6. 247 dəfə oxunub ,   1 şərh   Çap et

عَنْ جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ:

أَخْشَي مَا خَشِيتُ عَلَى أُمَّتِي كِبَرُ الْبَطْنِ، وَمُدَاوَمَةُ النَّوْمِ وَالْكَسَلُ وَضَعْفُ الْيَقِينِ

“Ümmətim üçün ən çox qorxduğum şeylər: “qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqin (Allahı şübhəsiz və qəti olaraq bilmək, tanımaq) azlığıdır.

(Kenzül ümmal, Ali el-Müttaki, 3/460, hədis no.: 7434)

H

ədisdə ifadə edilən və Nəbilər Sərvərini qorxudan xüsuslara əvvəla qısaca toxunduqdan sonra bunlar arasındakı əlaqəyə keçək.

Qarın bağlamaq: hədisdəki ifadəsi ilə “kibərül-bətn” kəlməsi “özü­nü qəflətə salıb çox yeyən”, “yemək-içməyi həyatının məqsədi, mə­­nası bilən”, necə deyərlər, “yemək üçün yaşayan” və bunun təbii nəticəsi olaraq da “olduqca kökələn insan” deməkdir.

Çox yatmaq: Əslində, bu təbir nisbidir. Bu gün: “Bir insan gündə nə qədər yatmalıdır?” –  deyə həkimlərdən soruşsanız, ümu­miy­yətlə, “5 saat” cavabını alarsınız. Və həkimlər bundan artıq yu­xunun insan vücuduna zərərli olduğunu təkidlə vurğulayırlar. Qaldı ki, həkimlərlə yanaşı, İmam Qəzalidən Pir həzrətlərinə qədər bir çox alimlər bu məsələyə toxunmuş və Allahla irtibat baxımından çox yatmağın zərərlərindən bəhs etmişlər. Mədrəsə və təkkələr buna uyğun yuxu məsələsini nizama salmağa çalışmış, hətta yuxu müddətini   üç saata qədər azalda bilmişdilər.

Bu baxımdan “çox yatmaq” nisbi anlayışdır. Bəzisinə 8 saat yu­xu­ az, bəzisinə 3 saat yuxu çox gəlir. Amma nə olursa-olsun, hər bir Mü­səlman gündə 5 saat yuxunun kifayət etməsi həqiqətinə əsas­lanaraq yuxusunu minimum 5 saata salmalı, ondan sonra da tədricən azaltmağa səy göstərməlidir.

Ancaq bu xüsusa da diqqət yetirmək lazımdır: yemək-içməyini rejimə sala bilməyən, əlinə keçəni ağzına qoyan bir insanın yuxusunu azaltması mümkün deyildir. Buna hədisdə əksini tapan müddəaların bir-biri ilə əlaqəsini izah edərkən yenidən qayıdacağıq.

Tənbəllik: Rəsulullahın dualarında Allaha sığındığı xüsuslardan biri də tənbəllikdir. İslamın təməl fəlsəfəsinə görə varlıq aləminin hər bir parçası canlı və dinamik olmalıdır. İslam bu fəlsəfəyə zidd olan, demək olar ki, bütün xüsuslara müdaxilə etmişdir. Məsələn, boş, tərk edilmiş və istifadə olunmayan torpaqları cana gətirmək, əkib-becərmək şərtilə mənimsəmək hüququ vermişdir. Ticarət sahəsində dövriyyəyə buraxılmayıb bir kənarda istifadəsiz saxlanılan pulların sahiblərini ciddi şəkildə tənbeh etmiş və bir çox hikmətlərə binaən, bu ətalətin (durğunluq) qarşısını almaq üçün həmin pulları da zəkatı verilən mallar arasına daxil etmişdir. Cansız əşyaya (pula) bu cür həssas yanaşan İslam dininin tənbəl-tənbəl bir kənarda oturub parazit həyatı yaşayan insana münasibəti də hər halda bundan fərqli deyil, əksinə daha sərtdir. Elə Allah Rəsulunun sözügedən hədisdə onu (tənbəlliyi) ümməti üçün əndişə etdiyi xüsuslar arasında sayması da bu münasibətin bir göstəricisidir.

