1. 602 dəfə oxunub ,   0 şərh   Çap et

Kərəm – səxavət, xeyirxahlıq və qonaqpərvərlik xüsusiyyətlərini  ehtiva edir. Kərəm ərəblərin rəğbət etdiyi və ərəb cəmiyyətində geniş yayılmış  xüsusiyyətlərdən biridir. Hətta Cahiliyyə șeirlərinə baxanda o dövr ərəblərinin bunlarla öyündüyünü görürük: “Biz qonaqlarımıza bu qədər qoyun, bu qədər mal, bu qədər dəvə kəsib ikram etdik”. Bəli, onlar qonaqpərvərliyi, qonağa bol ikram etməyi böyük şərəf sayırdılar, hətta qəbilə və oymaqlar qonaqpərvərlikdə bir-biri ilə yarıșırdı. Təbii ki, onlar bütün bunları öyünmək üçün, ad-san qazanmaq üçün edirdilər. Məhz səxavət və kərəmin belə geniş yayıldğı və əhəmiyyətli sayıldığı bir dövrdə onlar arasında kərimlərdən kərim bir İnsan zühur etdi. Onun kərəmini görən dillər tutuldu, nitqlər qurudu. Bu kərim Zat  hər işini sırf Allah rizası üçün edən Rəsulullah idi. O, birinə dünya bağıșlasa idi, onu dilinin ucuna da gətirmirdi. Hətta Onun səxavətinə şeir  həsr edən şairlərin mədhini qəbul etmir və onların sözlərini “Əkrəmül-Əkrəmin” olan Allaha aid və həvalə edirdi.

O, bir təcəlli aynası idi. Haqq-Təalanın  “Kərim” ismi Onda təcəlli edirdi. O, hər məsələdə olduğu kimi, Kərim isminə təcəlli olmaqda da misilsiz idi.. Və yer üzünə Ondan kərim insan gəlməmişdi və gəlməyəcəkdi də.

Əliaçıqlıq insanı Allaha yaxınlașdıran xüsusiyyət ola-ola Allah Rəsulunun ondan uzaq olması mümkün idimi? Halbuki O, Allaha yaxınlıqda Cəbraili də ötüb keçmişdi. Bu kəlmələr Onun dilindəndir: “Əliaçıq insan Allaha, cənnətə və insanlara yaxın, cəhənnəmdən isə uzaqdır. Xəsis isə Allahdan, cənnətdən və insanlardan uzaq, cəhənnəmə isə yaxındır.”[1]

O, yoxsul həyatı seçmișdi. Bu, başqa insanların da kasıb yaşamasını istəmək demək deyildi. Ancaq insanların mədənin, nəfsin köləsinə çevrilməsinə könlü razı deyildi. Onsuz da Onun sayəsində müsəlmanlar qısa zamanda dünyanın ən varlı adamları olmușdu. Sədəqə və zəkat verməyə adam tapa bilmirdilər. Bəli, adam bașına düșən gəlir artımı bu qədər yüksək idi. Amma onların arasında elə zahidlər də vardı ki, evində bir günlük yeməyi olanda gətirilən yeni bir șeyi  nə qədər qiymətli olsa da, – qəbul etmirdi. Bu könül toxluğu, ruh ucalığıdır. Yașatma eșqidir. Dünya zövqünü tərk etmə idealıdır. Belə hiss və duyğularla dolub-dașmamıș, yoğrulmamış insanların bunları anlaması da mümkün deyildir.

Ìbn Abbasın (r.a.) rəvayət etdiyi bir hədis Onun (s.ə.s.) səxavətindən danışır: “Allah Rəsulu (s.ə.s.) ən səxavətli, əliaçıq insan idi. Ramazan ayı gəlib Cəbrail (əleyhissalam) ilə görüșüncə daha da əliaçıq olardı. Cəbrail hər gecə gələr, Quranı müzakirə edərdilər. Allah Rəsulu əsən yeldən daha səxavətli davranardı.[2]

 Allah-Təalanın fərmanı ilə bütün qənimətlərin beșdə biri Peyğəmbərimizə(s.ə.s.) ayrılırdı. Yəni qənimətlərin beșdə biri Allah Rəsulunun șəxsi mülkiyyəti hesab olunurdu. Ondan istədiyi kimi istifadə etmə səlahiyyəti birbașa Allah tərəfindən Ona verilmişdi. Halbuki bir gün Onun hücrəsinə girən Hz. Ömər hıçqıra-hıçqıra ağlayacaqdı. Allah Rəsulu nə üçün ağladığını sorușduqda o Böyük Ömər belə deyəcəkdi:

– Ya Rəsulallah! Dünya hökmdarları, Kisralar sərvət içində üzür. Sənin isə yerə sərib üstünə uzanmağa heç nəyin yoxdur; yatağın həsir.. və bədənində də həsirin izləri… Halbuki kainat Sənin hörmətinə yaradıldı.

