4. 044 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Müasir dövrdə bir çox haqq-hüquqla yanaşı, qonşuluq hüququna da biganə münasibət var. İslamda qonşuluq haqq-hüququna riayət nə qədər əhəmiyyətlidir? Sağlam bir cəmiyyətin təşəkkülündə qonşuluq haqqına riayətin hansı faydaları var?

Cavab: Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir. Bununla bağlı, Cənabi-Allah “Nisa” surəsində buyurur:

وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sizə xidmət edənlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (“Nisa” surəsi, 4/36)

Gördüyümüz kimi, Quran Allaha übudiyyəti və Ona şərik qoşmamağı əmr etdikdən sonra ana-ata ilə yaxşı rəftar etməyi əmr buyurur. Əslinə baxsaq, nəzəri planda sevgi, ehtiram və itaət birinci Allah haqqı, sonra da Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) haqqıdır. Çünki biz Rəbbimizi Onun sayəsində tanımış, Onunla xilqət aləmini doğru oxuyub düzgün şərh etmə imkanı əldə etmiş, əbədiyyət üçün yaradıldığımızı, əbədiyyətə namizəd olduğumuzu Onun bəyanları ilə öyrənmişik. Bəli, biz həqiqətə dair nə öyrənmişiksə, Ondan öyrənmişik. Hər şeyə görə Ona borcluyuq. Ancaq ayeyi-kərimədə nəzəri plan deyil, əməli plan əsas götürüldüyünə görə ikinci sırada ana-ata haqqına yer verilmişdir. Ayeyi-kərimənin başında Allaha imanın deyil, Ona übudiyyətin əmr edilməsi də buna işarədir.

Ayeyi-kərimədə sıra ilə qohum-əqrəbaya, yetimlərə, yoxsullara yaxşılıq əmr edildikdən sonra:

وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ

bəyanı ilə qohum olan və ya olmayan, yaxın və ya uzaq qonşulara yaxşılıq etmək əmr olunmuş, dolayısilə, qonşuluq haqları diqqətə çatdırılmışdır. Nəticə etibarilə, yaxında və uzaqda, sağda və solda, qarşıda və arxada olan hər kəs qonşu çərçivəsinə daxildir və yaxşılığa haqq qazanır.

Kamil imanın bir vəsiləsi

Başda Buxari və Müslim olmaqla bir çox mötəbər hədis kitablarında qonşuluq haqqına riayətin əhəmiyyətini vurğulayan belə bir hədisi-şərif yer alır:

مَا زَالَ جِبْرِيلُ يُوصِينِي بِالْجَارِ حَتَّى ظَنَنْتُ أَنَّهُ سَيُوَرِّثُهُ

Cəbrail mənə qonşu haqda elə israrla tövsiyələr verdi ki, elə bildim, qonşunu qonşuya varis edəcək. (Buxari, “Ədəb” 28; Müslim, “Birr” 141)

Nəzərə alanda ki, insanın varisi onun anası, atası, övladları, həyat yoldaşı kimi yaxınlarıdır, o zaman Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vəhyi-qeyri-mətluv sayılan bu sözündən qonşu haqqının necə əhəmiyyətli bir məsələ olduğunu görürük. Əslində, Cəbrailin (əleyhissalam) qonşuluq hüquqları ilə bağlı Peyğəmbərimizə nələr tövsiyə etdiyini tam şəkildə bilmirik. Çünki Allah Rəsulu (əleyhissalatu vəssalam) məsələnin təfərrüatına girməmişdir. Ancaq gör Cəbrail (əleyhissalam) nə tövsiyə edib ki, Rəsulullah (əleyhi-əkməlüt-təhaya) “Elə bildim, qonşunu qonşuya varis təyin edəcək” deyərək məsələnin əhəmiyyətini diqqətə çatdırımağı lazım bilmişdir.

