10. 367 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin mübarək saçları

Fəxri-Kainat Peyğəmbərimizin (s.ə.s.) çox bəzənməkdən və bu şəkildə  insanlar arasında gəzib-dolaşmaqdan xoșu gəlməzdi. Saçlarını təklikdə daramağa üstünlük verər və bunu da hər kəsə tövsiyə edərdi.[1]

Kainatın Fəxri (s.ə.s.) daim müșriklərin əksinə hərəkət etməyi, saç, saqqal kimi vücudla bağlı məsələlərdə onlara bənzəməməyi Müsəlmanlara əmr etmișdi. Peyğəmbərimizin saçı, saçının uzunluğu, forması haqda rəvayətlərdə bunun bariz nümunələrinə rast gəlirik. “Müșriklərin əksinə hərəkət edin. Bığınızı qısaldın, saqqalınızı uzadın!”[2] İbn Abbas rəvayət edir: “Allah Rəsulu əvvəllər saçını alnına tökərdi. Çünki müșriklər saçını ikiyə ayırıb sağ və sol tərəfə tökərdilər. Bu mövzuda ilahi əmr olmadığı halda, kitab əhli kimi davranmaqdan xoșu gəlirdi. Daha sonra isə mübarək saçını iki tərəfə ayıraraq daramıșdı.”[3]

Bu mövzuya aid hədislərin fərqli olması Peyğəmbərimizin (s.ə.s.) saçını dövr və şəraitdən asılı olaraq müxtəlif tərzdə kəsdirdiyini və daradığını göstərir.

Həzrəti Ənəs (r.a.) rəvayət edir: “Gözəllik mənbəyi Peyğəmbərimizin mübarək saçı qulaq məmələrinə qədər uzanardı.”[4]

Aișə anamızdan gələn rəvayət isə belədir: “Onun mübarək saçları çiyinlərinə qədər çatmasa da, qulaq məmələrini keçərdi” .[5]

Peyğəmbərimizin saçlarını daraması (tərccülü)[6]

Əleyhi Əkməlüt-Tahaya həzrətləri (Allah Rəsulu) saçına qulluqda olduqca həssas idi. Hətta saçların baxımı haqda: “Allah kimə saç veribsə, kimin saçı varsa, ona­ qonaq kimi qulluq etsin,” – deyə buyurmușdur.[7]

Mömin hər cəhətdən Peyğəmbərimizə oxșamaq istəyir. Buna görə də Onun (s.ə.s.) saç və saqqalını necə daraması mömin üçün mühüm əhəmiyyət kəsb edir. Hz. Aișə (r.a.) buyurur: “Mən heyzli (adət halında) olarkən Peyğəmbərimizin mübarək saçlarını darayardım”[8]. Kiși məhrəminə (həyat yoldaşına) dəstəmazlı da olsa, dəstəmazsız da olsa, saçlarını daratdıra bilər.

Peyğəmbərimiz mübarək saçlarına zeytun yağı vurardı. Hətta o qədər yağ sürtərdi ki, libası yağçı paltarını xatırladardı.[9]

Həzrəti Əlinin (r.a.) bacısı Ümmü Hani (r.a.) isə: “Allah Rəsulu Mək­kəyə gələndə mübarək saçlarında dörd zülf[10] var idi,” – deyir.

Peyğəmbərimizin saç və saqqalındakı ağlar

Hz. Qatadə (r.a.) bir gün Hz. Ənəsdən (r.a.) Peyğəmbərimizin (s.ə.s.) saçına və ya saqqalına həna qoyub-qoymadığını sorușdu. Həzrəti Ənəs:

– Xeyr. Peyğəmbərimiz (s.ə.s.) saçına və saqqalına heç vaxt xına qoymadı. Əslində heç xına qoymağa ehtiyacı da yoxdu. Çünki saçı-saqqalı ağarmamıșdı. Sadəcə saçında bir neçə tel və saqqalı-șərifinin bir qədər ucu ağarmışdı, – dedi. Buxaridə verilən bir rəvayətə görə Rəsulullahın  mübarək çənəsində, çənəsinin üstündə və saçının ortasında bir neçə tük ağarmışdı. Həzrəti Ənəsin digər rəvayəti isə belədir: “Peyğəmbərimizin saçındakı mübarək ağ telləri saydım. On dörd dənə idi”. Hətta bir dəfə Həzrəti Əbu Bəkir:

– Ya Rəsulallah! Üz-gözünüzdə qocalığın əlamətləri görünməyə bașladı. Saç-saqqalınızda ağ tüklər var, – deyir. Peyğəmbərimiz (s.ə.s.):

– Məni “Hud”, “Vaqiə”, “Vəlmürsəlat”, “Ammə” (“Nəbə”), “İzəș-Şəmsü Kuvvirat “(“Təkfir”) surələri qocaltdı[11], – buyurdu. Nə üçün Peyğəmbərimiz bu surələri qocalığın səbəbi hesab etmişdir? Çünki bu surələrdə qiyamətdən bəhs edilir.

