136. 496 dəfə oxunub ,   1 şərh   Çap et

Dua bir ibadətdir[1] və qulluğun əsasıdır.[2] Allahla qul arasında qüvvətli bir bağdır.  Cənabi-Allah Qurani-Kərimdə: “Mənə dua edin, Mən də dualarınıza cavab verim!” (“Mümin” surəsi 40/60), “(Ya Rəsulum!) “Bəndələrim Məni səndən soruşanda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasına cavab verərəm” (“Bəqərə” surəsi, 2/186) məallı ayələr duaya çağırışdır. “Duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (“Furqan” surəsi, 25/77) buyuran da yenə Uca Rəbbimizdir.

Allah bizi dualarımıza görə əngin rəhmətinin ağuşuna alır. Dua eyni zamanda ilahi qəzəbi dəf edir. İbn Ömər (r.a.) nəql edir: “Rəsulullah (s.a.s.) buyurdu: “Kimə dua qapısı açılmışsa, demək, ona rəhmət qapıları açılmışdır. Allah dünya istəkləri arasında ən çox afiyət (sağlamlıq, müsibətlərin, sıxıntıların aradan qalxması) üçün edilən duaları sevir. Dua gələn və ya hələ gəlməyən hər cür müsibət üçün faydalıdır. Qəzanın (müsibətin, bəlanın) qarşısını yalnız dua alır. Ona görə də sizin vəzifəniz dua etməkdir””.[3] Bir insana dua qapısının açılması onun çoxlu dua etməyə müvəffəq edilməsi mənasına gəlir.

Dua ilahi rizanın açarı, Cənnət yurdunun qapısıdır. Allah-Təala ilə qul münasibətinin əsasını təşkil edir. Dua istəməkdir. Biz qullar maddi-mənəvi ehtiyaclarımızı Rəbbimizdən istəyirik. İşin qalan hissəsi Allahın hökmündən asılıdır.

Bu gün beş vaxt namazın və ya bəzi ibadətlərin sonuna saxlanan və kiçildilən dua gerçək həyatın və axirətin ən böyük azu­qəsidir. Həyatı duasız düşünmək mümkün deyil. Allah Rəsulu (s.a.s.) duaları həyatına səpələmişdi. Dua Onun dilindən düşməyən zikri, könlündə daim inildəyən ahfəğanı idi. İbadət şüurunun və dua bürcünün zirvəsində dayanan Rəsulullah bir anını da duasız keçirməmişdi.

Bir məqamı da unutmamlıyıq: O, fateh ordularını müxtəlif bölgələrə göndərəndə bütün tədbirləri görməklə yanaşı, duanı ehmal etməmişdi. Gecə-gündüzü Allaha yalvarış və inilti ilə keçmiş bir ömür görmək istəyən Rəsulullahın həyatına baxsın! Onun günləri bizlər kimi adi keçmirdi. Hər anı ibadətlə cilalanmışdı: gündüzü ibadət nuru ilə parlaq, gecəsi qulluq məşəli ilə aydın idi. Ramazan kimi “bərəkətli mövsüm” – öz ifadələri ilə – gəlib çatanda ibadətlərini daha da dərinləşdirir, vird və zikrlərə yenidən yönəlirdi. Onun hər zaman dilimi kimi ramazana aid xüsusi duaları, təsbeh və təqdisləri, həmd və şükürləri də vardı. Rəsulullahın həyatına aid hər bir xatirəni göz bəbəyi kimi qoruyaraq bizlərə çatdıranlardan Allah razı olsun. İndi isə ramazanda Peyğəmbərimizin (s.a.s.) gövhər dodaqlarından tökülən incilərə baxaq:

Rəcəb ayı girəndə Peyğəmbərimiz (s.a.s.) buyurdu:

“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”.

