7. 118 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (s.ə.s) sübh namazını qıldıqdan sonra namazgahın üstündə diz üstə oturar, günəş doğana qədər gözləyərdi. Bu vaxt səhabələr Onun ətrafında oturaraq nəsihətlərini dinləyərdi. Rəsulullah (s.ə.s) xüsusilə yuxu görən olub-olmadığını soruşar, görülən yuxuları yozardı. Bəzən də öz yuxularını danışar və yozardı. Sonra da söhbət öz axarı ilə gedərdi.

Allah Rəsulu (s.ə.s) günəş bir az qalxınca bəzən dörd, bəzən də səkkiz rükət düha (quşluq) namazı qılardı. Daha sonra evinə gedər, evdəki işlərlə məşğul olardı. Günorta namazını qıldıqdan sonra qaylulə edər, ikindi namazlarını qıldıqdan sonra isə xanımlarına baş çəkərdi. Axşam vaxtı bütün xanımları bir evdə yığışar, onlarla söhbət edərdi. İşa namazı vaxtı məscidə gedər, namazdan sonra otağına qayıdar, xanımlarının öz otaqlarına getməsi ilə yatağına çəkilər, işa namazından sonra danışmağı xoşlamazdı. 

Allah Rəsulu işa namazını erkən qılardı. Yatmazdan əvvəl Qurani-Kərimdən “İsra”, “Zümər”, “Hədid”, “Həşr”, “Saf”, “Təğabün” və “Cuma” kimi surələr oxuyardı. Həmişə sağ tərəfi üstə yatar və sağ əlini yanağının altına qoyub yuxuya gedərdi. Bəzən sadə döşək, bəzən dəri üstündə, bəzən həsir, bəzən də yalın torpaq üstündə yatardı.

Gecə ibadətinə xüsusi əhəmiyyət verər, ayaqları şişənə kimi namaz qılardı. Gecə qalxıb səkkiz rükət təhəccüd namazı qılardı. Qılmayanda isə əvəzinə gündüz on iki rükət namaz qılardı. Təhəccüd namazında “Bəqərə”, “Ali-İmran” və “Nisa” surələri kimi uzun surələr oxuyardı. 

Rəsulullah (s.ə.s) yatarkən dəstəmaz suyunu və misvaqını baş tərəfinə qoyar, oyananda əvvəl dişlərini misvaqlayar, sonra dəstəmaz alıb namaz qılardı. Sübh əzanı ilə yerindən qalxar, dəstəmaz aldıqdan sonra sübh namazının iki rükət sünnətini qılardı. Ancaq sübh namazının fərzində əksər hallarda uzun surələr oxuyardı.

Cümə namazlarında vacib məsələlər haqda xütbə oxuyardı. Səhabələr məscidə toplaşanda Allah Rəsulu (s.ə.s) evindən çıxıb məscidə girər, camaatı salamlayardı. Sonra minbərə çıxar, üzünü camaata tutub salam verərdi. Məscidin içində əzan oxunub qurtaran kimi xütbəyə başlardı. Öyüd və ya xəbərdarlıq məzmunlu xütbələr zamanı insanlar yorulmasın deyə ara verərdi.

Səfərə çıxanda əvvəlcə xanımları arasında püşk atar, kimə düşsə, özü ilə aparardı. Cümə axşamı günü yolu çıxmağı xoşlayar və sabah erkəndən hərəkət edərdi. Ordunu da bir səfərə göndərəndə cümə axşamı gününə üstünlük verərdi. Miniyin yanına gəlib ayağını üzəngiyə qoyanda “Bismillah” deyər,  yəhərin üstündə oturanda üç dəfə təkbir gətirər, sonra da bu ayəni oxuyardı:

Bunları bizə ram edən Allaha həmd olsun! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı[1].

Sonra bu duanı oxuyardı:

“Ey Allahım! Səfərdə Səndən yaxşılığı, pis əməllərdən çəkinməyi və Sənin sevdiyin iş və hərəkətləri etməyi istəyirik. Ey Allahım! Bu səfərimizi asanlaşdır. Bu yolu getməyi bizə nəsib elə. Ey Allahım! Səfərdə bizə dost Sənsən. Ailəmizi Sənə əmanət etmişik. Ey Allahım! Səfərin sıxıntısından, geri qayıtmağın hüznündən və qayıdanda ailəmi və mal-mülkümü dağılmış və pərən-pərən görməkdən Sənə sığınıram”.

Səfərdən qayıdınca ilk öncə məscidə girib iki rükət namaz qılar, sonra evinə gedərdi. Xanımların evi daha rahat hazırlaması, küncü-bucağı düzəltməsi üçün səfərdən qayıdar-qayıtmaz birbaşa evə girməməyi tövsiyə edərdi.

