24. 266 dəfə oxunub ,   0 şərh   Çap et

Ayələr

Hədisi-şəriflər

Qəbir əzabının digər canlılar tərəfindən eşidilməsi

Qəbir insanı sıxırmı?

Qəbir əzabından qorunmaq üçün dua etmək

Nəticə

Möminin dünyada çəkdiyi çətinliklər, onun günahlarına kəffarə olduğu kimi, ölüm əsnasındakı iztirabları və qəbirdə məruz qalacağı cəza kimi xüsuslar da axirət əzabını yüngülləşdirən səbəblərdəndir.

Məlumdur ki, möminlərin xüsusiyyətlərindən biri də qeybə inanmalarıdır. Allah Təala Bəqərə surəsində: “ Həqiqi möminlər qeybə inanar, namazlarını qılır, özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər” (Bəqərə, 2/3) buyurmaqdadır. Qeyb kəlməsi göz önündə olmayan, gözlə görülməyən, gizli olan və hal-hazırda olmayan, vəhy kimi məlumat vasitəsi olmadan insanın öz ağlı ilə haqqında məlumat əldə edilə bilmədiyi bir varlıq sahəsi mənalarındadır. Kəlmənin bundan əlavə “içində yaşanılmayan gələcək zaman, həmin zamanda olacaq hadisələr; öldükdən sonra dirilmə, Cənnət, Cəhənnəm, hesab günü kimi insanın haqqında birbaşa (konkret) məlumat əldə edə bilməyəcəyi aləmlər”[1] mənaları da var.

Aydındır ki, qəbir əzabı da birbaşa qeybə imanla əlaqəlidir. Əhli-sünnə alimlərinin əksəriyyətinə görə bu dünyada Allahın razılığını qazanmağa çalışmayanlar, Onun əmrlərinə tabe olmayanlar qəbir əzabına məruz qalacaqlar. Mövzunu Quran və Sünnə prespektivindən izah etməyə çalışacağıq. Əvvəlcə ayələr və onların təfsiri, sonra isə Rəsulullahın (s.ə.s) bu mövzudakı hədislərinə nəzər salaq.

Ayələr

“Zalımları, ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(dediklərini) bircə görəydin.” (Ənam, 6/93)

Böyük təfsirçi Zəməxşəri bu ayədə bərzəx (qəbir) həyatından xəbər verildiyini söyləyir.[2] İbn Qəyyum əl-Cövziyyə isə belə deyir: “Bu zalımlara ölüm anında deyilmişdir və mələklər zalımların ölümləri ilə qorxunc bir qəbir əzabı görəcəklərini bildirirlər. Əgər qiyamətə qədər əzabları gecikdirilmiş olsaydı, onlara “Bu gün cəzalandı­rılacaqsınız” deyilməzdi.[3]

”Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.” (Tövbə, 9/101)

Təfsirçilər ayənin sonundakı “böyük əzab” kəlməsinin cə­hənnəm əzabı olduğu haqqında həmrəydilər. Ondan əvvəlki “iki əzab” kəlməsi haqqında isə müxtəlif fikirlər var. Səhabələrdən Abdullah b. Abbas həmin “iki əzabdan birinin qəbir əzabı olduğunu  bildirmişdir.[4]

Tabeundan Əbu Malik, İbni Cüreyc, Süddi, Mücahid, Qatadə, Həsən Bəsri, İbn Zeyd, Fərra və Məhəmməd ibn İshaq kimi alimlər ayədəki iki əzabdan birincisinin dünyəvi, ikincisinin də qəbir əzabı olduğunu bildirmişlər. [5]

Məşhur təfsirci Tabəri ayənin sonundakı əzab kəlməsi haqqında “Allah ayənin sonunda, münafiqləri Cəhənnəmdə böyük bir əzaba düçar edəcəyini onsuz da bəyan etmişdir. Buna görə də əvvəl işlədilən “iki əzab”dan biri ehtimal ki, qəbir əzabıdır”.[6] Belə olduğu üçün əzab dünya, qəbir və axirət əzabı olmaqla üç yerə ayrılır.

