Mənəviyyata Açılan Pəncərə

Qardaş-bacı münasibətləri

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük qardaş və ya bacının sərt mübahisələri müşahidə edilir.

 Ailədə uşaqların yola getməməsinin digər səbəbi isə bacı-qardaş arasında olan qısqanclıqdır. Qısqanclıq bəşərin yarandığı gündən mövcuddur. İnsanın böyüməsi ilə bu hiss kiçilib yox olmur, əksinə böyüyüb həsədə çevrilir, ictimai problem kimi varlığını davam etdirir. Saç-saqqalı ağaran, ancaq hələ də yaxınları, dost-tanışları ilə küsülü olan bir çox insan buna əyani misaldır. Kiçik yaşlarda qarşısı alınmayan qısqanclıq hissi böyüyəndə həsədə dönüb onları cəmiyyət üçün zərərli fərdlərə çevirir.

Bəzən uşaqlar valideynlərin yalnız onlara diqqət göstərməsini və yalnız onları sevməsini istəyir ki, bu da qısqanclığa səbəb  olur. Ana-atasını çox istəyən bir uşaq valideynlərini o biri qardaş və ya bacısına qısqanır. Bəzi uşaqlar isə bunu biruzə verməyib içinə salır. Belə uşaqlar bacı-qardaşlarına üzdə süni  mehribanlıq göstərir, ancaq təklikdə qalan kimi onları incidir.

Bir vaxtlar Hz Yaqubun böyük oğulları məhz qısqanclıq hissi ilə kiçik qardaşları Həzrəti Yusifə zərər vermək istəmiş, onu quyuya atmışdılar. Allah Təala Qurani-Kərimdə: “Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır” (Yusif, 12/7) buyuraraq bizə bu mövzuda xəbərdarlıq edir. Yaqub peyğəmbərin on iki oğlu vardı. Bunların ən kiçiyi Yusif və Bünyamin idi. Hz. Yaqub (əleyhissalam) övladlarından ən çox Yusifi istəyirdi və bunu biruzə verdiyi üçün də qardaşları onu qısqanırdı. Bir gecə Yusif (əleyhissalam) bir yuxu gördü. Yuxudan oyananda atasının yanına gedib ona: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.”(Yusif, 12/4)

Hz. Yaqub (əleyhissalam) oğlu Yusifin yuxusu barədə uzun-uzun düşündü. Allahın Yusifə böyük lütf  edəcəyini, onun digər insanlardan fərqli olacağını, şərəf və şöhrəti ilə yüksək məqamlara çatacağını anladı. Hz. Yaqub oğlanlarının Yusifi qısqandığını bilirdi. Ona pislik etmələrindən qorxdu və belə dedi: “Can oğul!” “Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir.”(Yusif, 12/5)

Quran Hz. Yusifin (əleyhissalam) qardaşlarının şər əməllərindən də bəhs edərək qardaşlar arasında qısqanclığın hansı səviyyəyə çata biləcəyini də göstərir: “Bir zaman onlar (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox güclü) olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bünyamin) atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir! Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh olarsınız!” (Yusif, 12/8-9)

Bu məsələdə valideynlərin vəzifəsi qısqanc olmamağı öyrət­mək deyil, uşağın qısqanclıq etdiyini başa düşmək və bu hislərə hakim olmağı öyrətməkdir. Bu baxımdan, uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək və mübahisələrə nəzarət etmək olduqca çətindir.

Şübhəsiz ki, qısqanclıq insanın təbiətinə xas fitri bir hisdir. Əsas məsələ bu mənfi hissin uşağa və ətrafa zərərli şəklə düşməsinə imkan verməməkdir. Buna da uşaqların bu hissini zərərsiz yönlərə istiqamətləndirməklə nail olmaq mümkündür.

Bu həssas və bir o qədər də qarışıq mövzuda hər vəziyyətə uyğun həll yolları təklif etmək çox çətindir. Uşaqların problemlərinə qulaq asmaq, davranışlarının səbəbini aydınlaşdırmaq, onlarla diqqətli rəftar etmək lazımdır. Üstəlik, hadisələri və vəziyyətləri onların gözü ilə qiymətləndirməyi bacarmalıyıq.

Ancaq bu münasibətlərdə evin böyük övladına məsuliyyət dü­şür. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) İslamda böyük qar­­­daşın xüsusi yeri olduğunu vurğulamışdır. Bu, onun ailə yü­künü çəkməsi, özündən kiçiklərin qayğısına qalması, onların tər­biyə və təhsilindən az da olsa məsuliyyət daşıması ilə bağlıdır. Səhabələrdən Küleyb Əl-Cuhəni (radiyallahu anh) Rəsulullahın (sal­lal­lahu əleyhi və səlləm): “Böyük övlad ata kimidir,” – buyurduğunu rəvayət etmişdir.[1] Buna görə də valideynlər böyük övladında­  ki­çiklərə qarşı sevgi və şəfqət, kiçiklərdə də böyüklərə qarşı hör­mət hissi aşılamalıdır. Bununla ailədə həm nizam-intizam olar və həm də xəbərdarlığa ehtiyac olmadan hər kəs öz yerini, vəzifəsini bilər.

Uşaqlar arasında qısqanclığı gözəl rəqabətə və əyləncəli yarışa çevirmək, uşaqların fiziki və hissi enerjisini sərf etməsi üçün oyunlara şərait hazırlamaq, bəzən də bir-birilə yaxşı yola getdiklərinə, sakit oynadıqlarına görə onları mükafatlandırmaq lazımdır.

Bu mövzuda bəzi təklifləri maddə-maddə verək:

1. Uşaqlara yanlış tərbiyə verməyin. Məsələn, hər məsələdə böyük uşağı günahlandırmaq və ya kiçik uşağı müdafiə etmək. Çox vaxt evin sonbeşiyi sırf valideynləri onu müdafiə etsinlər deyə, dava-dalaş salır. Siz də böyük uşağı danlayırsınız. Bəzən də bunun əksi olur. Deməli, hədsiz dərəcədə diqqətli, həssas və ədalətli olmalı, onlarla bərabərhüquqlu rəftar etməlisiniz. Uşaqlara “Siz öz məsələnizi özünüz həll edə bilərsiniz” deyib buna inandığınızı göstərin, ya da onları ayırın.

2. Hər bir uşağınızla bərabər vaxt keçirin. Əgər uşaqlardan birinə daha çox vaxt ayırsanız, bu digər bacı və qardaşlarında qısqanclığa səbəb ola bilər. Belə hallarda, narazılıq edən uşağa hər kəslə bərabər vaxt keçirmək istədiyinizi və onun növbəsinin də gələcəyini deyin. Ayrı-ayrı maraqlanmaq çətindirsə, onlarla birlikdə maraqlanın.

3. Uşaqlar arasında, xüsusilə, ayrıseçkilik qoymamağa çalışın və birinin günahı üzündən o birini  danlamayın.

4. Uşaqlar arasında qiymətləndirmə, mükafatlandırma və s. məsələlərdə qız-oğlan fərqi qoymayın. Məsələn, qız övladlarından sonra dünyaya gələn oğlan, yaxud oğlanlardan sonra doğulan qız uşaqlarını digər övladlardan seçmək, çox istəmək, onlara çox vaxt ayırmaq uşaqların münasibətlərinə mənfi təsir göstərir.


[1]. Heysəmi, Məcməüz-zəvaid, VIII, 149.

 

Exit mobile version