1. 039 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) mal-mülk miras qalmamışdır. Ömrünün son anlarında xəstə olanda bircə qızılı vardı. Ancaq onu da sədəqə vermişdi. Rəsulullah varlı bir insan deyildi. Məkkədə xanımı Hz. Xədicə varlı olduğuna görə zəngin idi. Ancaq o var-dövlətin hamısını İslam uğrunda xərcləmişdi. Daha sonrakı dövrlərdə bir şeyi olanda möhtac insanlara verirdi. Kainatın Fəxri idi, amma arpa çörəyi ilə dolanırdı. Vəfat edəndə də evində bir-iki əşyadan başqa heç nə yox idi. Hətta buğda ehtiyacını təmin etmək üçün zirehini bir yəhudidə girov qoymuşdu. Vəfatından sonra səhabələr həmin yəhudiyə borcu qaytarıb zirehi geri almışdılar. Əslində, mal-mülkü olsa belə,  övladlarına, nəvələrinə miras qala bilməzdi.  Çünki: “Biz peyğəmbərlər miras qoymaz. Qoyduğumuz şeylər sədəqə olar”, – buyurmuşdu.

Ondan qalan hər şey sədəqə olurdu. Nə övladı, nə əmisi onun varisi ola bilməzdi. Əksinə, qoyub getdiyi hər şey yaxşılıq və xeyriyyə işlərində xərclənirdi. Peyğəmbərlər mal yığıb miras qoyan insanlar deyildir. Onlar ancaq elm, əxlaq, dinin əsasları və bunların insanlara təbliğini miras qoymuşlar. Onların mirasları belə idi. Ən xeyirli və əbədi miras da budur.




Şərh yaz