78. 182 dəfə oxunub ,   4 şərh   Çap et

Allah-Təala İslam ümmətinə bir lütf olaraq Qədr gecəsinin konkret gününü bildirməmişdir. Belə ki, Allah bu imtahan dünyasında bir çox mühüm şeyləri gizli saxlamışdır. Ömür içində əcəli, bəndələr arasında övliyaları və əsmayi-hüsna içində də ismi-əzəmi[1] gizlətmişdir. Eyni şəkildə cümə günündə icabət saatını (dualara cavab verilən vaxt), beş vaxt namazın içində salatı-vüstanı (orta namazı), bütün ibadətlər içində Allahın rizasını, zamanın axarında qiyaməti, həyat məcrasında ölümü və ramazan günlərində Qədr gecəsini gizli saxlamışdır.[2] Bunlar gizli qaldıqca digərləri də dəyərini qoruyur, əhəmiyyətli olur. Bəzi şeylərin bəzi şeylərin içində gizlənməsinin hikməti digər şeylərin də qiymətləndirilməsi üçündür. Əgər bu kimi  xüsusi hallar aşkar olsaydı, digər şeylərin dəyəri azala bilərdi.

Həzrət Aişədən (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s.) Ramazan ayının son on günü məscidə çəkilər, bütün gününü ibadətlə məşğul olar və belə buyurardı:

“Qədir gecəsini ramazanın son on günündə axtarın!”[3]Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.[4]

Qədir gecəsinin ramazanın iyirmi yeddinci gecəsinə düşdüyünü bildirən hədisi-şəriflər[5] əksər alimlər tərəfindən qəbul edilmiş və bu fikir İslam aləmində geniş yayılmışdır. Bir İslam alimi: “…Ramazanın iyirmi yeddinci gecəsinin Qədr gecəsi olma ehtimalı çox böyükdür… Madam ki, ümmət o gecəyə bu nəzərlə baxır, inşallah, həqiqətən belə olar”, – demişdir.

Bununla yanaşı, ayın müxtəlif günlərdə görünməsi ramazan ayının başlanğıcına təsir etdiyinə görə Qədr gecəsi də müxtəlif günlərə düşür. Bu səbəbdən də bəzi Haqq dostları hər ehtimala qarşı Qədr gecəsini əvvəlki və sonrakı günlərlə birlikdə əhya etmişdir.

Bir İslam alimi Qədr gecəsinin gizli olması ilə bağlı deyir: “Bu gecənin gizli olmasının bir sirri vardır. Peyğəmbərimiz (s.ə.s.) əvvəl Qədr gecəsinin vaxtını bilirdi, ancaq sonra Ona unut­duruldu.[6] Əhya edilsin deyə. Allah təkcə Qədr gecəsini əhya edənlərə, bəlkə də, lütf edə bilər, amma hər gecəni Qədr bilib əhya edənlərin ondan nəsibini alacağına şübhə yoxdur.

Gizli xəzinələri ucuza almağı düşünməməliyik. Ucuzçuların­ nə­sə qazanacağına heç vaxt inanmamışam və inanmıram. Məsələn, inanmıram ki, ucuzçular Qədr gecəsindən həqiqi mənada fay­dalana bilsinlər. Onlar il boyu gözləsinlər, yalnız ramazani-şə­rifin iyirmi yeddinci gecəsini əhya etsinlər və beləcə Allah da Qədr gecəsini layiqincə dəyərləndirənlərə etdiyi lütfləri onlara da bəxş etsin. Bu, mümkün olan şey deyil. Ona görə də Əbu Hənifə deyir: “Qədr gecəsini bəzi gecələrdə deyil, ilin bütün günlərində axtarmaq lazımdır. Siz üç yüz altmış gecəni[7] həssaslıqla əhya etsəniz, Allah-Təala o səmimi ürəyinizə iltifat göstərər.

Kainatın Fəxri Rəsulullah Qədir gecəsinin vaxtını bilirdi. Ancaq bir gün: “Qədir gecəsinin hansı gün olduğunu demək istəyirdim. Bayıra çıxanda gördüm ki, iki nəfər bir-biri ilə mübahisə edir. Başım onlara qarışanda qədr gecəsi unutduruldu”, – buyurmuşdu. Bu sözləri ilə həm möminlər arasında xırda mübahisə və münaqişələrin belə onu necə dərindən yaraladığını, həm də Qədr gecəsinin gizli qalmasının ilahi hikmət olduğunu bildirmişdi. Peyğəmbərimizin (s.ə.s.) zamanında Qədr gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsinə düşmüş, daha sonra Rəsuli-Əkrəm (s.ə.s.) onu Ramazani-şərifin son on günündə, tək gecələrdə axtarmağı məsləhət görmüşdü.

