Qulluq şüuru
Yaradılışın qayəsi
İnsanın yaradılış məqsədi hər şeydən əvvəl Allahı tanımaq və ancaq Ona ibadət etməkdir. Buna görə də bəşər övladı Yaradanına ibadət etməyə borcludur. Qurani-Kərimdə Uca Allah: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[1] – buyuraraq insanın yaradılışındakı məqsədi açıq-aydın bildirmişdir.
Bəli, insan Allahı tanımaq və yalnız Ona layiqincə ibadət etmək üçün xəlq edilmişdir. Qurani-Kərimi səhifələyəndə bir çox yerdə insanın yaradılışı haqda ayələrin ardınca Allaha ibadətdən bəhs edən bəyanların gəldiyini görürük:
“O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et, Ona ibadətdə səbirli və sabitqədəm ol! Heç Ona tən və bənzər bir Yaradan görmüsən?”[2]
“O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. Hər şeyin idarəsi Onun əlindədir!”[3]
Uca Allah insanı yer üzünün xəlifəsi məqamı ilə şərəfləndirmiş və bunu Qurani-Kərimdə bəyan etmişdir. Yaradılışının başlanğıcında insana aid edilən ilk vəsf “yer üzünün xəlifəliyi” xüsusiyyətidir. Bu məqam insanın nə qədər dəyərli olduğunu göstərməklə yanaşı, onun çiyinlərinə ağır bir məsuliyyət də yükləyir. Belə ki Haqq-Təala:
“(Ey insanlar!) Sizi yer üzünün xəlifəsi edən, sizi sınamaq üçün verdiyi nemətlərdə birinizi digərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!”[4] buyuraraq həyatın hər sahəsində ibadət və məsuliyyət şüurunun vacibliyini vurğulamışdır.
Yer üzündə hər şey ixtiyarına verilən insan Allaha itaət etməli, ibadət vəzifələrini lazımınca yerinə yetirməyə çalışmalıdır. İnsan həyatın hər sahəsində Allahın xəlifəsidir.
Qulluq şüuru və bizə bəxş edilən nemətlər
Allah-Təala Qurani-Kərimdə insana digər varlıqlarla müqayisədə böyük dəyər verdiyini, onu qısa dünya həyatında əziz qonaq kimi saxladığını və əbədi diyara − Cənnətə dəvət etdiyini bildirir.
Uca Yaradan hələ insanın gəlişindən əvvəl dünyanı beşik, yeri döşək, göy üzünü isə qəndillərlə bəzənmiş tavan kimi hazırlamışdır. İnsanı yoxdan var etmiş, ona minlərlə duyğu, onlarla orqan vermiş və nəyə ehtiyacı varsa, hamısını yaratmışdır. Bu nemətlərin sayı barədə Qurani-Kərimdə belə buyurulur: “Əgər Allahın nemətlərini sayası olsanız, sayıb qurtara bilməzsiniz”[5].
O halda insanın əsas vəzifəsi bütün nemətlərin sahibi Allahı tanımaq və sevmək, Onu tanıdığını və sevdiyini də ibadətləri ilə göstərməkdir. Hər bir nemət, yaxşılıq və lütf təşəkkür tələb edir. Allah bir nəfəsdə insana iki dəfə həyat bəxş edir. Ona görə bir ömür boyu çalışsaq da, Allahın nemətlərinə heç vaxt layiqincə şükür edə bilmərik.
Şükür bəxş edilən nemətlərin əvəzində təşəkkür etmək, minnətdar və məmnun olmaq, nemətin həqiqi sahibinə sevgi bəsləməkdir. Ulu Xaliq verdiyi sonsuz nemətlərin müqabilində insandan şükür, iman, itaət – bir sözlə, ibadət istəyir: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərin müqabilində) Ona şükür edin!”[6]
Qısacası, Allah-Təala bəxş etdiyi bütün maddi-mənəvi nemətlərinin əvəzində insana Rəbbinə daima şükür və ibadət etməyi əmr buyurur:
“Onlar bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara əmin-amanlıq bəxş etdi”[7].
“(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Ona görə də Rəbbinə ibadət et və qurban kəs!”[8]
İbadətsiz yaşamaq olarmı?
İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür. İnancsız və ibadətsiz yaşamaq insanın fitrətinə ziddir. Rəbbimiz Allah bizi yaradaraq varlıq aləminə çıxarıbsa, demək, sırf bunun müqabilində Ona ibadət etməyə borcluyuq.
Digər tərəfdən yaradılmaq Yaradana ibadəti zəruri edir. “O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!”[9] Bu ayədə də bildirildiyi kimi, rübubiyyət[10] və yaratma sifətlərinin sahibi yalnız Allah-Təaladır. Elə isə ibadət edilməyə layiq olan və buna haqqı çatan da yalnız Odur.
İbadətlər imanı qüvvətləndirir
İbadətlər yerinə yetirildikcə iman da qəlbdə kök salıb möhkəmlənir. Çünki ibadət imanın əməli şəklidir. İnsan ibadətləri tərk etdikdə isə imanı zəifləyir, get-gedə pis duyğuların, nəfsani düşüncələrin əsirinə çevrilir. Elə çirkin günahlar işləyir ki, öz-özündən utanmağa başlayır. Bu dəhşətli aqibətə düçar olmaqdan ancaq ibadətləri yerinə yetirməklə qorunmaq və qurtulmaq mümkündür.
İbadətlər imanın həyata əks olunmasıdır. Bu baxımdan edilən ibadətlər və işlənən əməllər imanı qüvvətləndirir. Həqiqi imanın əldə edilməsi və gücləndirilməsi iman və əməlin qoşa addımlaması ilə mümkün olur.
Qurani-Kərim bir çox ayələrində imanla saleh əməlin adını yanaşı çəkir və maddi-mənəvi tərəqqinin məhz saleh əməllər işləməklə mümkün olduğunu vurğulayır.
Saleh əməllər qəlbdə iman işığını daima parladır və getdikcə qüvvətləndirir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində buyurur: “Qəlbə hər an dəyişdiyinə görə qəlb deyilib. Qəlb bir ağacın başına ilişmiş quş tükünə bənzəyir. Külək daima onu o tərəfə, bu tərəfə çevirir”[11].
İnsan iman edəndən sonra ibadətlərə yönəlmirsə, gününün müəyyən saatlarını ibadətlərə ayırmırsa, tədricən Allahdan, dindən uzaqlaşır. Hətta içindəki iman işığı get-gedə öləziyir, bir gün sönüb qəlb evini qaranlığa qərq edir. Demək, iman və ibadət ətlə dırnaq kimidir. Onları bir-birindən ayırmaq qeyri-mümkündür. Həqiqi iman insanı saleh əməl işləməyə sövq edir, saleh əməl də imanın köklərini gücləndirir.
Qulluq şüuru və əhdü-peymanımız
Bir işə və sənətə başlamadan əvvəl o işlə bağlı yazılı və ya sözlü əhdü-peyman bağlandığı kimi, həm cismən, həm də ruhən bu dünya həyatında yaşamağa başlamadan əvvəl bizim də Rəbbimizə verdiyimizin söz və əhdü-peymanımız var.
Qurani-Kərimdə belə bir ayə var; “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”; … deməməniz üçündür.[12]
İnsan, vicdanı ilə baş-başa qaldığı zaman ayədə buyrulan “Bəli, Rəbbimizsən!”[13] sözünü və əhdü-peymanını xatırlayır.
Qərb filosoflarından Kant və Bergson da, Allahı tanıyıb bilmədə vicdan dəlilindən bəhs edirlər. Onlara görə bir insan heç bir əqli və nəzəri dəlillərdən istifadə etmədən vicdanında Yaradanını hiss edə bilər.
Bir İslam alimi, müsəlmanın qəlbində Allah-Təalanı duymasını, mizrab dəymiş telə bənzədir. Mizrab telə dəyərkən sanki səs o telin hər bir zərrəsi titrətdiyi kimi, qəlbimizin bəm telini titrədən mizrab da Allah hissi və Allahı yad etmək olmalıdır.
