Sual: Qızlar neçə yaşından namaz qılmalıdır?
Cavab: Peyğəmbərimiz (s.ə.s) valideyn olanlara belə buyurur:
“Uşaqlarınız yeddi yaşına çatanda onlara namaz qılmağın əhəmiyyətini anladın, on yaşına gəldikdə isə məcbur edin”. [1]
Bu hədisdən anlayırıq ki, əslində uşaqlar da kiçik yaşlardan namaz qılmağa başlamalıdır. Ancaq bir şəxsin namaz qılmaqla mükəlləf olduğu yaş həddi-büluğ yaşıdır. Həddi-büluğ yaşı şəxsə və coğrafi məkana görə dəyişə bilər. Bəs həddi-büluğ nə deməkdir? Həddi-büluğ yaşı qızlarda adət qanın gəlməsi ilə başlayır. Yəni qızlar aybaşı olmağa başladığı andan etibarən artıq büluğ çağına/yetkinlik yaşına girmiş sayılırlar. Bu yaş dövründən sonra namaz qılmaq onların üzərinə fərz olur, qılmadığı təqdirdə isə günah yazılır. Həmin dövrdən sonra qılmadığı namazları da mütləq qəza etməlidir. Bizim ölkəmizdə bu yaş dövrü ortalama 13 yaşdan başlayır. Ancaq şəxsə görə bu dəyişə bilər. Aybaşı olmadığı və ya başlamadığı təqdirdə isə qızlar 15 yaşdan etibarən həddi-büluğ yaşına çatmış sayılır. Çünki alimlərin əksəriyyətinə görə, qız uşağının həddi-büluğa çatmasının ən yuxarı həddi 15 yaşdır. Bu yaşda olan qızın üzərinə ibadətləri yerinə yetirmək fərzdir.[2]