Başqa bir hədisi-şərifdə isə qonşuluq haqqı imanla əlaqələndirilir:

مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُحْسِنْ إِلَى جَارِهِ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَسْكُتْ


Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə, qonağını yaxşı ağırlasın. Kim Allaha və axirət gününə iman edirsə, ya xeyr söz danışsın, ya da ki sussun” (Müslim, “İman” 74; Buxari, “Ədəb” 31)

Gördüyünüz kimi, burada qonşulara yaxşılıq etmək kamil möminliyin bir şərti kimi göstərilmişdir. Hədisi-şərifdə bir digər mühüm məsələ də var. Allaha iman digər iman əsaslarını da ehtiva edir, o cümlədən axirətə imanı da… Buna baxmayaraq hədisdə axirətə iman məsələsi ayrıca bəyan edilmişdir. Çünki hər bir xeyir əməlin mükafatı orada veriləcəkdir. Dünyada edilən yaxşılıqlar axirətdə insana qayıdacaq, özü də qat-qat artaraq. Axirət yaxşılıqların tökülüb yığıldığı bir hovuz və əkilən toxumların bəhrə verdiyi bir aləm olduğuna görə hədisdə xüsusi vurğulanmışdır.

Əbədi xoşbəxtliyin açarı xeyirxah qonşular

Digər tərəfdən Allah Rəsulu (əleyhi əfzalüt-təhiyyat və əkməlüt-təslimat) xəbərdarlıq edir: “qonşusu ac ola-ola tox yatan həqiqi mömin deyildir” (əl-Hakim, əl-Müstədrək, 2/15), “Qonşun səndən zərər gəlməyəcəyinə arxayın deyilsə, Cənnətə girə bilməzsən” (Buxari, “Ədəb” 29; Müslim, “İman” 73).

Quran və sünnə qonşuluq haqqına bu qədər əhəmiyyət verirsə, demək ki, o, olduqca mühüm məsələdir. Odur ki, müsəlman uzaq-yaxın bütün qonşularına qarşı xeyirxah olmalıdır. Bəli, Allaha inanan insan əlində olan bütün gözəllikləri qonşuları ilə bölüşməyi bacarır. Çünki müsəlmanın əxlaqı bunu tələb edir.

Qonşuluq haqqı deyəndə, ilk növbədə ağıla yedirmə, içirmə, geydirmə və s. maddi kömək gəlir. Bildiyiniz kimi, zəkat yalnız müsəlmanlara verilir. Sədəqələri, hədiyyələri qeyri-müsəlmanlara da vermək olar. Beləliklə, qeyri-müsəlman olsa belə, uzaq-yaxın bütün qonşulara maddi kömək etmək mümkündür. Çünki bunlar insanların əsas ehtiyaclarıdır. Üstəlik kim olur-olsun qonşunun ac qalmasına, yoxsulluq çəkməsinə əsla imkan verməməli, mütləq kömək etməliyik. Lazım gələndə qonşulara əl uzadıb yol göstərmək, iş tapmalarına kömək etmək də böyük xeyirxahlıqdır.

Lakin qonşuluq haqqını maddi köməklə məhdudlaşdırmaq olmaz. Qarşılaşanda salam verib hal-əhval tutmaq, onlara baş çəkərək və dəvət edərək tanış olmaq, qarşılıqlı hörmət və sevgiyə zəmin hazırlamaq, varsa, mənfi düşüncələri aradan qaldırmağa çalışmaq da çox əhəmiyyətlidir.

Xüsusilə, xarici ölkədə yaşayan bir möminin sağ, sol, alt və üst qonşuları ilə bir yol tapıb münasibət qurması, məsələn, bəzi əlamətdar günləri fürsət bilib onları hədiyyələrlə sevindirməsi, onlara baş çəkməsi çox önəmlidir. Bunun sayəsində qonşularının könlünü fəth edər, İslamiyyətə dair mənfi düşüncələri aradan qaldırar və öz dəyərlərini tanıdar. Mənə elə gəlir, məsələyə bu cür yanaşsaq, qonşuluq haqqının sırf maddi köməkdən ibarət olmadığını daha yaxşı anlayarıq.

Fəlakətə çevrilən günah mühiti

O cümlədən hədislərdə buyurulur ki, mütləq haram olan bir günahı qonşu ilə işləməyin cəzası qat-qat çoxdur. Bildiyiniz kimi, haramların öz dərəcələri vardır. Məsələn, Zati-Üluhiyyətə şərik qoşmaq elə bir günahdır ki, Quran onu bu ifadələrlə təsvir edir:

تَكَادُ السَّمَوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا
Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!

 (“Məryəm” surəsi, 19/90)

Bəli, elə haramlar var ki, göylər və yer dözmür, parça-parça olur. Qohumlar arasında işlənən günahlar bu çərçivədə götürüldüyü kimi, hədislər bu cür günahların ikiqat və hətta qatbaqat günah olduğunu diqqətə çatdırır. Çünki qohum və qonşular arasında əsas olan etibar və etimaddır. Buna görə də etimad edilən bir insanın pis əməli adi günah deyil, əksinə böyük qol-budaqlı şərdir.

