Bir ikindi vaxtı Allah Rəsulu (s.ə.s.) Nəccaroğulları məhəlləsini tərk edərək Bədrlənmiş ay kimi Mədinədə çıxır.[1] Hz. Əbu Bəkir arxada, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) isə öndə idi. Artıq Yəsrib Allah Rəsulu ilə eyniləşəcək və “Məhəmmədin şəhəri” mənasında “Mədinətü-Məhəmməd” kimi xatırlanacaq, sonralar da Mədinə adlanacaqdı.[2]
Mədinədə böyük bir bayram yaşanırdı: bəzi gənclər nizələri ilə dairəvi şəkildə halay çəkir,[3] bəziləri də şeirlərlə Peyğəmbərimizi qarşılayırdılar. Artıq hər şeyə, hər yerə aydınlıq çökmüşdü və Mədinəyə görünməmiş bir sevinc hakim kəsilmişdi. İnsanların üzündə təbəssüm vardı. Mədinə üfüqlərində uşaqların səsi ucalırdı və sanki Məkkədə olanları unutdurmaq istəyirdi bu səs:
− Budur, Rəsulullah gəlib, − deyə bu sevinclərini dilə gətirir, bu hadisəni belə tərənnüm edirdilər:
− Ay doğdu üstümüzə Səna təpələrindən! Bizi xeyrə dəvət edən aramızda qaldığı müddət ərzində şükür vacib oldu bizə![4]
Ey aramıza göndərilən Elçi! Şübhəsiz ki, Sən itaət edilməli bir işlə bizə gəldin,[5] − deyən mədəniyyətin beşiyi Mədinə Peyğəmbərimizi bağrına basırdı.
Digər tərəfdə isə əlindəki dəfə vuraraq ritm tutan bəzi adamlar:
− Biz Nəccaroğullarnın qonşularıyıq. Nə xoşbəxtik ki, Məhəmməd bizə qonşu oldu, − deyə sevinən insanlara Allah Rəsulu (s.ə.s.) da belə qarşılıq verir:
− Allah bilir ki, Mən də sizi sevirəm![6]
Qaldığı ilk ev
Qubadakı həyəcan Mədinədə də yaşanırdı. Hər kəs yol kənarına düzülmüş, Peyğəmbərimizi öz evində qonaq saxlamaq üçün bir-biri ilə yarışa girmişdi. Allah Rəsulu kimin evinə yaxınlaşırdısa, ev əhli ürəyindən “Bizim evdə qonaq qalacaq” ümidini keçirir və sevinclə Peyğəmbərimizi evinə dəvət edirdi. Amma O (sallallahu əleyhi və səlləm), bütün istəklərə:
− Dəvənin ovsarını sərbəst buraxın, çünki o bir məmurdur, vəzifəsi var, − buyurmuş və Mədinədə qalmaq işini Allaha təvəkkül içində taleyin hökmünə buraxmışdı. Bu, həmçinin başqa cür fikirləşən adamların qarşısını almaq üçün bir çözüm idi. Rəsulullahın Qasva adlı dəvəsi Mədinədə addımlayarkən arxasınca insan seli meydana gəlmiş və onun getdiyi yerə tərəf axışırdı.
Mədinə küçələrində irəliləyən dəvə sıra ilə Utban ibn Malik, Abbas ibn Übadə, Ziyad ibn Vəlid, Fərvə ibn Amr, Sad ibn Übadə, Munzir ibn Amr, Sad ibn Rəbi, Haricə ibn Zeyd, Abdullah ibn Rəvaha, Adiyy ibn Nəccar, Səlit ibn Qays və onun atası Əbu Səlitin evinin qabağından keçir, yaxınlaşdığı hər evdə eyni həyəcan hiss edilir və onlar Allah Rəsulunu (s.ə.s.) evinə dəvət edirdi. Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) də hər dəvətə cavab olaraq dəvəni nəzərdə tutaraq:
− Onun yolunu kəsməyin, çünki o, bu iş üçün məmurdur, − deyə təkrarlayırdı.[7]
Nəccaroğullarının balaca qız uşaqları daha da coşmuş, məhəllələrinə qonaq gələn Allah Rəsuluna “Xoş gəldin” deyirdilər:
− Bizlər Bəni-Nəccarın qonşu uşaqlarıyıq, nə xoşbəxtik ki, bizim qonşumuz artıq Allah Rəsuludur, − səsləri yüksəlirdi. Peyğəmbərimiz (s.ə.s.) onlara tərəf dönür:
− Siz məni sevirsinizmi? − deyə soruşur. Sevmək nə demək… Bir anda meydan coşur:
− Bəli, ey Allahın Rəsulu! Bəli, ya Rəsulullah!
Bu qədər könüldən gələn sevgi selinin müqabilində Allah Rəsulu:
− Vallah, Mən də sizi sevirəm! Vallah, Mən də sizi sevirəm! Vallah, Mən də sizi sevirəm!− deyə buyurur.[8]
Bu vaxt Qasvə bir evin qabağında dayanır, ətrafına baxır. Bir az da gedir, sonra da ilk dayandığı yerə qayıdır. Aydın idi ki, ona verilən tarixi missiyanı yerinə yetirməyə çalışırdı. Bir qədər də gözləyir və elə oradaca çökür.[9]
Ənsar və mühacirlər bir-birinə baxırdı. Artıq Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) qonaq qalacağı yer də məlum olmuşdu. Əbu Əyyub Xalid ibn Zeydin yanaqlarından göz yaşları süzülürdü. Çünki dəvənin çökdüyü yerə ən yaxın ev onun evi idi. Peyğəmbərimiz (s.ə.s.) soruşur:
− Ən yaxın ev kimindir?
− Mənim evimdir, ey Allahın Rəsulu, − deyərək irəli atılır Əbu Əyyub həzrətləri. Baxın, bu, mənim evimdir və bu da onun qapısı”, − deyir. Hz. Məhəmməd (s.ə.s.) belə buyurur:
− Elə isə, sənin evində qonaq qalaq.
Əbu Əyyub:
− Buyurun içəri, − deyərək Rəsulullahı evinə dəvət edir. Allah Rəsulu (s.ə.s.) da yeddi ay burada qalacaqdı.[10]
Bu evin maraqlı tarixi vardı. Belə ki, həmin ev əsrlər əvvəl Tubba hökmdarı Əsadul Himyerinin,[11] axırzaman Peyğəmbər bura hicrət etdiyi gün içində qalsın deyə tikdirdiyi ev idi. Əsadül-Himyeri bir gün səltənətini Yəməndə qoyaraq Son Peyğəmbərin hicrət edəcəyi yer kimi bildirilən Yəsribə gəlmişdi. O vaxt Son Peyğəmbərin gələcəyindən təkcə özünün xəbərdar olmadığını və bir çox səmimi insanın da Onu burada gözlədiyini görmüş və o da burada qalmağa qərar vermişdi. Çox keçmədən səmimi bir niyyətlə ev tikdirəcək və bu evdə Gələcək Peyğəmbəri qonaq saxlamaq istəyəcəkdi.[12]
Niyyət gözəl, göstərilən səylər də səmimi idi, amma ömür qısa, həyat da məhdud… Əcəlinin yaxınlaşdığını hiss edib etibar etdiyi ən bilikli adamı yanına çağırır və ona bir məktub verir. Həmin məktubu görə bilmədiyi Son Peyğəmbərə çatdırmaq istəyirdi. Əgər o da görməsə, bu məktubu Onu görə biləcək bir adama əmanət etməli idi. Və beləcə, bunu özündən sonrakılara bir vəsiyyət olaraq qoyub gedirdi. Nəhayət, Tubba hökmdarı da Onun gəlişini gözləyə-gözləyə axirət dünyasına köçmüşdü.[13]
Övladları Lemis və Vəhabi ataları qədər həssas deyildi və bu evi başqalarına satdılar. Bu ev miras keçə-keçə indi Əbu Əyyuba qalmış, hazırda onun əmlakı sayılırdı. Onu qonaq saxlamaq Yəmən hökmdarı Əsadul Hımyeriyə nəsib olmamışdı, amma Allah (cəllə cəlaluhu) onun bu ürəkdən gələn, səmimi arzusunu hədər etməmiş, hicrət etdiyi gün qalsın deyə tikdirdiyi bu evdə Allahın Rəsulunu qonaq edirdi. Kainatda təsadüfə yer yoxdu və:
− Dəvənin ovsarını sərbəst buraxın, onun qabağını kəsməyin, onu sərbəst buraxın, çünki o bir məmurdur, öz vəzifəsi var, − sözünün mənası indi daha yaxşı başa düşülürdü.
Əlbəttə, Hz. Əbu Əyyub özünü Mədinənin ən bəxtiyar adamı hesab edirdi. Bu sevincini səhabələrlə də bölüşmək istəyən Əbu Əyyubun bir şeiri eşidilir:
− Mən Əhməd adlı bir adamı tanıyıram ki, O,
Allah tərəfindən hər kəsə göndərilən bir Rəsul və yaradılmışların ən şərəflisidir.
Əgər ömrüm Onun ömrünə yetişərsə, Ona ən sadiq bir vəzir
Və yanındakı əmisi oğlu kimi olacağam.
