3. 059 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullahın (s.ə.s) maddi və mənəvi miraslarını qoruyub saxlamaq bir vəfa borcudur. Səhabələr Onun müqəddəs davasına könül verdikləri kimi Onun hər izini də müqəddəs əmanət olaraq dəyərləndirmiş və göz bəbəyi kimi qoruyublar. Saçını, mübarək saqqalının tüklərini, dırnaqlarını, ümumiyyətlə, Ona aid hər şeyi böyük bir ehtiramla qoruyub saxlamışlar. Bununla belə bu müqəddəs əmanətlərdən bir çoxu dövrümüzə qədər gəlib çatmışdır. Quran və sünnə ağıl və ruhumuza şəfa olduğu kimi, bu əmanətlər də gözlərimizə şəfadır. Onun əmanətlərini  görmək inancımızı, bağlılığımızı artırır.

Abdullah ibn Ömərin (r.a) Allah Rəsulunun sünnəsinə riayətdə, maddi-mənəvi əmanətlərini hörmətlə yad etməkdə ad çıxarmış, Peyğəmbər sevgisini həyatının qayəsinə çevirmiş mümtaz səhabədir. O, Peyğəmbərimizdən (s.ə.s) qalan xatirələrə çox bağlı idi. Allah Rəsulunun bütün davranışlarını təqlid edir, getdiyi yollarda Onun kimi gedir, Onun kimi yeyir, içirdi. Hətta Rəsulullahın kölgələndiyi ağacların altında oturur, qurumasınlar deyə onları sulayırdı. Peyğəmbərimizin (s.ə.s) vəfatından sonra Onu hər dəfə xatırlayanda göz yaşlarına hakim ola bilmirdi. Asim ibn Məhəmməd Allah Rəsulunun adı çəkiləndə Abdullah ibn Ömərin hıçqırıqlar içində boğulduğunu deyir. Peyğəmbər həsrəti ilə alışıb yanan Abdullah ibn Ömər (r.a.) Onun (s.ə.s) minbərdə ayağını qoyduğu yerlərə əlini çəkir, sonra üzünə-gözünə sürtüb Onun xatirələri ilə bərəkət umurdu. Allah Rəsulunun namaz qıldığı yerlərdə namaz qılmağa böyük əhəmiyyət verirdi. Məkkə fəthində Allah Rəsulu Kəbənin içində namaz qılıb çıxdıqdan sonra, səhabələr içəri tələsmişdilər. Abdullah ibn Ömər içəri birinci girmiş və  girər-girməz də Hz. Bilaldan Rəsulullahın (s.ə.s) harada namaz qıldığını soruşmuşdu[1]. İbn Ömər Mədinə civarındakı kəndləri gəzib-dolaşarkən Müaviyə oğulları yurduna yetişmiş və Kəbədəki kimi onlardan da Rəsulullahın (s.ə.s) məscidin harasında namaz qıldığını soruşmuşdu[2].

Peyğəmbərimizin saç və saqqalının mübarək tükləri də səhabələr tərəfindən göz bəbəyi kimi qorunub saxlanmışdır. Rəsulullahın əmanətlərinə bu qədər bağlı olan insanların Onun əmr, qadağa və tövsiyələrinə necə sadiq olduğunu deməyə ehtiyac yoxdur.

Ənəs ibn Malik (r.a.) rəvayət edir: “Peyğəmbərimizin (s.ə.s) saçlarını kəsdirdiyini gördüm. Bərbər Peyğəmbərimizin saçlarını kəsəndə səhabələr ətrafında dolanır, yerə bircə tük də düşmədən hamısını yığırdılar. Peyğəmbər əmanətlərinin bu günə qədər gəlib çatması məhz həmin səhabələrin sayəsində olmuşdur.

İlk dövrlərdən etibarən hökmdar və məliklər Allah Rəsulunun maddi əmanətlərinə böyük dəyər vermiş, xeyli pula satın almış, xüsusi diqqət və ehtiramla saxlamışlar. Müxtəlif dövrlərdə hökmdarlar tərəfindən saxlanılan bu Müqəddəs Əmanətləri son Abbasi xəlifəsi III Mütəvəkkil Yavuz Sultan Səlim Xana təslim etmiş, o da əmanətləri İstanbula gətirtmişdir. Bu Müqəddəs Əmanətlər Xirqeyi-səadət dairəsi adlanan xüsusi hissədə bu günəcən böyük hörmət və ehtiramla mühafizə edilmişdir. Xirqeyi-səadət dairəsində bir müddət ara verilsə də, dörd yüz ildir hafizlər günün iyirmi dörd saatını dayanmadan Quran oxuyur.

Xülasə, Allah Rəsulundan qalan əmanətlərə sahib çıxmaq, hörmət göstərmək qadağan deyil, əksinə, Ona bir vəfa borcudur. İstər səhabələr, istərsə də ata-babalarımız, bu vəfanı yerinə yetirməkdə bizə nümunə olurlar.

[1] Buxari, Cihad,127.

[2] Muvatta, Quran, 35.




Bənzər məqalələr

Kəsilən dırnaqlar və saçlar nə edilməlidir?

Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər, bunları həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.

Rəsulullahın (s.ə.s) əminliyi

Peyğəmbərlərə aid xüsusiyyətlərdən biri də əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub “iman”la eyniköklü sözdür. “Mömin” inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur.

Saç və taraş ədəbi

Bu mövzu ilə əlaqədar birbaşa hökm vermək yanlış mənalara gələr deyə, əvvəlcə mövcud hədisləri qısaca qeyd edib, daha sonra məsələni ümumi şəkildə dəyərləndiməyə çalışaq.


Şərh yaz