Sonra Ramazani-şərifdə daha çox hansı dua və təsbehlərin edilməsi haqda tövsiyələr verdi:

“Ramazanda dörd məsələyə diqqət edin və bunları təkrar-təkrar yerinə yetirin. İki xüsusiyyətdən Allah razı olur. Sizin bu iki xüsusiyyətə çox ehtiyacınız var və bunlardan uzaq qala bilməzsiniz. Biri kəlmeyi-şəhadət, digəri isə Allaha istiğfar (bağışlanma) etməkdir. Sizin iki xüsusiyyətə də ehtiyacınız var ki, biri Cənnəti istəmək, digəri isə Cəhənnəmdən Allaha sığınmaqdır”.[4] Demək,  bizim vəzifəmiz “Ramazani-şərifdə çoxlu kəlmeyi-tövhid və kəlmeyi-şəhadət gətirmək, istiğfar etmək, Cənnəti istəmək və Cəhənnəmdən Allaha sığınmaq”dır.

Peyğəmbərimizin (s.a.s.) iftar duaları

“Üç insanın duası cavabsız qalmaz: iftar edənə qədər oruclunun duası, ədalətli idarəçinin duası, haqsızlığa məruz qalmış şəxsin duası. Onların duası buludların üstünə yüksəlir, səmanın qapıları açılır və Allah-Təala belə nida edir: “İzzətimə and olsun ki, sənə kömək edəcəyəm”.[5]

“Həqiqətən oruclunun iftar vaxtı etdiyi dua cavabsız qalmaz”.

Peyğəmbərimiz iftar açanda belə dua edirdi:

 “اَللّٰهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْءٍ أَنْ تَغْفِرَ لِي

Allahım! Hər şeyi bürüyən rəhmətinlə məni əfv et!”[6]

Allah Rəsulu (s.a.s.) iftar açanda belə deyirdi: ”

اَللّٰهُمَّ لَكَ صُمْتُ وَعَلٰى رِزْقِكَ أَفْطَرْتُ

Allahım sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar etdim”[7]

Peyğəmbərimiz (s.a.s.) camaatla birlikdə iftar edəndə belə deyirdi:

” اَللّٰهُمَّ لَكَ صُمْنَا وَعَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

Allahım! Sənin rizan üçün oruc tutduq və ruzinlə iftar açdıq. (Orucumuzu) qəbul et. Sözsüz ki, Sən hər şeyi eşidən və bilənsən”[8]

Muaz ibn Zührə Rəsulullahın iftar edərkən belə dediyini rəvayət edir:

“اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَعَانَنِي فَصُمْتُ وَ رَزَقَنِي فَأَفْطَرْتُ

Allaha həmd olsun ki, Onun yardımı ilə oruc tutur, verdiyi ruzi ilə iftar açıram”.[9]

Həzrət Ənəs nəql edir: “Rəsulullah (s.a.s.) bir gün Sad ibni Übadənin yanına gəldi. Übadə çörək və zeytun gətirdi. Allah Rəsulu yedi və sonra belə buyurdu:

أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْاَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ

“Yanınızda oruclular iftar açsın, yeməyinizi yaxşı adamlar yesin, mələklər də sizin üçün əfv diləsin”.[10]

Peyğəmbərimizin (s.a.s.) ramazan gecələrində etdiyi bəzi dualardan

“Rəbbimiz hər gecənin son üçdə biri girəndə dünya səmasına enir və: “Yoxdurmu Mənə dua edən, duasına cavab verim. Yoxdurmu Məndən bir şey istəyən, istədiyini verim!  Yoxdurmu Məndən əfv diləyən, bağışlayım”, – deyir.

Müslimdə verilən hədislərdən biri də belədir: “Allah-Təala gecənin ilk üçdə biri girənə qədər möhlət verir. Sonra yaxın səmaya qədər enib buyurur: “Məlik mənəm, Məlik mənəm. Kim Mənə dua edəcək?”[11] Buna görə də sahur vaxtlarını səmərəli dəyərləndirmək lazımdır.

