4. 997 dəfə oxunub ,   0 şərh   Çap et

Sileyi-rəhm nədir?

Sileyi-rəhm lüğətdə “sila” (əlaqə) ilə “rəhm və ya rəhim” (qohumluq) kəlmələrindən ibarət “qohumluq əlaqələri” mənasını verən söz birləşməsidir.

“Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.

Sileyi-rəhm qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək mənasında işlənən dini-əxlaqi bir termindir. İslam bəşəri münasibətlərlə yanaşı, yaxınlardan başlayaraq ana-ataya və növbə ilə digər qohumlara baş çəkməyə də olduqca əhəmiyyət vermişdir.

Uca Allah Quranda valideyn və qohum-əqrəba haqlarına diqqət çəkərək belə buyurur: “Yalnız Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, qərib və müsafirə (yolçulara), əlinizin altında olana (kölə, cariyə və kənizlərə) yaxşılıq edin![1]

Rəsulullahın (s.a.s.) hədislərində də sileyi-rəhmə toxunulmuşdur. Həmin hədislərdən bəziləri bunlardır:

Ey insanlar! Salamı aranızda yayın, süfrəniz hamının üzünə açıq olsun, çoxlu ikram edin, silei-rəhmi (qohum-əqrəbaya baş çəkmək, onların haqqına riayət etmək) nöqsansız yerinə yetirin. Bir də insanlar yuxuda olanda gecələrin qaranlığını namazla nurlandırın. Beləcə sağ-salamat Cənnətə girərsiniz.[2]

Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki sileyi-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.[3] 

Xalid ibn Zeyd (Əbu Əyyub əl-Ənsari) həzrətləri nəql edir:

“Bir nəfər Allah Rəsulunun (s.a.s.) hüzuruna gəlib soruşdu:

– Ey Allahın Rəsulu, mənə elə bir ibadət deyin, onu etməklə cənnətə gedim.

Rəsulullah (s.a.s.) belə cavab verdi:

–  Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və sileyi-rəhm et.”[4]

Müsəlmanların Cənnətə aparan əməllərdən biri olan sileyi-rəhm qohum-əqrəbaya baş çəkməklə yanaşı, hər bir xeyirli işdə onlara kömək olmaq deməkdir. İstər ayələrdə, istərsə də hədisi-şəriflərdə namaz, zəkat kimi fərz ibadətlərdən sonra qohum-əqrəba ziyarətinin gəlməsi sileyi-rəhmin İslamda nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, İslam alimləri qohum-əqrəba ziyarətinin vacib olduğu barədə hökm vermişlər. Qohum-əqrəba ilə münasibətləri kəsmək böyük günah sayılmışdır. Allah-Təala belə buyurur:

 “Ey insanlar! Sizi bir insandan xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizin əmrlərinə əməl etməməkdən qorxun! (Adı ilə) bir-birinizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər (çəkinin) edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.[5]

Bu ayə insanları qohumluq əlaqələrini kəsməkdən çəkindirir. Aşağıdakı ayə isə qohumluq əlaqələrinin davam etdirilməsini əmr edir.

 “O kəslər ki Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və pis haqq-hesabdan qorxurlar.

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.[6]

Bu ayə və hədislərdə keçən “rəhm” (qohum) sözünün hansı qohumları ehtiva etməsi ilə əlaqədar fikirlər fərqlidir. Bəzi alimlərə görə, aralarında nikah haram olan kəslər, bəzilərinin fikrincə isə, varislər nəzərdə tutulur. Bəzi alimlər isə bütün yaxın qohum-əqrəbanın “rəhm” məfhumuna daxil olduğunu deyir. Sonuncu fikir ictimai yardımlaşma baxımından daha əhatəli görünür.

Silei-rəhmin bir neçə dərəcəsi var:

  1. Ən aşağı dərəcəsi qohumlarımıza gülərüz olmaq, onlara xoş sözlər demək, yəni görəndə salamlaşmaq, hal-əhval tutmaq. Daim onlar barəsində gözəl şeylər fikirləşib onların yaxşılıqlarını istəməkdir.
  2. İkinci dərəcəsi isə onlara baş çəkmək və müxtəlif işlərdə əl uzatmaqdır. Bunlar daha çox fiziki işlərdir. Xüsusilə, yaşlılara tez-tez baş çəkmək, işlərini görmək onları sevindirir.
  3. Sileyi-rəhmin üçüncü və ən önəmli dərəcəsi isə qohum-əqrəbaya maddi dəstək və arxa olmaqdır.

Sileyi-rəhmdə bəzi istisna hallar da var, məsələn, kasıb qohumdan maddi dəstək ummaq doğru deyildir. Lakin varlı bir müsəlmanın təkcə qohumlarına baş çəkməklə, hal-əhval tutmaqla sileyi-rəhm vəzifəsini yerinə yetirdiyini də demək olmaz. Belə varlı insanlar kasıb qohum-əqrəbaya mümkün qədər maddi kömək göstərməlidir. Onlara borc da verə və ya təmənnasız maddi kömək göstərə bilərlər. Beləliklə, yaxınlara əl uzatmaq yuxarıda qeyd edilən üç bənddən hansına gücümüz çatırsa, ona əməl etmək deməkdir. Müsəlman gücü çatan hər şeyə görə məsuliyyət daşıyır. Yuxarıdakı ayədə Allah-Təalanın bu vəzifəni yerinə yetirməyənə lənət etdiyini də yaddan çıxarmamalıyıq. Allah Rəsulu (s.a.s.) buyurur: “Hər cümə gecəsi insanların əməlləri Allaha ərz edilir. Yalnız sileyi-rəhm etməyənlərin əməlləri qəbul olunmur.”[7]