Bu gün mən qılıncımla Onun düşmənlərinə müharibə elan etmişəm ki,
Beləliklə, Onun sinəsində meydana gələcək sıxıntını indidən aradan qaldırım.[14]
Bu şeir Allahın Rəsulu üçün bu evi inşa edən Əsadül-Himyeriyə aid idi.[15]
Xatirələr canlanmışdı: Allahın bəxş etdiyi nemətlər dilə gətirilir, bu cür mühüm təvafüqün bütün ümmətə şamil olunması arzulanırdı. Zülmə güc verən Məkkənin müqabilində Mədinənin Onu qəbul etməkdə bu qədər fəal olmasının kökündə, bəlkə də belə bir tarixi gerçəklik dayanırdı.[16] Allah Rəsulu (s.ə.s.) əslində Əbu Əyyubun evinə qonaq gəlmişdi, amma bütün ənsar eyni həyəcanı yaşayırdı, çünki O (sallallahu əleyhi və səlləm), onlara qonaq olmuş, Məkkənin hiddət püskürən havasına müqabil Mədinənin isti qucağını seçmişdi. Artıq Əbu Əyyubun evi ənsarın gediş-gəliş yerinə çevrilmişdi. Hər axşam evə ən azı iki və ya üç ənsar yemək gətirir, Allah Rəsulunu və hüzuruna gələn qonaqları doyuraraq ənsar səxavətini göstərmək istəyirdi.[17]
Yuxarı mərtəbəyə…
Kainatın Fəxri (s.ə.s.) Əbu Əyyub əl-Ənsarinin evində məskunlaşmışdı, amma belə məskunlaşma Əbu Əyyubun ürəyinə heç yatmamışdı. Çünki Allah Rəsulu (s.ə.s.) evin aşağı mərtəbəsini seçmişdi və gecələrini burada keçirirdi. Əbu Əyyub xanımı Ümmü Əyyubla öz aralarında danışaraq narahatlıqlarını dilə gətirirdilər:
− Necə olur ki, Peyğəmbərimiz aşağı mərtəbədə qalır, biz isə Onun başı üstündə gəzirik!
Nəhayət, onları narahat edən bu məsələni Peyğəmbərimizə danışmaq qərarına gəlirlər və yuxarı mərtəbəyə dəvət etmək üçün hüzuruna gedirlər:
− Ey Allahın Peyğəmbəri! Atam-anam Sənə fəda olsun! İnan ki, Sizin aşağı mərtəbədə olmağınız bizi çox narahat edir. Xahiş edirik, Siz yuxarı mərtəbəyə köçün, biz də aşağıda qalaq,− deyirlər. Amma Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlar kimi fikirləşmirdi. Onları narahat edən bu məsələni dəfələrlə Allah Rəsuluna söyləyirlər, amma Rəsulullah (s.ə.s.) hər dəfə:
− Ey Əbu Əyyub! Bizi əhatə edən nemətlər baxımından və bizim üçün ən münasibi aşağı mərtəbədə yaşamaqdır, − deyir, bunu heç cür qəbul etmirdi.[18]
Bir gün Əbu Əyyub yenə eyni təkliflə gəlmiş və qəbul edilmədiyini görüncə:
−Sənin üstündəki mərtəbədə mən qətiyyən yaşaya bilmərəm, − demiş, bir daha xahiş etmişdi. Nəticə yenə dəyişmirdi. Nəhayət, bir gün Əbu Əyyub su ilə dolu səhəngi aşırmış və sınan səhəngin bütün suyu aşağı mərtəbəyə axmağa başlamışdı. Su aşağı mərtəbəyə tökülmədən özünü yetirən ər-arvad əllərindəki bezlərlə suyun yayılmasının qarşısını almağa çalışmışdılar. Su Rəsulullahın üstünə töküləcək əndişəsi ilə ürəkləri ağızlarına gəlmiş və üzləri sapsarı saralmışdı. Aydın idi ki, bu iş belə davam etməyəcəkdi. Bu dəfə daha qərarlı halda:
− Ey Allahın Rəsulu! Bizim artıq Səndən üstdə qalmağımız mümkün deyil! Nə olar, yuxarıya keç!
Bu, istəkdən çox bir yalvarış idi. Əbu Əyyub Rəsulullaha (s.ə.s.) belə deyirdi:
− Sənin alt mərtəbəsində olduğun yerin üst mərtəbəsinə əsla çıxa bilmərəm!
Bu qədər səmimiyyət və təkiddən sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Əbu Əyyubun xətrinə dəyməyəcək və həmin axşam yuxarı mərtəbəyə köçəcək,[19] Məscidi-Nəbəvi tikilənə qədər də burada qalacaqdı.
Dünyanın ən xoşbəxt ev sahibi olan Əbu Əyyub və ailəsi Peyğəmbərimizin rahatlığı üçün o qədər diqqətli hərəkət edir və könlünü qırmamaq üçün o qədər həssas davranırdılar ki, hətta Allah Rəsuluna yeməyə nə isə göndərəndə geri qayıdan süfrənin üstünə diqqətlə baxıb araşdırır və Onun sevdiyi yeməkləri təsbit etməyə çalışırdılar. Onlar həmçinin öz qidalarını Peyğəmbərimizin mübarək əlinin dəydiyi yerdən götürməyə səy göstərir və qarınlarını Rəsulullahın süfrəsindən qalanlarla doyurmağı ən böyük bəxtiyarlıq hesab edirdilər.
Bir gün içində çoxlu soğan və sarımsaq olan yemək bişirmiş və Allah Rəsuluna göndərmişdilər. Yenə gözləyirdilər: Rəsulullah yeməyini yeyəcək və onlardan artıq qalanlarla qarınlarını doyuran Əyyub ailəsi Allahdan bərəkət istəyəcəkdi. Ancaq həmin gün həmişəki kimi olmadı. Süfrə geri qayıtmışdı, amma yeməyə əl də vurulmamışdı. Ailə “Peyğəmbərimizə yanlış bir yemək göndərdik” deyə narahatçılıq keçirirdi. Əbu Əyyub dərhal Hz.Məhəmmədin (s.ə.s.) hüzuruna qalxır:
− Ey Allahın Rəsulu! Atam-anam Sənə fəda olsun! Yeməyə heç əl vurmadan geri göndərmisiniz! Yoxsa bu, haramdır? − deyə soruşur. Cavabı eşidən ailə rahat nəfəs alacaqdı:
− Xeyr! Amma Mən bu yeməyi xoş görmürəm. Çünki içində soğan (və ya sarımsaq) qoxusunu hiss etdim. Bilirsən ki, Mən həmişə Rəbbimlə irtibat içindəyəm!
Əbu Əyyub dərhal belə reaksiya verir:
− Sənin xoşlamadığını mən də xoşlamaram, − deyir.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir addım da atır və məsələnin yanlış başa düşülməsinin qarşısını almaq istəyirdi. Buna görə də belə buyurur:
− Amma siz onu yeyin!
Allah Rəsulundan belə bir cavab alsalar da, onlar heç vaxt bu yeməkdən bişirmədilər.[20]
Məhz bu, bir səhabə həssaslığı, səhabə diqqəti idi: Allah Rəsulunu nəinki əmr və tövsiyələrində, hətta arzu və istəklərində belə təqib edir, üzündəki xoşnudsuzluqdan da hökm çıxarıb Allahın ən sevgili qulunu məmnun etməyə çalışırdılar.
Qardaşlıq telləri
Rəsulullah (sallallahu əleyhi və səlləm) artıq Mədinəyə gəlmişdi, amma bu gəlişi ilə yanaşı həllini gözləyən bir çox problemlər vardı. Gələnlərin sayı üç-beş nəfərlə məhdudlaşmırdı. Müsəlman olduğu halda Məkkədə qalanlar barmaqla sayılacaq qədər idi və digərləri Mədinəyə hicrət etmişdi. Üstəlik hər bir insan ailəsi ilə birgə buraya gəlir, yaxud ailəsini sonradan gətirirdi. Başqa yol da yox idi və ola da bilməzdi… Cəmi yüz səksən altı ailə idi. Ailələr də heç də iki nəfərdən ibarət deyildi. Söhbət oğul-uşaq etibarilə böyük külfətdən gedirdi. Bəs bu qədər adam harada qonaq qalacaq və məişətlərini necə təmin edəcəkdi? Bir neçə günlük çarə tapmaq olardı, amma bu hicrət üç-dörd günlük bir səfər deyildi.
Məhz bütün bu suallara cavab tapmaq üçün Rəsulullahın (s.ə.s.) ilk işlərindən biri, Məkkədən gələn mühacirlərlə mədinəli müsəlmanlar − Ənsar arasında qardaşlıq əlaqələri qurmaq olur. Müasir mənada bir növ qardaş ailəyə bənzər bir metodla ilk mərhələdə qırx beş ailənin məskunlaşma və başqa sosial problemləri yoluna qoyulur. Ənəs ibn Malikin evində səhabələri ilə bir araya gələn Allah Rəsulu[21] onlara belə deyirdi:
− Allah üçün iki-iki qardaş olun!
Müsəlman camaatın bir-biri ilə qaynayıb-qarışması üçün Allah Rəsulunun bu gün ortaya qoyduğu qardaşlıq anlayışı sadəcə hicrətdən sonra tətbiq olunan bir üsul deyildi. Hz. Məhəmməd (s.ə.s.) hələ Məkkə illərində Zübeyr ibn Avvamla Abdullah ibn Məsudu qardaş elan etmiş və bununla da keşməkeşli Məkkə dönəmində qardaşlıqdan da möhkəm həmrəyliklə hər cür çətinliyə sinə gərməyi qarşıya məqsəd qoymuşdu.
