını qoyduğunu soruşanlara belə cavab verirdi:

− Yuxumda, sanki, gümüşdən bir silsilə gördüm, ortasından bir dirək çıxmış, bir tərəfi səmaya, digəri yerin dərinliklərinə, bir başqa tərəfi şərqə, digər tərəfi də qərbə yönəlmiş şəkildə yüksəlirdi. Daha sonra bu, sanki, bir ağac oldu. Hər yarpağı nurla dolu idi. Şərqdəki və qərbdəki hər kəs bu ağaca yönəlib ondan tutmaq üçün bir-biri ilə  yarışırdı.[6]

Abdulmuttalib gördüyü bu röyasını yuxu yozanlara danışmış, onlar da nəslindən dünyaya gələcək bir şəxsi şərqlilər və qərblilər rəhbər qəbul edib arxası ilə gedəcəyini, səma və yer əhlinin də Onu təqdis edib başlarına tac edəcəklərini bildirmişdilər. Abdulmuttalib bunları Hz. Əminənin dedikləri ilə birləşdirincə tərəddüdü qalmamış və nəvəsini Məhəmməd çağırmağa başlamışdı.

Aradan yeddi gün keçmişdi. Ərəblərin adətinə uyğun olaraq Abdulmuttalib də Abdullahın övladını sünnət etdirdi.[7] Peyğəmbərimizi anasından sonra bir həftəlik ikən Əbu Ləhəbin kənizi Suveybə əmizdirmişdi. Əbu Ləhəb qardaşı oğlunun doğulması xəbərini gətir­diyinə görə sevincini həmin kənizi azad etməklə izhar etmişdi. Ancaq İslamı təbliğə başlaması ilə  qardaşı oğlu ilə yollarını əbədi ayıran əminin sırf bu hərəkəti müqabilində bir anlıq da olsa, axirət əzabından rahatlıq tapacağı məlumdur. Çünki vəfatından bir il sonra qardaşı Hz. Abbasın yuxusuna girən və pərişan halı ilə ürək ağrıdan Əbu Ləhəbdən:

− Bu nə haldır, başına nələr gəldi? − deyə soruşanda iki barmağının arasını göstərib bu cavabı verəcəkdi:

− Sizdən sonra xeyir adlı heç nə görmədim. Yalnız Suveybəni azad etdiyimə görə bir qurtum su almaq imkanım olur.[8]

Süd anası Suveybə əvvəllər Abdulmuttalibin digər oğlu və Peyğəmbərimizin əmisi Hz. Həmzəni də əmizdirdiyi üçün Hz. Həmzə ilə Allah Rəsulu süd qardaşı olmuşdular.[9]

Dörd bir yandan  gələn xəbərlər

Çox keçmədən hər yerdən yeni xəbərlər gəlməyə başlayır. İşin maraqlı tərəfı bütün bu xəbərlərin yenicə doğulmuş kiçik Məhəmmədlə bağlı olması idi. Çünki O, insanlığın Son Sultanı və kainat ağacının ən kamil meyvəsi idi. Varlığın varlıq səbəbi O olduğu kimi, insanlığın gələcəyi də Onun gətirəcəyi bəyanın məzmununda gizli idi. Buna görə də varlıq  Onun gəlişi ilə bağlı olduğunu göstərir və əks-sədaları ilə insanların diqqətini bu müqqəddəs doğuma cəlb edirdi.

Əvvəlcə Məkkə həmin gecə Kəbədəki bütlərin başıaşağı yerə düşməsi xəbəri ilə çalxalandı. Bunu kimin etdiyini və belə bir hadisənin baş vermə səbəbini heç kim anlaya bilməmişdi. Daha sonra müxtəlif yerlərdən ardı-arası kəsilmədən xəbərlər gəlməyə başladı. Hər xəbərdə əşyalar (varlıq) və hadisələr gözlənilən Peyğəmbərin gəlişinə öz dili ilə “Xoş gəldin” deyirdi.

Yeni bir ulduz

Xüsusilə, yəhudi alimləri arasında geniş yayılmış bir fikrə görə, axırzaman peyğəmbərinin doğulmasına az qalmışdı və bunu xəbər verəcək ulduz da çıxmaq üzrə idi. Onsuz da uzun müddətdi  səmada, sanki, atəşfəşanlıq başlamışdı: axan ulduzlar səmada qövs əmələ gətirirdi. Əvvəllər bu qədər ulduz sürüşməsi görünməmişdi və həmin gecədən sonra bir daha da görünməyəcəkdi. Çünki ulduzlar şeytani düşüncələrin xəbər mənbələrinə sanki güllə kimi yağırdı, Ona və Onunla gələcək həqiqətlərə zərər verilməsinin qarşısını  alırdı. Həmin günə qədər Hicazda geniş yayılmış kahinlik bundan sonra vəhylə qarışdırılmaması üçün sona çatacaq və kahinlərə gələn xəbərlər birdəfəlik kəsiləcəkdi. Çünki O, kahinləri də, kahinliyi də aradan qaldırmaq üçün gəlirdi.

