4. 028 dəfə oxunub ,   0 şərh   Çap et

“Vird”in cəmi olan “əvrad” sözü “gəlmək, çeşməyə çatmaq, suya gələn camaat, axan su və dərə” mənalarındadır. Bir istilah kimi isə gecə ibadətə ayrılan vaxt, Qurandan bir hizb (və ya cüz), hər gün müntəzəm oxunan dua və ya zikr mənalarını daşıyır. Dörd rükətlik bir nafilə namaz qılmaq və ya oxunan bir neçə səhifə Quran, ya da yaxşılıq və təqvada birinə əl tutub yardım etmək və bunlara bənzər əməllər vird sayılır. Dolayısilə, Allahın rizasını qazanmaq məqsədilə əvvəlcədən müəyyən edilib mütəmadi işlənən əmələ (ibadətə), və ya edilən zikrə vird deyilir.

Kimi vird məqsədi ilə Quranın hizblərindən oxuyur, kimi müəyyən qədər nafilə namaz qılır. Kimisi də vird niyyəti ilə gecə və gündüzü hissələrə ayırır, bir hissəsini Quran oxumaqla, bir hissəsini namaz qılmaqla, bir qismini də təfəkkürlə keçirir. Bu istiqamətdə məqamlar aşan ariflər isə bütün vaxtlarını virdə həsr edərək daima xalq içində Haqla bərabər olmağa səy göstərirlər.[1]

Ümumiyyətlə, şəxslərin seçimindən asılı olaraq hər gün müntəzəm oxunan ayələr, Peyğəmbər (s.ə.s.) duaları və edilən salətu-salamla yanaşı, gecə qılınan namaza da “vird” deyilir. Bunda da Peyğəmbərimizin (s.ə.s.) “Kim gecələr oxuduğu zikr və duasını oxumadan və ya tamamlamadan yatar və sübhlə günorta namazı arasında edərsə, gecə oxumuş kimi savab qazanar[2] müjdəsi əsas götürülmüşdür. Vird həm də nafilə namaz qılmaq, Quran oxumaq və dua etmək, yəni düşüncə, təfəkkür və göz yaşı tökmək mənasında da istifadə edilmişdir. Məsələn, Cüneydi-Bağdadinin ağlamaq və namaz qılmaq da daxil, gecəyə aid xüsusi bir virdi olmuşdur.[3]

İslamiyyət yaradılanların Yaradana münasibətdə ortaya qoyduğu davranışlardan geniş bəhs edərkən “təsbeh”, “həmd”, “təkbir” və “səcdə” kimi sözlərdən istifadə edir.[4]  Bunlar ibadət və duanın növləri hesab edilir. Beləliklə, insanın Allaha münasibətdə sərgilədiyi davranışlar bir növ dua kimi izah olunur. Hətta İslamın gündə beş dəfə, ayrı-ayrı vaxtlarda yerinə yetirilməsini əmr etdiyi namaz ərəb dilində “salət”, yəni dua deməkdir. “Təqdis”, “səcdə”, “təkbir”, “həmd” və “şükür” məfhumları da bunlara yaxın məna verir.[5] Allah Rəsulunun (s.ə.s.) ifadəsi ilə desək: “İbadətin özü, mahiyyəti, əsası məhz duadır”.[6]

Müəyyən vaxtı olmayan ən ideal dua növü zikrdir. Quranda “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında 256 dəfə  işlənmişdir.[7] Məsələn, “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın![8] və “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar”.[9]

Beləliklə də, Uca Allah bir yandan qəlblərin və könüllərin ancaq Rəbbi anmaqla aram tapdığını vurğulayır,[10] digər tərəfdən də Haqqı zikr etməkdən üz çevirənlərin məşəqqətli bir həyatla imtahan ediləcəyini[11] diqqətə çatdırır.

