7. 915 dəfə oxunub ,   0 şərh   Çap et

Dua bir ibadət,[1] dua qulluğun əsası,[2] dua Rəbbə dönüş və yönəlişin adıdır. Qulluqdan danışılan yerdə duadan bəhs etməmək mümkün deyil. Allah (c.c.) da “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar”[3] və “Dua edin qəbul edim”[4] deyə buyurmurmu?

Dua Allahla (c.c.) qul arasında qüvvətli bir teldir. Başqa sözlə, qulun düşüncəsinin Rəbbə təqdim edilmə şəklidir dua. Qul gücü çatmayan hər şeyini mütləq qüdrət sahibi Allahdan istəyir. Elə dua da bu istəyin adıdır. O, ta ərşə qədər quldan uzanan, Rəbbə ucalan şirin bir nəğmədir.

Hal-hazırda yalnız beş vaxt namazın və ya müəyyən ibadətlərin sonuna sıxışdırılaraq kiçildilən dua əslində həyatın və axirətin böyük zərurətidir. Həyatı duasız düşünmək mümkün deyil. Yaşadığımız həyat başdan ayağa duadan ibarətdir. Dua Allah rizasının və Cənnət yurdunun açarıdır. Yenə dua “əbd”dən (qul) Rəbbə yüksələn qulluq nişanı, Rəbdən “əbd”ə enən rəhmət rəmzidir. Daha doğrusu o, Allahla (c.c.) qul arasında münasibətin tam mərkəz nöqtəsidir. Dua həm ibadət,  həm də imkan aləmi (dünya) ilə lahut (ilahi) aləmini birləşdirən ülvi bir meracdır. İnsanı pillə-pillə Haqqa ucaldan müqəddəs bir merac..!

Rəhmət əlinin üzərimizdə gəzməsi dua sayəsindədir. Dua eyni zamanda qəzəbdən də qoruyur. Bəli, rəhmət və rizanı cəlb, qəzəbi dəf edən təsirli bir ibadətdir dua. Çox vaxt bəşər imkanının tükəndiyi nöqtədə dua şüuru başlayır. Əslində onun başlanğıc və bitiş nöqtəsini müəyyən etmək qeyri-mümkündür. Çünki elə bir an yoxdur ki, insanın duaya ehtiyacı olmasın. O halda qul özündə aramsız təcəlli edən Rəbbinə hər an dua etməldir. Çünki insan Rəbbin qapısına dua ilə yönəlir, o qapıda dua ilə danışır. İlahi mərhəməti yağış kimi yağdıran da duadır.

Dua istəməkdir. Biz maddi-mənəvi ehtiyaclarımızı Rəbbimizdən istəyirik. Amma çox vaxt istədiyimiz şeyi də, istəmə şəklini də bilmir və ədəbdən kənara çıxırıq Allahın hüzurunda. Mütləq İradə sahibi Allah bizim üçün nə diləyir, bunu düşünmür, arzularımızı olduğu kimi yerinə yetməsini israrla istəyirik. Buna görə də hər diləyimizin tezliklə olmasını istəyir, yerinə yetirilməyən arzularımızın da rədd edildiyini düşünərək məyus oluruq. Daha açıq ifadə ilə desək, mütləq iradəni öz cüzi iradəmizin peyki kimi görmək istəyərik. Bütün bunlar duanın ədəbinə ziddir. Bu niyyətlə edilən dualar Allahla (c.c.) qul arasında əlaqə deyildir. Duanın ədəb və ərkanına riayət etmək isə ona cavab verilməsinə vəsilə olan şərtlərdən biri, hətta birincisidir.

Dua bəzən ciddi istək və iştiyaq halında sırf düşüncə kimi ürəkdən yüksəlir. Bu vəziyyətdə qul heç bir şey söyləmir. Hətta dodaqları da qımıldamır, amma Əllamül-Ğüyubun onun halından agah olduğunu bilərək tam təvəkkül içində olmağa çalışır və bu duası cavabsız qalmır. Eyni Həzrət İbrahimin oda atılanda keçirdiyi hislər kimi… Bütün səbəblərin susduğu bu anda, artıq bəşəri çarələrin tükəndiyi bir vaxtda: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)””[5] ilahi fərmanı onun dadına çatmışdır.