Rəsulullah (s.a.s.) başqa bir hədisində qohum-əqrəba münasibətinin Allaha və axirətə ürəkdən imanın bir tələbi olduğunu bəyan etmişdir.[8] Bir hədisində belə buyurur: “Sileyi-rəhm Ərşdən asılıdır. Deyir ki: “Məni  yerinə yetirəni Allah qorusun, məni tərk edəni Allah tərk etsin.[9]

Sileyi-rəhmi yerinə yetirməyənlərə edilən xəbərdarlıq bununla bitmir. Peyğəmbərimiz (s.a.s.) belə insanların cənnətə girməyəcəyini[10] bəyan etmişdir. Əksinə, qohum-əqrəba əlaqələrinə əhəmiyyət verib, qoruyan şəxslərə uzun ömür və bol ruzi bəxş ediləcəyi,[11] qohumlarına maddi dəstək olanların isə həm sədəqə savabı, həm də sileyi-rəhm savabı qazanacağı bildirilmişdir.[12]

Qohum-əqrəbalarımız, xüsusilə, xala, bibi, dayı, əmi kimi yaxınlarımız ailəmiz sayılır. Onları yaxınlarımız bilməli, bu düşüncə ilə hərəkət etməliyik. Rəsulullah (s.a.s.): “Xala ana yerindədir”,[13] – buyurur. Əmi də ata yerindədir. Bu qədər yaxın insanlarla münasibətdə müəyyən əxlaqi vəzifələrin olması təbiidir. Bu vəzifələr arasında onlara baş çəkmək mühüm əhəmiyyət daşıyır. Yaxınlara başda bayram günləri olmaqla, vaxtaşırı baş çəkmək, imkan varsa, hədiyyə aparmaq gözəl davranışlardandır. Bu ziyarətlərin qarşılıqlı olması, yəni gələnə getmək də əhəmiyyətlidir. Çünki gələnə getməmək münasibətlərdə soyuqluğa gətirib çıxarır.

Ziyarətlər qohumları bir-birinə möhkəm bağlayır. Küskünlüklər aradan qalxır. Sevinc və kədəri bölüşməyə, problemləri birgə həll etməyə zəmin hazırlayır. Xüsusilə, yaşlılar tək-tənha, kimsəsiz olmadıqlarını, insanların onları arayıb-axtardığını, hal-əhvalını tutduğunu görüb son günlərini xoşbəxt yaşayırlar.

Sileyi-rəhmlə bağlı əsas xüsuslardan biri də yaxşılığın təmənnasız edilməsi, sileyi-rəhmin qohumluq əlaqələrini saxlayanlarla yanaşı, münasibətləri kəsənlərə də şamil olunmasıdır. Allah Rəsulu (s.a.s.) buyurur:

Qohum-əqrəbanın yaxşılığına (gediş-gəlişinə, əlaqələri davam etdirməsinə) eyni şəkildə qarşılıq vermək qohumluq haqqına riayət etmək sayılmır. Əslində, qohum-əqrəba haqqına əməl etmək məhz onlar əlaqələri kəsərkən belə qohumluq əlaqələrini davam etdirib yaxşılıq etməkdir.[14]

Bu gün toplumda bəzi ictimai dəyərlər, demək olar ki, sarsılıb. Belə amansızcasına sarsılan cəmiyyətin “təmirində” sileyi-rəhmin rolu böyükdür. Başqa sözlə, cəmiyyəti meydana gətirən hüceyrələr, o hüceyrələrin əsasını təşkil edən atomlar bir-birinə çox yaxın olmalıdır. Hər kəs ailəsindən tutmuş uzaq qohumlarına qədər yaxınlarına baş çəkib onlara ehtiyaclarını aradan qaldırmaqda yardım etməli, dərdlərinə şərik olmalı və qohumluq borcunu yerinə yetirməlidir. Unutmaq olmaz ki, sileyi-rəhm Allah və Rəsulunun (s.a.s.) möminlərdən istədiyi əməllərdəndir.


[1] Nisa surəsi, 4/36.
[2] Tirmizi, Qiyamət 42.
[3] Tirmizi, Birr 49; Əhməd ibn Hənbəl, Müsnəd, 2/374.
[4] Buxari, Zəkat 1.
[5] Nisa surəsi, 4/1.
[6] Rad surəsi, 13/21,25.
[7] Əhməd ibn Hənbəl, Müsnəd, 2/484.
[8] Buxari, Elm 37; Müslim, İman 74-77.
[9] Müslim, Birr və sıla 17.
[10] Buxari, Ədəb 11.
[11] Buxari, Ədəb 12.
[12] Tirmizi, Zəkat 26.
[13] Tirmizi, Birr 5.
[14] Buxari, Ədəb 15.



Bənzər məqalələr

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

Qohum-əqrəba ziyarətinin faydaları

Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki silei-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.

dost
Dostları ziyarət

İslam dini müsəlmanları bir-birinə qardaş elan etmiş və onlara bir-birini sevib hörmət etməyi, bir-birinin köməyinə gəlməyi əmr buyurmuşdur.

Qonaq qarşılama ədəbi

Qonaq gedib-gəlmək insanların bir-birini daha yaxşı tanımasına, çətinlikləri bölüşərək yoluna qoymasına, qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin hazırlayır. Buna görə də dinimiz müsəlmanların bir-birinə baş çəkməsinə xüsusi əhəmiyyət vermişdir. Ev sahibi hansı xüsuslara diqqət etməlidir? Qonağın öhdəsinə düşən vəzifələr…

Xəstə ziyarəti necə edilməlidir?

Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.


Şərh yaz