Allah Rəsulu (s.ə.s) ordunu bir səfərə göndərərkən sərkərdəyə xüsusilə, kiçik günahlardan çəkinməyi və yoldaşları ilə yaxşı rəftar etməyi tövsiyə buyurardı. Fəth və zəfər xəbəri gələndə də Allaha şükür edərək səcdəyə qapanardı.

Rəsulullah (s.ə.s) xəstələrə mütləq baş çəkər, hal-əhval tutar, təsəlli verərdi. Ölümü yaxınlaşan xəstənin yanına gedər, onun bağışlanması üçün dua edər, son nəfəsinə qədər yanında oturardı. Bəzən xəstənin son nəfəsini verməsi uzun çəkər, O da gözləməkdən yorğun düşərdi. Allah Rəsulu yas evinə gedər, Allahdan mərhumun bağışlanmasını diləyər, cənazə namazını qılar, dəfndə iştirak edərdi. Bir xəstəni ziyarət edəndə əvvəl ona təskinlik verər, əlini alnına və nəbzinə qoyar, sağalması üçün dua edərdi.

Kiminlə görüşsə, həmişə birinci salam verər və əl verərək görüşərdi.  Kimsə əyilib qulağına bir şey söyləsə, söz deyən ağzını qulağından çəkənə qədər gözləyərdi. Əl verərək görüşəndə də belə edərdi, yəni qarşıdakı adam əlini çəkməyənə qədər onun əlini buraxmazdı. Bir məclisdə oturarkən dizləri heç vaxt yanında oturanlardan irəli çıxmazdı. 

Görüşünə gələnlər qapısının önünüdə durar, əvvəl “əs-salamu əleyküm” deyər, sonra “İçəri girə bilərəm?” deyə icazə istəyərdi. Özü də belə edərdi. Əgər ev sahibi icazə verməsə, geri qayıdardı. Birinin evinə gedəndə başda oturmaqdan çəkinərdi.

Sağdan başlamağı, yəni sağ tərəfindən ya da sağ əli ilə iş görməyi xoşlayardı. Ayaqqabısının əvvəlcə sağ tayını geyər, məscidə sağ ayağı ilə daxil olar, camaata bir şey paylayarkən sağ tərəfdən başlayardı.

Hüzurunda olanlar başlarını aşağı əyər, özü də ədəblə oturardı. Danışarkən camaat sakitcə dinləyərdi. Biri sözə başlayanda danışıb qurtarmadan heç kim onun sözünü kəsməzdi. Biri ehtiyacını bildirərkən ədəbsizlik edərdisə, səbirlə qarşılayardı.

Allah Rəsulu heç kimin sözünü kəsərək danışmazdı. Xoşuna gəlməyən söz olanda üstündən keçərdi. Məclisində bütün məsələlərin müzakirəsində iştirak edərdi. Gülüşməyə də nəzakətlə qoşulardı. Özü də zarafat edərdi. Bir qəbilədən hörmətli şəxs gələrdisə, ona ad-sanına layiq ehtiramı göstərərdi.

Məşvərət və söhbətlər əsasən Məscidi-Nəbəvidə keçirilərdi. Məscidinin kiçik bir həyəti var idi. Allah Rəsulu bəzən orada oturardı. Bu məşvərət məclisləri hamının üzünə açıq idi. Bütün bu sadəliyə, nəzakət və təvazökarlığa baxmayaraq, bu məclislərdə ciddiyət, təmkin və peyğəmbər ədəbi hakim olardı.

Heç kim Onun qarşısında ayaq üstə dayanıb sual verməzdi. Bir mövzu qurtarmamış başqa bir mövzuya keçməzdi. Namazdan sona məclislərdə öyüd və nəsihət verilir, məsələlər bütün incəliklərinə qədər danışılırdı.

Bu məclislərdə bəzən qadınlar da iştirak edirdi. Qadınlar çox şey soruşa bilmədiklərinə görə xüsusi söhbət vaxtı təyin olunmasını istəmişdilər. Allah Rəsulu (s.ə.s) bu istəyi qəbul etmiş və onlara da nəsihət vermək üçün xüsusi gün ayırmışdı.


[1] Zuxruf, 43/13.




Bənzər məqalələr

Peyğəmbərimiz meraca cismi və ruhu ilə getmişdir?

Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir.

Allah Rəsuluna qarşı vəzifələrimiz

Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir.

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin iftarı və sahuru necə idi?

Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.


Şərh yaz