Vicdan, Allahı hiss edib duya bilsə də, bundan sonrakı mərhələni aşa bilmir. Allah-Təalanın bizim haqqımızda istədiyi və istəmədiyi şeylər nələrdir? Biz Ona qulluq və ibadət etməliyikmi? Allaha qulluq və ibadəti necə etməliyik? Bu kimi suallara vicdan cavab verə bilmir. Bu məqamda sanki dəniz sahilinə gəlib çatdıq… Bir mənada bundan o yana piyada gedə bilmərik. Başqa bir vasitəyə minməyimiz lazımdır. Bizi, Allahı hiss edib duyma sahilindən, Allaha qarşı olan əhdü-peymanın gərəklilik, qulluq və ibadət sahilinə, ancaq vəhy gəmisi apara bilər. Bu gəminin kapitanı da Hz. Muhəmməddir (s.ə.s).
Bir hədisdə Allah Rəsulu (s.ə.s.) belə buyurub: “Qulun Rəbbinə ən yaxın olduğu an səcdə halıdır. (Belə olduqda səcdədə) duanı çoxaldın“.[14] İnsan qulluq şüuru ilə başını səcdəyə qoyanda Allahla arasında yaxınlıq meydana gəlir. Bu yaxınlıq anını da yaxşı dəyərləndirmək lazımdır. Quranda buyurulan, həmçinin Hz. Peyğəmbərimizdən (s.ə.s) nəql olunan dualar ilə Cənab Allah yönəlmək, ona pənah gətirmək, qulluq şüurunu daha da dərinləşdirmək hər bir müsəlmanın vəzifəsi olmalıdır.
Qulluq şüuru və nümunəvi nəsil
İslam tarixçiləri tabeun nəslinin Allaha qulluq etmə və elm sahibi olmaqla bağlı səhabələrdən daha öndə olduğunu demişlər. Ancaq onu da vurğulamaq lazımdır ki, səhabələr iman və Allaha qulluq vəzifəsinin başqa bir yönünü təmsil edirdilər. Səhabələr dini qoruyaraq bu əmanəti sonrakı nəsillərə ötürmə, ibadət və elm təhsili üçün uyğun şərait formalaşdırma kimi çox əhəmiyyətləri vəzifələri icra etmişlər. Səhabə nəsli olmasaydı din olmazdı. Bu səbəblə səhabələrin yaşadığı dövr ən xeyirli və fəzilətli dövrdür. Onlar böyük xeyirlərə vəsilə olduqları üçün sonrakı əsrdə yaşayan xələflərinin savablarından öz hissələrini alacaqlar.
Allaha bəndə olmaq böyük şərəfdir
Allaha qul və bəndə olmaq düşüncəsi və bunu hiss etmək insan üçün böyük bir şərəf, böyük bir ucalıqdır. Kəliməi-şəhadət gətirərkən burada Allahın Rəsulunu da zikr edir, əvvəla “Allahın qulu” (abduhu), sonra isə “Allahın Rəsulu” (Rasuluhu) ifadələrini işlədirik.
Mövlana Cəlaləddin Rumi söz ustadı, şair və böyük alim olmasına baxmayaraq, Allaha bəndə və qul olması ilə öyünür və belə deyir: “Qul oldum, qul oldum, qul oldum… Hər kölə azadlığa çıxanda məsud və bəxtiyar olur. Mən Sənə qul olmaqla səadət və sevinc tapdım.”
İnsan həqiqi mənada qulluq şüuruna çatmaq üçün bəzən günlər, həftələr, aylar, bəlkədə illər lazımdır. İnsan, ibadətlərinə ən üstün dərəcədə diqqət etməli və mənəvi həyatını iflic edən günahları işləməkdənsə, ölməyi seçəcək qədər iman və iradə gücünə sahib olmalıdır. İnsanın, üzərinə düşən qulluq vəzifələrini yerinə yetirməsi və bu minvalla Uca Yaradan və son elçisinin adının hər yerdə səslənməsi və eşidilməsi üçün çalışması qulluq şüurunun digər bir cəhətidir.
Qulluq şüuruna aparan yollar
İslam alimlərinin dediyi kimi əgər insan namaz, oruc və digər nafilə ibadətləri, ən şirin şeyləri ağzında dadaraq həzz aldığı kimi əda etmir, və ya əda edə bilmirsə, heyvani və nəfsani hisslərdən tamamilə qurtulmuş sayılmaz. Bir insan şüursuzca, ancaq bütün rükunlarına riayət edərək ibadətlərini əda edə bilər. Hətta bu onu məsiliyyətdən də xilas edə bilər. Ancaq şüursuzca əda edilən bir ibadət qəlbin və mənəvi həyatın inkişaf etməsinə təkan verməyəcəkdir.
