Mənəviyyata Açılan Pəncərə

Qədərə imanın insana faydaları

Qədər inkarçılığın yolunu kəsən sədd kimidir. Belə ki, insan nəfsi-əmmarə baxımından ona bəxş edilmiş fitri vəsf və gözəlliklərlə öyünüb fəxr etməyə, qüsurlarına və cinayətlərinə isə bəhanələr axtarmağa, yaxud bunları başqalarının boynuna yıxmağa meyillidir. İnsanın bu yüksək qabiliyyət və gözəllikləri Allah-Təaladan bilməyən, Rəbbin neməti kimi görməyəndə qürur və təkəbbürə düşür. Bu qürur damarı insanların bir çoxunu həmcinslərinin yanında təkəbbürlənməyə, özünü başqalarından üstün görməyə, insanlara xor baxmağa, bəzilərini isə hər şeyi özündən bilib Allahı unutmağa sövq edir. Bu düşüncə də insanı axırda Rəbbin iradə və qüdrətini inkar etməyə aparıb çıxarır.

İnsan fitrətində hər bir gözəllik və yaxşılığa sahiblənmə, onlarla öyünmə, iftixar etmə, qürurlanma duyğusu vardır. Məhz bu yerdə qədər araya girir və: “Lovğalanma, edən sən deyilsən”, − deyərək insanı görülən gözəl işlərə baxıb qürurlanmaqdan, təkəbbür və mənəm-mənəmlik hissinə qapılmaqdan qoruyur. Çünki yaxşı əməllərin işlənməsini istəyən ilahi iradə, onların yerinə yetirilməsi üçün lazımi qabiliyyət və gücü verən də ilahi qüdrətdir. Lakin bu məqamda məsuliyyət və mükəlləfiyyət prinsipi ortadan qalxmasın deyə İslamın ixtiyar (iradə) prinsipi işə düşüb: “Sən məsulsan, çünki seçən sənsən”, − deyir, insana məsuliyyətini xatırladır.

Quran “Sənə yetişən hər bir yaxşılıq Allahdan, pis bir şey isə nəfsindəndir (özündəndir)”[1] ayəsi ilə bütün gö­zəllik və yaxşılıqların həqiqi sahibinin nəfs deyil, Allah (cəllə cəlaluhu) olduğunu, bütün pislik və günahların isə əksinə, insanın nəfsindən qaynaqlandığını bildirərək insanı xəbərdar edir.

Ümidsizlik hissini aradan qaldırır

Qədərə inanan bir insanda ən kiçik ümidsizlik və tənbəllik ola bilməz. Qədərə inanan insan müvəffəqiyyət qa­zandığı zaman təvazökarlıq və sadəlikdən uzaqlaşmaz, zəfərdən qəflətə düşməz. Qədərə imanın müsibətlər zamanı insana güc-qüvvət verdiyini və onu qürurdan xilas etdiyini bu ayə ecazkar ifadələrlə bəyan edir:

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”[2]

Allah (cəllə cəlaluhu) burada insanları müsibətlər zamanı fəryad və kədəri xəfiflətmək üçün qədərə iman etməyə çağırır. Çünki qədər inancı insanı çəkilməz sıxıntı və müsibətlər zamanı ümidsizliyə, hüznə və stressə düşməkdən qoruyur. Hər şeyin Allahdan olduğunu bilən və buna iman edən insan Ondan gələn acı və ya şirin hər şeyi razılıqla qəbul edir. Onun rəhmət və hikmətinə etimad edir. Səbir etməklə kədərdən və müsibətin gətirdiyi üzüntüdən qurtulur. Bir müsibətlə üzləşəndə: “Mən Allahın quluyam, axırda yenə Onun hüzuruna dönəcəyəm. Allahın dilədiyində xeyir vardır, inşallah, bu, mənim üçün daha xeyirlidir. Allahım, məni səbir edənlərdən elə, məni daha böyük müsibətlərdən qoru!”, − deyib rahatlıq tapır.

Müsibətlərə qədər pəncərəsindən baxmayan insanın hər ümidsizlik gətirən və təlatümlü hadisə qarşısında duruxub qalması, daim halından şikayətlənməsi, başını ora-bura vurması, hətta nəticədə günah və səfalət bataqlığına düşməsi bir tərəfdən qaçılmaz olur. Belə bir insan ən kiçik hadisə qarşısında o saat əzilir və dünyanı ah-oflarla özünə zindan edir. Qədərə inanan bir möminə gəldikdə isə o, (Quranda da deyildiyi kimi) nə dünya işlərində qazandıqlarına görə sevinib qürurlanır, nə də itirdiyi şeyə görə məyus olur.[3] Çünki mömin bilir ki, heç də hər şey bu həyatdan – dünyadan ibarət deyil. Hər şeyin ən yaxşısı və gözəli bundan sonrakı həyatdadır.

İnsana hüzur və rahatlıq gətirir

Qədərə iman insanı dünya yüklərinin ağırlığından qurtarıb ruhuna rahatlıq və xəfiflik gətirir.

İnsan kainatla bağlı bir varlıqdır. Bir çox arzu və məqsədləri var. Onun qabiliyyət və iradəsi isə ehtiyaclarının milyonda birini təmin etməyə yetmir. Həmçinin insan ətrafında gördüyü, lakin hikmətini anlaya bilmədiyi bəzi hadisələrin təsirindən əksər vaxtlar uzaq qala bilmir, narahat olur. Məsələn, acı bir hadisənin şahidi olduqda uzun müddət özünə gələ bilmir.