Qəlbdəki duyğuların dillə Rəbbə çatdırılması duanın ikinci şəklidir. Burada qul yalnız halını ərz edir, lakin istəyini dilə gətirmir. Bəzən də, həm halını ərz edir, həm də istəyini dilə gətirir. Quranda peyğəmbər duaları arasında hər ikisinə rast gəlinir, birinciyə Həzrət Eyyubun: رَبِّي إِنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!!”[6] duasıyla, Həzrət Yunusun: لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ “Səndən başqa heç bir ilah yoxdur! Mən isə, həqiqətən, zalımlardan olmuşam”[7] duası, ikinciciyə Həzrət Zəkəriyyanın رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ “Ey Rəbbim! Mənə uca qatından təmiz bir nəsil bağışla. Şübhəsiz ki Sən duaları eşidənsən”[8] duasını nümunə vermək olar.

Digər tərəfdən, Qurani-Kərimin dua mövzusunu israrla vurğulaması və Peyğəmbərimizə duaları öyrətməsi bu ibadətin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Belə olmasaydı, Qurani-Kərim, yüzlərlə ayədə dua məsələsinə toxunardımı? Bundan başqa Peyğəmbərimizdən rəvayət edilən yüzlərlə, hətta minlərlə hədisi-şərif də həm duanın əhəmiyyətindən xəbər verir, həm də həyatın hər mərhələsinə aid duaları ümmətə öyrədir. İnsan duyğu və düşüncələrini Allaha ərz edərkən onları ən gözəl şəkildə dilə gətirmək və az sözlə çox məna ifadə etmək istəyir ki, bu məsələdə də ona ən böyük köməkçi birinci Qurani-Kərim, ikinci isə hədisi-şəriflərdə öyrədilən dualardır.

Bizə istəmək hissini verən Zat bu dualarda necə istəməyi də öyrədir. Ən gözəl və ən təsirli dualar da, şübhəsiz ki Allah Rəsuluna öyrədilmişdir. Çünki dua ilə qapısı döyülən Zatı ən yaxşı bilib tanıyan Odur.

O, bir doğruluq timsalıdır. Elə qulluq da doğru yol deməkdir. Allah: وَأَنِ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ “Mənə ibadət edin, doğru yol budur?!”[9] buyuraraq bu həqiqətə işarə edir. Allah Rəsulunun bütün hərəkətlərində bir ölçü və tarazlıq vardır. O, dünyanı fəth edən ordularını səfərlərə göndərəndə belə “bir qarışqanı da incitməmək” prinsipinə daima sadiq qalmışdır. Həmişə səbəbləri yerinə yetirmişdir, amma duaya da heç vaxt laqeyd yanaşmamışdır.

Gecə-gündüzü Haqqa münacaat və yalvarışla keçən bir ömür görmək istəyən Rəsulullahın həyatına baxsın! İnsanlıq duanın nə demək olduğunu, ədəbini və insana maddi-mənəvi faydalarını görsün və ibrət alsın.

Allah Rəsulu dualarını həyatının içinə yaymışdır. Dua Onun dodaqlarından əskik olmayan virdi (zikr), könlündə alovlanan ahu-əfqanı idi. O, bircə anını da duasız keçirməmiş, dodaqlarını isladan bu kövsər dolu qədəh heç vaxt əlindən düşməmişdi. Bir liderdi, səfərlərə başçılıq edirdi, İslamın hökmlərini açıqlayırdı, eyni zamanda ibadət və duada tayı-bərabəri yox idi.

Səhabələri də ibadət toplumu idi. Ancaq Onunla yanaşı getmək istəyəndə yarı yolda qalırdılar. O isə yorulmaq bilmədən yoluna davam edirdi. Çünki Allah (c.c.) Onu həmişə irəliyə doğru yürümək və həmişə öndə olmaq üçün yaratmışdı. Meracda Cəbrail belə Onunla bərabər yüksəlməyə çalışmış, amma bir məqama çatandan sonra onun da taqəti kəsilmişdi və “Sən get, ya Rəsulullah! Yol Sənin, mənzil Sənin!” demişdi… bəli, O sanki mələklərlə yarışırdı. O, ibadət və duada zirvələri fəth etmişdi.


[1]Tirmizi, Təfsir (2) 16; Əbu Davud, Vitr 23.

[2]Tirmizi, Dua 1.

[3]Furqan surəsi, 25/77.

[4]Mömin surəsi, 40/60.

[5]Ənbiya surəsi, 21/69.

[6]Ənbiya surəsi, 21/83 ayəsindən iqtibas.

[7]Ənbiya surəsi, 21/87.

[8]Ali İmran surəsi, 3/38

[9]Yasin surəsi, 36/61.




Şərh yaz