Mənəviyyata Açılan Pəncərə

Qeybətin cəzası nədir?

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində qeybətin axirətdəki cəzası haqda buyurur:

“Rəsulullah bir dəfə əshabla birlikdə olanda:

–  Müflis kimdir? – deyə soruşdu.

Bunun cavabında səhabələr:

– Pulu və malı olmayan, onları əlindən çıxaran – dedilər.

Rəsulullah:

– Ümmətimin müflisi qiyamət günü namaz, oruc, zəkat savabı ilə gəlir. Ancaq birini söyüb, birini zina etməkdə təqsirləndirib, yaxud zina iftirası atıb, birinin malını yeyib, onun qanını töküb, bunu döyüb. Bu səbəbdən də yaxşılıqlarının savabı ona-buna verilir və qul haqqını qaytarmadan savabları qurtarır, sonra da haqq sahiblərinin günahları onun belinə yüklənir, ardınca da cəhənnəmə atılır, – buyurdu”.[1]

Başqa bir hədisi-şərifdə Rəsulullah buyurur:

“Merac gecəsi mis dırnaqlı insanlar gördüm. Dırnaqları ilə üzlərini, sinələrini cırmaqlayırdılar.

– Ey Cəbrail! Bunlar kimdir? – deyə soruşdum.

Cəbrail də:

Bunlar insanların ətini yeyənlər (qeybət edənlər )[2] və onların namusunu, şərəfini ayaq altına atanlardır, – dedi”.[3]

Bütün bunlar ciddi xəbərdarlıqdır. Qeybətin ictimai həyata zərərləri də az deyildir. Bir insan bir nəfərin haqqında qeybət etdiyini eşidib məyus olur və ondan qəlbi qırılır. Beləcə dost və yoldaşlar arasında problemlər ortaya çıxır. Halbuki cəmiyyətin xəta və qüsurları örtməyə, açıb-ağartmamağa ehtiyac var. Xəta və qüsurlar axtarmağı, faş etməyi deyil, bağışlamağı və göz yummağı düşünməli, bu əxlaqla yaşamalıyıq. İnsan həyatını gözəl şeylər haqqında və gözəl düşünməyə həsr etməli, pisliyə yaxşılıqla cavab verməlidir.


[1]. Müslim, Birr, 49

[2] .Hücurat surəsi,12

 [3]. Əbu Davud, Ədəb, 40

Exit mobile version