Qulluq şüurunu dərk etmək və mənən kamilləşmək üçün, halal loxma yeyilməli, gözlər mütləq haramlardan çəkinməlidir. Gərəksiz danışıqlardan və insanı şəhvətə aparan duyğu və hisslərdən uzaq durulmalıdır.
Qulluq şüuru və yol yorğunluğu
İnsan bir işi mahiyyətini anlamadan görürsə, adət halına gəldiyi üçün şüursuzca icra edirsə, o işi sevmir və ondan həzz almırsa, deməli, yol yorğunluğuna mübtəla olub.
İnsan elə bir sirli varlıqdır ki, bu “yol yorğunluğu”nu mütləq mənada nəyəsə bənzədə bilmirik. Bəlkə, bu yol yorğunluğunu dəmirdəki paslanmaya, əşyanın tozlanmasına və s. oxşada bilərik.
Önəmli olan nə vaxtsa qazanılmış bir uğuru həyatın enişində, yoxuşunda, bir sözlə, ömür boyu qoruyub saxlaya bilməkdir. Yoxsa işıldaquş kimi bir anlıq parlayıb sönmək o qədər dəyər ifadə etməz. Biz bu ifadələri ibadət həyatı üçün də deyə bilərik.
Əsas odur ki, insan ona bəxş edilən ömrün bütün döngələrində yol yorğunluğuna düşmədən həmişə şövqlü, daim Allaha bəndə olmanın şüurunda olsun.
İnsan fiziki mənada yol yorğunluğuna məruz qaldığı kimi, etdiyi ibadətlərdə də yol yorğunluğu yaşaya bilər. Bir mütəfəkkirin dediyi kimi: “İnsanlar namaz qılırlar, ancaq Allahın hüzurunda olduqlarını çoxdan unudublar. Qəlblər titrəməz, gözlər yaşarmaz olub. Cənnətin Rəyyan qapısının açarları olan oruclar axşam yeməyini səbirsizliklə gözləyən adi aclığa dönmüşdür”.
Göründüyü kimi, insanlar həm namaz, oruc, zəkat və s. kimi ibadətlərində, həm də öz peşə və gündəlik işlərində yol yorğunluğuna düşə bilərlər.
Yol yorğunluğundan qurtulmaq üçün…
Yol yorğunluğuna mübtəla olmamaq mümkündür? Allaha ibadətlərdə, gündəlik işlərlərdə, yol yorğunluğu ilə üzləşməmək, demək olar ki, qeyri-mümkündür. Bu mərəzə tutulmaq istəmiriksə, nə etməliyik?
Peyğəmbərimiz (s.ə.s) bu yerdə Əbu Zərin (r.a) şəxsində bütün insanlara belə nəsihət verir:
“Gəmini bir daha gözdən keçirərək yenilə, çünki dəniz çox dərindir. Azuqəni kifayət qədər götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki çıxacağın yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki hər şeyi görən və qiymətləndirən Rəbbin bütün etdiklərindən xəbərdardır“.[15]
Hədisi belə şərh edirlər: “Azuqəni kifayət qədər götür, amma yol boyunca lazım olmayan yükləri boş yerə yanında daşıma. Uca məfkurəyə çatmağa mane olan dünyəvi nə varsa, insanın kürəyində ağır yükdür. Hər bir günah və xəta yükdür, hər sui-zənn, hər qeybət, hər iftira, hər yalan yükdür. Beləliklə, “yükü yüngülləşdirmək”də əsas məqsəd günahlardan təmizlənməkdir.”
Önəmli olan bu mərəzlə qarşılaşmamaq, “bu xəstəliyə” yoluxmamaq deyil, bu mərəzin varlığını qəbul edərək daim onunla mübarizə aparmaqdır. Bir mənada önəmli olan günah işləməmək deyil, hər günahdan sonra tövbə etməkdir.
Qulluq şüuru və sonsuz arzular
İnsan xəstələnəndə həkimə gedir. Həkim də həmin şəxsi müayinə etdikdən sonra müalicə məqsədi ilə bəzi dərmanlar verir və bu dərmanları qəbul etməyi tapşırır. İbadətlər də bir mənada mənəvi yara və xəstəliklərin müalicəsi üçün Allah tərəfindən yazılmış resept kimidir. Bəşər övladı hüzur və xoşbəxtliyə ancaq ibadətlərini yerinə yetirməklə çata bilər.