Bu qardaşlığı ilk öncə Allah Rəsulu özü həyata keçirir. Bu məqsədlə əmisi oğlu Hz. Əlinin əlini qaldırır və:
− Budur, bu, mənim qardaşım, − buyurur.
Allah Rəsulu uşaqlıqdan yanında qalan və Peyğəmbər tərbiyəsi ilə yetişən əmisi oğlu Hz. Əlini heç kimə buraxmır, Özünə qardaş elan edirdi. Sonra da “aslan ovçusu” əmisi Hz. Həmzə[22] ilə cahil cəmiyyətin səhvinə qurban gedib qula çevrilən, amma taleyin üzünə gülməsi ilə Peyğəmbərimizə (s.ə.s.) xidmət etmək şərəfinə nail olan və azad edilən Zeyd ibn Harisəni qardaş elan edir və görünür, Rəsulullah (sallallahu əleyhi və səlləm) bu iki qəhrəmanın xüsusilə yaxında olmasını istəyirdi.
Bir anda Mədinəni bürüyən bu həyəcanlı qardaşlaşmada artıq hər bir ənsar onun üçün adı çəkiləcək mühaciri gözləyirdi. Çox gözləməli olmadılar: Hz. Əbu Bəkirlə Haricə ibn Züheyr, Hz. Ömərlə İtban ibn Malik, Əbu Ubeydə ilə Sad ibn Muaz, Abdurrahman ibn Avfla Sad ibn Rəbi, Zübeyr ibn Avvamla[23] Səlamə ibn Səlamə, Hz. Osmanla Əvs ibn Sabit, Talha ibn Ubeydullahla Kab ibn Malik, Sad ibn Zeydlə Ubey ibn Kab, Cəfər ibn Əbi Taliblə[24] Muaz ibn Cəbəl, Musab ibn Umeyrlə Əbu Əyyub Xalid ibn Zeyd, Əbu Hüzeyfə ilə Abbad ibn Bişr, Ammar ibn Yasirlə Huzeyfə ibnul-Yəman və Bilali Həbəşi ilə Əbu Ruveyha[25] qardaş olacaq, ardınca bu miqdar əvvəlcə yüz əlli,[26] sonra da yüz səksən altı ailəni əhatə edəcək və qardaş tapmayan bir mühacir belə qalmayacaqdı.
Şübhəsiz ki, bu qardaşlıq təsisatında qarşılıqlı fədakarlıq ön plana çıxacaq, Məkkədən gələn mühacirlər Ənsarın bütün təkidlərinə baxmayaraq, öz alın təri ilə yaşamaq yarışına girəcəkdi. Sad ibn Rəbi ona qardaş elan edilən Abdurrahman ibn Avfı evinə aparmışdı. Evinə Hz. Məhəmməd gəlmiş kimi sevinir və onun üçün daha çox şey etmək istəyirdi. Buna görə də, əvvəlcə Abdurrahmana belə deyir:
− Ey qardaşım! Mən var-dövlətcə Mədinənin ən imkanlı adamlarından biriyəm. Mal-dövlətimin yarısı sənə halal olsun, götür onu! Bundan başqa nikahım altında iki arvadım var. Onlardan hansını bəyənirsənsə, bax, mən onu boşayım, şəriətin buyurduğu müddəti gözləsin və sonra da sən onunla evlən!
Bunlar Abdurrahman ibn Avfın qanını donduran təkliflər idi. Bir yandan Məkkədə başlarına gələnləri fikirləşir, digər tərəfdən də Mədinənin onlara necə qucaq açmasına baxırdı. Az qala dünən müsəlman olan Ənsarın bu fədakarlığı qarşısında utanırdı. Bu vaxt mühacirlərə qapılarını açan ənsarla bağlı Quran ayələri keçdi beynindən! Əlbəttə, Allah (cəllə cəlaluhu) onların qəlbində olanlardan xəbərdar idi və olanı nazil edirdi:
− Mühacirlərdən əvvəl Mədinədə yurd salmış və iman gətirmiş kimsələr (ənsar) öz yanlarına hicrət edənləri sevər, onlara verilən maddi paylara görə qəlblərində həsəd (qəzəb) duymadıqları kimi, özləri hədsiz ehtiyac içində qıvrılsalar belə, onları öz nəfslərindən üstün tutarlar.[27]
Amma Məkkədən gələn müsəlmanlar da Mədinəyə dünya mənfəəti əldə etmək üçün gəlməmişdilər. Buna görə də Abdurrahman (r.a.):
− Malın da, həyat yoldaşların da sənin üçün mübarək olsun, − deyir əvvəlcə. Sonra da: “Sən mənə bazarın yolunu göstər,” − deyə əlavə edir. Mömin bir adam üçün gözütox olmaq çox vacib prinsip idi və o, öz qazancını alın təri ilə qazanmalı, məişət ehtiyaclarını da öz zəhməti ilə təmin etməli idi.
Hz. Sadın təkliflərini qəbul etməyən Hz. Abdurrahman səhərisi günü Bəni Qaynuqa bazarında idi. Bundan sonra da həmişə bazarlarda olacaqdı. Onun öz ifadəsi ilə desək, əlini hansı daşa toxundursa, sanki qızıl-gümüşə çevrilirdi.[28] Deməli, Allah hadisələri yaxşı qavrayanların və Onun rizasını qazanmaqda qərarlı olanların yolunu hər işdə açırdı.
Bir gün Rəsulullahın (s.ə.s.) hüzuruna gəlmişdilər. Birdən Rəsulullah (sallallahu əleyhi və səlləm):
− Bu nə işdir? − deyə soruşur. Çünki Abdurrahman ibn Avf zəfəran ətri vurub məclisə gəlmişdi.
− Ənsardan bir qadınla evləndim, ey Allahın Rəsulu! − deyə cavab verir Hz. Abdurrahman.
Peyğəmbərimiz dərhal soruşur:
− Mehirini də verdinmi?
− Bəli, beş dirhəm ağırlığında qızıl verdim, − deyir. Deməli, Abdurrahman işlərini yoluna qoymuş və ticarətdə müəyyən uğurlar qazanmışdı. Belə bir nailiyyətin başqa insanlarla da paylaşılması və eyni yolda gedənlərə dəstək verilməsi lazım idi. Elə isə, növbə bu nikahı elan etməyə gəlmişdi. Peyğəmbərimiz (s.ə.s.):
− Bir qoyun da olsa, toy yeməyi ver! − deyə buyurur.[29]
Sad ibn Rəbi ilə Abdurrahman ibn Avf arasında olduğu kimi, bəzi insanlar mühacirlərlə ənsar arasında qurulan bu qardaşlığın varislik haqqını da doğuracağı qənaətinə gəlmişdilər. Buna görə də, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək:
− Ey Allahın Peyğəmbəri! Xurmalıqları mühacir qardaşlarımızla bizim aramızda böl, − deyə təklif edirdilər. İşin təəccüblü tərəfi o idi ki, bu təklifi məhz ənsar irəli sürürdü.
− Xeyr, − deyir əvvəlcə. Sonra da:
− Çalışıb alın təri tökməkdə müştərək hərəkət edin və əldə edilən meyvələri də aranızda bölüşdürün,− buyurur.[30] Bunun mənası açıq-aşkar idi: hər kəs bundan sonra əlindən gələni əsirgəməyəcək və məkkəli mühacirlərlə mədinəli ənsar ailələri əldə etdikləri məhsulu bir-biri ilə bölüşəcək və beləcə, qarşılıqlı yardımlaşma mühitində bir həyat yaşayacaqdılar. Səhabəni səhabə edən cavab gecikmir:
− Eşitdik və itaət etdik![31]
Bu vaxt “Nisa” surəsinin 33-cü ayəsi də nazil olmuşdu və qohumluq bağları xaricində belə bir varislik anlayışının qeyri-mümkünlüyünü bildirirdi.
Ənsarın fərqi
Göründüyü kimi, mühacirlər çiyinlərinə düşən vəzifələri yerinə yetirir, ənsar da daha artıq işlər görməyin, dəstək olmağın həyəcanını yaşayırdı. Məkkəni qoyub gələn qardaşları istəməsə də, Ənsar nəsə etmək istəyir və bu məsələdə israr edirdi.
Bir gün yığışıb öz aralarında söhbət edirdilər:
− Uca Allah bacımızın oğlunun (Allah Rəsulunun) vasitəsilə bizə hidayət verdi. O isə hamının işini, bütün sıxıntıları öz çiyinlərinə götürmüşdür. Halbuki, Onun əlində bütün bunları etməyə imkanı da yoxdur. Elə isə, biz əlimizdən gəldiyi qədər aramızda mal-mülk toplayaq və Ona verək ki, bu xeyir işlərində qoluna qüvvət olsun!
Bu fikir vəziyyəti düzgün şərh edirdi, əsl həqiqətin özü idi. Məhz bu, ənsarın fərqi idi və çox keçmədən məsələnin sadəcə söz kimi qalmadığını göstərəcək və zəruri mal-mülk toplayıb Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələcəkdilər. Hz. Məhəmmədə belə deyirdilər:
− Ey Allahın Rəsulu! Sən bizim bacımız oğlusan! Allah (cəllə cəlaluhu) bizə Sənin vasitənlə hidayət bəxş etdi. Sən isə bütün xeyir işlərini öz üzərinə götürmüş və hər cür çətinliyi, sıxıntını öz çiyinlərində daşıyırsan. Halbuki, Sənin əlində bunu etmək üçün imkan da yoxdur! Biz oturub öz aramızda məsləhətləşdik və bunları yığmaq qərarına gəldik. Ümid edirik ki, bununla az da olsa Sənə kömək etmiş, xeyir işlərində imkanlarını artırmış olarıq. Bunları bizdən qəbul et!