“Ramazan ayında səmanın qapıları açılır, Cəhənnəm qapıları da bağlanır, bütün asi (azğın, inadkar) şeytanlar zəncirə vurulur və bir carçı hər gecə belə nida edir: “Ey xeyir axtaran[12] gəl! Ey şər axtaran, şərdən uzaq ol!”[13]

Möhtərəm İslam alimlərindən biri möminlərin ramazan əhvali-ruhiyyəsi haqda belə deyir: “Hər bir mömin belə bərəkətli bir mövsümdə səmadan gələn bu dəvətə cavab olaraq zamanı dualarla, təsbehlərlə dəyərləndirməyə çalışmalıdır. Ramazana qovuşan möminlər sanki səmanın dərinliklərində pərdə-pərdə yüksələn o mələkuti səslərin təsiri ilə eşq və həyəcanla cuşa gəlirlər. Ramazan nəğməsinin ən təbii ünsürləri sayılan mömin könüllərin o səmimi səsləri və bütün varlığını bürüyən ilahi zövqləri, xüsusən, gecələr elə məqama yetişir ki, bütün varlığı ilə Ona yönəlmiş hər bir insan öz-özünə: “Bəlkə də, Cənnət ramazanın o biri üzüdür?” – deyə pıçıldayır və onu Haqqa vüsalın bir rəngi kimi hiss edir. Üstəlik sahurlar, sahur vaxtı minarələrdən oxunan dualar və təmcidlər (niyaz, yalvarış) bu ab-havaya öz rəngini qatıb könüllərimizə üxrəvilik içirdiyi o dərin dəqiqələrdə – bu dərinliyi hər kəs sezməyə bilər – bizlərə neçə-neçə qeyri-adi şeylər pıçıldayırlar”.[14]

Ramazanda Allaha açılan əllər boş qayıtmaz. Bu baxımdan əgər bu ayı qiymətləndirməyi və dəyərləndirməyi düşünürüksə, ürəkdən Allaha yönəlməli, tez-tez əllərimizi qaldırıb dua etməliyik. Həm özümüz, həm ölkəmiz, millətimiz, həm də bütün insanlar üçün İlahidən lütf diləməliyik. Ramazani-şərifi layiqincə dəyərləndirən, namaz qılan, təravih namazlarına gedən və oruc tutan bir mömin, təbii ki, bu ibadətlərin təsiri ilə hər anını dua ilə keçirəcək. İftar açanda əllərini səmaya qaldıracaq, imsak yeyəndə dua ilə Rəbbinə yönələcək, məscidə girəndə, namaz qılanda niyaz edəcək və daima yalvarışlarla Haqqın qapısına üz tutacaq.

Mehmet Zihni Əfəndinin ramazan gecələrinin əhyasına dair fikrini qeyd etmək yerinə düşərdi. Zihni Əfəndi ramazan ayı ilə yanaşı, digər gecələrə də şamil olmaqla gecələrin  əhyası ilə bağlı deyir: “”Qiyam”ın  mənası gecənin çox hissəsini, bir görüşə görə, bir saatını  ibadətlə keçirməkdir”.[15] Ramazan gecələri təravihlə əhya edilir.[16] Bu, Qədir gecəsinə də aid olsa belə, hədisin zahirinə baxsaq, o gecənin tam savabını qazanmaq üçün bütün gecəni ibadətlə keçirmək lazım gəlir. Bir günün yalnız bir neçə saatını və ya çoxunu oruc tutan oruc tutmuş sayılmadığı kimi, Qədir gecəsinin də bir hissəsini ibadətlə keçirməklə o gecəni əhya etmək olmaz.[17]

Zəmanəmizin böyük alimlərindən biri də: “Möminin din qardaşına ən yaxşı duası necə olmalıdır?” sualına belə cavab verir:

“Dua səbəblər çərçivəsində olmalıdır. Çünki bəzi şərait (şərtlər) daxilində dua məqbul olur. Duaların qəbul olunma şərtləri nə qədər çox olarsa, dua da o qədər məqbul olar. (Yəni dualar ümumi mənada daha çox qəbul olunar.) Məsələn, həm üç ayda, xüsusən, məşhur gecələrdə, həm ramazanda, ələlxüsus, Qədir gecəsində edilən duaların daha tez qəbul olunması ilahi mərhəmətdən daha çox ümid edilir”.

