8. 453 dəfə oxunub ,   0 şərh   Çap et

Hər bir valideynin ən ümdə arzusu övladlarının xoşbəxt gələcəyini görməkdir. Buna görə onların  təlim-tərbiyəsinə xüsusi diqqət edir, onların həm maddi, həm də mənəvi dünyaları ilə yaxşı olması üçün cəhd edirlər.. Unutmamalıyıq ki, kainatda baş verən hadisələr arxasında əsl səbəbkar ancaq Uca Allahdır. Nə qədər çalışsaq, çapalasaq da hər daim acizliyimizin idrakında olub Qüdrəti Sonsuza əl açmalı, övladlarımız üçün dua etməliyik. Onların düzgün şəkildə böyüyüb boya-başa çatmaları üçün edilən bütün cəhdlər (əməli dualar ilə) yanaşı, dilimizlə edilən dualara da ehtiyac vardır. Çünki qəlblər Allahın əlindədir. İnsana hidayəti lütf edən, həqiqi mənada onu bütün maddi və mənəvi pisliklərdən qoruyan gücü və qüvvəti sonsuz olan sadəcə Allahdır. Buna görə də gələcəyimiz olan övladlarımız üçün Allaha dua etməliyik. Hər sahədə bizə rəhbər və mürşid olan Allah Rəsulunun (s.ə.s) uşaqlar üçün etdiyi dualardan nümunə verək. 

Toxum atarkən şeytandan Allaha sığınmaq

Evliliyin ilk addımı olan gərdək gecəsində, Allahın bəxş edəcəyi uşağı şeytanın şərindən qorumaq üçün bu şəkildə dua etməyi tövsiyə etmişdir: “Sizdən biri zövcəsinə yaxınlaşmaq istədikdə Bismillah desin və belə dua etsin:Allahım bizi və bizə nəsib edəcəyin uşağımızı şeytanın şərindən qoru! Əgər belə deyən kimsələrə Allah uşaq nəsib edərsə, şeytan əsla ona zərər verə bilməz”. [1]

Dünyaya gələcək körpəyə dua etmək

Əbu Təlha və Ümmü Süleym yeni evlənmişdilər və xoşbəxt bir həyatları vardı. Bir il sonra dünyaya gələn ilk uşaqlarının adını “Üveymir” qoymuşdular. Uşaq ailəyə böyük bir sevinc gətirmişdi. Ancaq bir müddət sonra Üveymir ağır bir xəstəlik keçirdi və vəfat etdi. Bu kədərli hadisədən bir müddət keçdikdən sonra, Allah Rəsulu Əbu Talhadan hal-xətir soruşurdu. O da, yaxın zamanlarda yeni bir övlad gözlədiklərini öyrəndi. Allah Rəsulu, onlar üçün belə dua etdi: “Allahım onların birliyini və doğulacaq uşaqlarını mübarək/bərəkətli et”.[2]

Təhniq və dua

Vaxt gəldi, vədə doldu, uşaq dünyaya gəldi. Arvadı Ümmü Süleym yeni doğulan uşağını  Allah Rəsulunun təhniq[3] etməsi üçün böyük oğlu və Onun xüsusi xidmətçisi Enəsə verdi. Bərk-bərk tapşırdı ki, Allah Rəsulu (s.ə.s) təhniq etmədən yolda körpəyə heç bir şey yedirib-içirməsin. Enəs də uşağı qucaqlayaraq Allah Rəsulunun yanına gətirdi və yeni bir qardaşının dünyaya gəldiyini dedi. Allah Rəsulu “yanında xurma varmı?” deyə soruşdu. Bunun üçün hazırlıqlı gələn Enəs Allah Rəsuluna bir xurma verdi. Xurmanı alan Peyğəmbərimiz onu ağzında bir qədər çeynəyib yumşaltdıqdan sonra körpənin ağzına qoyaraq daddırdı. Körpə xurmanı çox gözəl əmdiyi üçün Allah Rəsulu “Bax bu da Ənsarın xurma sevgisi” – deyərək körpəyə Abdullah adını verdi. [4]

