Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir. Allah Rəsulu bu xüsusla bağlı buyurur:
“İnsan rəngi dəyişmiş və zəifləmiş halda məzarından qalxanda Quran onu qarşılayır və: “Məni tanıyırsan?” – sualını verir. O da: “Xeyr”, – deyir. Quran: “Mən sənin dostun və səni qızmar istilərdə susuz, qaranlıq gecələr yuxusuz qoyan Quranam”, – deyir.[1] Sonra o şəxsin başına vüqar tacı qoyulur, ana-atasına da iki gözəl libas geyindirilir. Ana-ata bunun səbəbini soruşduqda övladlarının Quranla (oxuyub öyrənmək və yazmaqla) məşğul olduğunu deyirlər”. Bir başqa hədisində Allah Rəsulu belə buyurur: “Quran oxuyun! Çünki Quran qiyamət günü onu oxuyanı şəfaətçi kimi qarşılayacaq”.[2]
Abdullah ibn Məsud (radiyallahu anh) rəvayət edir: “Cənazə qəbrə qoyulandan sonra əzab mələkləri ölünün ayaq tərəfindən gəlmək istəyir. Bu vaxt ayaqlar: “Buradan gələ bilməzsiniz, çünki sahibim “Mülk” surəsini oxuyardı”, – deyir. Mələklər sinə tərəfdən gəlmək istədikdə sinə və ya qarın: “Buradan gələ bilməzsiniz, çünki sahibim üstümdə “Mülk” surəsini oxuyardı”, – deyir. Bu dəfə mələklər baş tərəfdən gəlmək istəyir, ancaq baş da: “Buradan gələ bilməzsiniz, çünki sahibim “Mülk” surəsini oxuyardı”, – deyir. Beləcə “Mülk” surəsi qəbir əzabına mane olur. Gecələr “Mülk” surəsini oxuyanlar böyük sərvətə qovuşar və gözəl əməl işləmiş olarlar”.[3]