Quranda və hədislərdə digər ibadətlər üçün müəyyən qayda və məhdudiyyət qoyulsa da, zikr üçün zaman, məkan və hal-vəziyyət seçimi edilmir, bu ibadət bir növ hüdudsuzlaşdırılır. Quran bizə zikrin hər vəziyyətdə edildiyini bildirir: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!”.[12]

Ayədən də göründüyü kimi zikr müəyyən vaxt, məkan və ya ibadətlə məhdudlaşdırılmamışdır. Uca Yaradan hər yerdə, hər an Onunla birlikdə olmağı, Onu anmağı əmr edir. Çünki Allahı anmaq Ona qəlbən bağlanmaq, “Onun nəzərləri daima üstümüzdədir” şüuru ilə yaşamaqdır. Bu da təbiidir, çünki zikr Sonsuz Qüdrət Sahibi ilə irtibat qurmağın ən ideal şəklidir.

Zikrin bir xüsusiyyəti də zikrə zikrlə cavab verilməsidir. Allah: “Siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım![13] – buyurur.

Hədislərdə zikrin fəziləti bildirilmişdir. Allah Rəsulu bir hədisində Rəbbini zikr edənlə zikr etməyəni diri və ölüyə bənzətmişdir.[14] Bir hədisdə əməllərin ən xeyirlisinin Allahı zikr etmək olduğuna diqqət çəkilir.[15] Başqa bir hədisdə zikr haqqında belə buyurduğunu oxuyuruq:

Bir dəstə adam oturub Allahı zikr edərsə, mələklər onların ətrafını bürüyər, ilahi rəhmət onları əhatə edər.”[16]

Bir gün: “Cənnət bağçalarını görəndə orada yeyin, için, faydalanın”, – buyurmuş, “Cənnət bağçaları nədir?” – deyə edilən suala da: “Zikr məclisləri,” – cavabını vermişdi.”[17]

Peyğəmbərimiz (s.ə.s.) müxtəlif vaxt və məkanlarda zikr və dua etmiş və bunu müsəlmanlara tövsiyə buyurmuşdur. Məsələn, O, hər gecə “İsra” və “Zümər” surələrini oxuyardı.[18] Səhər vaxtını dua, istiğfar və göz yaşı ilə keçirərdi. Hədis kitablarının “Əməlül-yövm vəl-leyl” (Gündüz və gecə ibadəti) adlı fəsilləri Rəsulullahın bu cür ibadətlərinə ayrılmışdır.

Vird kitabları

Beləliklə, virdlər əsrlər boyu bir yerə toplanmış, kitab şək­lində tərtib edilmiş, yayılmış və tövsiyə olunmuşdur. Ən iri həcmlisi Əhməd Ziyaüddin Gümüşxanəvinin (1813-1893) “Məcmuətül-əhzab” adlı üçcildlik əvrad və dua kitabıdır. Təqribən 2000 səhifə həcmində olan bu əsərə Peyğəmbərimiz, dörd xəlifə və səhabələrdən başqa, İbn Ərəbi, Əbül-Həsən Şazəli, İbrahim əd-Dəsuqi, Qəzali, Muinuddin Çişti, Şəhabəddin əs-Sührəverdi, Hüsaməddin Üşşaqi, Sədəddin Cibavi, Əbdülqədir Geylani, Əbdülqəni ən-Nəblusi, Bahəddin Nəqşibəndi, Mövlanə Cəlaləddin Rumi, Əhməd ər-Rifayi, Əhməd əl-Bədəvi, Zeynuddini Xafi kimi İslam böyüklərinin hizb və virdləri də daxil edilmişdir.