Həzrət Aişə anamız (r.anha) belə rəvayət edir: “Allah Rəsuluna yeni doğulan körpələr gətirilir, O da onların xeyirli övlad olmaları üçün dua edir və ağzında yumşaltdığı xurmanı daddırırdı”. [5] Əbu Musa Əl-Əşari yeni doğulan uşağını Peyğəmbərin yanına gətirmiş, O da adını İbrahim qoymuş, təhniq edərək bərəkət duası oxumuşdur.[6] Əsma bint Əbu Bəkir hicrət edərkən hamilə idi. Quba qəsəbəsinə çatanda doğum sancıları başladı. Hicrətinin ilk günündə dünyaya gətirdiyi övladı Mədinədə mühacirlər arasında böyük bir sevincə vəsilə oldu. Uşağı bacısı  Aişə anamızla birlikdə Peyğəmbərimizin yanına gətirdilər. Körpəni qucağına alan Peyğəmbərimiz başını sığalladı, bərəkət duası oxudu və xurma ilə təhniq edərək adını da Abdullah qoydu.[7]

Allah Rəsulunun uşaqlara etdiyi digər bir dua da həm nəzərdən, həm də maddi-mənəvi ziyanvericilərdən qorunma duasıdır. Allah Rəsulu bu duanı Həzrət İbrahimin (ə.s) oğlu İsmayıl və İshaq üçün etdiyini bildirir. Nəvələri Həsən və Hüseynə həmin duanı edərdi:

Şeytan və zəhərli/zərərli məxluqatdan Allahın bütün isim və sifətlərinə sığınaraq, sizi qorumasını diləyirəm”. [8]

Allahım, Onu mən sevirəm, Sən də sev

Allah Rəsulu nəvələrini çox sevər və onlarla daima şəfqətlə rəftar edərdi. Etdiyi dualarla əshabına nümunə olur, onlara necə dua etməyi öyrədir, həm də təşviq edirdi. Bir gün qızı Fatimənin evinə gələrək “balaca kişi haradadır? Həsəni yanıma çağır!” – deyə səsləndi. Həsən qaça-qaça gəldi. Əfəndimiz qollarını açıb, onu qucaqladı və öpdü. Sonra da “Allahım! Mən Həsən balamı çox sevirəm, Sən də onu sev, hətta onu sevənləri də sev!” – deyə dua etdi. [9]

Allahım onu gözəlləşdir

Allah Rəsulu bir gün kiçik yaşlarında olan Əmr ibn Əhtəbdən su istədi. O da bir stəkan su gətirdi. Əmr ibn Əhtəb suyu gətirərkən içində saç teli gördü, diqqətlicə onu sudan çıxardı, daha sonra Allah Rəsuluna (s.ə.s) təqdim etdi. Stəkanı alan Allah Rəsulu onun üzünü sığallayaraq belə dua etdi: “Allahım onu daha da gözəlləşdir”. Bu duanın bərəkəti sayəsində doxsan üç il yaşayan  Hz. Əmr saç və saqqalında az miqdarda ağarma olmasına baxmayaraq gözəlliyindən heçnə itirmədi.[10]

Xüsusi dua

Allah Rəsulunun xüsusi duasını alanlardan biri də Enəs ibn Malikdir. Hicrətdən  sonra təxminən on yaşında olan Enəs  Peyğəmbərimizin xüsusi xidmətçisi olmuşdur. Rəsulullahın (s.ə.s) vəfatına qədər bu vəzifəsi davam etmişdir.  Allah Rəsulu bir gün onları ziyarətə gələrkən Enəsin anası Ümmü Süleym Allah Rəsulundan oğluna dua etməsini istəyir. Enəs ibn Malik həmin hadisəni belə rəvayət edir: “Bir gün Allah Rəsulu evimizə ziyarətə gəlmişdi. Anam süfrəni hazırladı. Süfrədə xurma və yağ vardı. Ancaq Allah Rəsulu (s.ə.s) oruclu olduğunu dedi. Anam da süfrəni yığışdırdı. Bir müddət söhbət etdikdən sonra qalxdı və nafilə namaz qıldı. Namazdan sonra ailəmizə dua etdi. Allah Rəsulu evdən ayrılan əsnada anam: “Ey Allahın Rəsulu! Ərz etmək istədiyim bir ehtiyacım var” – dedi. Əfəndimiz: “o nədir?” – deyə soruşdu. Anam da: “Sənin bu xidmətçin Enəsin, dünya və axirət həyatının bütün xeyirlərinə sahib olması üçün dua edərsənmi?”- dedi. Allah Rəsulu “Allahım! Ona çox mal və övlad ilə ruzi ver, onun üçün onları bərəkətləndir. Ömrünü uzun et və günahlarını bağışla”- deyə dua etdi. [11]

Ənsara duası

Allah Rəsulu dini dəyərlərə sahib çıxıb, təbliğ fəaliyyətində Onu tək qoymadıqları üçün Ənsara xüsusi dəyər verir və hər fürsətdə onlara dua edirdi. O, bu dualarında təkcə böyükləri deyil, onların uşaqlarını və nəvələrini də nəzərə alaraq dua edərdi: “Allahım! Ənsarı, ənsarın övladlarını və övladlarının övladlarını (nəvələrini) da bağışla!”. [12]

Onların bütün günahlarını bağışla

Hz. Abbas və ailəsi İslam dininin gəlişinin ilk günündən etibarən Ona hər-daim dəstək olmuşdular.  Bir gün Allah Rəsulu onları yanına çağırıb örtünün altına aldı. Sonra da “Allahım! Abbasın və övladlarının görünən və görünməyən bütün günahlarını bağışla! Bir də nəsillərindən ona xeyirli davamçılar nəsib et!” – deyə onlar üçün xüsusi dua etdi.

