7. 951 dəfə oxunub ,   0 şərh   Çap et

Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.

Məsələn, araşdırmalara görə, Ay Yer kürəsindən qopub ayrılıb. O, birdən geriyə, “anası”nın qoynuna dönmək istəsə, o zaman atom fizikasının qanunlarına əsasən planetimiz dəhşətli bir partlayışa məruz qalar… və qiyamət qopar. Belə ki, bir gün Allah Rəsulu (s.ə.s) Həzrət Aişəyə (r. anha) Ayı göstərib: “Ey Aişə, bu zülmətlə bürüyən ayın şərindən Allaha sığın!” – buyurmuşdu[1].

Bu səbəbdən də əhlullah yuxuda ay görməyi şər, günəş görməyi isə xeyir əlaməti saymış və bu cür yozmuşlar.

Bir quyruqlu ulduz[2] gəlib yer kürəsinə çırpılsa, Qiyamət qopa bilər. Yaxud, bir nüvə sınağında yol verilən bir səhv qiyamətin qopmasına gətirib çıxara bilər. Zahiri səbəb nə olursa-olsun, səbəblərə hökm edən Allah Sura[3]üfürülməsi əmrini verəcək və qiyaməti qoparacaqdır.

Qurani-Kərim ölümdən sonra diriliş həqiqətini iki metodla isbat edir:

Birincisi: “Qiyasi-təmsili” (“Nümunə ilə müqayisə”) metodu,

İkincisi: “Oxşarını göstərmə” metodu[4].

Qurani-Kərim bir tərəfdən makro aləmdə afaqi[5]dəlillərə söykənərək, digər tərəfdən də normo (ənfüsi)[6]aləmə istinad edərək həşrin meydana gələcəyini sübuta yetirir. Bu yerdə mikro aləmə də baş çəkməyi unutmur. Qurani-Kərim eyni zamanda makro və mikro aləmi birlikdə götürməklə məsələni izah edir ki, buna “aləmşümul dəlil” də deyə bilərik. Bu son hissədə isə Mütləq Yaradılış nəzərə çatdırılır. İndi bu məsələləri ardıcıllıqla ərz etməyə çalışaq:

Qurani-Kərim “Nümunə ilə müqayisə” üsulu ilə makro aləmdən misallar gətirərək həşrin bir gün olacağını isbat edir:

“Göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşin üzərinə istiva edən (bütün mülkünün taxtına hakim olan, hər şeyi nizamlayıb idarə edən), müəyyən vaxta qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız”[7].

Cənabi-Haqq səmanı dirəksiz olaraq saxlamaqdadır, Onun qoyduğu nizam sayəsində ulduzlar səyahətini davam etdirə bilir. Siz bu möhtəşəm səmanın dayaqsız olaraq hərəkət etdiyini və orada heç bir qüsur, yarıq olmadığını görürsünüz. Allah səmanı bu şəkildə dirəksiz ucaltdıqdan sonra, Ərşə istiva buyurur və hökmünü oradan icra edir. Sonra da günəşi və ayı ram edib onlardan  faydalanaq deyə cilovlarını bizim əlimizə verir. O, hər şeyi bir planla edir və beləcə, bizlərə sonsuz elmindən hikmət parıltıları göstərir.

Bəli, göydə və yerdə bütün işləri nizamlayan, hər şeyin alnına qüdrət möhrünü vuran Allah sizə həşri vəd edir, izah etdiyi ayələri ilə nəyə qadir olduğunu sizlərə göstərir. Bəlkə, bütün bunları düşünər, aqibətinizi götür-qoy edər, təfəkkürə dalar və bir gün Ona qovuşacağınıza haqq-əl-yəqin[8] inanarsınız.

Biz axirət inancı ilə bütün rübubiyyət[9] və şüunatı[10] ilə özünü göstərən və hiss etdirən Allahın həşri dilədiyi şəkildə var edəcəyinə iman gətiririk.

“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. İlk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”[11].

