Peyğəmbərimizin yerişi
Peyğəmbərimizin yeriși haqqında ilk rəvayət Əbu Hureyrədən (r.a.) gəlir: “Mən Peyğəmbərimizdən gözəl insan görmədim. Günəș, elə bil, Onun mübarək üzündə təcəlli etmișdi. Yeriși çox sürətli idi və Ondan sürətli yeriyən də görmədim. Sanki, O, sürətlə yerimirdi, əksinə yer Onun ayaqları altında sürətlə bükülürdü. O (s.ə.s.), heç vaxt özünə məşəqqət gətirən bir şeyi etməzdi”[1]. Həzrəti Əli (r.a.) Onun yerișindən bəhs edərkən: “Addımlayarkən ayağını yerə sərt qaldırıb sərt basardı. Sanki, həmișə hündür bir yerdən enirdi,”[2] – buyurur.
Peyğəmbərimizin oturuşu
Peyğəmbərimizin hər halı, davranışı çox təbii idi. Qaylə binti Məhrəmə (r.a.) rəvayət edir: “Bir gün Məscidi-Nəbəviyə girmișdim. Gördüm ki, O, dizlərini qaldırıb qarnına bitișdirmiș, əllərini də diz qapaqlarına bağlayaraq oturub”.[3] Bașqa bir hədisdə isə “(Yerdə) ayağını ayağının üstünə atıb arxaya yaslanmış halda”[4] oturması rəvayət edilir.
Bu rəvayətlərdə Peyğəmbərimizə istinad edilən oturuș vəziyyətləri Onun xüsusi halı ilə bağlıdır. Çünki çoxumuz bilirik ki, Peyğəmbərimiz bəzi hədislərində bu cür oturuşları qadağan etmişdir. Elə səhabələr də bu hədisləri Onun bu șəkildə oturmasını əvvəllər görmədikləri üçün rəvayət etmișdir.
Peyğəmbərimiz oturarkən bəzən bir șeyə söykənərdi. Sağ tərəfə meyilli oturarkən sağ qolunun altına döșəkçə qoyardı. Cahiliyyə dövründə bir yerə söykənərək, yaslanaraq yemək yemək adətini də qadağan etmișdi. “Mən heç vaxt bir yerə söykənib yemək yemərəm”.[5] “Bir șeyə söykənib yemək yeməyəcəyəm,”[6] – deyə buyurmușdu. Hədislərə müraciət edək:
Bir gün Rəsuli-Əkrəmin (s.ə.s.) hüzuruna Abdullah ibn Yüsr adlı bir səhabə gəldi. Allah Rəsuluna qızardılmıș bir qoyunu pay gətirmişdi. Peyğəmbərimiz də dizləri üstə oturub əshabı ilə bir yerdə yeməyə bașladı. Bu əsnada çöldən gələn bir bədəvi:
– Ey Allahın Rəsulu! Bu nə oturușdur, – dedi. Yəni “Niyə Sizin kimi bir insan kasıblar kimi oturub?” Peyğəmbərimiz isə:
– Allah məni kərim bir qul etdi, mən zülmkarlardan deyiləm,[7] – deyə buyurdu.
Allah Rəsulunun söykənmə tərzini səhabələr bu șəkildə izah edirlər: “Bir gün Rəsuli-Əkrəm (s.ə.s.) xəstələnmiș, evdən çıxıb məscidə gəlmişdi. Bu əsnada Üsamə ibn Zeydə söykənmișdi. Əyninə qalın parçadan tikilmiș libas geyinmişdi. Peyğəmbərimiz hacıların ehrama büründüyü kimi, həmin paltara bürünmüşdü. Bu paltarda da namaz qıldırdı. Bəzi rəvayətlərə görə, bu hal mərəzi-mövtdə (yəni vəfatına səbəb olan xəstəlik zamanı) olmuşdur.[8]
Peyğəmbərimizin yatma qaydası
Allah Rəsulu (s.ə.s.) səhabələrə yatsı (ișa) namazını qıldırıb mühüm bir hadisə olmazsa[9], heç kəslə danıșmadan istirahətə çəkilərdi. Yatmazdan əvvəl dua edərdi.
Peyğəmbərimiz (s.ə.s.) yuxunu ölümün kiçik qardașı kimi tərif etmișdi.[10] “Mənim gözüm yatar, ancaq qəlbim yatmaz,”[11] – buyuran Allah Rəsulu yuxu ədəbində də ümmətinə örnək olmuşdur.
Peyğəmbərimiz (s.ə.s.) yatarkən sağ tərəfinə dönüb sağ ovcunu sağ yanağının altına qoyar və dua edərdi: “Ya Rəbb! Məni qullarını dirildib həșr etdiyin gün əzabından azad et”.[12]
Yuxudan oyanarkən də Allaha bu șəkildə dua edərdi: “Bizləri ölümün kiçik qardașı olan yuxuya daldırıb sonra yenidən həyata qaytaran Allaha șükürlər olsun. Dönəcəyimiz yer Allahın böyük hüzurudur”.[13]
Allah Rəsulu (s.ə.s.) yatağa girməzdən əvvəl çox vaxt bunları oxuyardı: “Bəqərə” surəsinin baș qismi və son iki ayəsi (“Əmənərrasulu”),[14] “Ayətəl-Kürsi”,[15] “Yasin” surəsi,[16] “Səcdə” surəsi[17] və “Mülk” surəsi.[18] Arxasınca üç dəfə İxlas və Muavvizəteyn (“Fəlaq” və “Nas” surələri) surələrini və bir dəfə də Kafirun surəsini oxuyar,[19] sonra da əllərini birləșdirib ovcuna üfürər və vücudunun əli çatan hər yerinə sürtərdi.[20]
Yatağına girdikdən sonra da 33 dəfə “Subhanallah”, 33 dəfə “Əlhamdulillah” və 33 (bəzi rəvayətdə 34) dəfə də “Allahu Əkbər” deyər, ardınca da bir çox bașqa dualar oxuyardı.[21]
Həzrəti Aișə (r.a.) Rəsulullahın içi xurma lifi ilə doldurulmuș dəridən döşək kimi istifadə etdiyini nəql edir.