Bu nə diqqət, bu nə nəzakət idi? Ancaq xeyir iş naminə yollar aşan haqq yolçusu həm də gözütox olmalı və atdığı addımların əvəzində heç kimdən bir şey ummamalı idi. Şəxsən və əməli tərbiyə nümunəsi sərgilənirdi. Çox keçmədən Cəbrail gəlir və:
− Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən − əhli-beytə məhəbbətdən başqa bir şey istəmirəm,[32] − mənasındakı ayəni gətirir. Deməli, bütün bunlar əvəz ummadan yola davam etmək həssaslığını zəruri edirdi. Müxatəblər nəzdində dəyər və qiymət qazanmağın yolu da buradan keçirdi. Bu, həm də zəif yer axtaran müşrik və kafir qruplarına əlverişli şərait hazırlamamaq mənasına gəlirdi. Çünki gözütoxluq nə qədər çox olur-olsun, dünya malından daha güclü bir güc mənbəyi demək idi.[33]
Peyğəmbər məscidinin inşası
Mədinəyə gəlmişdilər, amma hələ də öz həllini gözləyən bəzi məsələlər var idi. İlk növbədə möminləri bir yerə toplayan, Quran ayələrininin oxunduğu, müzakirə edildiyi, namazların qılınıb nəbəvi irşad və təbliğə qulaq verildiyi, gündəlik məsələlərin həll edildiyi, qısası, içində camaat şüurunun formalaşdığı bir məkana ehtiyac var idi və bu səbəbdən də dərhal bir məscid inşa etmək lazım idi. Artıq səmtinə sığınmağa Kəbə yox idi. Buna görə də, vaxt harada girirdisə, namazları elə oradaca da qılmağa çalışırdılar.
Əvvəlcə, inşaat işlərinin aparılacağı yer müəyyənləşdirilir. Bura dəvənin ilk çökdüyü yer idi və Nəccaroğullarının elçisi Əsad ibn Zürarənin himayəsində olan Səhl və Süheyl adlı iki cavana məxsus idi. Üzərində qoyun ağılları, köhnə tikililər və bir tərəfdə də bir neçə qəbir var idi.[34]
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ana tərəfindən qohumları olan Nəccaroğullarını hüzuruna çağıraraq həmin ərazini pulunu ödəmək şərtilə almaq istədiyini bildirir. Onlar isə:
− Allaha and olsun ki, biz bunun əvəzində heç nə istəmirik. Əvəzini yalnız Allahın verəcəyini düşünürük, − deyir və belə bir xeyirli işdə ilk bayraq qaldıranlardan olmaq istəyirdilər. Ancaq Rəsulullah (s.ə.s.) belə bir vacib məsələdə başqalarına yük olmaq istəmirdi. Buna görə də, Hz. Əbu Bəkirə səslənir və on dinar müqablində həmin ərazini satın alır.[35]
Beləcə, ərazi məsələsi də həll edilmiş, növbə tikinti işlərinin başlamasına gəlmişdi. Hamıda böyük həvəs vardı, kimi kərpic kəsir, kimi daş daşıyır, kimi də hazır materilalları üst-üstə düzüb yeni bir mədəniyyət inşa edirdi. Daşınan daş və kərpicləri Əsad bin Zürarə üst-üstə qoyub divarları hörür, Peyğəmbər məscidində ustalıq edirdi.
Müsəlmanların bu halında da bir gözəllik vardı. Məşəqqətli inşaat işlərini də sevinclə yerinə yetirirdilər:
− Allahım! Sənin axirət yurdundan başqa bir xeyir bilmirik və yoxdur da! Sən ənsar və mühacir olaraq dininə sahib çıxanlara kömək et,[36] − deyə dualar edir, mənzumələr söyləyən ahəngdar səslər səmaya yüksəlir və bütün bunlar o mühiti sanki bayram havasına çevirirdi.
Allah Rəsulu da inşaat işində çalışanlar arasında idi. Bütün təkidlərə baxmayaraq, daş və kərpic daşıyır, bununla da hər bir məsələdə camaatın arasında və önündə olduğunu göstərirdi. Ənsarla mühacirin coşqulu sözlərinə O (sallallahu əleyhi və səlləm) da qatılırdı:
− Allahım! Mükafat yurdu kimi təkcə axirət vardır! Sən ənsar və mühacirlərlə mərhəmətli davran, onları bağışla!
Ey Rəbbimiz! Bunları daşıyanlar Xeybər hambalları deyil, bunlar ən yaxşı və təmiz insanlardır, − deyirdi.[37]
Onun (s.ə.s.) çalışması ənsarı və mühaciri daha da coşdurmuşdu. Öz-özlərinə belə deyirdilər:
− Allah Rəsulu şəxsən işlədiyi halda, biz necə otura bilərik ki? Elə isə, bu işdə bizdən daha çox cəhd və daha çox əməl olmalıdır![38]
Bu vaxt Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) gözü Hz. Ammara sataşır: hər kəs kərpici və başqa avadanlıqları bir-bir daşıdığı halda, o, belində iki kərpic aparırdı. Allah Rəsulu (s.ə.s.) bu dinin yayılması uğrunda ilk şəhid olaraq doğma anasını qurban verən və müşriklərin amansız işgəncələrinə məruz qalan Hz. Ammara yaxınlaşır. Əvvəlcə başını sığallayaraq üstündəki toz-torpağı təmizləyir. Ammar isə dayanmaq bilmir, halını dəyişmədən işləməyə davam edirdi. Ardınca da Allah Rəsulu nəzərini bir istiqamətə cəmləyir. Aydın idi ki, qeybin pərdələri çəkilmiş, gələcəyə aid bəzi hadisələrə şahid olurdu. Çox keçmədən şəfqətli baxışları ilə bunları deyir:
− Vay Sümeyyənin oğlu Ammarın halına! Çünki onu azğın və yolundan sapmış bir topluluq şəhid edəcək![39]
Az vaxtda divarları kərpic, tavanları xurma lifi, sütunları xurma ağacları, döşəməsi də torpaq və qumdan olan bir məscid tikilmiş, namazlar da burada qılınmağa başlanmışdı. Bu məscidin üç qapısı var idi. O, küncləri yüz zira[40] uzunluğunda, kvadrat formasında bir məscid idi.
Bu vaxt həmçinin o günədək iki rükət qılınan namazlar bundan sonra dörd rükət olaraq təsbit edilmiş, səfər zamanı yenə iki rükət qılına biləcəyi qeyd olunmuş, adi vaxtlarda (sülh şəraitində) dörd rükət namaz qılınmasının fərz olduğu sabitləşmişdir.[41]
Minbərdən gələn səs
Artıq Məscidi-Nəbəvi inşa edilmişdi: cümə namazları da burada qılınırdı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xütbə oxumaq və insanlarla danışarkən göz-gözə gəlib ünsiyyət qurmaq üçün bir xurma kötüyünün üstünə çıxır və əshabına buradan səslənirdi. Minbərin çox sadə quruluşu vardı. Bir gün Mədinəyə kənardan gələn səhabələrdən biri Allah Rəsulunun bu vəziyyətini görüncə üzünü yanındakı ənsara tutur və belə deyirdi:
− Əgər Allahın Rəsulu istər və bunu uyğun görərsə, mən Onun üçün bir minbər düzəldərəm. İstəsə, onun üstünə çıxıb xütbə oxuyar və ya xütbə oxuyarkən yanında dayanıb ona söykənər.
Həmin adamın bu təklifi Peyğəmbərimizə (s.ə.s.) də çatdırılır və Allah Rəsulu onunla bu məsələ haqqında danışır. Rəsulullaha (sallallahu əleyhi və səlləm) da eyni şeyləri deyirdi:
− Ey Allahın Peyğəmbəri! Sənə cümə günləri üstünə çıxıb insanlara xütbə oxumaq üçün bir minbər düzəldimmi? Bununla da hamı Səni görər və Sən də xütbəni hamıya çatdırarsan!
Səmimi və gözəl təklif idi. Belə bir minbərin hazırlanmasına ehtiyac da var idi. Buna görə də, Hz. Məhəmməd (s.ə.s.):
− Yaxşı, düzəlt, − buyurur.
Artıq icazə də alınmış və həmin adam minbəri düzəltməyə başlamışdı. Bir müddət sonra da üç və ya dörd pilləli bir minbər hazırlanmış və əvvəlki xurma kötüyü də bir tərəfə qoyulmuşdu.
Cümə günü idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xütbə oxumaq üçün təzə minbərin üstünə çıxır və bu əsnada əvvəlki minbərdən dəvə iniltisinə oxşar bir səs gəlir. Təəccüblüsü o idi ki, bu səsi məsciddəkilərin hamısı eşidirdi. Sanki kötük üzüntü və kədərindən ağlayırdı.
Peyğəmbərimiz (s.ə.s.) əvvəlcə səsin gəldiyi tərəfə dönür. Görünür, xurma kötüyü bir tərəfə atılıb unudulmaqdan, Rəsulullahı (sallallahu əleyhi və səlləm) bir daha görə bilməməkdən iztirab çəkirdi. Bəlkə, kötük özünün bu halı ilə, şüurlu olduqları halda Ondan ayrı qalanlara, Ona könlünü verib gətirdiyi dinlə bütövləşməyənlərə əbədi bir dərs vermək istəyirdi.