Yəni səmanı bir kitab kimi bükər və bugünkü mahiyyətini dəyişdirərik. Hərəkət və hərarəti qalmaz, hər tərəfə bir sükunət çökər. Məhfəzəsindən[12] çıxarıb önünüzə sərdiyimiz kainat kitabını təkrar örtər, başlanğıcda olduğu kimi, yenə məhfəzəsinə qoyarıq. Bütün məxluqat başlanğıcda necəydisə, yenə o halına qayıdacaq. İlk yaradılış kimi, bu ikinci yaradılışı da səbəblərin fövqündə gerçələşdirəcək və kitabı necə bükmüşüksə, eləcə açacaq və zərrələri yenidən yaradacağıq.

“Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!”[13]

Göyləri və yeri yaradıb sistemə salan və bundan qətiyyən yorulub-usanmayan bir Allah ölüləri yenidən diriltməyə qadir deyildirmi? İbrət nəzəri ilə baxsanız, hər hadisədə Allahın təcəllisini görəcəksiniz. O Allah ki, qətiyyən yorulmaz və dincəlmək ehtiyacı hiss etməz. Bu xüsus haqqında başqa bir ayədə buyurulur:

And olsun, biz göyləri, yeri və ikisi arasında olanları altı gündə yaratdıq, Bizə heç bir yorğunluq gəlmədi”[14].

Belə bir Allah ölüləri yenidən diriltməyə qadir deyildirmi?

“Nümunə ilə müqayisə” metodu Quranın isbatetmə üsuludur. Uca Kitab bəşərin nəzərlərini onun yaşadığı dünyaya yönəldərək Allahın hər şeyin xaliqi olduğunu göstərir və belə bir aləmi yenidən yaradacağını ortaya qoyur. Bu metod vasitəsilə insanın həşrə inamı daha da güclənir.

“Göyləri və yeri yaradan onların bənzərlərini yaratmağa qadir deyildirmi? Əlbəttə, qadirdir! O, çox bilən Yaradandır”[15].

“Sizi yaratmaq çətindir, yoxsa göyü? Halbuki (Allah) onu bina edib yüksəltmişdir”[16].

Sizi xəlq etmək çətindir, yoxsa cinlər və insanlar da daxil olmaqla bütün sistemləri yaratmaq? Kainat sarayını quran Allah Cənnətdə sizin üçün daha kiçik saraylar inşa edə bilməzmi?

“Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gələr. Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!”[17]

Yəni; siz torpağın xəşyət içində, sayğı ilə Allaha boyun əydiyini, bir insan kimi Ondan mədəd istədiyini görürsünüz, Biz də səmadan yağmur göndəririk. Bundan sonra bir qımıldanma və hərəkət başlayır. Torpağın altındakı toxumlar, rüşeymlər başlarını qaldırır, yer üzü yaşıla bürünür. Beləcə, hər baharda yer üzünə bu cür can verən Allah ölüləri də eyni şəkildə həşr edəcəkdir. Hər bahar fəslində bu qədər bitkinin həşrini sizə göstərən Allah-Təala ölüləri də dirildəcəkdir.

Bəli, Allah ölüm yuxusuna getmiş bu qədər heyvan və həşəratı, qupquru ağacları bahar mövsümündə yenidən dirildib cana gətirdiyi kimi, insanı da ömrün xəzanında saralıb torpağa düşəndən sonra vaxt-vədəsi yetişincə yenidən dirildəcəkdir.

“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün ən pis (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olsun. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar və hər növ bitkidən cüt-cüt yetirər”[18].

Ayənin son hissəsində bildirildiyi kimi, siz yer üzünü qupquru çöl kimi, bitki bitməz halda görürsünüz. Səmadan yağmur şırhaşırla yağdırılanda isə bir qımıldanış, bir hərəkətlənmə başlayır və bitkilər boy atır. Allah hər şeydən cüt yaratmaqla ürəkaçan mənzərələri göz önünə sərir.

“Bu, belədir. Çünki Allah yeganə gerçək olandır. (Hər şey Onunla var olur).  O, ölüləri dirildir və  hər şeyə qadirdir”[19].

Bütün bu gördüklərimiz doğrudur, çünki Allahdandır. Ölüləri də O dirildəcək. O, hər şeyə qadirdir. Başınızın üstündəki  minlərlə hadisəni idarə edən və nizama salan Allah (cəllə cəlaluhu) təcəlliləri ilə sizə hər şeyə qadir olduğunu göstərir.

“O saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!”[20]

Göründüyü kimi, qiyamət mütləq gələcək, buna şübhə yoxdur. Və Allah bütün ölüləri dirildəcəkdir.

