Sual:Namazların qəzasında ardıcıllıq şərtdirmi? Deyək ki, bir günün bütün namazları qəzaya qalıb. Belə olan təqdirdə qəza edərkən sübh namazından başlayıb ardıcıllığa riayət etməliyik?
Cavab: Bəzi alimlər namazların qəzasında sıranı gözləməyi vacib, bəziləri də müstəhəb saymışlar. Vacib sayanlar da xüsusilə “tərtib sahibi” üçün vacib olduğunu söyləmişlər. Əgər namazı qəza edən şəxs tərtib sahibidirsə,(uzun zamandan bəri namazlarını vaxtlı-vaxtında qılan şəxs) qəza namazı ilə vaxt namazı arasında sıraya tabe olmalıdır. Tərtib sahibi deyildirsə, bu namazı qəza etmədən digərlərini qıla bilər. Bir kimsənin tərtib sahibi ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıdır. Vitir namazı daxil olmaqla altı vaxt namazı qəzaya qaldıqda, artıq tərtib sahibi hesab olunmur və bu kimsənin nə qəza namazları arasında, nə də qəza namazları ilə vaxt namazları arasında sıranı gözləməsi vacib deyil.
Tərtib sahibinin sıranı gözləməli olduğunun dəlili; Rəsulullahın (səs) Xəndək müharibəsində dörd vaxt namazı qıla bilmədikdə, bunları sıra ilə və vaxt namazından əvvəl qılmasıdır. Başqa bir dəlil; İbn Ömərin (rə) bu sözüdür: “Sizdən biri bir namazı qıla bilməz və imamla birlikdə namazı qılarkən xatırlayarsa, namazını tamamlasın. Bundan sonra unutduğu namazı qılsın və sonra da imamla birlikdə qıldığı namazı yenidən qılsın” (Zeyləi, “Nəsbür-Rayə”, II, 162).
Dr. Anar Qurbanov
Mərmərə unv. İslam hüququ