Əvrad və əzkar kitabları arasında Nəvəvinin “Əzkari-Nəvəvi” kimi tanınan “Hilyətül-əbrar” adlı əsərinin də mühüm yeri vardır. Məhəmməd ibn Süleyman əl-Cəzulinin (870/1465) “Dəlailul-heyrət”i[19] və Əhli-Beyt vasitəsilə Peyğəmbərimizdən (s.ə.s.) gəldiyi bildirilən “Cövşən” də çox oxunan əvrad kitablarındandır. “Cövşən” kəliməsi lüğətdə “zireh, döyüş paltarı” mənasına gəlir. Termin olaraq isə Həzrəti Peyğəmbərdən (s.ə.s.) rəvayət edilən və “Cövşəni-Kəbir” adı ilə tanınan bir duanın adıdır. Cövşəni-Kəbir Musa əl-Kazım, Cəfər əs-Sadiq, Məhəmməd əl-Baqir, Zeynəlabidin, Həzrət Hüseyn və Həzrət Əli (Allah hamısından razı olsun) silsiləsi ilə Peyğəmbərə (s.ə.s.) isnad edilir.[20]

Virdin növləri və şəkilləri

İlahi rizaya aparan ibadətlərdən olan virdin növləri, şəkilləri, forması, məzmunu və üsulu haqqında məlumatları yenə də Allahın sözü, kəlamı olan Qurani-Kərimdən və Allah Rəsulundan (s.ə.s.) öyrənirik. Bu yolu ən ləyaqətli şəkildə davam etdirən, bizə əmanət qoyub gedən Əhli-Beytdən, səhabələrdən, tabiun və təbeyi-tabiundan, Allahın sevdiyi sadiq, vəli bəndələrdən öyrənirik. Əvvəlcə virdin növləri və şəkilləri barədə qısaca məlumat verəcək, geniş şərhini isə ayrı-ayrılıqda təqdim edəcəyik. Beləliklə, virdin əsasən aşağıdakı növləri vardır:

Quran oxumaq: Ən mükəmməl zikrlərdən biri də Qurandır. Çünki o, Allahdan gəlmiş, bütün bəndələrin arzu və ehtiyaclarını ən mükəmməl şəkildə ehtiva etmişdir. Bu baxımdan Quran heç olmazsa, ayda bir dəfə başdan sonadək oxunmalıdır, xətm edilməlidir.

Peyğəmbərimizə (s.ə.s.) salət və salam gətirmək: Peyğəmbərimizə salət və salam gətirmək Qurani-Kərimdə həm Allah və mələklərinin elədiyi bir iş, həm də Rəbbin bir əmri kimi təqdim edilir:

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua diləyirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın![21]

İslam alimlərinə görə, Rəsulullahın adı çəkiləndə bir dəfə salavat gətirmək vacib, adının çəkildiyi qədər salavat gətirmək isə müstəhəbdir.[22] Namazda “əttəhiyyat”dan sonra, Onun adı çəkilən və yazılan yerlərdə, əzan oxunanda, cümə günlərində, məscidə girəndə, cənazə namazı qılınanda, qəbir ziyarətində salətü-salam oxumaq müstəhəb qəbul edilmişdir.[23]

Peyğəmbərimizdən (s.ə.s.) rəvayət edilən bir çox salavati-şəriflər vardır. Hər bir mömin gündəlik olaraq müəyyən sayda salavat oxumağı özündə vərdiş halına sala bilər. Bundan başqa, bəzi yerlərdə namazlardan sonra edilən təsbihata yekun kimi salavat oxunur. Təsbihatda bir məhdudiyyət olmadığına görə, xüsusilə təkbaşına namaz qılarkən bunu eləmək mümkündür.

Namaz təsbihatı: Köklərini İslamın ilk dövrlərindən götürən təsbihat ayə, təsbeh, təhmid, təkbir, salət, dua və Allahın isim­lərindən ibarət mükəmməl bir virddir.

Gecə ibadəti: Müsəlmanlar İslamın ilk dövrlərindən etibarən təhəccüd namazı başda olmaqla, gecə edilən bütün ibadətləri Allaha yaxınlaşma yolunda əvəzsiz ibadətlər hesab etmiş, gecələrin qatı qaranlığında qalxıb Rəbbə yönəlməkdən sonsuz ruhani zövq duymuşlar.[24]

Müəyyən vaxtlarda oxunan dualar: Bundan başqa, müəyyən vaxtlarda oxunan dualar da vardır. İslam alimləri Quran və səhih hədislərdə əksini tapan duaları məcmuələr şəklində tərtib və nəşr etmişlər. Bunlar gecə yatağa uzanarkən və səhər yuxudan qalxarkən, ayaqyoluna, hamama girərkən və çıxarkən, yeməyə başlayarkən və yeməyi qurtararkən, evdən çıxarkən və evə girərkən, məscidə girərkən və çıxarkən, bir müsibət üz verəndə, xoş günlərdə oxunan, qısa və asan əzbərlənən dualardır. Bu duaları da bütövlükdə bir vird hesab edə bilərik.