Bir boşqab hədiklə qurulan dostluq körpüləri

Təəssüf ki, bu gün qonşuluq münasibətləri ciddi zədələnmiş, dəyərlərimiz darmadağın olmuşdur. Müsəlman coğrafiyasında qutu kimi mənzillərdə, binalarda yalnız özünü düşünən, öz dünyasını yaşayan toplumlar var. Qonşular ancaq hay-küy qopanda bir-birinin qapısını döyür, onu da xəbərdarlıq etmək üçün. Buna görə də bütün imkanları səfərbər edərək xroniki hala gələn bu problemi aradan qaldırmaq üçün səy göstərməliyik. Ancaq unutmayaq ki, oturuşmuş bir anlayışı dəyişmək əyindəki paltarı çıxarıb atmaq kimi asan və qısa müddətdə olmur. Odur ki, bu məsələdə qətiyyətli olmalı və bezib-usanmadan çalışmalıyıq. Bəzən bir aşura günü bir boşqab hədiklə qapılarını döyərsiniz, bəzən mövlüd gününü təbrik edərsiniz, qurban bayramında bir parça ət payı verərsiniz, bəzən də onların əlamətdar bir günündə hal-əhval tutarsınız. Unutmayaq ki, insan kərim varlıqdır, yaxşılığın köləsidir. Etdiyiniz yaxşılıqlar gec-tez bir gün öz təsirini mütləq göstərəcəkdir. Bəlkə də, uzun müddət sizi sınayacaq, heç bir mənafe güdmədiyinizi görəndə də qapılarını yavaş-yavaş aralayacaqlar, beləcə gəliş-gedişlər başlayacaq.

Allah Rəsulu (əleyhi əlfü əlfi səlatin və salam) möminlərin münasibətini kərpicləri bir-birinə pərçimlənmiş möhkəm bir binaya bənzədir ki, (Buxari, “Səlat” 88; Müslim, “Birr” 65) belə bir toplumun təşəkkülündə də ayədə keçən ana-ata haqqına riayət, möhkəm qohumluq bağları, yoxsullara arxa durmaq və qonşuluq hüququna əməl etmək kimi əməllər mühüm rol oynayır. Müasir həyatda qonşuluq münasibətləri ciddi zədələndiyinə görə, ola bilsin ki, başlanğıcda problemin aradan qaldırılması üçün göstərilən təşəbbüslər nəticəsiz qalsın. Ancaq adi könül alma da olsa, əzmkarlıqla, qətiyyətlə edilən yaxşılıqlar gün gələcək aradakı buzları əridərək qəlbləri bir-birinə isinişdirəcək. Bu yaxınlıq da get-gedə güclü münasibətlərə çevriləcək və cəmiyyətin fərdləri arasında qırılmaz bağlar əmələ gələcək. Beləcə fərdlər bir-birinə təmənnasız dəstək olacaq, biri yıxılanda o biri əlindən tutacaq, bir-birinə yaxşılıq etməkdə yarışacaqlar. Vuruşmayan, boğuşmayan, ziddiyyətsiz ideal bir cəmiyyət də ancaq bu cür fərdlərdən meydana gəlir.

Üstəlik Həzrəti Pirin ifadəsiylə desək, əczası (cüz, parçacıq) və molekulları günahlardan ibarət olan bir cəmiyyətin sağlam olması mümkün deyildir. Elə isə sağlam bir cəmiyyət üçün fərdlərin günahlardan qorunmaqda və xətalardan uzaqlaşmaqda bir-birinə kömək və dəstək olması mühüm bir vəzifədir. Cənabi-Allah bu əmri ilə bir mənada, möminlərin qarşılıqlı məsuliyyətlərini xatırladır:

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ
Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə

 bir-birinizə kömək göstərməyin (“Maidə” surəsi, 5/2)

Qurani-Kərimin əmr etdiyi yardımlaşma və həmrəyliyi təsis etmək üçün, məncə, qonşuluq münasibətləri kimi əvəzsiz bir fürsət və önəmli bir məsuliyyəti mütləq dəyərləndirmək lazımdır.




Şərh yaz