Qonaq gedib-gəlmək insanların bir-birini daha yaxşı tanımasına, çətinlikləri bölüşərək yoluna qoymasına, qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin hazırlayır. Buna görə də dinimiz müsəlmanların bir-birinə baş çəkməsinə xüsusi əhəmiyyət vermişdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində “Kim Allah rizası üçün bir xəstəni və ya bir din qardaşını ziyarət edərsə, bir carçı ona nida edib: (Dünyada da, axirətdə də) səadətə çatasan, (axirət səfərin) gözəl olsun, (bu əməlinlə) Cənnətdə özünə bir ev hazırladın”, – deyər” müjdəsini vermişdir[1].
Möminlər başda ata-ana və yaxın qohumları olmaqla bütün əzizlərini ziyarət etməli, onlar həm çətin, həm də xoş günlərində tək qoymamalıdır. Buna dinimizdə silei-rəhm deyilir. Silei-rəhm qohum-əqrəbaları ziyarət etmə və hal-əhval tutma mənasını verir. Təəssüf ki, müasir dövrdə bir çox dəyərlər kimi qohum-əqrəba ziyarətləri də unudulmaq üzrədir. Yeni nəsillər baba, nənə, əmi, dayı, xala, bibi sevgisindən uzaq böyüyür.
Silei-rəhm təkcə qohum-əqrəbalara baş çəkmək deyildir, eyni zamanda, hər cür xeyirli işlərdə onların yanında olmaq, kömək etmək deməkdir.
Bir çox ayə və hədislərdə silei-rəhmin namaz və zəkat kimi fərz ibadətlərdən sonra gəlməsi onun dinimizdə nə qədər önəmli olduğunu göstərir. Təkcə bir ayəni qeyd edək: “(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[2]
Silei-rəhm ibadətinin bir neçə dərəcəsi vardır:
- Ən aşağı dərəcəsi qohumlarla şirin sözlü, gülər üzlü davranmaq, qarşılaşanda salamlaşmaq, hal-əhval tutmaq, həmişə onlar haqqında yaxşı şeylər düşünmək və onların yaxşılığını dinləməkdir.
- İkinci dərəcəsi onların ziyarətinə getmək və müxtəlif işlərdə yardım etməkdir. Bunlar daha çox fiziki xidmətlərdir. Xüsusən yaşlılara vaxtaşırı baş çəkmək, görüləcək işləri varsa, kömək etmək onları çox məmnun edər.
- Silei-rəhmin üçüncü və ən önəmli dərəcəsi isə qohumlara maddi yardım göstərməkdir.
Bizim vəzifəmiz sadaladığımız qaydalara əməl edib böyüklərimizi və sevdiyimiz insanları bayramlar başda olmaqla, tez-tez ziyarət etmək və onların xeyir-dualarını almaqdır.
Ev sahibi hansı xüsuslara diqqət etməlidir?
- Gələn qonağı şəxsən qarşılamaq və yola salmaq.
- Qonağı gülər üzlə, səliqəli geyimdə qarşılamaq.
- Gözəl paltarda qarşılamaq.
- Müsafirə ayrılan otaq və əşyalar təmiz, səliqəli olmalıdır. İşıq, istilik və s. əvvəldən hazırlanmalıdır (qonaq otağı, yemək otağı, tualet, əl-üzyuyan və s.).
- Ev əhli gələn qonağı “xoş gəldiniz” kimi sözlərlə qarşılamalı, xoş münasibət göstərməlidir.
- Ev yiyəsi qonağı tək qoymamalı və ya sıxmamalıdır.
- Qonağın yemək-içmək məsələsinə diqqətlə yanaşmalıdır. Evdə razılıq, məmnunluq ab-havası olmalıdır
- Qonağa qayğı göstərməli, bir ehtiyacı olub olmadığını soruşmalı, əgər bir istəyi varsa, yerinə yetirməlidir.
- Qonağın yanında başqasını danlayıb məzəmmət etməməlidir.
- Qonağın əynində palto, pencək kimi paltarlar varsa, alıb asılqandan asmalıdır.
- Qonaq üçün tərlik saxlamalı, gələn kimi verməlidir.
- Qonaq münasib və səliqəli bir otağa aparmalıdır.
- Qonaq özünün deyil, bir böyüyünün yanına gəlibsə, ehtiyac varsa, yanlarında olmalıdır. Ancaq unutmamalıdır ki, onların öz aralarında şəxsi söhbətləri ola bilər.