 “De: “Qoy Rəhman azğınlıqda olan hər kəsə bir müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər” (Məryəm, 19/75)

Ayədəki “əzabı gördükləri zaman” ifadəsi qiyamətdən əvvəl əzabın olacağından xəbər verir. Çünki ayədə “o saat” ifadəsi ilə qiyamət günü nəzərdə tutulduğuna görə, qiyamət günündən əvvəl olacaq əzab kəlməsilə də qəbir əzabı nəzərdə tutulmuşdur.[7]

“Hər kim Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar  (yaxud qəbir evində şiddətli əzaba düçar olar)  və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Taha, 20/124)

Əbu Səid əl-Hudri və Abdullah b. Məsuda görə bu ayədəki “güzəranı daralar” ifadəsi qəbir əzabıdır.[8]

“Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.”(Muminun, 23/100)

“Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır” cümləsi onlarla dünya arasında bir pərdə vardır mənasındadır. Bu da qəbirlərindən həşrə göndərildikləri günə – yəni  Qiyamətə qədər davam edən qəbir əzabıdır. Bu ayə on­ların dünyaya geri dönməyinin qeyri-mümkün olduğunu bildirir. Yəni bu pərdənin varlığı, dünyaya yenidən dönmələrinə qəti bir maneədir və bu əsla qalxmaz.

“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Cəhənnəmdən) çıxmağa bir yol varmı?” (Mümin, 40/11)

“bizi iki dəfə öldürüb, iki dəfə diriltdin” kimi tərcümə olunan ayəni alimlər qəbir əzabına dəlil olaraq göstərmişlər. İmam Süddi ayəni belə təfsir edir: “Kafirlər bu dünyada öldürüləcək, daha sonra qəbirdə sorğu üçün diril­diləcəklər. (Yəni qəbirdə bir bərzəx (qəbir) həyatı olacaq.) Daha sonra təkrar öldürüləcək və axirətdə yenidən dirildiləcəklər. Beləcə ayə qəbir həyatı ilə birbaşa əlaqəlidir.[9]

“Onları səhər və axşam oda salırlar. O Saat (qiyamə) gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!” (Mümin, 40/46)

Alimlərin fikrincə burada “səhər və axşam oda salmaq” bərzəxdə gerçəkləşmək­dədir. Mücahid, İkrimə, Müqatil və Məhəmməd ibn Kaba görə də “bu ayə dünyada ikən qəbir əzabının olacağını sübut edir.[10]

“Şübhəsiz ki, zalımları hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!” (Tur, 52/47)

Surənin 45-46-cı ayələrində “Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.” buyrularaq qiyamətdə qarşılaşacaqları böyük əzabdan bəhs edilmişdir. Bu ayələrdən sonra gələn 52-ci ayə isə zülm edənlərə axirətdəki böyük əzab xaricində başqa əzabın da veri­ləcəyindən xəbər verir. Bəra ibn Azib, Abdullah ibn Abbas və Qatadəyə görə əzabdan məqsəd qəbir əzabıdır. Qurtubi nəql edir ki, Hz. Əli (r.a) də bu fikirdə olmuşdur.[11]

“Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.” (Nuh, 71/25)

“Və oda atıldılar” kəlməsinin başındakı “fə” ədatı atəşə atılma prosesinin boğulmadan dərhal sonra olduğunu dolayısilə qəbir əzabına dəlalət edir.[12]

“Çoxluğa (bir şeyin çox olması ilə öyünmə) hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz (ölülərinizi də saymağa başladını). Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz! (Bir daha vurğulayıram) Siz (aqibətinizi) tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.” (Təkasur, 102/1-8)

Hz. Əli (r.a) deyir ki, “Bu ayələr nazil olsanda qəbir əzabı mövzusundakı qənaətimiz qətiləşdi.[13]

“Tezliklə biləcəksiniz!” yəni bu gün dünyada ikən, qəbir həyatı və axirətlə bağlı irəlidə görəcəyinizi izah etdiyimiz xüsusları qəti olaraq qəbul etməsəniz “onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!”.[14]