Allaha ibadətlə coşan qəlb rahatlıq tapar. İbadətlərini ilahi riza səviyyəsinə yüksəltdikcə daxilən hüzur tapar və elə mənəvi həzlər yaşayar ki, sözlər bunu təsvir etməkdə acizdir. İnsan bu mənəvi zövqlər sayəsində gündəlik həyatda üzləşdiyi çətinliklərin öhdəsindən asanlıqla gələr.
Çünki o, əşya və hadisələrin yeganə yaradanına − Uca Allaha arxalanır, Ona güvənir. Bir bəndə üçün ən böyük nemət Rəbbə aid ibadət vəzifəsini yerinə yetirməkdir. Bu niyyətlə çalışıb-çabalamaq həm insanın özünə, həm də ətrafına hüzur gətirir.
Bir İslam aliminin sözləri ilə desək, insan cismən kiçik, zəif və aciz olsa da, uca ruha sahibdir. Çoxlu qabiliyyətləri vardır. Meyil və arzularının, şəhvət və qəzəb hislərinin sərhədi, fikir və düşüncələrinin sayı-hesabı yoxdur.
Bəli, ibadət insanı mənən zənginləşdirir. Qabiliyyətlərini inkişaf elətdirir. Meyil və arzularını arındırıb tərtəmiz hala gətirir. Əməl və istəklərini gerçəkləşdirir. Fikirlərini nizama salır. Şəhvət və qəzəb duyğularına hakim olub onları həddi aşmaqdan və pis əməllər işləməkdən çəkindirir. Kamala çatdırır, mənəvi yetkinliyin zirvəsinə yüksəldir. Xülasə, bəndə ilə Allah arasında ən ülvi, ən qüdsi bağ məhz ibadətdir.
Qulluq şüuru və Allahın xoşnudluğu
Allah ibadət vəzifələrini yerinə yetirən bəndəsini sevir və onu Özünə yaxınlaşdırır. Peyğəmbərimiz (s.ə.s) bir hədisində bu həqiqəti bəyan edir:
“Allah buyurur ki, kim vəli[16] bir bəndəmə düşmənçilik edərsə, mən də ona hərb elan edərəm. Bəndəmi mənə yaxınlaşdıran ən gözəl şey ona fərz buyurduğum ibadətlərdir. Bəndəm Mənə nafilə ibadətlərlə də yaxınlaşmaqda davam edər. Nəhayət, onu sevərəm. Mən bəndəmi sevdimmi, artıq onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı kimi olaram. Dili ilə nə istəsə, mütləq verərəm. Mənə sığınmaq istədimi, onu qoruyaram”[17].
“Allah bir bəndəsini sevdikdə Cəbrailə: “Allah filan bəndəni sevir, sən də sev!” – deyə əmr edir. Cəbrail də həmin bəndəni sevməyə başlayır. Cəbrail sonra göy əhlinə: “Allah filan bəndəni sevir, siz də sevin!” – deyə səslənir. Səma sakinləri də həmin bəndəni sevməyə başlayır. Sonra yer əhlinin qəlbinə həmin bəndəyə qarşı sevgi hissi qoyulur. Beləcə, o, insanların da sevgisini qazanır və saleh adam kimi tanınır”[18].
Qulluq şüuru və ibadətin gətirdikləri
Uca Allahın ibadətlərə yüklədiyi mənaları insan bilməyə bilər. Ancaq əsas məsələ insanın əmr edildiyinə görə ibadət etməsidir. Düzdür, edilən ibadətlərlə qəlb və ruh mənən bəslənir. Həmçinin namaz, oruc və s. ibadətlərin başqa faydaları da var.
Məsələn, zəkat kasıblarla zənginlər arasında körpü mahiyyəti daşıyır. Cəmiyyətin sosial təbəqələri arasında sevgi, şəfqət, qayğı və yardımlaşma hissləri aşılayır. Həcc ibadətində eyni zamanda bir səyahət havası və dincəlmə də hiss oluna bilər. Həcc ibadətinə dünyadakı müsəlmanların illik yığıncağı və toplantısı kimi də baxmaq olar. Oruc ibadəti ilə insan öz nəfsinə səbir və itaət etməyi öyrədir. Bir növ pəhriz etdiyi üçün səhhət tapdığını da demək olar.