O gün Məkkədə olan bir yəhudi taciri səhər açılar-açılmaz Qureyşdən soruşur:

− Ey Qureyş camaatı! Bu gecə sizlərdən kimin  övladı dünyaya gəlib?

Hələ heç kimin xəbəri yox idi və:

− Vallah, xəbərimiz yoxdur, bilmirik, − deyirlər.

Yəhudi tacir əvvəlcə təkbir gətirir və ardınca  bu sözləri deyir:

− Bir səhviniz var, gedin yaxşı baxın və dediklərimi də yaxşı yadınızda saxlayın. Bu gecə ümmətin son Peyğəmbəri Əhməd doğuldu. Yaxşı baxın, əgər O, burada deyilsə, Fələstindədir. Kürəklərinin arasında qara ilə sarının qarışığı rəngində tüklərlə örtülmüş peyğəmbərlik möhürü var.

Məkkəlilər tacirin sözlərindən heyrətə gəlirlər. Təəccüblə bir-birinin üzünə baxırlar: hələ belə  bir doğum xəbərini eşitməmişdilər. Həmişəki kimi bu izdiham da dağılmış və hər kəs öz arvad-uşağının yanına getmişdi. Çox keçmədən hər kəs o gecə Abdulmuttalibin bir nəvəsi doğulduğunu və adını da Məhəmməd qoyduğunu eşidir. Daha qəribəsi o idi ki, yəhudinin təsvir etdiyi kimi, bu körpənin kürəyində möhür var idi.

Məsələdən xəbər tutanlar həmin yəhudinin yanına gəlirlər. Onlar:

− Sən bizim aramızda bir uşağın doğulduğunu  demişdin ha, − deyirlər. Yəhudi:

− Mən sizə xəbər verəndən sonra doğuldu, yoxsa əvvəl? − deyə həyəcanla soruşur.

− Əvvəl, − cavabını verirlər.

Xəbərdən həyəcanlanan yəhudi onlara dərhal uşağın yanına getmək istədiyini bildirir. Hz. Əminənin yanına gəlib körpə Məhəmmədin iki kürəyi arasındakı möhürü görən yəhudinin ürəyi gedir. Özünə gələndə:

− Vay yazıq! Sənə nə oldu? − deyə soruşurlar. O, bunları söyləyir:

− Artıq peyğəmbərlik İsrailoğullarının əlindən çıxmışdır. Bu, belə yazılmışdır. Artıq peyğəmbərliyin bərəkəti ərəblərindir. Sevinin, ey Qureyşlilər! Çünki O, sizinlə birlikdə  elə bir güc əldə edəcək  ki, Onun xəbəri Qərblə Şərqin arasını tutacaq.[10]

Buna bənzər bir hadisə də Mədinədə yaşanır. O vaxtlar səkkiz yaşında olan məşhur şair Hassan ibn Sabit illər sonra ogünkü həyəcanını dilə gətirəcəkdi:

− Mən həmin vaxt yeddi-səkkiz yaşlarında idim və eşitdiyim hər şeyi başa düşürdüm. Yəsrib qalalarının birinin üstündə bir müdrik yəhudi qışqırırdı:

− Ey Yəsrib camaatı! Ey Yəsrib camaatı!

Onun təlaşı hamını  çaşdırmışdı. Aydın idi ki, ya mühüm bir hadisə baş vermiş, ya da onları böyük təhlükə gözləyirdi. Çox keçməmiş:

− Nədir bu təlaşın? Sənə nə olub? − deyərək ətrafına yığışdılar. Yanına yığışanlara belə deyirdi:

− Bu gecə dünyaya gələn Əhmədin ulduzu doğdu.[11]

Fars torpaqlarında təşviş

O dövrün iki böyük dövlətindən biri olan Farsdan (Sasani) gələn xəbərlər də diqqətçəkən idi. Kisra saraylarının yerləşdiyi bölgə şiddətlə silkələnmiş və bu sarayın möhkəmlikdə misli-bərabəri olmayan və dözümlülüyü ilə fəxr edilən on dörd eyvanı yerlə-yeksan olmuşdu. Müqəddəs sayılan Savə gölünün suyu bir gecədə çəkilmiş və göl tamamilə qurumuşdu. Fars imperatoru da yuxusunda ərəb atlarının kök və güclü dəvələri  arxasına salıb Dəclə çayını keçdiyini görmüş, oradan da ölkəsinin hər tərəfinə yayılmasına “şahid olmuşdu”.

Səhəri qorxu və təlaş içində açan hökmdar tacını qoyar-qoymaz gördüklərini vəzirlərinə danışır və yuxunun bir məna ifadə etdiyini bildirərək bunları bilən bir adam tapılmasını əmr edir. Elə bu vaxt İstahrabad adlı yerdə min ildir fasiləsiz (dayanmadan) yanan və insanların ətrafına pərvanə kimi dolanıb sitayiş etdiyi odun   sönüb tarixə gömülməsi xəbəri gəlir. Hökmdar yanındakı birinci adama tərəf çevrilib bütün bunların nə məna ifadə etdiyini soruşur. Müdrik vəzir:

− Bütün bunlar ərəblərin yaşadığı yerdə böyük bir hadisə olduğunu göstərir, − deyir.