Əbu Rimsə ət-Teymi nəql edir:

“Peyğəmbərimizin (s.ə.s.) hüzuruna getdim. Oğlum da yanımda idi. Oğlum dedi:

– Mənə Allah Rəsulunu göstərdilər. O nur üzlü Peyğəmbərimizi (s.ə.s.) görən kimi: “Bu insan Allah-Təalanın nəbisi və haqq peyğəmbərdir,” – dedim. Onun cəmalı, kamalı, əzəmət və heybəti Allahın haqq peyğəmbəri olduğuna açıq dəlil idi. Bir möcüzə göstərməsinə də ehtiyac yox idi. Əynində yașıl rəngli və iki parçadan ibarət libas var idi. Mübarək saqqalı da təzə-təzə ağarmağa bașlamıșdı. Hələ tam ağarmamıșdı, qırmızıya çalırdı”[12].

Peyğəmbərimizin xına qoyması

Xına Lovsonid bitkisinin qurudulub toz şəklinə gətirilən yarpaqlarından əldə edilir. Xına qoyulan yerlərlə göbələk xəstəliyinin meydana gəldiyi yerlər, demək olar, üst-üstə düşür: saç, barmaq araları, ayağın altı, ovuc və dırnaq. Xınanı ta qədimdən bu yerlərə qoyurlar. Adət və dindən qaynaqlanan bu ənənənin tarixi çox qədimlərə gedib çıxır. Yəni xına göbələk xəstəlikləri ilə yanașı, bəzi mikrob xəstəliklərinin qarşısını almaqda  müalicəvi əhəmiyyət daşıyır. İndi də Peyğəmbərimizin xınadan istifadəsinə nəzər yetirək.

Əbu Rimsə (r.a.) nəql edir: “Oğlumla birlikdə Peyğəmbərimizin hüzuruna getdim. Məndən:

– Bu sənin oğlundur? – deyə soruşdu. Mən də:

– Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm, – deyə cavab verdim.

 Peyğəmbərimiz:

– Nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də  oğlun sənin xətalarına görə qınanacaq,” – dedi. Əbu Rəmsə bu sözlərin ardınca:

– Peyğəmbərimizin saçındakı ağların qırmızıya çaldığını, yəni xınalandığını gördüm,[13] – deyir”.

Əslində buna bənzər rəvayətlərdən məlum olur ki, Peyğəmbərimiz bəzi vaxtlarda mübarək saç və saqqalına xına qoymuşdur. Əbu Hureyrədən (r.a.) sorușurlar:

– Allah Rəsulu heç xına qoymușdumu?

Əbu Hureyrə (r.a.):

– Bəli, – deyə cavab verir.[14] Peyğəmbərimizlə ən çox görüșən bir səhabə kimi Əbu Hureyrənin dediyi söz çox mühümdür.  Bununla yanaşı, Peyğəmbərimizin (s.ə.s.) saçlarını xınalamasına dair çoxlu rəvayətlər var.[15]

Peyğəmbərimiz səhabələrinin xına qoymasını təsvib edərdi (xoş qarşılayardı, bəyənərdi). Qadınların xına yaxmasını bəzən xoș qarșılamazdı.

Həzrəti Aișə anamızın yanına bir qadın gəldi. Ondan qadınların xına qoyması barəsində sorușdu: “Bir zərəri yoxdur, amma Həbibim (Rəsulullah) ətirli olduğuna görə xoș baxmazdı,”[16] – dedi. Bu, ətri verən fərqli bir xına növü ola bilər. Belə ki, Həzrəti Aişə anamız qadının əlinə xına qoyması ilə bağlı Peyğəmbərimizdən belə bir hədis rəvayət edir: “Bir gün Utbə binti Hind Peyğəmbərimizin hüzuruna gəlir və əlini ona uzadıb:

– Ey Allahın Rəsulu, beyətimi qəbul et, – deyir. Peyğəmbərimiz:

– Mən haradan bilim ki, sən qadınsan, yoxsa kiși? – deyə sorușur, – əlini dəyișdirməsən (dırnaqlarına xına qoymasan), sənin beyətini qəbul etməyəcəyəm, – deyə buyurur”.[17] Bașqa bir rəvayətdə isə: “Qadın əli olsa idi, dırnaqlarını xınalardın,”[18] – buyurur.



[1]. Əbu Davud, 2/474

[2]. Buxari, 5/2209; Müslim, 1/222

 [3]. Əbu Davud, 2/482; Tirmizi, 4/246

 [4]. Buxari, 5/2211; Əbu Davud, 2/281

 [5]. Tirmizi, 4/233

[6]. “Tərəccül” – saç və saqqalın daranması.

[7]. Əbu Davud, 2/475

 [8]. Muvatta, 1/60; Buxari, 1/114; Müslim, 1/244; İbn Macə, 1/160

 [9]. Tirmizi, Şemail, 30; Tebrizi, Mişkatül-Məsabih, 2/508

 [10]. “Zülf” –  üzün iki tərəfindən sallanan tellər

[11] Tirmizî, Tefsir, Vâkı’a, (3293

[12] Əbu Davud, Diyet 2, (4495); Nəsəi, Qasəmə 39, (8, 53).

[13]. Əbu Davud, 2/575; Əhməd b. Hənbəl, 2/226

[14]. Muvatta, 3/430

 [15]. Buxari, 3/1303; Müslim, 4/1821; Əhməd b. Hənbəl, 3/108, 178, 206

 [16]. Əbu Davud, 2/275

 [17]. Əbu Davud, 2/275

 [18]. Əbu Davud, 2/275

 




Şərh yaz