Qurtubi belə deyir: “Bu surə qəbir əzabının varlığından xəbər verir. Qəbir əzabına iman etmək və onu qəbul etmək fərzdir. Uca Allah mükəlləf olan bəndəsini qəbirdə dirildəcək və ona həyatda ikən sahib olduqlarını orda verəcəkdir. Beləcə insan özünə soruşulacaq sualları anlayacaq, nə cavab verəcəyini biləcək, Rəbbindən gələni qavraya­caq, qəbirində özünə hazırlanmış olan həyatı görə biləcəkdir. Əhli-sünnənin qəbul etdiyi görüş və müsəlmanların qənaəti belədir.[15]

Hədisi-şəriflər

Rəsulullah (s.ə.s) velə buyurmuşdur: “Sizdən biri ölüncə, ona səhər-axşam Cənnət və ya Cəhənnəmdəki yeri göstərilər. Cənnət əhlindəndirsə yeri Cənnət əhlinin, Cəhənnəm əhlindəndirsə yeri Cəhənnəm əhlinin yeridir. Sonra ona “Allah səni qiyamət günü dirildənə qədər, sənin yerin bax budur!” deyilər.”[16]

Rəsulullah (s.ə.s) “Qəbir əzabı haqdır. Qəbirdə əzab çəkənləri heyvanlar eşidər!” − buyurmuşdur. Hz. Aişə (r. anha) deyir ki, “Rəsulullahı (s.ə.s) həmişə namazdan sonra qəbir əzabından Allaha sığınardı.”[17]

Bir dəfə Rəsulullah (s.ə.s) iki qəbirin yanından keçərkən: “Bu qəbirdəkilər əzab çəkirlər. Əzabları böyük günahdan ötrü deyil. Qəbirdəkilərdən biri söz gəzdirməkdən, digəri də sidik sıçramasına (istibra) qarşı qorunmamadığına görə əzab görür.” buyurdu. Bundan sonra Rəsulullah (s.ə.s) yaş xurma budağı istədi və onu iki yerə böldü. Bir budağı qəbirin birinə, digər budağı da ikincisinin üzərinə basdırdı və: “Bəlkə bu budaq təzə qaldıqca onların əzabları yüngülləşər” buyurdu.[18]

Əbu Səid əl-Hudridən rəvayət edilən bir hə­disi şərifdə Rəsulullah (s.ə.s): “Qəbrində kafirə doxsan doqquz tinnin (ilan və ya əjdaha) hücum edər və qiyamət gününə qədər onu dişləyər, sancar. Əgər onlardan biri yer üzünə gələsi, orada heç bir yaşıllıq qalmazdı.”[19] buyurmaqdadır.

Yenə Əbu Hüreyrədən rəvayət edilir ki Rəsulullah (s.ə.s), “Şübhəsiz ki onu çətin, məşəqqətli həyat gözləyir.” ayəsinin qəbir əzabı haqqında endiyini xəbər verərək:

“Allaha and olsun ki, onu doxsan doqquz tinnin göndərilər. Tinnin nədir bilərsinizmi? Hər birinin doqquz başı olan doxsan doqquz ilan. Bu tinnindəki ilanın başları, Qiyamət gününə qədər onun bədəninə sancar, sıxar və dişləyər.” [20] buyurmuşdur.

Hz. Osman (r.a) qəbirdən söhbət düşəndə saqqalı islanana qədər ağlardı. Ətrafında olanlar ona: “Cənnəti və Cəhənnəmi xatırladığın vaxt ağlamırsan, lakin qəbiri xatırlayınca ağlayırsan!” deyə soruşanda onlara Rəsulullahın (s.ə.s) bu sözlərini xatırladırdı: “Qəbir axirət mənzillərinin ilk dayanacağıdır. Adam ondan xilas ola bilsə, ondan sonrakılar daha asandır. Ondan xilas ola bilməsə ondan sonrakılar bundan daha çətindir, daha şiddətlidir. Axirət aləmindən gördüyüm mənzərələrin heç birisi qəbir qədər qorxuducu və hürküdücü deyil!”[21]