“Hər gecəni Qədir, hər gələni Xızır bil” kəlamı vəzndə yüngül, qiymətdə ağır ifadədir. Bəli, Xızır (ə) da insanlar arasında məchuldur. Ancaq siz hər kəsə hörmətlə yanaşar, möhtaclara yardım edər, hər kəsin əlindən tutar, bütün insanlara qəlbinizi, qollarınızı açarsınızsa, bir gün iman əhlindən bir Xızıra rast gələrsiniz, sizin də könül bağçanızda çiçəklər açar.

Əgər Allah-Təalaya ürəkdən bağlı deyilsinizsə, Qədiri, Xızırı çətin taparsınız. Ancaq Allah-Təalaya qəlbən bağlanmaqla, Onun sadiq bəndəsi olmaqla bunların sirr pərdəsi qalxar. Hazıra nazirsinizsə, “Dərhal tapım, dərhal deyim, dərhal əldə edim!” – deyə düşünürsünüzsə, hələ çox gözləməli olacaqsınız…

Qədir gecəsinin əlamətləri

Əbu Səid (r.a.) nəql edir: “Biz Allah Rəsulu (s.ə.s.) ilə birlikdə ramazanın onuncu günü etikafa girdik, iyirminci günü sabah əş­yalarımızı (evlərimizə) daşıdıq. Rəsulullah (s.ə.s.) bir xütbə verdi və sonra buyurdu: “Qədir gecəsinin bütün əlamətləri Mənə göstərildi. Sonra isə unutduruldu. Yaxud mən onu unutdum. (Əshabım!) Siz Qədr gecəsini ramazanın son on günündə tək gecədə axtarın! Mən (yuxumda) su və palçıq içində səcdə etdiyimi gördüm. Kim mənimlə etikaf edirsə, (etikaf edilən yerə) getsin!”

 Biz də yerlərimizə çəkildik. Hava açıq, səma buludsuz idi. Sonra bir bulud parçası gəldi. İyirmi birinci gecə şiddətli yağış başladı. Hətta yağan yağış məscidin damından Rəsulullahın səcdə etdiyi yerə axdı.

Məscidin tavanı xurma ağacından idi. Sübh namazı qılındı. Mən Rəsulullahın (s.ə.s.) suya və palçığa səcdə etdiyini öz göz­lərimlə gördüm. Hətta namazdan qayıdanda Rəsulullaha baxdım, alnında və burnunda palçıq izləri var idi. O gecə ramazanın  iyirmi birinci gecəsi idi.”[8] Bu hədisdən aydın olur ki, Allah Rəsulu (s.ə.s.) həmin il Qədr gecəsini əhya etmək niyyəti ilə ramazanın son on günü etikafa çəkilmək qərarına gəlmiş və buna görə də etikafdan gələn səhabələrinə geri qayıtmağı əmr etmişdir.[9]


 [1] Allahın Quran və hədis-şəriflərdə əksini tapan yüz ismi arasında ən əhatəli olanlar. İsmi-əzəm digər isimlərin də mənalarını ehtiva edir.
[2] Hüseyn Algül, Mübarek gün ve geceler, s. 21.
[3] Buxari, Leylətül-Qədir 3; Müslim, Siyam 219. Həmçinin bax.: Tirmizi, Savm 72.
[4] Müslim, Siyam 212, 215, 208; İbn Macə, Siyam, 56.
[5] Müslim, Müsafirin, 179, Siyam, 220, 221.
[6] Buxari, Fədlü leylətil-qədir, 2; Müslim, Siyam, 213.
[7] Hicri təqvimdə il 360 gün olur.
[8] Buxari, Fadlu leylətil-qədir 2-3, Etikaf: 1, 9, 13; Müslim, Siyam: 213, (1167)
 [9] İbarahim Canan, Kutubu-sitte tercüme ve şerhi, II, 406.



Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.


4 şərh yazılıb
  1. ilkin , 18/07/2014 tarixində, saat 23:07

    Allah razi olsun….

  2. gunes , 21/07/2014 tarixində, saat 02:07

    Allah razi olsun

  3. Agamin nökériyem , 23/06/2016 tarixində, saat 10:06

    Allah bu movzuda eziyyeti olan her bir kese yar olsun insallah Amin. Cox gozel ve serbest ifadelerle eks etdirmisiniz.ehsen,axarinci olsun!!

  4. Allah bəndəsi , 16/05/2020 tarixində, saat 18:05

    Allah razı olsun

Şərh yaz