Ancaq bir mömin etdiyi bütün ibadətləri bu sadalanan fayda və məsləhətlərə bağlamamalıdır. Çünki ibadətlərin hikmət, məsləhət və faydası nələr olsa da, ibadətləri sırf Allahın buyurduğu, Uca Yaradanın bizdən istədiyi üçün etməliyik. Zəkat, oruc, namaz, həcc və başqa ibadətlərin insana verdiyi faydalarından bəhs edilə bilsə də, hər şeydən əvvəl bu ibadətlər sırf Cənab Allahın əmr etdiyi üçün yerinə yetirilməlidir.
İki cavan və iki yol (hekayə)
Bir zamanlar uzaq diyarların birində hündür qarlı dağların qoynunda, kiçik bir kənddə Səncər və Sənan adında iki cavan yaşayırdı. Kiçik kəndlərinə sığmayan bu cavanlar günlərin bir günü hökmdarın ordusuna qoşuldu. Hökmdarın əmri ilə uzaq bir şəhərə yola düşdülər. Bir müddət gedəndən sonra yolun ikiyə ayrıldığını gördülər, lakin hansı yolla gedəcəklərini qərarlaşdıra bilmədilər. Yolayrıcında oturmuş qəribə bir adamdan soruşdular:
− Bu yollar hara gedir?
− İkisi də eyni şəhərə gedir.
− Hansı yol qısadır?
− Eyni uzunluqdadır.
İki gənc təəccüblə bir-birinin üzünə baxdı. Bu yerlərə yaxşı bələd olan qəribə adama yenidən sual verdilər:
− Hansı yol yaxşıdır?
Adam onları təpədən dırnağacan süzüb aramla danışmağa başladı:
− Birinci yol xətasız-bəlasızdır. Bu yolla gedənlərin onda doqquzu təhlükələrlə üzləşmir, səfərləri də qazanclı olur. İkinci yolla gedən on yolçudan doqquzu təhlükə ilə qarşılaşır və zərər çəkir!
Bu sözlərdən sonra gənclərin təəccübü bir qədər də artdı. “O halda ikinci yolu kim seçər ki?!” deyə düşündülər.
Qəribə adam elə bil gənclərin fikrini oxudu. Sözünə belə davam etdi:
− Sözümü hələ qurtarmamışam. Birinci yoldan hökmdarın əsgərləri istifadə edir. Bu yolu seçənlər silah və ağır heybələrini daşımağa məcburdur. İkinci yoldan isə hökmdara tabe olmayanlar istifadə edir. Bu yolçulara silah və heybələrini aparmaq məcburi deyil. Ona görə də bu yolla səfər etmək zahirən rahat görünür.
Səncər həmin adama təşəkkür etdi, çantasını belinə atdı, silahını çiyninə keçirib birinci yolla getməyə başladı. Ağır silah-sursatını qoyub getmək niyyətində deyildi. Hər şeyini özü ilə apardı, ona görə də qəlbində zərrə qədər narahatlıq yoxdu.
Ancaq əmr altında yaşamaqdan və heybəsinin ağırlığından yorulacağını güman edən Sənan ikinci yolu seçdi. Səncərlə vidalaşdı. Ağır çantasını və silahını bir kənara atıb azadlıqdan zövq almaq arzusu ilə yola düzəldi.
Səncər uzun yolu başa vurub şəhərə çatdı. Tapşırılan vəzifəni layiqincə yerinə yetirdikdən sonra sərkərdəni tapdı. Sərkərdə Səncəri müxtəlif hədiyyələrlə mükafatlandırdı.
Sənan isə mahnı oxuya-oxuya yol gedirdi. Özünü azad quşlar kimi hissi edirdi. Xeyli yol aldıqdan sonra acdığını hiss edib bir ağacın kölgəsinə çəkildi. Ancaq ətrafda nə yeməyə bir şey, nə də içməyə su vardı. Heybəsini də yol ayırıcında tullamışdı. Çar-naçar qalıb ağacın nazik pöhrələrini qırıb yeməyə başladı.