Bu yerdə qədərə iman insanın imdadına çatır. Qədərə həqiqi iman etmiş bir insan ehtiyac və narahatlıq yükünü qədərin gəmisinə yükləməklə qəlbən və ruhən rahatlıq tapır. Belə ki, kainatda baş verən bütün hadisələrin ilahi bir qanunla cərəyan etdiyinə və bütün işlərin ilahi proqram əsasında asanlıqla getdiyinə inanan mömin dünyanın zəhmət və çətinliklərini o mülkün sahibinə tapşırır, bu yerlərin bütün gözəllik və ləzzətlərindən zövq almağa çalışır. Başqa sözlə, hər şeyi Onun mərhəmətinə, icraatına və qanunlarının gözəlliyinə istinad edib gözəl görür, həyatını ləzzət və səadətlə keçirir. Bu baxımdan qədərə iman insana o qədər hüzur verir ki, bunu sözlə təsvir etmək mümkün deyil. Qədərə iman edən insanı kədər və üzüntü kəməndə sala bilməz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində bu həqiqətə diqqət çəkərək buyurur: “Qədərə iman qayğı və üzüntünü aradan qaldırır”[4]. Buna görə də qədər gəmisinə minən kədər dəryasında qərq olmaz.

İradəni gücləndirir

Qədərə iman insanın iradəsini gücləndirir. Çünki qədərə inanan bir bəndə qəti əmin olur ki, qədərində bir müsibət yazılıbsa, – hədisi-şərifdə də bildirildiyi kimi – mütləq başına gələcək, yox, yazılmayıbsa, əsla gəlməyəcək[5]. Bu inanc ona cəsarət verir.

Bu inancdan güc və qüvvət alan bir möminin çətinliklərlə rastlaşanda əl-qolu boşalmaz, tənbəlləşməz, süstləşməz. Böyük şəxsiyyətlərin məhz bu inancla nəhəng uğurlar qazanması buna ən bariz nümunədir.

Qədəri “maddi hadisələrin və maddi səbəblərin fövqünə qalxan, üfüqlərə yüksələn” kimi xarakterizə edən H. Ziya Ülken mövzu ilə bağlı bu izahı verir:

“İslami qədərdə iradə və məqsəd var. İşıqlı gələcəyin təqdir olunması bizə ümid və hüzur verir, boşluğa düşmür, bədbinliyə qapılmırıq. Qədərə iman hər şeyimizin tükəndiyi, əlimizdən heç bir şeyin gəlmədiyi vaxtlarda belə yalqız olmadığımızı, maddi aləmin duyğusuzluğunun və dərrakəsizliyinin ümidinə buraxılmadığımızı və başlıcası da, ən uca dayağın bizimlə olduğunu bilmək deməkdir. Allaha bağlanmaq iradəni sıfırlamaq və heç saymaq demək deyil. Əksinə, gözlənilməz hallarda, hətta ən çıxılmaz vəziyyətlərdə iradəni ortaya qoymaq deməkdir”[6].

Qəza və qədərə iman edən insan Allaha arxalandığına görə həyatda hər işə baş vurur və ömrü boyu cəsarət və mətanətlə uğurdan-uğura addımlayır. Müvəffəqiyyətsizliyə düçar olanda da: “Bunda bir hikmət var”, − deyib başqa üsulları yoxlayır. Yenə alınmasa, bu dəfə “Allahın hökmü belə imiş” deyib əzmini və iradəsini itirmədən yoluna davam edir.

Hərislik və həsədin qarşısını alır

Qədərə iman etmiş bir mömin bilir ki, onun ruzisi artıq təqdir olunmuşdur və nə edir-etsin, başqasının qismətinə yiyələnə bilməyəcək. Bu səbəbdən də mömin başqasının haqqına girməz, həris olmaz və heç kimə həsəd aparmaz. Qədərə inanan bir mömin “Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın”[7] ayəsinin də işarəsi ilə başqasının əlindəkinə göz dikməz. Çünki o, hərislik və həsədin Allahın qəza və qədərindən küsmək, Rəbbin bəndələr arasında bölüşdürdüyü nemətə xor baxmaq, Onun mülkünə qoyduğu ədaləti naqis görmək mənasına gəldiyini, dolayısilə, günah olduğunu bilir və bu cür əməllərdən uzaq durur[8]. Bir məşhur söz var; Hər şey qədərə yazılmışdır. Qismətinə razı ol ki, rahatlıq tapasan.

İnsanı xoşgörülü olmağa sövq edir

Hər şeyin Allahın qədəri, qəzası, hökmü və iradəsi ilə meydana gəldiyinə inanan bəndə pislik gördüyü insanlarla belə mülayim və xoşgörü ilə rəftar edər. Başına gələn bu cür hadisəyə bir də qədər gözü ilə baxan möminə qarşı tərəfi bağışlamaq daha asan gələr. O bilir ki, başqasından ona gələn zərərdə öz günahlarının da payı vardır. Yəni düşünür ki, bu, əvvəllər işlədiyi hansısa günahına görə Allahın bir cəzasıdır, yəqin. Beləcə ona pislik edən qarşı tərəfə kin və nifrət bəsləməkdən uzaq olar.


[1] “Nisa” surəsi, 4/79.

[2] “Hədid” surəsi, 57/22-23.

[3] “Hədid” surəsi, 57/22.

[4] Münavi, “Fəyzül-qadir”, 3/187.

[5] Tirmizi, “Qədər”, 10.

[6] Hilmi Ziya Ülken, “İslam düşüncesine giriş”, s. 99.

[7] “Nisa” surəsi, 4/32.

[8] Qəzali, “İhyau-ülumiddin”, 3/254; Muhasibi, “Riayə”, s. 490.

Exit mobile version