Bəli, böyük bir hadisənin baş verəcəyi artıq məlum idi, amma bunun nədən ibarət olduğu hələ bilinmirdi. Vaxt itirmədən Hirə valisi Numan ibn Münzirə xəbər göndərərək həm məsələni araşdırmağını, həm də bütün bunların mənasından vaqif bir adam tapıb onun yanına gətirməyini istəyir. Vəziyyətin nəzakətini və ciddiliyini dərk edən vali başqa bir müdriklə məşhur kahin Satihin bacısı oğlu Abdulməsihi dayısının (yəni Satihin) yanına göndərmiş və məlum  hadisələrin şərhini öyrənməyi tapşırmışdı.

Nəhayət, Abdulməsih dayısı Satihin yanına gəlib baş verənləri bir-bir danışır. Satihin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Artıq çox qocalmış və son günlərini yaşayırdı. Buna görə də Abdulməsih bütün bunların mənasını dərhal öyrənmək istəyirdi. Baş verən hadisələrə qulaq asandan sonra qəfil ciddiləşən və özünü toplayan Satih bunları söyləyir:

− Ey Abdulməsih! Böyük əsanın sahibi göndərildi, artıq ilahi vəhy hökmünü icra edəcək. Səma və vadisi daşıb Savə gölü quruduğuna və farsların da sönməyən odu söndüyünə görə Ərəbistan yarımadasında artıq Satihə də yer yoxdur. Mütləq Hakim olan Allah belə murad buyurdu və risalətlə peyğəmbərlik ipinin iki ucu, beləliklə, düyünlənmiş oldu. Bundan sonra bu yerlərə çökən eyvanların sayı qədər hökmdar hakim olacaqdır. İnan, bunların hamısı da olacaq.[12]

Bu cümlələr Satihin son sözləri olmuşdu. Sanki, uzun illər bu sözləri demək üçün zamana müqavimət göstərmişdi. İndi də vəzifəsini yerinə yetirmənin rahatlığı içində dünyaya “əlvida” deyirdi.



[1]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/263

[2]. İbn Seyyidinnas, Uyunu’l-Eser, 1/88

[3]. Bax: Ahmed b. Hanbel, Müsned, 4/127; 5/262; İbn Hişam, Sire, 1/293

[4]. Kastallani, Mevahib, 1/122

[5]. Kadı İyaz, Şifa, 1/267

[6]. Ebu Zehra, Hatemu’n-Nebiyyin, 1/140

[7]. Mübarekfuri, er-Rahiku’l-Mahtum, Darul-Vefa s. 61. Peyğəmbərimizin sünnətli anadan olduğuna, yaxud Onu süd anasının yanında olarkən şaqqı-sadr (sinəsinin yarılması) hadisəsində Cəbrailin sünnət etdiyinə dair bəzi rəvayətlər var.  Ancaq hərtərəfli kamilliyi təmsil edən və hər halı ilə ümmətinə nümunə olan bir Şəxs üçün sünnət kimi bir məsələdə bu cür fövqəladə bir hadisə axtarışında olmaq çox münasib deyil. Həmçinin bu rəvayətlər mütəxəssislər tərəfindən tədqiq edilmiş və bu məsələnin şübhəli olması müəyyən edilmişdir. (Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/265; Suyuti, Hasaisu’l-Kubra, 1/91; Halebi, Sire, 1/87, 88). Buna görə də biz anadan olandan yeddi gün sonra sünnət edilməsi ilə bağlı rəvayəti əsas qəbul etdik.

[8]. Buhari, Sahih, 5/1961 (4813); İbn Hişam, Sire, 1/110, 111; İbn Sa’d, Tabakat,1/108. Suveybənin Peyğəmbərimiz Məkkədə olduğu vaxt Onun hüzuruna getdiyi üçün Hz. Xədicə anamızın onu azad etmək istəməsi, ancaq Əbu Ləhəbin buna razı olmaması da rəvayət edilir. Buna görə o, ancaq hicrətdən sonra azadlığa qovuşmuşdu. Bax: İbn Sa’d, Tabakat, 1/108. Mövzu ilə bağlı rəvayətlərə nəzər yetirəndə Suveybənin müsəlman olması ehtimalının çox zəif olduğu görünür.

[9]. Hz. Həmzəni az da olsa, Həlimeyi-Sadiyə də əmizdirmiş və o, bununla Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) iki ayrı bağla süd qardaşı halına gəlmişdi. Bax: Buhari, Sahih, 2/935 (2502)

[10]. İbn Sa’d, Tabakat, 1/162, 163

[11]. Kastallani, Mevahib, 1/122

[12]. Taberi, Tarih, 2/131, 132. Həqiqətən də, tarix bu süquta və tənəzzülə şahid olacaq, 67 il sonra Hz. Osmanın (radıyallahu anh) xəlifəliyı dövründə on dörd məlikin idarə etdiyi Sasanilər Qadisiyyə döyüşü  ilə İslam hakimiyyətinə təslim olacaqdı.




Şərh yaz