Ramazan kimi mübarək zaman kəsimində Allaha xırda şeylərə görə deyil, böyük qayələr, məqsədlər üçün dua etmək lazımdır. Allah-Təalanın lütfü çox genişdir, dolayıs ilə, insan təkcə  şəxsi dualar etməməli, yalnız şəxsi istəklərini dilə gətirməklə dualarının əhatəsini daraltmamalıdır. Bəli, insan duada təkcə özünü düşünməməli, başqalarının sıxıntı və ehtiyacları üçün də Rəbbinə yönəlməlidir. Dualarını sırf fərdi istəkləri ilə cılızlaşdırmamalıdır. Eqoist insanlar Allahın lütf və mərhəmətindən pay ala bilməzlər. Ona görə də heç olmasa ramazandan başlayaraq eqoist hislərdən uzaqlaşmalı, bir az da başqalarını düşünməli, başqaları üçün yaşamalıyıq. Başqa sözlə, “Yaşamaqdan çox yaşatma idealını həyatımızın qayəsi etməliyik”.

 


[1] Tirmizi, Təfsir (2) 16; Əbu Davud, Vitr 23

[2]. Tirmizi, Dua 1

 [3] Tirmizi, Daavat 112

 [4] Beyhaqi, Şüabül-İman, 3/306

 [5] Tirmizi, hədis: 2449. (Tirmizi bu hədisin həsənə olduğunu deyir) Əlavə məlumat üçün bax.: A. Fikri Yavuz, İmam Nəvəvinin Kütübü-Sittədən seçmə Peyğəmbərimizdən ən gözəl dualar və zikrlər, s. 492

 [6] Əlavə məlumat üçün bax.: A. Fikri Yavuz, a.k.ə., s. 497

 [7] Əbu Davud, Sünən 6/309 (Hədis: 2011); A. Fikri Yavuz, a.k.ə., s.494

 [8] Daraqutni, Sünən 2/185

 [9] Beyhaqi, Şuabül-iman 3/406

 [10] Nəsayi, əs-Sünənül-kübra, 6/81

 [11] Buxari, Tövhid, 35, Təhəccüd, 14, Daavat, 13, Müslim, Salatul-Müsafirin, 166. bax.: İbrahim Canan, a.ç.ə., 6/521

 [12] “Ey xeyir axtaran, gəl!…” cümləsinin mənası: “Ey xeyir axtaran, xeyir işlər görməyə tələs, sənə xeyir gətirən an budur çatmışdır. Çünki bu zaman kəsimində kiçik bir xeyir əmələ görə böyük mükafat qazanacaqsan. Ey batil axtaran adam, sən də bu işdən vaz keç, şərdən çəkin, çünki indi tövbə zamanıdır

 [13] İbrahim Canan, a.ç.ə., 9/427-428

 [14] Işığın Göründüyü Ufuk, s. 173, Kaos və Ramazanlaşan Ruhlar

 [15] Mehmet Zihni Efendi, Nimeti-İslam, s. 357

[16] Tirmizi, Savm, 81; Nəsayi, Səhv, 103; Qiyamül-leyl 4; İbn Macə, İqamə, 173. bax.: Sünəni Əbu Davud Tərcümə və Şərhi, Şamil yayınları, 5/238-239

 [17] Əhməd Davudoğlu, Səhihi-Müslim Tərcümə və Şərhi, 4/275

 



Açar sözləri

dua ramazan ayında dua

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!


1 şərh yazılıb
  1. Resad Qarazade , 21/05/2018 tarixində, saat 12:05

    Cox gozel sozlerdi.Allah Insallah bu Ramazani butun dunya ucun yaxsi mena da deyisiklik gunleri etsin.Amin!Amin!Amin!

Şərh yaz