Yəqin idi ki, inilti səsi kəsilməyəcək. Buna görə də, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xurma kötüyü tərəfə gedir. Yanına gəlir və mübarək əllərini kötüyün üstünə qoyub sığallamağa başlayır. Bu nə idi? İnilti səsi kəsilmiş və kötük sakitləşmişdi. Ayrılıq qəmi vüsalın şirinliyi ilə unudulmuş və xurma kötüyü də səssizliyə bürünmüşdü. Peyğəmbərimiz bir az da əyilir və:
− İstəyirsən səni yenə əvvəlki yerinə qoyum, ya da cənnətdə bir yerə qoyum və sən onun bulaqlarından istifadə et. Gözəl-gözəl budaqların çıxsın və Allahın ən sevimli bəndələri də sənin meyvələrindən yesinlər, − deyə buyurur. Artıq aydın idi ki, ikinci təklifə “bəli” deyir və bunun ardınca üzünü əshabına tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
− Onu cənnətdə əkməyimi istədi, − buyurur.[42]
Sonra da kötüyü mehrab tərəfə qoyacaq və namazlarını ona yönələrək qılacaqdı.[43] Aydın idi ki, O da vəfaya vəfa ilə cavab verir və ümmətinə vəfa dərsi verirdi. Çünki onu görənlər həmin hadisəni xatırlayacaq və Peyğəmbərin ayrılığına dayana bilməyib ağlayan bir xurma kötüyü vasitəsilə baş verən bu möcüzəni başqalarına da danışacaqdı.
İlk əzan
Məkkə kin-küdurət püskürən səs-küylü bir ab-havaya malik idi. Burada birgə namaz qılmaq ancaq səssiz və xəlvət yerlərdə mümkün ola bilərdi. Ancaq Mədinə daha munis, camaatla birgə namaz qılmağa daha əlverişli idi. Üstəlik, burada artıq Məscidi-Nəbəvi inşa edilmiş: camaat namazlarına hazır gözləyirdi.
Namaz vaxtları da məlum idi, ancaq bu vaxtları müsəlmanlara xatırladıb onları namaza çağırmaq üçün hələ bir metod yox idi. Buna görə də, əvvəlcə yəhudilərdə olduğu kimi şeypur çalmaq məsələsi gündəmə gətirilir, amma qəbul edilmir. Sonra xristianlardakı kimi kilsə zəngi haqqında söhbət açılır, bu da məsləhət görülmür. Deməli, yeni bir xəbər gözlənilirdi.
Namaza dəvətin müzakirə edildiyi bu günlərdə Abdullah ibn Zeyd Peyğəmbərimizin hüzuruna gəlmiş, yuxusunu danışırdı:
− Ey Allahın Rəsulu! Bu gecə yuxumda iki parçadan tikilmiş yaşıl paltar geyən bir adam yanıma gəldi. Əlində böyük bir zəng vardı. Mən ondan:
− Ey Allahın bəndəsi! Bunu mənə satarsanmı? − deyə soruşdum.
− Onunla nə edəcəksən? − dedi. Mən də:
− Onunla insanları namaza çağıracağam, − cavabını verdim.
− Bundan daha xeyirlisini sənə öyrədimmi? − dedi.
− Nədir o? − deyəndə bunları söyləməklə insanları namaza çağırmağı söylədi:
− Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.
Əşhədu ən lə iləhə illəllah, Əşhədu ən lə iləhə illəllah.
Əşhədu ənnə Məhəmmədən Rəsulullah, Əşhədu ənnə Məhəmmədən Rəsulullah.
Hayyə aləs saləh, Hayyə aləs saləh.
Hayyə aləl fələh, Hayyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Allah Rəsulu (s.ə.s.) bunları eşidən kimi:
− Şübhəsiz ki, bu, doğru və haqq yuxudur, − buyurur. Deməli, danışılanlar çox xoşuna gəlmişdi.
Birdən məclisdə Cəbrailin havası hiss edilir. Yeni xəbər gəlir, vəhyin əlamətləri çəkilib məclis də sakitləşəndən sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) Hz. Abdullahı hüzuruna çağırır və bunları söyləyir:
− Dur və bunları Bilala da öyrət! Bu sözləri insanlara o çatdırsın. Çünki onun səsi səninkindən daha gurdur.
Çox keçməmiş artıq Hz. Bilal əzanla insanları namaza dəvət edirdi.
Digər tərəfdə isə Hz. Ömər Peyğəmbərimizin arxasında namaz qılmağa tələsir, gördüyü yuxunu Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) danışmağa can atırdı, çünki bu bir neçə gündür müzakirə edildiyi halda, nəticəsiz qalan namaza çağırış məsələsini həll edəcəkdi. Bu düşüncələr içində birdən Hz. Bilalın yanıqlı səsini eşidir. Məəttəl qalmışdı, çünki bu səs yuxusunda ona deyilən sözləri təkrar edirdi. Bütün bunlar həqiqət idimi, yoxsa hələ yuxu görürdü?
Paltarının ətəklərini əlinə yığıb iti addımlarla Məscidi-Nəbəviyə tərəf getməyə başlayır. Allah Rəsulunun (s.ə.s.) hüzuruna çatanda təngnəfəs olmuşdu. Və:
− Ey Allahın Rəsulu! Səni Haqq ilə göndərənə and olsun ki, bunun eynisini mən də yuxuda görmüşəm, − deyir.
Allah Rəsulunun duruşundan “Səndən daha çoxuna Mən şahid oldum” sözləri oxunurdu və Hz. Ömərə tərəf dönüb iltifatla:
− Bu mövzuda vəhy səni qabaqladı, − deyir, ardınca da:
− Buna və Ömərin yuxusuna görə Allaha həmd olsun, − buyuraraq Uca Rəbbimizə şükür edir.[44]
Beləcə, möminlər üçün namaza çağırış məsələsi öz həllini tapmış və gündə beş dəfə səmalar Allah və Rəsulunun adı ilə şənlənməyə başlamışdı. Namazın bayrağı olan bu çağırışa o gündən etibarən “əzan” deyiləcəkdi.
Əshabi-Suffə
Yeni məskən Mədinə başqa bir yeniliyə də səhnə olurdu. Rəsulullah (sallallahu əleyhi və səlləm) gələn ayələri bölüşməyə, Allahın razı olduğu məsələləri müzakirə etməyə münasib adamları Məscidi-Nəbəviyə toplamağa başlayır.
Başqaları bazarda ticarətlə, bağ-bostanlarda əkin-biçinlə məşğul ikən bu adamların yeganə məqsədi dini məsələlərin hədər olmasının qarşısını almaq və Rəsulullahdan öyrəndikləri kültürü başqalarına da çatdırıb təbliğ mərhələsini doğru və daimi bir keyfiyyətlə sürətləndirmək idi. Bunları edərkən aclığın ağrısını hiss etməmək üçün qarınlarına daş bağlayır, çox vaxt da acından huşlarını itirib yerə yıxılırdılar. Amma onlar üçün dinə aid bir məsələnin inkişafı hər şeydən vacib idi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) başqa səhabələrlə söhbətində bu adamlara göz-qulaq olmağı tövsiyə edir, bəzən də onları səhabələri arasında bölüşdürüb ehtiyaclarını təmin etməyə çalışır və özü də ailəsindən çox bu adamları düşünürdü.[45]
Əbu Hureyrə kimi bir səhabənin də içində olduğu Əshabi-Suffənin sayı dəyişkən olmaqla yanaşı, bəzən otuza çatırdı və bu səhabələr Məscidi-Nəbəvidən həm də ev kimi istifadə edirdilər. Çünki onların nə daldalanmağa bir evləri vardı, nə də əl tutacaq yaxınları… Amma onlar heç kimdən heç nə ummaz və şəraitdən asılı olmayaraq, hallarından razılıq edərək Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilə müştərək bir həyat yaşamağı hər şeydən üstün tutardılar. Quran onlardan bəhs edərkən bu ifadələri işlədəcəkdi:
− Özlərini Allah yoluna həsr edib yer üzündə hərəkət etmək imkanı olmayan yoxsullar var ha, onlar insanlardan bir şey istəməkdən çəkindiklərinə görə, başqa adamlar onları dövlətli zənn edərlər. Ya Rəsulum! Sən isə onları üzlərindən tanıyırsan. Onlar həya edib heç kəsdən bir şey istəməzlər. Mallarınızdan onlara xeyir adına nə verdiyinizi, şübhəsiz ki, Allah bilir![46]
Bu səhabələr hansı ayənin harada və necə nazil olduğunu, Peyğəmbərimizin şərəfli bəyalarının hansı şəraitdə və harada söyləndiyini ən yaxşı bilən adamlar idi. Çünki onlar yalnız elmlə məşğul olur və ibadətlə dolu bir həyat yaşayırdılar. Dinlə bağlı haradansa bir tələb gələndə bu səhabələrdən biri seçilir və tələb edənlərə dini öyrətmək üçün müəllim kimi göndərilirdi. Xülasə, bu şəxslər elm baxımından Peyğəmbərimizin (s.ə.s.) varisləri məqamında idilər.
Əshabi-suffənin çoxlu hədis rəvayət etməsinə dair şikayətlər çoxalanda bu səhabələrdən biri olan Hz. Əbu Hureyrə (r.a.) irəli atılır:
− Rəsulullah (sallallahu əleyhi və səlləm) yatsı namazında hansı surələri oxumuşdu?− deyə soruşur. Şikayətçi:
− Yadıma düşmür, − cavabını verir.