Yəqin (iman) azlığı: Yəqinin elməl-yəqin[1], eynəl-yəqin[2], haqqəl-yəqin[3] kimi dərəcələri vardır. Buna görə insan inandığı həqiqətləri elmlə əsaslandırıb şərh edə bilmirsə, deməli, onun “yəqin”i heç yoxdur. Yəni insan Allaha, peyğəmbərlərə, kitablara, həşrə[4] və İslamın digər ünsürlərinə olan imanını elmlə qidalandıra bilməmiş, onu kainatdan süzülən afaqi[5] dəlillərlə əsaslandıra bil­məmiş və ya ənfüsi[6] dəlillərlə əlaqələndirə bilməmişdirsə, o insanın zərrə qədər də “yəqin”i yoxdur. Yəqini az deyil, ümumiyyətlə, yoxdur. Çünki yəqinin başlanğıcı elmdir. İnsan üçün ondan aşağı bir mərtəbə yoxdur. Çünki bunun aşağısı heyvanların yaşadığı həyatdır.

“Yəqin” mərtəbələrinin başlanğıcı elmdir. Məsələn, önümüzə açılan kainat kitabını bir səyyah, gözəl zövqlü bir sənətkar və ya ekologiya mütəxəssisi kimi tədqiq etdikdən sonra Allahın kəlam sifətinin təcəllisi – Quranı oxuyaraq Qurani-Kərimlə kainat arasında körpülər qurub Allah-Təalaya tərəddüdsüz inanmaq yəqiniyyətin ilk mərtəbəsidir. Bunu elməl-yəqin adlandırmaq olar.

Eynəl-yəqin mərtəbəsi isə əşyanın çöhrəsində Allahın təcəllisini görüb iman etməkdir. Yəni insanın: “Vallah, mən bu ağacda Allahı görürəm”, –  dediyi mərtəbə… Bu yalnız insanın xüsusi mütaliəsindən, sezməsindən, hiss etməsindən asılıdır və tamamilə subyektiv xarakter daşıyır. Bu mərtəbədə insan çiçəklərin açmasında, ağacların səmalara doğru ucalmasında, quşların nəğmələrində, suların şırıl-şırıl axmasında… Xülasə, hər şeydə kəmiyyətdən, keyfiyyətdən, bütün yaradılış vəsflərindən uzaq və pak olan Allah-Təalanın arxasınca Məcnunun Leylinin arxasınca düşdüyü kimi daim yürüyər və daim Onu axtarar. Hər iz, hər xülya, hər siluet: “Bəli, elədir ki, var, bu, Odur,” – deyər.

Və haqqəl-yəqin tamamilə Allahda fani olma, Onun əbədiliyi ilə əbədiyyətə qovuşma deməkdir. Təsəvvüfü ifadə ilə bu, “Fənafillah-bəqabillah” məqamıdır. Həzrəti Pirin yanaşmaları çərçivəsində “həme əz ost”, yəni əşyanın ancaq Onun varlığı ilə mövcud, əbədi olması həqiqətinin bütün mərtəbələri ilə sezilməsi, dərk edilməsi məqamı.

Əslində bütün bu mərtəbələr bir-birinə qüvvət, dəstək verən və bir-biri ilə əlaqəli şəkildə yaşanan mərtəbələrdir. İnsan heç olmasa  bu məqamlardan birində olmalıdır. Əks halda hədisin ifadəsi ilə Allah Rəsulunun: “Ümmətim üçün ən çox qorxduğum,” – dediyi təh­lükəli dairəyə girər.

