1. 146 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dünyaya gəlişindən əvvəl Onun adları və vəsfləri məlum idi. Hər gələn peyğəmbər öz ümmətinə Ondan bəhs edirdi. Hətta Həzrəti İsa Onu Əhməd adı ilə çoxdan müjdələmişdi. Rəvayətlər kitab əhlindən bəzi insan­la­rın bu müjdəyə görə uşaqlarına “Əhməd” adını qoyduğunu deyir.

Bəni-Təmim qəbiləsindən Sufyan ibn Mücaşi Şamda bir rahibin evində qonaq olmuşdu. Sufyan Mudarlardan olduğunu söyləyəndə rahib:

– Ərəblər arasından bir peyğəmbər göndəriləcək və Məhəmməd adlanacaq! – demişdi. Buna görə də Sufyan yeni doğulan oğluna Məhəmməd adını qoymuşdu. Məhəmməd ibn Sufyan böyüyüb xristian keşişi olmuşdu.

Əminə anamıza yuxusunda belə deyilmişdi: “Sən ən xeyirli insana və bu ümmətin peyğəmbərinə hamiləsən. O doğulanda “bütün həsəd edənlərin şərindən qoruması üçün tək olan Allaha sığınıram” de və onun adını Əhməd və ya Məhəmməd qoy!”

Əminə anamız Allah Rəsulunu dünyaya gətirəndə gördüklərini qayınatası Əbdülmüttəlibə danışdı. O da Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) dünyaya gəlişindən yeddi gün sonra qucağına alıb Kəbəyə apardı. Uca Yaradana şükür və təşəkkürünü izhar etdi. Dəvələr, davarlar kəsdirərək Məkkə əhalisinə üç dəfə yemək ziyafəti verdi. Üstəlik dəvə kəsib ətini Məkkənin hər məhəlləsinə qoydurdu ki, insanlar və qurd-quş faydalansın.

Qüreyşlilər bu ziyafətdən sonra: “Ey Əbdülmüttəlib! Doğulmasına görə bizə bu qədər ziyafət verdiyin nəvənə nə ad qoydun?” – deyə soruşdular. Əbdülmüttəlib: “Məhəmməd ismini qoydum!” – dedi. Qüreyşlilər: “Nə üçün, ailəndən, babalarının adlarından birini deyil, Məhəmməd ismini qoydun?” – deyəndə o: “Göydə Allahın, yerdə də xalqın onu öyməsini istədim!” – deyə cavab verdi.

Göründüyü kimi Rəsulullahın (sallallahu əleyhi və səlləm) adı anasına yuxu ilə bildirilmişdir.




Şərh yaz