Əbu Hureyrə (r.a.):
− Yoxsa sən namazda yox idin? − deyə təkrar soruşur. Adam:
−Xeyr, var idim, − deyir.
Bundan sonra Əbu Hureyrə:
− Amma mən xatırlayıram, filan surələri oxudu, − deyərək Peyğəmbərimizin oxuduğu surələri bir-bir söyləyir.[47] Bu, əməli bir dərs vermək idi və Əbu Hureyrə (r.a.) əlavə edir:
− Mühacir qardaşlarımız bazarda alış−verişlə, ənsar qardaşlarımız da bağ-bostanlarında əkin-biçinlə məşğul olarkən Əbu Hureyrə bir qarın çörəyə Allah Rəsulunun ardınca düşmüş, başqalarının eşitmədiyini eşidir, onların yadda saxlaya bilmədiyini əzbərləyirdi.[48]
Hər adam bu qədər məşəqqət və əziyyətə, əlbəttə, belə asanlıqla qatlana bilməzdi. Bir tərəfdə qarşılarında Qureyza və Nadroğulları dayanır və onların din adamlarının əlindəki imkanlar da nəzərə çarpırdı. Bir insan olaraq Suffə əhlindən də olsa, bəzi adamlar daha yaxşı imkanlar əldə edib rahat yaşamaq arzusuna düşə, firavanlıq həsrətini çəkə bilərdilər. Eyni zamanda bu, təkcə onları maraqlandıran bir məsələ deyildi. Qarunun sərvəti qarşısında gözü qamaşıb bu cür imkanlar arzusuna düşənlər olduğu kimi,[49] o gün də buna bənzər tələblər meydana gələ, sosial statusdakı məqamından narahatlıq keçirən adamlar ortaya çıxa bilərdi.
Cəbrail bütün bunlara son nöqtəni qoymaq üçün yenə gəlirdi. Gətirdiyi ayədə Uca Allah bəndələrinin qulağında sırğa olacaq bu ifadələri buyururdu:
− Əgər Allah bütün bəndələrinə bol ruzi versəydi, bəzi adamlar yer üzünün keçici rənginə aldanar və dünyaya dalar, müvazinəti itirib yoldan azardılar (həddi aşardılar). Lakin O, ruzisini istədiyi ölçüdə verir. Allah Öz bəndələrindən xəbərdardır, onların bütün etdiklərini və edəcəklərini də görür![50]
İlahi Rəhmət və açılan əfv qapısı
Bu günədək gələn ayələrə və Peyğəmbərimizin bəyanlarına nəzər salanda ilahi əzabın dəhşəti qədər Allah mərhəmətinin genişliyi də möminlər arasında məlum məsələ idi. Amma hər kəs bunu eyni səviyyədə dərk edə bilməmişdi. Xüsusilə də, Quran və Sünnə kimi iki əsas mənbədən uzaq qalanlar və ya hələ təzə müsəlman olanlar həm keçmişdəki səhvlərinin xəcalətini çəkir, həm də Allahın əzabından duyduqları əndişəni iliklərinə kimi hiss edirdilər. Əslində, Allah Rəsulu (s.ə.s.) İslamın müsəlman olunca keçmişə aid bütün cahil əməlləri təmizlədiyini bildirirdi.[51] Ancaq vicdan adlı mexanizm tez-tez meydana girir və səmimi müsəlmanlara belə İslamdan əvvələ aid hadisələri xatırladır, onları narahat edirdi. Onsuz da, səhabələrin hamısı əvvəlki həyatın əvəzini çıxmağa çalışır və buna görə də, keçmişdə etdikləri xətalardan arınıb özlərini əfv etdirmək üçün əllərindən gələni əsirgəmirdilər.
Bəzi adamlar işin həqiqi tərəfini az da olsa başa düşmüş, amma heç cür iman cərgəsinə qoşula bilməmişdilər. Bir də bütlərə sitayiş etməklə adam öldürməyin necə böyük günah olduğunu eşitmişdilər, heç cür “tilsimi sındırıb” imanın rəhmət limanına sığınmaqla xətalarından uzaqlaşa bilmirdilər. Şeytan açıq-aşkar haqq surətində görünüb sağ tərəfdən yaxınlaşır və imanla yumşalan qəlblərə imansız dövrdə yaşadıqları pislikləri xatırladır, beləcə, onların xeyrə yönəlməsinə mane olurdu. Onlar keçmişə nəzər yetirəndə səhərəcən içki içib əylənməyi, əylənərkən də neçə-neçə namusu tapdalamağı göz qabağına gətirir və öz içlərində belə fikirləşirdilər:
− Məhəmməd bütlərə sitayiş edənlərin və haqsız yerə bir adamı öldürənin bağışlanmayacağını bildirir. Vəziyyət belə olduğu halda, biz necə iman gətirər və hicrət edib Mədinəyə köçə bilərik? Halbuki, biz Allahdan başqa tanrılar hesab etdiyimiz bütlərin qarşısında əyilib onlara qulluq etdik və Allahın haram buyurduğu əməli də − insan həyatına qıymağı da işlədik.
Digər tərəfdə isə Ayyaş ibn Əbi Rəbia, Hişam ibnul-As və Vəlid ibnul-Vəlid kimi müsəlman olan bəzi adamların yolu kəsilmiş və hicrət etmələrinə imkan verilməmişdi. Hətta bundan da pis rəftar edir, onları ciddi təzyiq altında saxlayır və dinindən döndərmək üçün işgəncə verirdilər. Möminlər bu əzablara və zülmlərə dözə bilməyib “bəli” deyənlərin halına acıyır və artıq onların ilahi nemətə qovuşacaqlarını güman etmirdilər. Hətta belə deyirdilər:
− Allah (cəllə cəlaluhu) əsla və heç vaxt onların tövbələrini qəbul edib bağışlamaz!
Belə bir vəziyyətdə yenə Cəbrail gəlmiş və mərhəmət qapısından ümid gözləyənlərə müjdə gətirmişdi:
− Ey Mənim günah işləyərək özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Çünki O, çox bağışlayan Ğafur, mərhəmət və ehsanı bol olan Rahimdir![52]
Bu ayələrlə birbaşa Allah (cəllə cəlaluhu) bəndələrinə ümid verir və günahının necəliyindən asılı olmayaraq, qapısına gələnlərin əliboş qayıtmayacağını ərz edirdi.
Səhabələr vəfalı insanlar idi. Başqa cür də ola bilməzdi, çünki onlar Əhli-Vəfanın − Allah Rəsulunun əlinin altında tərbiyə almış, dünyaya da vəfa dərsi verirdilər. Hz. Ömər də belə edəcəkdi. Bu ayələri eşidər-eşitməz Qubaya kimi onunla yol yoldaşı olan, orada Əbu Cəhilin tələsinə düşüb geriyə qayıdan və Məkkədə işgəncələrə məruz qalan Ayyaş ibn Əbi Rəbia ilə hələ Məkkədə maneələri aşıb heç cür hicrət etmək imkanı tapmayan Hişam ibnul- As, Vəlid ibnul-Vəlid və onlarla eyni vəziyyətdə olan digər insanlara bir məktub yazacaq və məktubunda həmin ayədən bəhs edərək onların əhval-ruhiyyəsini yüksəltməyə çalışacaqdı. Çünki belə bir imtahan içində olanları tək buraxmamaq və onlara mənəvi dəstək vermək lazım idi.
Möhnət içində yaşayan bu adamlar Hz. Ömərin məktubunu alınca yenidən özlərinə gələcək, heç nəyə baxmayaraq qapının onların üzünə açıq olduğunu görüb Mədinəyə hicrət yollarını axtaracaq və bir gün buna da nail olacaqdılar. Məktubu oxuyan kimi dərhal Zituva adlı yerə gələn Hişam həmin gün sevincini ifadə etməyə söz tapa bilməyəcək və dəvəsinə minib birbaşa Mədinəyə yollanacaqdı.[53]
Əsad ibn Zürarənin vəfatı və nifaq toxumunun cücərməsi
Ənsar arasından Əqabə beyətlərində iştirak edən və Bəni Nəccaroğullarının nümayəndəsi seçilən böyük səhabə Əsad ibn Zürarə (Əbu Ümamə) Məscidi-Nəbəvinin tikintisi ərəfəsində xəstələnmiş, evində xəstə yatırdı. Çox keçmədən də, vəfat xəbəri gəlir. Bu, hicrətdən sonra baş verən ilk hadisə idi. Mədinə bir anda yasa bürünmüşdü. Kədərə qərq olanların başında, əlbəttə ki, Allah Rəsulu (s.ə.s.) dayanırdı. Ancaq bu da bir tale idi və əldən heç nə gəlməzdi.
Digər tərəfdən, bir qüsur tapıb tənqid etməyə fürsət axtaranların günü doğmuşdu:
− Əgər Məhəmməd, həqiqətən peyğəmbər olsaydı, Onun səhabələri ölməzdi, − deyirdilər.
Qəribə vəziyyət idi: “Sanki əvvəlki peyğəmbərlərin səhabələri ölümsüzlük şərabı içmiş və əbədi yaşayırdı”. Əslində bunu deyənlər Hz. Musanın və Hz. Harunun da fani, yəni ölümlü bir insan övladı olduğunu bilir və İsrailoğullarının da fani olduğunu görürdülər. Deməli, məsələ ölümsüzlük tələb etmək deyildi, əsl məqsəd sabitliyi pozmaq idi.
