887 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan da daxil olmaqla bütün canlı və cansız məxluqların xari­qüladə yaradılışı tamamilə Allahın elm və qüdrəti ilə bağlıdır. Buna cəbri qədər deyilir. İnsanın cinsi, dərisinin rəngi, irqi, ana və atası, uzun və ya qısa boylu olması, çox və ya az istedadlı olması kimi xüsusiyyətlərin hamısı cəbri-qədərə daxildir. Burada insan iradəsinin ən kiçik müdaxiləsi belə mümkün deyildir. Ona görə də insan bu əlamətlərinə görə sorğu-suala çəkilməyəcək. Məsələn: Allah bir insanı qabiliyyətinin azlığına görə cəzalandırmır. Eyni zamanda qabiliyyətin çoxluğu mükafat almaq üçün səbəb deyildir. Lakin insan ona verilən qabiliyyəti, istedadı yaxşı və ya pis istiqamətdə istifadə etdiyinə görə ya qazanır, ya da itirir, mükafata və yaxud cəzaya layiq olur.

Haqq-Təala kainatda hər şeyi Lövhi-Məhfuzda yazdığı kimi, insanın da nə zaman doğulacağını, nə vaxt öləcəyini, əməllərini, cənnətlik, yoxsa cəhənnəmlik olacağını yazmışdır. Amma burada mühüm bir məqam var. Allah insana cüzi iradə vermişdir. İnsan həmin iradə ilə halalla haram, yaxşı ilə pis arasında seçim edir. Allahın əvvəlcədən qədərimizi, taleyimizi yazması bizi yaxşı və ya pis olmağa məcbur etmir, iradəmizi əlimizdən almır. Əlbəttə ki, Allahın diləyi hər şeydən üstündür, ancaq insan cənnətə ilahi lütf və əməlləri sayəsində, cəhənnəmə isə öz əməlləri ilə gedir.

Haqq-Təala keçmişə, bu gün və gələcəyə eyni anda vaqif olan sonsuz elmi ilə bizim necə yaşayacağımızı, nə edəcəyimizi bilir və qədərimizi də bunlara uyğun yazır. Yoxsa Allah elə yazdığına­ görə biz elə etmirik. Məsələn, təqvimlərdə bir il əvvəlcədən günəşin hansı istiqamətdə, nə vaxt doğacağı, nə vaxt batacağı, ay və günəş tutulmasına hansı gün və hansı saatda baş verəcəyi yazılır. Ancaq günəş təqvimlərdə elə yazıldığına görə orada göstərilən saatlarda doğub batmır. Eyni söz ay və günəş tutulmasına da aiddir. Əksinə, elm adamları kainatda müntəzəm dövr edən İlahi qanunlar əsasında astronomik hesablamalar apararaq bunları əvvəlcədən təsbit edir və təqvimdə yazırlar.

Allah bizim qədərimizi də belə yazır. Gizli-açıq hər şeyi bilən, heç bir şey elmindən gizli qalmayan Uca Allah nə edəcəyimizi bilib qədərimizi ona uyğun yazmışdır. Ağlı başında olan hər bir insan bilir ki, ona iki şey arasında seçim etmək, istədiyini seç­mək üçün iradə verilmişdir. Lakin kimi nəfsinə və şeytana aldanıb şər yolunu tutur, cəhənnəmə gedir, kimi də iradəsini xeyirli yola yönəldib Allahın lütfü ilə cənnəti qazanır. Dolayısilə, hər bir insan əməllərinə görə məsuliyyət daşıyır və onların əvəzini görəcək.

Qəlblərə hökm edən Rəbbimiz cüzi iradəni doğru yolda istifadə etməyi nəsib etsin. Hidayətə çatdırandan sonra qəlbimizi başqa səmtə yönəltməsin.




Şərh yaz