3. 522 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərlərə dövrə və şəraitə uyğun möcüzələr verilmişdir. Bir peyğəmbərin zamanında hansı iş və ya peşə geniş yayılmışdısa, verilən möcüzə də ondan və ya ona uyğun olurdu. Yəni möcüzələr hər bir peyğəmbərin yaşadığı zaman kəsiminin mədəniyyətinə və düşüncəsinə müvafiq göstərilirdi ki, daha təsirli və güclü olsun.

Məsələn, Hz. Musanın zamanında sehrbazlıq geniş yayıldığından möcüzəsi də buna uyğun olmuşdur. Ondan sonra isə fəlsəfə geniş yayılır, səbəblər ön planda götürülür. Bu dövrdə İsrail oğullarına gələn peyğəmbərlərin möcüzələri daha çox səbəblər pərdəsinin fövqündə dayanırdı ki, insanlar kainatın Bir Yaradan tərəfindən idarə olunduğunu, hər şeyin Onun əmri ilə var olduğunu dərk etsinlər. Hz. Süleymanın qarışqa və quşla danışması, quşları və cinləri ram etməsi kimi möcüzələri də o dövr üçün geniş yayılan: “Hər şey səbəblərdən meydana gəlmişdir” fikrini rədd edərək əsl Yaradanın Allah olduğunu isbat edirdi. Antik dövrdə tibb və fəlsəfənin geniş yayılması ilə əlaqədar hər şeyin varlığını səbəblərlə izah etmə və səbəbləri Yaradanın yerinə qoyma düşüncəsi vüsət tapmışdı. Hz. İsanın möcüzələri isə daha çox səbəbpərəstlik[1] düşüncəsinin aradan qaldırılmasına yönəlmişdi. İlk növbədə onun dünyaya gəlişi bu yanlış düşüncələri yerlə-yeksan edirdi. Çünki insanlar təbii olaraq bir qadın və bir kişinin izdivacından dünyaya gəlsə də, o, atasız doğulmuşdu. Onun beşikdə danışmasını da eyni qəbildən saymaq olar. Həmçinin Hz. Məhəmməd (s.ə.s) peyğəmbər göndəriləndə ədəbiyyat elmi, söz sənəti cəmiyyətdə güclü təsirə malik idi, nəzm geniş yayılmışdı. Ərəb ədəbiyyatı qızıl dövrünü yaşayırdı. Allah Rəsulunun dövründə fəsahət və bəlağət, şeir və natiqlik, kahinlik və qeybdən xəbər vermə, keçmiş və gələcək hadisələrdən agah olma sənətləri şöhrət qazanmışdı. Kəbə divarından asılan muallaqatı-səba (Cahiliyyə dövründə ərəblərin yazdığı yeddi gözəl şeir) buna ən yaxşı örnəkdir. Peyğəmbərimizə (s.ə.s) bu sahədə möcüzələr verilmiş, nazil olan Quran şairlərə meydan oxumuş, hətta onları yarışa dəvət etmişdir.

Allah Rəsulunun nübüvvəti bütün zaman və məkanlara, bütün insanlara, hətta cinlərə də aid olduğu üçün möcüzələri də çoxyönlüdür. Digər peyğəmbərlərin möcüzələri isə belə deyildi. Necə ki böyük padşah bir yavərini və ya elçisini müxtəlif qövm və qəbilələr yaşayan bir vilayətə göndərsə, orada olan hər qövm, hər qəbilə və hər zümrə öz qövmü, qəbiləsi, zümrəsi adından o elçini qarşılayıb “xoş gəldin” deyər, onu alqışlayar, şükran və təşəkkürünü ərz edər. Bunun kimi də kainatın yeganə sahibi və yaradanı Allah-Təala ən böyük elçisi Rəsuli-Əkrəmi (s.ə.s) bəşər övladına bir məmur və elçi,  bütün məxluqata da rəhmət olaraq göndərmişdir. Onun gəlişi ilə dağlar, daşlar, ağaclar, heyvanlar, günəş, ay və ulduzlar, bütün hadisələr əbəslik və mənasızlıqdan xilas olmuş, bir məna, bir dəyər qazanmışdır. Buna görə də mələklərdən cinlərə və insanlara, günəşdən və aydan ulduzlara, su və qidalara, ağaclardan daşlara və dağlara, hər növ heyvanlara qədər hər zümrə, hər sinif öz növü adından təşəkkürünü ərz edib və onun vasitəsilə meydana gələn möcüzələrə vəsilə olmuşdur. Beləliklə, Allah Rəsulunun doğruluğuna və peyğəmbərliyinə kainat miqyasında şahidlik edib nübüvvətini bütün aləmə elan etmişlər ki, bunu da inkar etmək qeyri-mümkündür. Demək, kainat miqyaslı möcüzələr göstərmək məhz Hz. Məhəmmədə (s.ə.s) xas nemətdir.


[1] Səbəbləri Yaradanın yerinə qoymaq. Hər şeyi səbəblərdə görmək, materiyadan başqa heç bir mənəvi qüvvənin varlığını qəbul etməmək

 



Açar sözləri

möcüzə peyğəmbərimiz

Bənzər məqalələr

Peyğəmbərimiz meraca cismi və ruhu ilə getmişdir?

Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir.

Allah Rəsuluna qarşı vəzifələrimiz

Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir.

Peyğəmbərimizin iftarı və sahuru necə idi?

Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?


Şərh yaz