Hədisdə əksini tapan xüsusların bir-biri ilə əlaqəsinə gəlincə… Bir insan üçün həyatın mənası yemək və içməkdirsə, həmin insanda “yəqin”in olması mümkün deyildir. Yəqin o insanlara aiddir ki, onlar heyrət  və heyranlıq[7] içində yaşayır, yeyib-içdikləri də ayaq üstə durmağa güclə çatır. Ehtimal ki, Nəbilər Sərvəri bu məqamı diqqətimizə çatdırmaq üçün: “Adəmoğlu mədəsindən daha pis bir qab doldurmamışdır. Halbuki insan övladı üçün belini doğrultmağa bir neçə loğma kifayətdir. Əgər mütləq yeməlidirsə, o zaman (mədəsinin) üçdə birini yemək, üçdə birini su, üçdə birini də nəfəs (hava) üçün ayırsın,” – buyurmuşdur. Ona görə də insan mədəsinə ha­kim olmalı, yemək-içməyini düzgün tənzimləməyi bacarmalıdır. Əks halda, ancaq mədəsini düşünən, ağzını boş qoymayan insanın az yatması da, tənbəllikdən xilas olması da, yəqinlik mərtəbəsinə çatması da mümkün deyildir.

Məsələyə başqa bir aspektdən yanaşsaq; bir insan çox yeyirsə, onun kökəlməsi, qarın bağlaması təbii haldır. Belələrinin az yatması, tənbəllik etməməsi qeyri-mümkündür. Bu səbəbdən çox yeyən insan özünü yuxunun “şirin” qoynuna atar, yuxu da onun kökəlməsini təmin edər və ya sürətləndirər ki, beləcə işi-peşəsi yeyib-yatmaq olar, qəlbi qatılaşar. Məhz bu tip insanların yuxarıda ifadə etdiyimiz kimi, yəqindən pay alması mümkün deyildir. Və ya başqa bir ifadə ilə, çox yeyən, çox yatan insanların tənbəl-tənbəl oturması və bir maddiyyat insanı, “ölü” insan olması təbii haldır.

Nəticə etibarilə, mömin İslam Peyğəmbərinin narahat olduğu kök­lük, çox yatmaq, tənbəllik, yəqin azlığından və bunlara səbəb olan hər şeydən ilandan-çiyandan qaçan kimi qaçmalıdır. O, İbrahim Haqqı həzrətlərinin: “Az ye, az yat, heyrətə var, fani ol Andan (Ondan); Bul bəqa, ol Ana (Ona) mehman gecələrdə!”– dediyi kimi, az yeməli, az yatmalı, heyrətin verdiyi heyrət içində yaşamalı və sonra Rəbbinin qonağı olub Onun müqəddəs ilhamlarını daim qəlbində, ruhunda hiss etməlidir. Və gecələr hamı yatağına çəkildikdən sonra Rabiətül-Adəviyyənin qalxıb dediyi kimi: “Dostlar dostuna qovuşdu, mən də Sənə gəlirəm,” – deyib Allaha vüslət arzusu içində coşmalı, Allaha yaxınlaşmağa çalışmalı, Onun qapısının dəstəyinə toxunmalıdır ki, yəqindən pay ala bilsin.

Xülasə, bu hədisin ünsürləri arasında elə bir bağlılıq və əlaqə var ki, onları bir-birindən ayrı düşünmək mümkün deyildir. Bundan əlavə bu hədisin tibb elmi ilə bağlı və tibbi aspektən araşdırılmalı cəhətləri də vardır. Onu da bu sahənin əvəzsiz mütəxəssislərinə həvalə edirik.


[1]. Elmlə dərk edib inanmaq

 

[2]. Gözlə görmək dərəcəsində iman

 

[3]. bütün varlığı ilə duyaraq iman etmək

 

[4]. Qiyamət günü yenidən dirilişə

 

[5]. Zahiri, xarici aləmə aid

 

[6]. Batini, daxilə aid

 

[7]. Allahı dərk etmə yolunda məqam. Onu  təcəllilərini sezib heyrətə dalmaq




1 şərh yazılıb
  1. Azer , 19/10/2014 tarixində, saat 15:10

    Allah bizləri yəqinə çatanlardan qərar versin.

Şərh yaz