Nafilə namazlar: Fərzlərlə birlikdə qılınan sünnətlərdən başqa, quşluq (duha) namazı, əvvabin namazı, vitr namazı, cənazə namazı kimi nafilə namazlar da bir vird sayılır.

Bundan başqa,

təfəkkür etmək, nəfsi sorğu-suala çəkmək və günahlardan peşman olub göz yaşı tökmək sözügedən virdlərin yekunlaşdırıcı ünsürlərini təşkil edir.

Bu virdlər gündəlik işlərdən yığılmış yorğunluğu dağıdır, həyatı, xüsusilə də, ruhi-mənəvi həyatı bir növ səliqə-sahmana salır. Bütün günü küçə-bacanın, televiziya və mətbuatın, bazar və iş yerlərinin açdığı mənəvi yaralara dərman olur.

Virdlərin əhəmiyyətindəndir ki, İslam alimləri, təriqət şeyxləri dualara, zikr və təsbihatlara çox həssaslıqla yanaşmış, ilk növbədə Peyğəmbərimizi nümunə götürüb Onun kimi yaşamağa, Onun virdlərini yerinə yetirməyə səy göstərmiş, əlavələr edəndə də Quran və Sünnə prinsiplərindən kənara çıx­mamağa çalışmışlar. Çünki vird və onun ehtiva etdiyi hər şey bir ibadətdir və ibadətlər də Allahın razı qalacağı şəkildə edilməlidir.


[1] Məkki, “Kutul-qulub”, I, 81.
[2] Müslim, “Müsafirin”, 142; Əbu Davud. “Tatavvu”, 19.
[3] Quşeyri, əsərləri, s. 291, 298.
[4] Bax: Qurani-Kərim, “Rad”, 13/13, “İsra”, 17/44, “Nur”, 24/41.
[5] Cürcani. “Tərifat”; “Təsbih”.
[6] Bax: Qurani-Kərim, surələr və ayələr: “Həcc”, 22/9; “Ənkəbut”, 29/45; “Cümə”, 62/9. Ankebût Sûresi, 29/45, Cuma, 62/9; Hicr Suresi, 15/9.
[7] Bax: Qurani-Kərim, surələr və ayələr: “Ali-İmran”, 3/41; “Əhzab”, 33/41-42; “Cümə”, 62/10.
[8] “Münafiqun” surəsi, 63/9
[9] “Nur” surəsi, 24/37
[10]  “Rad” surəsi, 13/28
[11] “Ta ha” surəsi, 20/124
[12] “Ali-İmran” surəsi, 3/191.
[13] “Bəqərə” surəsi, 2/152.
[14] Tirmizi, “Dəavat”, 67.
[15] Tirmizî, “Dəavat”, 6.
[16] Müslim. “Zikr”, 8.
[17] Tirmizî, “Dəavat”, 82.
[18] Buxari, “Təfsir, 17”, 1, 21.
[19] Mustafa Kara, “Evrad”, DİA, XI.
[20] Aydüz, Yeni Ümit, s: 51, s: 32-27
[21] “Əhzab” surəsi, 33/56
[22] Elmalılı Həmdi Yazır, “Hak dini, Kuran dili”, 6/333.
[23] Muhyiddin Akgül, “Kuranda Hz. Peygamber”, 128.
[24] Abdulhakim Yüce, “Gece ibadeti”, İstanbul, 2000.



Bənzər məqalələr

Nafilə İbadətlər

“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.


Şərh yaz