Allah Rəsulu (s.ə.s) Həzrət Abbasın oğlu Abdullah üçün etdiyi müxtəlif dualar vardır. Məsələn bir dəfə Abdullahı şəfqətlə qucaqlayaraq “Allahım! Ona Kitabı (Quranı) öyrət!”[13] – deyə dua etmişdir. Bir başqa duası isə belədir, Abdullah ibn Abbas rəvayət edir: “Rəsulullah ehtiyacını ödəmək üçün tualetə getdi. Mən də dəstəmaz alması üçün su hazırladım. Dəstəmaz üçün suyun hazır olduğunu görüncə “Bunu kim hazırladı?”- deyə soruşdu. Abdullah hazırladı deyilincə O da mənə “Allahım! Onu dində fəqih eylə!” [14] “Və ona Quranın təvilini/təfsirini öyrət!”[15] deyə dua etdi.

İbn Abbas yenə özünə edilən bir başqa duanı belə rəvayət edir: “Bir gün Allah Rəsulu məni şəfqətlə qucaqladı, sinəsinə basdı və belə dua etdi: “Allahım ona hikməti öyrət!”. Bu duaların qəbulu və bərəkəti ilə Hz. Abdullah “Quranın müfəssiri” və “ümmətin ən alimi” adına layiq görüləcək qədər elmi səviyyəyə çatmışdır. Hətta Hz. Ömər səhabənin öndə gələnləri ilə bir məsələni müzakirə edərkən gənc yaşda olmasına baxmayaraq onu da dəvət edərdi.

Ticarətini bərəkətləndir

Allah Rəsulu bazarda ticarət edən uşaqları gördükdə onlara yaxınlaşar, salam verər və onlara dua edərdi. Bu ziyarətlərinin birində doqquz yaşında və yetim olan əmisi nəvəsi Abdullah ibn Cəfərin yanına gəldi. Başına sığal çəkərək üç dəfə belə dua etdi: “Allahım! Cəfərə, onun soyundan xeyirli nəsillər nəsib et və soyunu davam etdir. Və Abdullahın ticarətinə bərəkət ver!”[16]

Məkəlli uşaqlara duası

Allah Rəsulu Məkkəni fəth etdi. Yeni müsəlman olan ailələr övladlarını həm tanış etmək, həm də dua almaq üçün Allah Rəsulunun (s.ə.s) yanına gətirirdilər. Rəsulullah uşaqların başını oxşayaraq onlara xeyir dualar etdi. [17]

Uşaqların duada iştirak etməsi

Dua abidəsi olan Allah Rəsulu (s.ə.s) üzərinə düşən vəzifəni yerinə yetirməklə yanaşı hər bir çətinliyin aradan qalxması üçün insanlarla birlikdə toplu dua edərdi. Toplu dualarda böyüklərlə yanaşı uşaqların da iştirak etməsini istəyərdi. Onların duada iştirakı şüur altlarına duanın nə qədər əhəmiyyətli olduğunu həkk edirdi.

Nübar üçün dua

Məhsulun bərəkətli olması üçün mövsümün ilk meyvəsi dərilib Allahın Rəsuluna gətirilirdi. O da:

“Allahım! Bizə, torpağımıza, məhsulumuza və tərəzimizə bərəkət üstünə bərəkət ver!”

– deyə dua edər, sonra da o meyvəni orada olan ən kiçik uşağa ikram edərdi. Bununla uşaqların həm dualarda Amin deməsini,  həm də mövsümün ilk meyvəsinin onlara yedirilməsinin bərəkətə vəsilə olacağını ətrafındakılara  öyrədirdi. [18]

Bəddua etməyin!