Qəbir əzabının digər canlılar tərəfindən eşidilməsi

Zeyd İbn Sabit (r.a) nəql edir ki, Rəsulullah (s.ə.s) bizimlə birlikdə Bəni-Nəccara aid bir bağçada olarkən miniyi birdən yoldan çıxdı. Az qalsın Allah Rəsulunu (s.ə.s) üstündən yerə atacaqdı. Qarşımızda beş və ya altı qəbir görünürdü. Rəsulullah (s.ə.s):

– “Bu qəbirlərin sahiblərini tanıyan varmı?” deyə soruşdu. Bir nəfər:

– “Mən tanıyıram” deyincə, Rəsulullah (s.ə.s):

“Nə vaxt öldülər?” dedi. Adam:

– “Şirk dövründə” cavabını verdi. Rəsulullah (s.ə.s):

-“Bu ümmət qəbirdə fitnəyə məruz qılınacaq. Əgər bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, şəxsən eşitməkdə olduğum qəbir əzabını, sizə də eşitdirməsi üçün Allaha dua edərdim. Qəbir əzabından Allaha sığının!” Oradakılar:

– “Qəbir əzabından Allaha sığınarıq!” dedilər.[22]

Rəsulullah (s.ə.s) axşam duasında: “Rəbbim! Cəhənnəm əzabından, qəbir əzabından sənə sığınıram!” deyərdi. 25

Rəsulullah (s.ə.s) bir gün günəş batandan sonra çölə çıxmışdı ki, bir səs eşitdi və: “Bu səs, qəbirlərində əzab çəkən yəhudilərin səsidir!” buyurdu.[23]

Rəsulullah (s.ə.s) buyurdu ki: “Qul qəbrə qoyulub, yaxınları ordan ayrılınca -ki o, geri dönənlərin ayaq səslərini eşidər- yanına iki mələk gələr və onu oturdaraq:

– “Muhaamməd (s.ə.s) haqqında nə düşünürdün?” deyə soruşarlar. Mömin kimsə bu suala:

– “Şahidlik edərəm ki. O, Allahın qulu və elçisidir!” deyə cavab verər. Ona:

– “Cəhənnəmdəki yerinə bax! Allah oranı, Cənnətdə bir məkana çevirdi” deyilər. Adam Cənnəti də Cəhənnəmi də görər. Allah ona, qəbrindən Cənnətə baxan bir pəncərə açar. Ölən kafir və münafiq isə mələklərin sualına:

– “Soruşduğunuz şəxsi tanımıram. Mən də hər kəsin söylədiyini söyləyirdim!” deyə cavab verər. Özünə:

– “Onu tanımadın və tabe olmadın!” deyilər. Sonra qulaqlarının arasına dəmirdən çubuqla vurular. Çubuğun ağrısından elə qışqırar ki, onu insan və cinlər xaricində bütün varlıqlar eşidər.”[24]

Qəbir insanı sıxırmı?

Rəsulullah (s.ə.s) Sad bin Muazın qəb­rinə girdi və içində bir az çox dayandı. Çıxanda orada olan səhabələr:

– “Ya Rəsulallah qəbirdən nə üçün gec çıxdınız?” deyə soruşdular. Rəsulullah (s.ə.s):

 – “Qəbir Sadı sıxırdı. Genişlətməsi üçün Allaha dua etdim.” buyurdu.

Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Şübhəsiz qəbrin insanı sıxması vardır ki, əgər ondan kimsə xilas olacaq olsaydı Sad ibn Muaz xilas olardı. “[25]

Sadın bəzi qohumlarından “Rəsulullahın “qəbir Sadı sıxdı” sözündən nə anladınız?” deyə soruşulanda, onlar: Rəsulullahın (s.ə.s) “Kiçik təharətdə (su yolu ,sidik) təmizliyə tam riayət etmədiyinə görə qəbir Sadı sı­xırdı.” dediyini bildirmişlər.[26]

Hz. Aişə (r.anha) bir gün Rəsulullaha (s.ə.s) belə deyir: “Ey Allahın Elçisi, sən mənə Münkər və Nəkirin səslərini və qəbir sıxmasını izah etdiyin gündən bəri heç nədən dad ala bilmirəm” Rəsulullah (s.ə.s): “Ey Aişə! Münkər və Nəkirin səsləri möminə, gözdəki sürmə kimi gəlir. Qəbir sıxması da mömin üçün şəfqətli ananın öz balasının başını oxşaması kimidir. Amma ey Aişə! Təəssüflər olsun günahkarlara! Onlar qəbirlərində, düz və sərt daşın üzərinə yumurtanın çırpılıb qırılması kimi sıxışdırılacaqlar.”[27]

Qəbir əzabından qorunmaq üçün dua etmək

Rəsulullah (s.ə.s) “Allahım! Cəhənnəm əzabından və qəbir əzabından Sənə sığınaram”[28].deyə dua edərdi.