- Əgər yanlarında dayansa, qonaqla qonaq sahibindən çox danışmamalıdır. Lüzumsuz yerə söhbətə müdaxilə etmək heç doğru deyildir.
- O anda bir problemi olsa belə, büruzə verməməlidir ki, müsafir ona görə narahat olduğunu sanmasın.
- Qonağı münasib otağa keçirəndən sonra əlində vacib işi varsa, kimisə qonağın yanında qoymalıdır ki, onunla otursun, bir istəyi varsa, yerinə yetirsin. Qonağı otaqda tək qoyub getmək doğru deyildir.
- Qonaq uzaqdan gəlibsə, heç soruşmadan yemək hazırlanmalı, yemək əsnasında da ona yoldaşlıq edilməlidir.
- Qonaqla birlikdə oturarkən tez-tez saata baxmaq doğru deyil. Bu, qonağın tezliklə getməsini istəmək mənasına gələ bilər.
- Qonağın yanında pıçıltı ilə danışmaq və xısın-xısın gülmək olmaz.
- Qonaq olan otağın qapısını tez-tez açıb içəri baxmaq düzgün deyildir. Qapı açılmamalı, açılıbsa, qonaqdan hal-əhval soruşulmalıdır. Vaxt məhduddursa, üzr və icazə istəyib çıxılmalıdır.
- Qonaq gedərkən palto, pencək kimi paltarlarını geyinməsinə kömək etməli və gəldiyinə məmnunluğunu bildirməlidir.
- Qapıdan çıxarkən bir az gözləməli, çıxan kimi dərhal qapını bağlamamalıdır.
- Əgər qonaq gecə qalacaqsa, təmiz yataq hazırlanmalı və təmiz dəsmal verilməlidir
Qonağın öhdəsinə düşən vəzifələr
- Qonaq getdiyimiz evin qapısında elə durmalıyıq ki, qapı açılanda içərini görməyək.
- Qapını üç dəfə döyməli, əgər açan olmasa, geri qayıtmalıyıq. Allah Rəsulu: “Qapını üç dəfə döyüb icazə istəyin, icazə verilməsə, geri qayıdın”,[3] – buyurur. Bu ədəb qaydasını telefona da şamil etmək olar.
- Bir müsəlman qonaq getdiyi evə girərkən və çıxarkən salam verilməlidir. Boş evə girərkən də salam verməlidir.
- Dəvət olunan yerə gecikməməli, vaxtından tez də getməməlidir.
- Qonaq gedərkən təmiz, səliqəli və münasib paltarlar geyinməlidir.
- Qonaq gedərkən imkan daxilində hədiyyə aparmalıdır.
- Qapının zəngini çalmalı, ev sahibi icazə verəndən sonra içəri girməlidir.
- Qonaq sağ-sola baxıb ev sahibini narahat etməməlidir. Ev sahibindən icazəsiz başqa bir qonağa nəsə verməməlidir. Ev sahibinin göstərdiyi yerdə oturmalı, əl-üzünü yumaq və ayaqyoluna getmək üçün icazə almalıdır.
- Verilən yeməkdə qüsur axtarmamalı, qüsur olsa da, üzə vurulmamalıdır.
- Qonaq ürəyindən keçəni istəməməli, verilənlərlə kifayətlənməli, “Filan şey varmı?” – deyib hansısa yemək çeşidini istəməməlidir. Əgər ev sahibi bir neçə yemək çeşidi sayıb: “Hansını hazırlayım?” – deyə soruşarsa, daha əziyyətsiz olan yeməyi seçməlidir.
- Qonaq ev sahibinin yaşı, qohumluq dərəcəsi və ya xəstəliyini nəzərə almalı, söhbəti buna uyğun etməlidir. Xüsusilə, yaşlıları və xəstələri qısamüddətli, amma tez-tez ziyarət etmək lazımdır.
- Dini inanc, siyasi düşüncə fərqli olsa da, sözləri ilə ev sahibini və ya orada olan digər adamları incitməməlidir.
- Qonaq könül xoşluğu və məmnuniyyətini bildirərək oradan ayrılmalıdır.
- Ev sahibindən icazəsiz və ya xəbərsiz evi tərk etməməlidir.
- Ev sahibinin işi varsa, vaxtı uzatmadan icazə istəyib getmək daha yaxşı olar.
- Müəyyən bir səbəbə görə qonaq gedə bilməyəcəksə, əvvəlcədən ev sahibinə xəbər verməlidir.
[1] Tirmizi, “Birr” 64.
[2] “Nisa” surəsi, 4/1.
[3] Buxari, “Büyu”, 9.