Allah Rəsulu (s.ə.s) uşaqlara bəddua etməyi qadağan etmişdir. Çünki insanın əsəbi olduqda fərqində olmadan, dil vərdişi ilə edəcəyi bəddua övladın ağır imtahanlara düçar olmasına səbəb ola bilər. Allah Rəsulu bu barədə ümmətini xəbərdar edərək belə buyurur:

“Özünüzə, mallarınıza və övladlarınıza bəddua etməyin! Çünki belə bir bəddua duaların qəbul edildiyi vaxtla üst-üstə düşər və Allah bədduanzı qəbul edər”.[19]

“Allaha və axirət gününə inanan ya xeyir söyləsin, ya da sussun!”[20] Allah Rəsulunun (s.ə.s) verdiyi bu ölçü müsəlmanın həyatına hakim olmalı, danışığına, duasına, etdiyi lənətə diqqət etməlidir. Ağızdan çıxan söz də olsa, böyük nəticələr doğurar. Övladımızın gələcəkdə həm bizə, həm də şəxsinə böyük iztirablar yaşatmasına səbəb ola bilər. Sonrakı peşmançılıq da insana fayda verməz. Bir gün Abdullah ibn Mübarəkin yanına bir nəfər gələrək oğlundan şikayət edir. Abdullah ondan: “Uşağına heç bəddua elədinmi?”- deyə soruşur. O da: “Bəli, etdim”- deyə cavab verdikdə, Abdullah da: “Uşağın əxlaqını sən pozmuşsan,”- deyərək günahı uşaqda deyil, özündə axtarmasını söyləyir.

Nəticə

Ləli-gövhər soltanı Allah Rəsulunun (s.ə.s) həyatında duanın əhəmiyyətli yeri vardır. Hər sahədə nümunə olduğu kimi gələcəyimiz olan övladlarımız üçün də bizə gözəl nümunədir. “Həqiqətən, Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün Allah Rəsulunda gözəl nümunələr vardır.” (Əhzəb 33/21) Kiçik yaşlarında Allah Rəsulunun duasını alan səhabələrin çox bərəkətli bir ömür yaşadıqlarını görürük. Bunu görən səhabə və onlardan sonra gələn nəsillər həm uşaqlarına, həm də gələcək nəsillərinə çox dua etmişlər.

Məsələn, Fudayl ibn İyaz oğlu Əliyə düzgün tərbiyə vermək üçün həm maddi, həm də mənəvi olaraq çalışmış, oğlu üçün belə dua etmişdir: “Allahım! Oğlumu tərbiyə etmək üçün nə qədər çalışdığımı bilirsən, fəqət mənim buna tam gücüm çatmaz. Allahım! Onu ən gözəl şəkildə Sən tərbiyə et!”. Təbii ki, o uşağın tərbiyəsi üçün bu dua ilə birlikdə şəxsi məsuliyyətlərini də unutmurdu. Onun maddi və mənəvi çalışmasının bəhrəsi olaraq oğlu Əli elmdə, əxlaqda və fəzilətdə öndə gələn şəxs kimi məşhur olmuşdur.

Nəticə etibarı ilə deyə bilərik ki, ata, ana və tərbiyəçilər uşaqların təhsili və maddi ehtiyaclarını qarşılamanın yanında onlara dua etməyi də ehmal etməməlidirlər.

[1] Buxari, Nikah 66; Müslim, Nikah 18/116

[2] Müslim, Ədəb 5/23

[3] Yeni doğulan uşaqlar Peyğəmbərin yanına gətirilirdi. O da onların bərəkətli olmaları üçün dua edərək şirin bir şeyi çeynəyib ağızlarına qoyar yada dodağına sürərdi. (Buxari, Dəavat 3; İbn Macə, Təharət 77

[4] Müslim, Ədəb 5/22

[5] Müslim, Ədəb 5/27

[6] Buxari, Əqiqə, 1; Müslim, Ədəb, 5/24

[7] Buxari, Əqiqə, Mənaqibul-Ənsar, 45; Müslim, Ədəb, 5/25

[8] Buxari, Əhadisul-Ənbiya, 10

[9] Buxari, Libas, 60

[10] İbn Həcər, Əl-İsabə, s.1679; Tirmizi, Mənaqib, 9

[11] Buxari, Savm, 61 Müslim, Zikr, 4/11

[12] Müslim, Fədail, 43/172

[13] Buxari, Elm, 17

[14] Müslim, Fədail, 30/138

[15] Əhməd İbn Hənbəl, Müsnəd,

[16] İbni Həcər, Əl-İsabə, s.853

[17] İbni Həcər, Əl-İsabə, s.1571

[18] Müslim, Həcc, 85/474

[19] Müslim, Zöhd, 19/74

[20] Buxari, Ədəb, 31; Müslim, İman, 19/74



Açar sözləri

dua uşaqlara dua

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz