Peyğəmbərlərə iman gətirmək imanın altı əsasından biridir. Peyğəmbərlərə iman etmək onların Allah tərəfindən seçilib göndərildiyinə və Allahdan aldıqları bütün bəyanların həqiqət olduğuna inanmaq deməkdir. Allah-Təala fərq qoymadan bütün peyğəmbərlərə inanmağı hər bir müsəlmana fərz buyurmuşdur. “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq”[1] ayəsi bu həqiqəti ifadə edir.
Qurani-Kərimin bir başqa ayəsində isə açıq şəkildə bildirilir ki, peyğəmbərlərin bir qisminə inanıb, digərlərini qəbul etməmək küfr və inkardır: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı tanıdığını iddia edib rəsullarını qəbul etməyənlər Allahla peyğəmbərləri bir-birindən ayırmaq istəyirlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, – deyirlər və bunun (iman ilə küfr) arasında bir yol tutmaq istəyirlər. Bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!”[2]
[1] “Bəqərə” surəsi, 2/285.
[2] “Nisa” surəsi, 4/150-151.