Digər tərəfdən isə belə bir münasibət insanların məcbur qalıb gizlətdiyi həqiqi niyyətlərini ortaya çıxarır və nifaq toxumlarının ortaya çıxmasına səbəb olurdu. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) kədərini dilə gətirərkən belə buyuracaqdı:
− Əbu Ümamənin ölümü ilə ərəb münafiqlər və bəzi yəhudilər nə pis mənfəət yarışına başladılar! Onlar “Əgər Məhəmməd həqiqi peyğəmbər olsaydı, səhabələri ölməzdi” deyirlər. Fəsubhanəllah! Mən Allahın iradəsinin qarşısında nə özümə, nə də hansısa yoldaşıma sahib ola bilmərəm!”[54]
Peyğəmbərimizin bu cümlələri bir səhabənin vəfat etməsini bəhanə edib öz niyyətlərini ortaya qoyan münafiqlərə və fürsət düşkünlərinə sitəmlə dolu idi. Çünki ölümü verən də, həyatı alan da Allahdır və onlar da bunu çox yaxşı bilirdilər.
Cənazənin kəfənlənmə və dəfn işləri qurtarandan sonra Nəccaroğulları Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gələrək:
− Ey Allahın Rəsulu! Bilirsən ki, Əbu Ümamə bizim elçimiz idi. Artıq o vəfat edib, Sən onun yerinə bizlərdən birini elçi təyin et!
Allah Rəsulu (s.ə.s.) əvvəlcə şəfqət və mərhəmət dolu baxışları ilə onları qucaqlayır. Sonra da:
− Siz mənim dayıuşaqlarımsınız. Mən də sizlərdən biri sayılıram. Bundan sonra, sizin nümayəndəniz də mənəm, − deyə buyurur. Bəni-Nəccarın sevincinin həddi-hüdudu yox idi. Düzdür, ən etibarlı elçilərini itirmişdilər, amma indi Allah (c.c.) onlara insanlığın ən xeyirlisi olan Rəsulunu vəkil etmişdi.[55]
Qəbiristanlıqdakı söhbət
Gülsüm ibnul-Hədm adlı səhabə vəfat etmişdi. Allah Rəsulu (s.ə.s.) mərhumu son mənzilə yola salmaq üçün Bayıyyul-Qarqad qəbiristanlığına gəlmişdi. Salmani-Farisi də Onun yanında idi. Salmani-Farisi Rəsulullah haqqında iki əlaməti − sədəqə götürmədiyini, hədiyyə qəbul etdiyini sınaqdan çıxarmışdı, üçüncüyə fürsət axtarır, bunu da görüb əmin olmaq istəyirdi.
Allah Rəsulunun əynində iki parçadan ibarət paltar var idi. Birini digərinin üstünə atmışdı, yaxalığı azca aralanmış, boynu görünürdü. Salmanda ümid oyanmışdı bir anda… Son şeyxinin söylədiyi peyğəmbərlik möhürünü görmək ümidi… Axırıncı əlaməti də görmək üçün Rəsulullahın arxa tərəfinə keçir. Allah Rəsulu da onun bu hərəkətini hiss etmişdi. Yəqin idi ki, bu adam nəsə axtarır… Onu çətinə salmaq istəmirdi, görsün deyə çiynindəki örtüyü bir az da aralayır.
Aman, Allahım! Bəli, bəli, möhür də var idi. Həm də eynilə ammuriyyəli rahibin dediyi kimi…
Salman özünü itirmişdi. Bəli, peyğəmbərlik möhürü də vardı. Dayana bilməyib Onun üstünə atılır və öpməyə başlayır. Özünü ələ ala bilmirdi. Bu arada da göz yaşları selə dönmüşdü. Hıçqırıqlarını saxlaya bilmirdi. Bu idi illərdir axtardığı vüslət… Sanki tale Salmanın üzünə gülmüş və “axtar” demişdi. O da yerimiş, indi axtardığını tapmışdı və bunun həyəcanı ilə iliklərinədək həzz duyurdu.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Salmanı yanına çağırır və qarşısında otuzdurur. Başına gələnləri bir-bir danışdırır… İranı necə tərk etdiyini, Şama gəlişini, Mosuldakı axtarışını, Nusaybində qalmasını və Ammuriyyədə kimlərlə rastlaşdığını, orada başına gələn macəraları ardıcıllıqla danışır. Sonra da son keşişin sözlərini Rəsulullahla (s.ə.s.) bölüşür. Çox arayıb-axtarmışdı, amma indi vüsalın həzzini yaşayırdı.
Danışdıqları Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) də xoşuna gəlmişdi. Səhabələrin də qulaq asması üçün Salmandan həyat hekayəsini təkrar danışmağı istəyəcəkdi.[56]
[1]. Bax: Buhari, Sahih, 3/1421 (3694); ibn Sa’d, Tabakat, 1/236
[2]. Yəsrib sözünün əvəzinə Mədinə adının işlədilməsini Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) daha çox istəyirdi, çünki Yəsrib sözü “fitnə-fəsad və ya günaha görə hesaba çəkilib cəzalandırılan” mənasına gəlirdi. Buna görə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Mədinəyə “Yəsrib” deyən Allahdan bağışlanmasını istəsin! O, təmizdir. O, təmizdir. O, təmizdir”,−buyurmuşdur. Bax: Ahmed b. Hanbel, Müsned, 4/285; Salihi, Sübülül-Hüda ver-Reşad, 3/296.
[3]. Bax: Ebu Davud, Sünen, 2/699 (4923)
[4]. İbn Kesir, el-Bidaye, ven-Nihaye, 3/197. Bəzi rəvayətlərdə bu şeirlərin Təbukdan sonra Mədinəyə daxil olarkən tərənnüm edildiyi haqda məlumat da var. Bax: ibn Kesir, Sire, 4/38.
[5]. Muhibbutaberi, er-Riyadun-Nadıra”, 1/480. Bəzi alimlər qeyd edilən ilahilərin hicrətdən sonra Mədinəyə ilk dəfə gəlişlərində yox, Təbuk döyüşündən qayıdarkən söylədiklərini bildirirlər. Bu məsələ ilə bağlı rəvayətlər birləşdiriləndə aydın olur ki, bu beytlər hər iki vaxtda oxunmuşdur. Bax: ibnul Kayyim, Zadül-Mead, 3/10; Mübarekfuri, er-Rahikul Mahtum, səh. 162
[6]. İbn Mace, Sünen, 1/612 (1899)
[7]. Rəvayətlərdə qeyd olunur ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu ifadəni düz yeddi dəfə təkrar etmişdir.
[8]. İbn Mace, Sünen, 1/612 (1899)
[9]. Dəvənin çökdüyü yer Səhl və Süheyl adlı iki gəncə aid bir ərazi idi və qoyun ağılı kimi istifadə olunurdu.
[10]. İbn Hişam, Sire, 3/22 və b.
[11]. Əsadül-Hımyeri güclü bir hökmdar idi. Əvvəllər Mədinəni mühasirəyə almaq üçün bura qədər gəlmiş, qarşısına çıxıb ona: “Sən buranı mühasirəyə ala bilməzsən, çünki bu məkan gələcəyini gözlədiyimiz Son Peyğəmbərin hicrət yeridir!” − deyən iki yəhudi gənci də özü ilə götürüb geri qayıtmışdı. Artıq o, iman əhli idi. Sonralar Məkkəyə gələcək və ilk dəfə Kəbəyə örtük tikdirərək yeni bir ənənənin əsasını qoyacaqdı. Daha sonra Mədinəyə gələn hökmdar burada dörd yüz din aliminin onu gözlədiyini görəcək və bunun səbəbini soruşanda: “Bu bölgənin şərəfi burada zühur edəcək Məhəmməd adlı bir Peyğəmbərlə bağlıdır. Bura Onun hicrət edəcəyi yerdir!” − cavabını alacaqdı.
Həmin hökmdar Mədinədə məskunlaşacaq, hamının gözlədiyi Son Peyğəmbərin bura hicrət edərkən qalması üçün evini inşa edəcəkdi. Özünü görmədən Ona bağlılığını elan edən bu hökmdar haqqında Allah Rəsulu da: “Tubba haqqında mənfi şeylər danışmayın, çünki o, müsəlman idi. Kəbəyə ilk dəfə örtüyünü geyindirən də Əsadül-Hımyeri idi” (Ahmed ibn Hanbel, Müsned, 4/340; Hindi, Kenzul-Ummal, 12/80-81),− deyərək onun fəzilətindən danışacaq: “Peyğəmbərdir, yoxsa yox, bunu bilmirəm” (Hindi, Kenzul-Ummal, 12/81), − deyə iltifat göstərəcəkdi.
[12]. Əsadül-Hımyeri Mədinəyə gələndə burada dörd yüzə yaxın din alimi var idi. Onların hamısı Son Peyğəmbərin gələcəyini gözləyirdi. Onlardan bunun səbəbini soruşanda “Biz kitablarımızda gorürük ki, Allahın göndərəcəyi Son peyğəmbər Məhəmməd bura hicrət edəcək. Biz Onu burada qarşılamaq üçün gözləyirik”, − cavabını eşitmişdi. Onların bu səmimi niyyətlərini görən Hımyeri hər birinə bir ev tikdirəcək, bu şəxslərin başqa ehtiyaclarını da təmin edəcək və bununla da Peyğəmbərimizə həsrət könüllərə az da olsa, təsəlli olmağa çalışacaqdı. Bax: Salihi, Sübülül-Huda,ver-Reşad 3/274.