Bu vaxt qara bir bəbirin qəzəblə ona tərəf gəldiyini gördü. Hardan çıxdı, hardan peyda oldu, bilmədi. Silahsız Sənan ağacların arası ilə qorxu içərisində qaçmağa başladı. Xeyli qaçdı. Nəfəsi kəsilmiş, dizlərində taqət qalmamışdı.
Ayaq saxlayıb ətrafa göz gəzdirdi. Heç nə görünmürdü. Qara bəbirin pəncəsindən canını qurtardığını düşünüb rahatca nəfəs aldı. Amma sevinci çox çəkmədi. Baltakəsməz meşədə azmışdı.
Bir yönə doğru saatlarla addımladı. Yorulub əldən düşdü. Ağaca söykənib yuxuya getdi. Soyuq gecənin ardınca günəşin ilıq şəfəqlərini üzündə hiss edib oyandı. Əlisilahlı adamlar başının üstünü kəsdirmişdi. Bunlar, güman ki, sərhədi keçən düşmən əsgərləri idi.
Sıldırımlı dağlarda aylarla əsir qaldıqdan sonra fürsət tapıb qaçmağı bacardı və bitab halda şəhərə çatdı. Sərkərdənin qarşısına çıxmağa cəsarəti çatmadı. Qorxu içində və aclıqdan titrəyə-titrəyə küçələrin birində bir küncdə büzüşdü. Sənanı görən əsgərlər şübhələnib onu sorğu-suala tutdular. Vəzifəsinə səhlənkar yanaşdığına, silah və çantasını özü ilə gətirmədiyinə görə onu müqəssir bilib zindana atdılar. Sənan yol boyu başına gələnləri gözünün qabağına gətirib zindana salınmağa layiq olduğunu düşündü.
Bir müddətdən sonra zindanın qapısı açıldı. Sənan içəri girən əsgəri tanıdı. Bu, Səncər idi. İki dost göz yaşları içində görüşüb-qucaqlaşdıqdan sonra Səncər Sənana dedi:
− Başına gələnlərdən xəbərim var. Səndən ötrü sərkərdə ilə görüşmüşəm. Məhkəmədə tutduğun işə görə peşman olduğunu desən, əfv edilərsən.
Bir neçə gündən sonra azadlığa çıxan Sənan sevincindən az qala uçurdu. Səncəri arayıb-axtardı. Nəhayət, onun bir yerdə ibadət etdiyini gördü.
− Həmişəki kimi vəzifəni də, ibadətlərini də yerinə yetirirsən, – dedi.
Səncər:
− Bu da Allaha aid vəzifəmizdir, – dedi, − səfərdə başımıza gələnlərlə həyatımız bir-birinə bənzəmir?
Sənan təəccüblə cavab verdi:
− Nə demək istədiyini başa düşmədim.
Səncər onun gözlərinə baxıb sözlərinə davam elədi:
− Bu səfəri həyat səfərimiz kimi təsəvvür elə. Ruhlar aləmindən gəlir, qəbirdən keçib axirətə gedirik. İbadətlər bu səfər boyu çiyindən asdığımız çanta və silahdır. Çətin və ağır gəlsə də, qəlbə rahatlıq gətirir, insanı təhlükələrdən qoruyur.
− Necə rahatlıq gətirir? – deyə Sənan soruşdu.
Səncərin cavabı gecikmədi:
− İbadət edən insan bilir və anlayır ki, Allahdan başqa ilah yoxdur. Hər şey onun əlindədir və Onun hər işində bir hikmət var. Üstəlik, lütfü və mərhəməti də çoxdur. Buna görə də dara düşəndə Allaha sığınır, iman və ibadətindən güc alır. Dünyadan köçüb axirətə qovuşanda da vəzifəsini layiqincə yerinə yetirmiş bir əsgər kimi mükafatlandırılır.
− İndi anlayıram, – dedi Sənan, – Mənim kimi qafillər də qəflət içində yaşayır. Arzularının və əməllərinin sərhədsiz olduğunu, gücünün hər şeyə yetmədiyini unudur. Allaha ibadət etmir. Bunun da nəticəsində bəzən bəndələrə kölə olur, bəzən ona-buna əl açır. Axirət mənzilinə çatanda isə vəzifəsini yerinə yetirməyən əsgər kimi cəzalandırılır! Hə, düzgün başa düşmüşəm?