Həzrəti Hafsa anamız “Rəsulullahın evdə istifadə etdiyi yataq necə idi?” sualına bu cavabı vermișdi: “Bir keçəni iki qatlayıb döşək düzəltmişdik, onun üstündə yatardı. Bir gecə: “Bu keçəni dörd qatlasaq, daha yumșaq olar, Rəsulullah da daha rahat olar,” – deyə düșündük və dörd qatladıq. Səhər açılanda: “Bu gecə mənə necə döșək hazırlamıșdınız?” – deyə sorușdu. Biz də: “Həmişəki keçəni sərdik, ancaq bu dəfə dörd qatlamıșdıq,” – dedik. Rəsulullah (s.ə.s.): “Bundan sonra əvvəlki kimi sərin. Çünki döșək yumșaq olduğuna görə bu gecə təhəccüd namazını qıla bilməmişəm,” – dedi”.
Peyğəmbərimizin həsir üstündə yatması
Həzrəti Ömər (r.a.) bir gün Allah Rəsulunun hüzuruna gəldi. Peyğəmbərimiz yatdığı həsirin üstündə idi və üzünün bir tərəfində həsirin izi qalmışdı. Otağının bir küncündə bir dəri, o biri küncündə də içərisində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Bəli, Allah Rəsulunun otağındakı əșyalar bundan ibarət idi. Həzrəti Ömər (r.a.) bu mənzərə qarșısında riqqətə gəlib ağladı. Allah Rəsulu nə üçün ağladığını sorușdu. Hz. Ömər (r.a.): “Ya Rəsulullah! Kisralar (şahlar), hökmdarlar saraylarında quș tükündən yataqlarda yatır, amma (hörmətinə kainat yaradılan) Sən isə bir həsir üstündə yatırsan. O həsir də üzündə iz qoyur. Bu gördüklərim məni ağlatdı,” – deyə cavab verdi. Allah Rəsulu:”İstəmirsənmi, ey Ömər! Dünya onların, axirət də bizim olsun?”[22] – buyurdu.
Bașqa bir rəvayətdə isə Peyğəmbərimiz belə buyurur: “Mənim dünya ilə nə əlaqəm var? Mən bir yolçu kimiyəm. Bir ağac altında kölgələnən yolçu.. sonra da oranı tərk edib yoluna davam edən…”[23]
O, dünyaya bir vəzifə ilə gəlmișdi. İnsanlara duyğu və düșüncədə diriliș nəfəsi gətirmișdi. Vəzifəni yerinə yetirdiyi zaman da dünyanı tərk edəcəkdi. Dünyadan bu qədər uzaq insanın dünyəvi șeylərə meyil etməsi mümkün deyildir. Bəli, O, nə dünyaya meyl etmiş, nə də yolunda zərrə qədər inhirafa yol vermişdi (başqa istiqamətə yönəlmişdi)…
[1]Əhməd b. Hənbəl, 2/380
[2]Müslim, 4/1804; Əhməd b. Hənbəl, 1/96;
[3]Tirmizi, Şəmail, 1/115
[4] Buxari, 1/180, 5/2318; Müslim, 3/1662; Tirmizi, 5/95
[5]Buxari, 5/2062
[6] Əbu Davud, 375; İbn Macə 2/186; Əhməd b. Hənbəl, 4/308
[7] Münavi, Feyzül-Kadir, 7/23
[8]Əhməd b. Hənbəl, 3/262
[9]Həmin mühüm hadisələrdən biri budur: Əvs ibn Huzeyfənin bildirdiyinə görə, Allah Rəsulu Mədinəyə gələn bir heyətə hər gecə yatsı namazından sonra söhbət edərdi. Ancaq bir gecə gecikdi. Səbəbini soruşanda: “Bir gün Qurandan oxumalı olduğum cüzü oxumamışdım. Onu qurtarmadan gəlmək istəmədim,” – deyə buyurdu. Əbu Davud, 1/ 443; İbn Macə, 1/427; Tayalisi, 1/151
[10]Əbu Nuaym, Hilyə, 7/90.
[11]Buxari, 1/293, 3/1308; Əhməd b. Hənbəl, 2/25
[12] Nəsayi, Aməlül-yəvm vəl-leylə, 752-760
[13] Nəsayi, Aməlül-yəvm vəl-leylə, 1/456,491
[14]Darimi, 2/540
[15] Tirmizi, 5/161; Darimi, 2/540
[16]Heysemi, Məcmauz-Zəvaid, 7/97.
[17]Tirmizi, 5/165
[18]Tirmizi, 5/165
[19] Əbu Davud, 2/733; Tirmizi, 5/474
[20] Tirmizi, 5/473
[21]Buxari, 5/2329; Müslim, 4/2091
[22]Buxari, 4/1876; Müslim, 2/1105; Əhməd b. Hənbəl, 3/139
[23]Tirmizi, 2/588; Əhməd b. Hənbəl, 1/301.