2. 053 dəfə oxunub ,   0 şərh   Çap et

 Liderlər fitri șücaət və cəsarətə, güclü ağıla və zəkaya malik olurlar. Cəsur olmayan lider də ola bilməz. O, məfkurəsində tək də qala bilər. Amma fitri cəsarəti ilə çətinlikləri dəf edər, çıxış yollarını dərhal tapar. Lider idealını, amalını təkbașına müdafiə etməyə məcbur qaldığı belə anlarda məqsədinə çatmaq üçün elə davranmalıdır ki, sanki, arxasınca minlərlə insan gəlir. Bəli, lider heç vaxt ölümdən qorxmamalıdır. Hər șeydən qorxub-ürkən bir insan gizlənməkdə “lider” olsa da, idarəçilikdə əsla lider ola bilməz.

Peyğəmbərimiz (s.ə.s.) hər șeydən əvvəl bir șücaət və cəsarət timsalı idi. Hərb meydanlarının Heydəri-Kərrarı Hz. Əli (r.a.) Onun bu xüsusiyyətini belə xarakterizə edirdi: “Biz müharibələrdə dara düşəndə Rəsulu Əkrəmə (s.ə.s.) sığınardıq”.[1] Bəli, bu, Onun qüdsi və misilsiz  șücaətinin ifadəsidir.

Peyğəmbərimizlə Qavrəs adlı kafirin arasında baş verən hadisə Onun qorxmazlığını, șücaət və cəsarətini təsvir etmək  baxımından kifayət edir. Allah Rəsulu (s.ə.s.) bir ağacın altında istirahət edirdi. Bu vaxt orada peyda olan Qavrəs adlı düşmən  Onun yuxuda olmasını fürsət bilib ağacdan asılmış qılıncını götürür və istehzalı bir əda ilə: “İndi Səni mənim əlimdən kim xilas edəcək?” – deyir. Allah Rəsulu onun bu sualı qarșısında təşvişə düşmədən və özünə əmin halda elə bir “Allah” deyir ki.. Onun bu “Allah” cavabı ilə ifadə etdiyi Rəbbə təvəkkül və tam etimadı əli qılınclı Qavrəsi sarsıdır və qılınc yerə düșür. Onun qılıncını götürən Peyğəmbərimiz: “Bəs indi səni kim xilas edəcək?” – deyə soruşur. Qavrəs qorxusundan qızdırmaya tutulmuş xəstə kimi titrəməyə başlayır. Bu vaxt Peyğəmbərimizin səsini eșidib gələnlər bu mənzərə qarșısında heyrətə gəlirlər. Onların Allaha iman və etimadı daha da artır. Qavrəs də “əl-Əmin”ə söz verib Allah Rəsulunun şücaət və cəsarətinə heyran halda oradan uzaqlaşır.[2]

Allah Rəsulunun (s.ə.s.) misilsiz cəsarətinin bir nümunəsini də hicrət əsnasında Sevr mağarasında görürük. Sevr mağarasına cavanlar belə çətinliklə çıxır. Ancaq O, əlli üç yașında olmasına baxmayaraq, bu mağaraya dırmanır və təşrifi ilə șərəfləndirir onu. Məkkə müșrikləri mağaranın ağzında var-gəl edərkən Hz. Əbu Bəkir (r.a.) sırf Ona (s.ə.s.) görə təşvişə düşür.. Ehtimal ki, əndişədən üzü sapsarı olmușdu. Halbuki onunla eyni yerdə olan Peyğəmbərimizin üzündəki təbəssüm zərrə qədər azalmamıșdı. Və Rəsulullah dostu Hz. Əbu Bəkrə (r.a.) “Qorxma! Allah bizimlə bərabərdir. O iki insanı nə sanırsan ki, onların üçüncüsü Allahdır”[3] sözləri ilə təsəlli etmișdir.[4]

Ənəs bin Malik nəql edir: “Peyğəmbərimiz (s.ə.s.) ən igid və ən comərd insan idi. Allaha and olsun ki, bir gecə Mədinə xalqı düșmən hücumundan çox qorxmușdu. Ancaq Allah Rəsulu (s.ə.s.) qılıncına qurșanaraq, bir yəhərsiz ata minib düșmən səsi gələn tərəfə mahmızladı. Bütün mədinəlilər arxada qaldı. Bir az sonra geri dönüb təhlükəli bir șey olmadığını xəbər verdi”.[5]

Huneyn müharibəsi idi. Müsəlman ordusunun sıralarında qarışıqlıq düşdü. Rəsulullah (s.ə.s.) ağ miniyinin belində: “Mən Peyğəmbərəm, bunda yalan yoxdur! Mən Abdülmuttalibin nəvəsiyəm!” – deyə səhabələrini bir yerə toplanmağa çağırdı. Beləcə qısa müddət sonra toplanan səhabələr düșmən üzərində zəfər çaldı.[6]

Məșhur mütəfəkkir Bernard Şou Rəsulullahın bu təslimiyyət və qorxmazlığından bəhs edərkən hislərini aşağıdakı təqdirəlayiq ifadələrlə dilə gətirir: “Hz. Məhəmməd fövqəladə üstünlüklərə malik bir insandır. Bu sirli insanı tam mənası ilə qavramaq mümkün deyildir. Onun qeyri-adi bir üstünlüyü də Allaha güvən və etimadıdır”.



[1]. Əhməd b. Hənbəl, 1/86

 [2]. Buxari 3/1065, 4/1515; Müslim 1/576; Əhməd b. Hənbəl, 3/311

 [3] “Tövbə” surəsi,40

[4]. Buxari, 4/1712

 [5]. Buxari, 3/1038; Müslim, 4/1802; İbn Macə, 2/926

 [6]. Buxari, 3/1051, 1071; Müslim 3/1400, Əhməd b. Hənbəl, 4/280

 




Şərh yaz