[13]. Bax: Halebi, Sire, 2/278, 279
[14]. Bax: ibn Kesir, Tefsir, 4/183
[15]. Hətta zəif məlumat da olsa, bəzi rəvayətlərdə Əba Əyyub əl-Ənsarinin bu şeiri şəxsən evinə təşrif gətirən Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) təqdim etməsi (Bax: Salihi, Sübülül-Huda ver-Reşad,, 3/274), yaxud zühurunu eşidən kimi bu məktubu Əbu Leyla adlı bir elçi ilə Allah Rəsuluna çatdırması haqqında bilgilər vardır. Əbu Leyla ilə qarşılaşan Rəsulullah (sallallahu əleyhi və səlləm): “Sən Tubba hökmdarının məktubunu gətirən Əbu Leylasanmı?” − deyə soruşmuş və o da: “Bəli, bəs Sən kimsən?” − deyə suala sualla cavab vermişdi. “Mən Məhəmmədəm. Məktubu gətir”, − deyəndən sonra Əbu Leylanın verdiyi məktubu açıb oxumuşdu. Məktubun üstündə bunlar yazılmışdı: “Aləmlərin Rəbbinin Elçisi və bütün peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmmədə Hımyerin ilk Tubbasından”. Məlikin məktubun elə üstündəki ifadələrdə Rəsulullaha olan ehtiramını dilə gətirməsi və Rəsulullahın ismini öz adından əvvəl yazması diqqətçəkən məqamdır. Məktubda bunlar yazılmışdı: “Ya Məhəmməd! Mən Sənə, Sənin və bütün varlığın Rəbbinə, Rəbbindən gətirdiyin hər şeyin imanın və İslamın şüarları olduğuna iman gətirdim. Bunun səbəbi isə bu yazı vasitəsilə Sənə xəbər çatdırıb sabah axirət günündə mənə şəfaət etməyin və məni unutmamağınla bağlıdır. Bunu bil ki, mən Sən hələ gəlməmişdən və Allah da hələ Səni göndərməmişdən əvvəl Sənə iman gətirən qabaqcıllardanam. Mən Sənin və İbrahimin dini üzərindəyəm”. Məktubu oxuduqdan sonra “Əvvəl və axır etibarilə hər şey Allaha aiddir” mənasındakı ayəni oxuyan Allah Rəsulu üç dəfə:
− Sənə də salam olsun, ey Tubbadakı saleh qardaş, − deyə cavab vermişdi. Bax: Halebi, “Sire”, 2/278, 279.
[16]. Mədinə əhalisinin mənşəyi ilə bağlı müxtəlif rəvayətlər var. Hz. Musa ilə birlikdə həccə gələn İsrail oğullarından bir qrup gözlənilən Son Peyğəmbərin vəsflərini bildikləri üçün burada qalıb Onu gözləmək istəmişdilər. Həmçinin yaşadıqları yerdə Buxtunnasır adlı zalım bir hökmdar var idi və orada özlərini əmin-amanlıqda hiss etmirdilər. Şamdan Yəmənə kimi məskən salmaq üçün yer axtarmış və Tövratda bəhs olunan xüsusiyyətlərə uyğun gələn yer kimi ən axırda Mədinəni tapmışdılar. Bunların ilk gəldikləri yer Bəni-Qaynuqa bazarının yerləşdiyi ərazi idi. Sonralar başqa ərəb tayfaları onlarla birlikdə Mədinə şəhərini meydana gətirmişdilər. Digər bir rəvayətdə isə bunlardan əvvəl amelikalıların burada yerləşdikləri bildirilir. Əvs və Xazrəc isə Yəmən tərəflərdən buraya gəlmiş və oradakı çətinliklərdən xilas olmaq üçün Mədinədə məskunlaşmışdı. Bax: Salihi, Sübülül-Huda ver-Reşad, 3/271 və b.
[17]. Bax: Salihi, Sübülü’l-Huda ve’r-Reşad, 3/275
[18]. Muslim, Sahih, 3/1623 (2053)
[19]. Muslim, Sahih, 3/1623 (2053); Ahmed b. Hanbel, Müsned, 5/420 (23616)
[20]. Haqqında danışılan yemək çoxlu soğan və ya sarımsaq olan yemək idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəhy mələyi Cəbraillə görüşdüyü üçün yeməyi iyinə görə xoşlamamış və buna görə də, yeməmişdi. Bax: Müslim, “Sahih”, 3/1623 (2053); ibn Hişam, “Sire”, 3/27−28.
[21]. Ahmed b. Hanbel, Müsned, 3/111 (12110)
[22]. Daha sonra, Hz. Həmzə Uhud günü hicrətdəki qardaşını özünə varis təyin edəcəkdi. Bax: ibn Kesir, el-Bidaye ven-Nihaye, 3/226.
[23]. Bəzi mənbələrdə Zübeyir ibn Avvamın Abdullah ibn Məsudla qardaşlaşdığı qeyd edilir.
[24]. Bu vaxtlar Hz. Cəfər ibn Əbu Talib hələ Həbəşistanda idi.
[25]. Hz. Bilal Hz. Ömərin qurduğu Divanda qeydiyyat aparılarkən “Rəsulullahın elan etdiyi qardaşlıqdan əsla ayrılmaram”, − deyərək hicrətdən sonrakı qardaşı Əbu Ruveyha ilə adını birləşdirəcək və bundan sonra həbəşlilərin adı həmişə Hasamoğulları ilə bir yerdə yad ediləcəkdi. Bu gün onun qəbri də Şamda Hasam məhəlləsindədir. Bax: ibn Sad, Tabakat, 3/234
[26]. Bax: ibn Sa’d, Tabakat, 1/238
[27]. Bax: “Haşir” surəsi, 59/9
[28]. Bax: Ahmed b. Hanbel, Müsned, 3/190, 271; ibn Sa’d, Tabakat, 3/126
[29]. Bax: Buhari, Sahih, 3/1378 (3569-3571); Muslim, Sahih, 2/1042 (1428); ibn Sa’d, Tabakat, 3/126
[30]. Bax: Buhari, Sahih, 3/1378 (3571)
[31]. Bax: Hakim, Müstedrek, 2/199 (4833); ibn Teymiye, Mecmuatu’l-Fetava, 14/157
[32]. Bax: “Şura” surəsi, 42/23
[33]. Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 389
[34]. Bu məkan eyni zamanda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və mühacirlər Mədinəyə gəlməmişdən əvvəl də namaz qılmaq üçün möminlərin bir yerə yığışdığı yer idi. Onların namazlarını Əsad ibn Zürarə qıldırırdı. Bax: ibn Sad, Tabakat, 1/239, 240.
[35]. Bax: Ahmed b. Hanbel, Müsned, 3/211 (13231); ibn Sa’d, Tabakat, 1/239, 240
[36]. Tayalisi, Müsned, 1/277 (2085) ; ibn Sa’d, Tabakat, 1/240
[37]. Buhari, Sahih, 3/1421 (3694) ; ibn Sa’d, Tabakat, 1/239, 240
[38]. Bax: Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 174
[39]. Müslim, Sahih, 4/2236 (2916); Hakim, Müstedrek, 2/162 (2652); ibn Sad, Tabakat, 1/239, 240. Hz. Ammar bu hadisədən təxminən 37 il sonra Sıffın günü Hz. Əlinin tərəfində şəhid edilmişdi. Hz. Ammar şəhid ediləndə belə o, haqlılıq məsələsində bir meyar olmuş və bununla onun ölümü də İslam vəhdətinə xidmət etmişdir.
[40]. Bir zira insanın dirsəyi ilə barmaqlarının ucuna kimi olan ölçü vahididir. Orta hesabla 63 sm-ə bərabərdir. Bu hesaba əsasən, Məscidi-Nəbəvinin hər bir tərəfinin uzunluğu təxminən 62 metr, məscidin sahəsi də 3900 kvadratmetr olur (Ölçülər zirai-Haşimiyə əsasən çıxarılmışdır).
[41]. Bax: Buhari, Sahih, 1/137 (343); Muslim, Sahih, 1/478 (685)
[42]. Bax: Darimi, Sünen, 1/29
[43]. Zaman keçəcək, Məscidi-Nəbəvi yenidən inşa edilərkən bu kötüyü Ubeyy ibn Kab götürüb Peyğəmbərimizə aid bir xatirə kimi evinə aparacaqdı. Bax: ibn Sad, Tabakat, 1/252,253)
[44]. Bax: Ebu Davud, Sünen, 1/189 (499); ibn Hibban, Sahih, 4/573 (1679); Beyhaki,
Sünenu’l-Kubra, 1/390 (1704); ibn Hişam, Sire, 3/40-42
[45]. Bax: ibn Sa’d, Tabakat, 1/255, 256; 2/363; 8/25
[46]. Bax: “Bəqərə” surəsi, 2/273
[47]. İbn Sa’d, Tabakat, 2/363
[48]. İbn Sa’d, Tabakat, 2/363
[49]. Bax: “Qəsəs” surəsi, 28/79
[50]. Bax: “Şura” surəsi, 42/27; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 389, 390
[51]. Bax: Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 16/168
[52]. “Zumər” surəsi, 39/53
[53]. Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 384, 385
[54]. Ahmed b. Hanbel, Müsned, 4/138; Hakim, Müstedrek, 4/214; Heysemi, Mecmaü’z-Zevaid, 5/98
[55]. İbn Hişam, Sire, 3/39
[56]. Ahmed b. Hanbel, Müsned, 5/441 (23788); İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/512