Mənəviyyata Açılan Pəncərə

Qəbir sualı ilə bağlı məsələlər

Qurani-Kərim və hədislərdə xəbər verildiyinə görə, qəbir həyatının ilk önəmli hadisəsi sorğu-sualdır. Peyğəmbərimiz (s.a.s.) qəbirdə insanın sorğu-sual ediləcəyini, onun da iman və inancından asılı olaraq fərqli cavablar verəcəyini bildirmişdir.

Ölən insanın qəbirdə qarşılaşdığı sorğu-sualla bağlı Qurani-Kərimdə buyurulur: “Allah iman edənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər”.[1]

Həzrət Ənəs Peyğəmbərimizin (s.a.s.) belə buyurduğunu nəql edir: “Dəfndən sonra cənazə dağılışan insanların ayaq səslərini eşidir. Və bu vaxt onun yanına iki mələk gəlib oturur. “Aranızda olan və Məhəmməd (s.a.s.) adlı şəxs haqqında nə deyirsən?” – deyə soruşurlar. Mömin: “Allahın qulu və rəsulu olduğuna şəhadət edirəm”, – deyə cavab verir. Bu cavabdan sonra mələklər ona deyirlər: “Cəhənnəmdəki yerinə bax. Allah sənin üçün onu Cənnətdə bir yerlə dəyişdirdi”.

Bundan sonra Peyğəmbərimiz (s.a.s.) buyurdu ki: “Ölən şəxs həm Cənnətdəki yerini, həm də Cəhənnəmdəki yerini görür”.[2]

Əbu Hüreyrədən nəql olunan hədis belədir: “Peyğəmbərimiz “İbrahim” surəsinin 27-ci ayəsini oxudu: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!” Və belə davam etdi: “Bu, onun qəbirdə: “Rəbbin kim, dinin nə, Peyğəmbərin kimdir?” – deyə soruşulan suallara: “Rəbbim Allah, dinim İslam, Peyğəmbərim də Məhəmməddir (s.a.s.)” cavabını verdiyi və “Bizə Uca Allahın dərgahından açıq dəlillər gətirdi, mən də Ona iman etdim və Onu təsdiq etdim” dediyi andır”.[3]

Əbu Davudda keçən bir hədis isə belədir: “Allah Rəsulu (s.a.s.) belə buyurdu: “Bu ümmət qəbirdə mütləq sorğu-sual olunacaqdır. Mömin qəbrə qoyulanda onun yanına bir mələk gəlib soruşacaq: “Nəyə ibadət edirdin?” Əgər Allah ona hidayət nəsib edibsə, suala: “Allaha ibadət edirdim”, – deyə cavab verəcək.  Bu dəfə mələk: “Peyğəmbər haqqında nə deyə bilərsən?” – deyə soruşacaq. Allaha iman etmiş həmin adam cavabında: “O, Allahın qulu və rəsuludur”, – deyəcək və mələklər artıq ondan heç bir şey soruşmayacaqlar. Sonra mələk onu Cəhənnəmdəki yerinin yanına gətirib: “Bax, bu yer sənin idi, ancaq Allah səni bundan qorudu, sənə rəhm elədi. Onun əvəzinə sənə Cənnətdə bir yer verdi”, – deyəcək. Bu vaxt həmin adam: “Mənə izin verin, ailəmin yanına gedib qurtuluşumun muştuluğunu verim”, – deyə xahiş edəcək. Mələk ona icazə verməyib:  “Dayan! Artıq geri qayıtmaq olmaz”, – deyəcək.

Münkirə (Allahı və Rəsulunu inkar edənə) gəlincə, qəbrə qoyulandan sonra bir mələk gəlib soruşacaq: “Sən nəyə ibadət edirdin?” Münkir: “Bilmirəm”,– cavabını verəcək. Mələk yenə soruşacaq: “O Zat haqqında nə deyə bilərsən?” Münkir də: “Bilmirəm, hamının dediklərini deyirəm”,– cavabını verəcək. Bu cavablardan sonra mələk dəmir toppuzlarla həmin adamın başına vuracaq. O kafir və ya münafiq elə bağıracaq ki, insanlar və cinlərdən başqa, hər şey o səsi eşidəcək”.[4]


[1] “İbrahim” surəsi, 14/27

[2] Müslim, “Əl-cəmius-səhih”, IV, 2200; Nəsayi, “Əs-sünən”, IV, 97-98; Əbu Davud,
“Əs-Sünən”, IV, 238

[3] Müslim, “Əl-Cəmius-Səhih”, IV, 2201; Əbu Davud, “Əs-Sünən”, IV, 238

[4] Əbu Davud, “Sünən”, IV, 238-239

Exit mobile version