Rəsulullah (s.ə.s) cənazə namazı qıldırdı. Oxuduğu duadan bunları əzbərlədik: “Allahım, bunu bağışla və mərhəmət et! Əfv eylə! Onun günahlarını qar və buzla təmizlə! Paltarın çirkdən təmizlənməsi kimi onu da eynilə səhvlərdən arındır! Onu dünyadakı evindən daha yaxşı bir evə, ailəsindən daha xeyirli bir ailəyə qoy, həyat yoldaşından daha xeyirli birinə qovuşdur. Onu qəbir əzabından, Cəhənnəm əzabından qoru!”[29]

Rəsulullah (s.ə.s) Mülk Surəsi ilə əlaqədar belə demişdir: “Bu surə (qəbir əzabına və ya qəbir əzabına səbəb olan günahlara qarşı) maneədir. Bu surə qurtuluş səbəbidir və insanı qəbir əzabından qurtarar.” Bənzər hədisdə də: “Mülk Surəsi, qəbirdə, onu oxumağı vərdiş halına gətirən şəxsi qəbir əzabından qoruyar.”[30] buyrulmuşdur.

Nəticə

Əsasən üç aləm mövcuddur: dünya həyatı, bərzəx həyatı və əbədi qalınacaq axirət həyatı. Allah bu yerlərin hər birinə aid xüsusi hökmlər təsbit etmişdir. Qəbirdəki həyat və əzab dünyadakı kimi deyil.

Nəql edildiyinə görə, Hz. Abbas (r.a) şiddətlə arzu etməsinə baxmayaraq, Hz. Öməri (r.a) vəfatından tam altı ay sonra yuxuda görür və soruşur “harada idin ey Ömər?” Hz. Ömər, “Soruşma, hesabı hələ indi verə bildim” deyir. Bəlkə, orada üzərində ən kiçik iz qalmasın deyə Mövla, onu belə bir sorğu-suala çəkmişdir. Unutmamalıyıq ki, onun hesabı öz səviyyəsinə və muqərrəbindən olmasına görə qiymətləndirilməlidir. Bəli, günah və zəllələrin kiçiklərini təmizləməkdə qəbrin sıxması və təzyiqinin böyük rolu var.

Qəbir həyatına inanmaq əsasdır. Lakin onun keyfiyyəti ilə əlaqəli əsassız iddialar Allaha qarşı hörmətsizlikdir. Qəbir həyatı yenidən yaradılışın əsəridir. Hz. Adəmin mələkləri heyran buraxan yaradılışı kimi, qəbir əhlinin yaşayışı da insanların dünyəvi ölçü və qaydalarla idrak edə bilməyəcəkləri, anlamaqda çətinlik çəkəcəkləri həyatdır.

Qəbir əzabı həqiqətini qəbul etmək istəməyən bəziləri onu inkar etməyə çalışırlar. Ta ilk dövrdən bu yana demək olar ki, bütün alimlərin hamısı qəbir əzabının varlığını qəbul etmişlər. Əlbəttə ki, Uca Allahın qüdrəti genişdir. Hər şeyin ən doğrusunu Allah bilir. Bizlər də Cəhənnəm və qəbir əzabından Cənabı-Haqqın riza, əfv və məğfirətinə sığınır, bizləri doğru istiqamətdə saxlamasını diləyərik.

Dr. Musa Kazım Gülçür


[1] Dini Terminlər Lüğəti, Qeyb Maddəsi, s. 105.

[2] Zəməxşəri, Kəşşaf, I, 517.

[3] İbn Qəyyum əl-Cəvziyyə, Kitabur-Ruh, İz Nəşriyyat, s. 100.