Allah Rəsulu bu cavabı verir: “İstəmirsənmi, ya Ömər, dünya onların, axirət də bizim olsun!”[3]

Allah Rəsulunun bu sözləri bașqa cür yașamaq imkanı olmayan bir kasıbın çarəsizlik içində dediyi sözlərə bənzəmirdi. Yuxarıda da bildirdiyimiz kimi O istəsə idi, dünyanın ən zəngin insanı olardı.. Təkcə Huneyndə Onun payına düșən qənimətin (beșdə bir hissəsi) miqdarına baxsaq, kifayət edir: (40.000 qoyun, 24.000 dəvə, 6.000 əsir, 4.000 okka gümüș[4] (bir okka dörd kq-a bərabərdir))

Allah Rəsulu (s.ə.s.) həlimliyi və kərəmi ilə neçə-neçə aşılmaz, girilməz könülləri fəth etmişdi. Səfvan bin Umeyyə də bunlardan biridir. Hz. Ənəs (r.a.) rəvayət edir: “Allah Rəsulu Huneynə (Huneyn müharibəsinə) gedərkən bu șəxsdən borca silah-sursat almıșdı. Səfvan Huneyndə əldə edilən qənimətlərə heyran-heyran və həvəslə baxırdı. Bu, Allah Rəsulunun diqqətindən yayınmadı. “Baxıb bəyəndiyin o dəvələr sənin olsun,” – dedi. Ardınca bașqa hədiyyələr də əlavə etdi. Səfvan bu əliaçıqlıq qarșısında çașıb qaldı. Qəlbi Allah Rəsuluna qarşı kin və düşmənçilik hissi ilə dolu olan Səfvan  birdən-birə dəyișmișdi. Bəli, Allah Rəsulunun kərəmi, comərdliyi onda kin və nifrətdən əsər-əlamət qoymamışdı: artıq İki Cahan Sərvəri onun ən sevdiyi insan idi. Səfvanın qəlbini İslam naminə fəth etmək, əlbəttə, minlərlə dəvə və maldan daha əhəmiyyətli idi. Allah Rəsulu da ən əhəmiyyətli olanı etmișdi. Belə ki, Səfvanın belə misilsiz səxavətlə məmnun edilib yola salınması nəticəsiz qalmamıșdı.  Səfvan dərhal qəbiləsinin yanına gedib qəbilədaşlarına səslənmişdi: “Ey xalqım, Müsəlman olmağa tələsin! Çünki Hz. Məhəmməd elə verir ki, ancaq yoxsul olmaqdan qorxmayan və Allaha tam etimad edən bir insan belə verə bilər!”[5]

Özünün ehtiyacı olsa da, istəyəni əliboş qaytarmazdı. Səhl bin Səd belə bir hadisə nəql edir: “Bir gün bir qadın Rəsulullaha öz əlləri ilə tikdiyi bir xirqə gətirdi. Peyğəmbərimizin hüzuruna gəlib:

– Ey Allahın Rəsulu! Bu xirqəni sizin üçün öz əllərimlə hördüm, – dedi və hədiyyə etdi. Rəsulullahın belə bir xirqəyə ehtiyacı vardı. O, köynək yerinə bu xirqəni geyindi. Yanında olanlardan biri:

– Ya Rəsulallah! Bu xirqəni mənə hədiyyə edərsiniz? – dedi. Peyğəm­bərimiz:

– Əlbəttə, – dedi. Bir müddət də söhbətinə davam etdi. Sonra otağına gedib xirqəni qatladı və həmin adama göndərdi. Orada olanlar:

– Rəsulullahın ehtiyacı ola-ola istədin. Təbii ki, heç kəsi boş qaytarmadığını bilirsən. Nə qədər bəxtəvərsən, – dedilər. O șəxs də belə cavab verdi:

– Allaha and olsun ki, mən onu geyinmək üçün deyil, özümə kəfən etmək üçün aldım. Səhl deyir ki, həmin xirqə, həqiqətən, onun kəfəni oldu.[6]

Digər hədis:

Bir bədəvi gəlib Ondan bir șey istəyir, Allah Rəsulu da istədiyini verir. Bədəvi yenə istəyir, o da verir. Üçüncü dəfə istəyəndə isə Allah Rəsulu verəsi bir șey olmadığını görüb vəd edir. Yəni əlinə bir șey keçən kimi ona verəcəkdi. Bu hadisə Hz. Öməri çox məyus edir. Allah Rəsulunun bu qədər narahat edilməsinə ürəyi dözmür. Diz üstə oturub: “İstədilər, verdin. Bir daha istədilər, yenə verdin. Bir daha istədilər, vəd etdin. Özünü bu qədər əziyyətə salma, ya Rəsulullah!” – deyir.

Ancaq bu sözlər Allah Rəsulunun heç xoșuna gəlmir. Qașlarının yüngülcə çatıldığını görən Abdullah b. Huzafətüs-Səhmi ayağa qalxıb belə deyir: “Ver, Ey Allahın Elçisi! Əsla sanma ki,  Allah Səni yoxsul qoyacaq və nemətlərindən məhrum edəcək!”

İki Cahan Sərvəri bir müddət sükut edib buyurdu: “Bəli, elə Mənə də bu əmr olundu”.[7]

 Fərazdak nə gözəl ifadə edir:

– O, təșəhhüddən başqa “Xeyr” kəlməsini heç bir sözündə dilə  gətirmədi. Əgər təșəhhüd olmasa idi, Onun “Xeyr” sözü də “Bəli” olardı.

Ondan nə istəsələr, – təbii ki, halal dairədə – dərhal razılıq verər və istəyəni boş qaytarmazdı.

Bəli, Nəbilər Sultanının comərdlik və əliaçıqlıqda da misli-bərabəri  yox idi. Bu qədər səxavət və əliaçıqlıq xüsiyyətlərini də ancaq peyğəmbərliklə izah etmək olar.


[1]. Tirmizi, 4/342

[2]. Buxari 2/672, 3/1177; Müslim 4/1803; Nəsayi 4/125

[3]. Buxari, 4/1866; Bəzzar, 1/303

[4]. İbn Hişam, Sirət, 4/ 135-136

[5]. İbn Kəsir, əl-Bidayə vən-Nihayə, 4/359

[6]. Buxari, 1/429, 2/737; İbn Mace, 2/1177; Əhməd b. Hənbəl, 5/333

[7]. Bəzzar, 1/396




Şərh yaz