Mənəviyyata Açılan Pəncərə

Qədər bir bəhanə olaraq irəli sürülə bilərmi?

 İslam düşüncəsində qədər var, amma “qədərçilik” yoxdur. Qədər bəzilərinin zənn etdiyi kimi özünü hadisələrin axarına buraxmaq deyildir. İnsan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və ehtiyatını əldən qoymamalıdır. Möminliyin şərtlərindən biri də qədərə imandır, lakin onu əsas gətirib görüləsi işləri tərk etmək doğru deyildir. Bir günah işlədikdən sonra “Qədərim bu imiş, alın yazısından qaçmaq olmaz”, – demək doğru olmadığı kimi, qədərə arxayınlaşıb səbəblərə riayyət etməmək də xətadır, çünkü qədərimiz bizlərə məchuldur.

Beləliklə, insanlar bir hadisə baş verməmiş və ya baş verəndən sonra qədərə arxayın olub məsuliyyətdən xilas ola bilməzlər.

Allahın qəza və qədəri hər şeyə hökm edir, ancaq bunu unutmamalıyıq ki, qulların iradi hərəkətləri, yəni əməlləri qəza və qədərin cərəyan etməsi üçün vasitə edilmişdir. Beləliklə, insanın öz istək və arzusu ilə işlədiyi bir əməli qədərə isnad edərək məsuliyyətdən boyun qaçırması İslami qədər anlayışı ilə bir araya sığmır.

Əslində, inanan bir insan bir işi görərkən maksimum səviyyədə çalışmalı, əlindən gələni etməli, səbəbləri yerinə yetirməlidir. Hətta kənardan baxanlar onu səbəbpərəst sanmalıdır. İş başa çatdıqdan sonra da nəticəyə qədərin onun üçün biçdiyi qaftan kimi baxmalı, nəsibinə razı olmalıdır.

 

Exit mobile version