[4] Əbu Cəfər Məhəmməd b. Cərir ət-Tabəri, Tabəri Təfsiri, Hisar Nəşriyyat, IV, 350-353.

[5] Fəxrəddin ər-Razi, Təfsiri Kəbir Məfatihul-Gayb, Akçağ Yayınları, 12/152-153.

[6] Tabəri, 4/353.

[7] Razi, 15/398.

[8] İmam Kurtubi, əl-Məscidi li-Ahkami’l-Qur’an, Büruc Nəşrləri: 11/438-442.

[9] Qurtubi, 15/271-274.

[10] Qurtubi, 15/271-274.

[11] Qurtubi, 19/319.

[12] Razi, 22/161.

[13] Tirmizi, Təfsir, Təkasür, (3352).

[14] Qurtubi, 19/317.

[15] Buxari, Cənaiz 90, Bədul-Xəlq, 8, Riqaq 42; Müslim, Cənnət 65; Muvatta, Cənaiz 47; Tirmizi, Cənaiz 70; Nəsai, Cənaiz 116.

[16] Buxari, Cənaiz 89; Müslim, Məsəcid 123; Nəsai, Cənaiz 115.

[17] Buxari, Vüdu 65, 56, Cənaiz 82, 89, Ədəb 46, 49; Müslim, Təharət 111; Tirmizi, Təharət 53; Əbu Davud, Təharət 11; Nəsai, Təharət 27.

[18] Əhməd ibn Hənbəl, Müsnəd, III/38; Darimi, Sünən, Riqaq, 94, II/238.

[19] İbn Kəsir, Təfsir, V, 317.

[20] Tirmizi, Zöhd 5.

[21] Müslim, Cənnət 67; Nəsai, Cənaiz 114.

[22] Müslim, Zikr 75; Tirmizi, Da’avat 13; Əbu Davud, Ədəb 110.

[23] Buxari, Cənaiz 88; Müslim, Cənnət 69; Nəsai, Cənaiz 114.

[24] Buxari, Cənaiz 68, 87; Müslim, Cənnət 7; Əbu Davud, Cənaiz 78; Nəsəi, Cənaiz 110; Tirmizi, Cənaiz, 70.

[25] Əhməd b. Hənbəl, Müsnəd, VI, 55, 98.

[26] Suyuti, s. 196.

[27] İbn Hişam, Sirətun-Nəbəviyyə, III/62, Beyrut 1971.

[28] Əbu Davud, Salat 184.

[29] Müslim, Cənaiz 86; Tirmizi, Cənaiz 38; Nəsai, Cənaiz, 77.

[30] Tirmizi, Savabul-Quran 9,




Bənzər məqalələr

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Ölüyə ağlamaq olarmı?

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.

Qəbirdə hansı suallar verilir?

Hansı bəndələrə sual verilməyəcək? Ölümdən sonrakı həyat tarix boyu bəşər övladının marağını çəkmişdir. Ölümdən sonrakı həyat qəbir (bərzəx), yenidən diriliş, məhşər və Cənnət-Cəhənnəm olmaqla dörd mərhələdən ibarətdir. İslam dini qəbir həyatının ölümdən başlayaraq yenidən dirilişə qədər müvəqqəti, fərqli və özünəməxsus xüsusiyyətlərə malik gözləmə yeri olduğunu deyir. İnanan və mükəlləfiyyətlərini yerinə yetirən möminləri qəbirdə mükafat gözləyir. […]

Qəbir sualı ilə bağlı məsələlər

Qurani-Kərim və hədislərdə xəbər verildiyinə görə, qəbir həyatının ilk önəmli hadisəsi sorğu-sualdır. Peyğəmbərimiz (s.a.s.) qəbirdə insanın sorğu-sual ediləcəyini, onun da iman və inancından asılı olaraq fərqli cavablar verəcəyini bildirmişdir. Ölən insanın qəbirdə qarşılaşdığı sorğu-sualla bağlı Qurani-Kərimdə buyurulur: “Allah iman edənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər”.[1] Həzrət Ənəs Peyğəmbərimizin (s.a.s.) belə buyurduğunu […]


Şərh yaz