1. 663 dəfə oxunub ,   0 şərh   Çap et

Yaradılıș baxımından gözəl vəsflərə nəzər salası olsaq, ən gözəl vəsflərin Fəxri-Kainatda (s.a.s.) təcəlli etdiyini görərik. Bütün gözəlliklər Onda cəm olmuşdur. İmam Qurtubi həzrətləri buyurur: “Peyğəmbərimizin gözəl vəsflərinin hamısı deyil, bəziləri nümayan/açıq-aşkar idi, görünürdü. Əgər hamısı görünsə idi, səhabənin o gözəlliyi seyr etməyə gücü yetməzdi”.

Bu mövzuda səhabələrimiz bir çox hədisi-șərif nəql etmişdir. Bu səhabələr arasında Hz. Əli (r.a.), Bəra ibn Azib (r.a.), Hz. Aișə (r.a.), Əbu Cuhayfə (r.a.), Cabir ibn Səmura (r.a.), Ümmü Mabəd (r.a.), İbn Abbas (r.a.), Muərrid ibn Muayqib (r.a.), Əbut-Tufeyl (r.a.), Ədda ibn Xalid (r.a.), Hureym ibn Fatək (r.a.), Hakim ibn Hizam (r.a.) və başqalarının adı qeyd edilir.

Həzrət Əli (r.a.) Peyğəmbərimizin (s.ə.s.) camal və kamalını belə yad edir:

“Peyğəmbərimiz (s.ə.s.) boyca nə uzun, nə də qısa idi. Uzuna yaxın orta boylu idi. Saçları nə qıvrım, nə də düz idi. Qıvrımla düz arasında dalğalı idi. Nurani üzü nə tam yumru və kök, nə də uzun və arıq, əksinə dəyirmi idi. Lətif  bədəni qırmızıya çalan gül rəngli, nurani ağ idi. Gözləri qara, kirpikləri bir qədər uzun, sümükləri iri, çiyinləri də geniș idi. Narın bədənində olan tüklər sinəsindən așağıya enən yerdə daha aydın görünürdü. Mübarək əl və ayaqları yerli-yerində idi. Yeriyərkən yoxușdan așağı enirmiș kimi əzəmətlə addımlayar və ayağını yerə sərbəst basardı.

Bir adamla danıșarkən və ya bir șeyə baxmaq istərkən bütün vücudu ilə həmin tərəfə yönələrdi.

“Çiyinləri arasında peyğəmbərlik möhürü var idi – O, Peyğəmbərlik Mənzuməsinin möhürü Son Peyğəmbərdir. O, ən geniş sinəli insan idi. Ən doğru sözlü, ən yumşaq xasiyyətli, ən üzüyola, ən mürüvvətli, ən alicənab, ən zərif, ən kübar, ən lətif insan yenə O idi. Rəsulullahı ilk dəfə görənlər qeyri-ixtiyari Onun əzəməti qarșısında qorxu və ehtiram hissinə qapılır; Onun ab-havasına girib yaxından tanıma șərəfinə nail olduqda Ona așiq olur, Ona bağlanır, Ona vurulur və məftun olurdu. Onu vəsf etmək istəyən bir insan acizliyini etiraf edərək: “Nə Ondan əvvəl, nə də Ondan sonra Onun kimi insan görmədim, görəcəyimi də ehtimal etmirəm,” – deyirdi.[1]

Ya Rəbb! Salatu-salam, təhiyyatu-ikram, bütün ehtiram Ona, Onun alinə (ailə) və əshabına olsun!

Bəra ibn Azib (r.a.): “Al libasda Allah Rəsulundan (s.ə.s.) gözəlini görmədim,”[2] – deyir.

Əbu Hureyrədən (r.a.) belə nəql edilir: “Allah Rəsulundan (s.ə.s.) daha gözəl insan görmədim. Elə bil, Günəș Onun üzündə doğurdu. Təbəssüm edəndə dișlərinin aydınlığı divarları işıqlandırırdı”.

Yenə bir nəfər səhabə Bəranın yanına gəlib: “Rəsulullahın üzü qılınc kimi parıldayardı,” – demiş, Hz. Bəra da:

– Xeyr, rəsullar sərvəri Peyğəmbərimizin üzü Günəș kimi, Ay kimi idi. Peyğəmbərlər Peyğəmbəri dəyirmi üzlü idi,– deyə cavab vermișdi.[3]

Ümmü Mabəd (r.a.) Huzaa qəbiləsinə mənsub səhabə qadınlardandır. Uzun-uzun Rəsulullahı vəsf edən Ümmü Mabəd deyir: “Uzaqdan görünəndə ən gözəl, yaxından baxanda isə ən șirin insan idi”.

Əbu Halə isə belə rəvayət edir: “Rəsulullahın mübarək üzü bədirlənmiş ay kimi par-par parıldardı”.

“Rəsulullahın (s.ə.s.) bədənindən bir cür xoș qoxu gələrdi”.[4] Mübarək çöhrəsindən tər damlaları sədəf dənəsi kimi süzülürdü. Mübarək dərisi çox yumșaq idi. Hz. Ənəs (r.a.) nəql edir: “Peyğəmbərimizin (s.ə.s.) rəngi gül rəngi kimi idi. Təri sədəf dənəsini andırırdı.[5] Onun vücudu atlaz və ipəkdən yumșaq idi, müșk və ənbərdən daha gözəl ətir saçardı”.[6]

Bəra ibn Azib (r.a.) isə Rəsulullahı belə təsvir edir:

“Rəsuli-Əkrəmin mübarək vücudundakı tüklər, saçı və saqqalı nə qıvrım, nə də düz idi.

Peyğəmbərimizin kürəyi və mübarək sinəsi enli idi.

Rəsuli-Əkrəmin mübarək bașından așağı uzanan sıx və gur saçları qulaqlarının ucuna çatırdı”.

Peyğəmbərimizin (s.ə.s.) saçı haqqında müxtəlif rəvayətlər var. Bir rəvayətdə mübarək saçının qulaqlarının yarısına çatdığı, digər bir rəvayətdə qulaqlarının üstünə düşdüyü, başqa bir rəvayətdə çiyinlərinə vardığı, bir rəvayət isə kürək sümüyünə qədər yetișdiyi nəql edir. Buradan məlum olur ki, Rəsulullah (s.ə.s.) mübarək saçlarını həm uzatmıș, həm də qulağının yarısına qədər qısaltmıșdır.

Bəra ibn Azib (r.a) rəvayət edir: “Mən Peyğəmbərimizdən daha gözəlini görmədim. Və ya “görməkdə murad nədir” soruşsalar, Rəsuli-Ərkəmdən daha gözəl bir şey görmədim. Allah Rəsulu bildiyim və gördüyüm bütün gözəl şeylərdən daha gözəl idi”.


[1]. Tirmizi, 5/599; İbn Əbi Şeybə, “Müsənnəf”, 6/328

[2]. Buxari, 3/1303; Müslim, 4/1818

[3]. Buxari, 3/1304; Tirmizi, 5/598; Təbərani, “Mücəmul-kəbir”, 2/224

[4]. Buxari, 3/1306

[5]. Müslim, 4/1815; Darimi, 1/44-45; Əhməd ibn Hənbəl, 1/151, 3/228

[6]. Əhməd ibn Hənbəl, 3/222, 227, 228; Müslim, 4/1814-1815; Darimi, 1/44-45

 




Şərh yaz