Yuxarıda da bildirdiyimiz kimi, Cənabi-Haqq bütün bu ayələrdə həşrin oxşarını, necə baş verəcəyini əvvəlcə yer üzündə göstərdi. Cənabi-Haqq baharın gedişi ilə torpağa düşən toxumları çürüdükdən sonra ikinci bir baharda necə yenidən dirildirsə, məzarında çürüyən insanı da ikinci bir bahar olan həşr günü eləcə təkrar dirildəcəkdir.

Bu baxımdan məsələyə istər bir filosof, istərsə də bir çoban gözü ilə baxaq, Quranın bu inandırma metodundan daha üstün metod yoxdur. Peyğəmbərimizin (s.ə.s) bu məsələ ilə əlaqədar hədisləri də daxil olmaqla qeyd edilən bütün məqamlar sadəcə Qurani-Kərimdə buyurulanların izahından və təfsirindən ibarətdir.

Qurani-Kərim həşr hadisəsini ənfüsi[21] dəlillərlə isbat edərkən normo aləmə yönələrək məsələyə bu misallarla aydınlıq gətirir:

İlk dəfə sizi yaratdığı kimi, yenə də Ona dönəcəksiniz[22].

Sizi torpaqdan, nütfədən, qan laxtasından və kiçik ət parçasından xəlq etdiyi kimi, sizin əsas atomlarınızı, zərrələrinizi yenidən bir yerə toplayıb sintez edəcək və sizi yenidən yaradacaqdır.

Məgər insan onu nütfədən (spermadan) yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə hələ Bizə bir məsəl də çəkdi.

(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. Yaratmaq Onun əlindədir!”[23]

İslamın ilk illərində yaşamış ilk kafir də, iyirminci əsrin ən axırıncı kafiri də eyni şeyi söyləyir: “Bu çürümüş sümükləri kim dirildəcək?”

Qurani-Kərim onlara cavab verir: “Həyatı ilk dəfə kim vermişsə, o dirildəcəkdir”.

“O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od alırsınız”[24].

O Allah ki, içindən su daman yaş ağacdan od çıxarır. Halbuki “bir-birinə zidd iki şey yan-yana gəlməz, bir yerdə toplanmaz” prinsipi var. Sonsuz Qüdrət Sahibi Allah iki zidd şeyi bir yerə cəm edir. Ərəbistanda bitən mərx və ifar ağaclarından su axmasına baxmayaraq, onları bir-birinə sürtəndə od alınır. Qüdrətini bu şəkildə göstərən Allah-Təala çürümüş və ölü sümüklərə can verəcək və insana ikinci bir həyat bəxş edəcəkdir.

Qurani-Kərim ən kiçik atom hissələrindən və hissəciklərindən ibarət mikro aləmi də eyni üsulla göz önünə sərib həşri isbat edir:

“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan (embriondan), daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə açıq-aşkar göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi (oradan) uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün ən pis (ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olsun. (Ey insan!) Sən yer üzünü qupquru, ölü görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar və hər növ gözəl (bitki) bitirər”[25].

Əgər həşrin bir gün baş verəcəyinə şübhə edirsinizsə, mahiyyətinizdə cərəyan edən hadisələrə baxıb bu ənfüsi dəlili araşdırın:

Allah başlanğıcda sizi torpaqdan yaratmışdır. Əsl mahiyyətinizi yer üzündən götürülən bir sıra elementlər təşkil edir. Sonra bu elementlər qarışdırılıb bir protein məhlulu halına salınmışdır. Müəyyən mərhələdən sonra, yəni canlanma səviyyəsinə gələndən sonra mahiyyətiniz bir damla su olmuşdur. Həm də murdar və iyrənc bir su… Daha sonra qan laxtası və bir tikə ət parçası… Bu mərhələdən sonra yaradıla da bilərsiniz, yaradılmaya da. Ya qədərin hökmü ilə yarımçıq doğular, ölüb gedər, ya da əhsəni-təqvimə[26] doğru addımlarsınız. Sonra Uca Rəbbiniz sizi dilədiyi qədər ana bətnində saxlayar. Bəzən uşaq 3-4 aylıqda düşər, bəzən altı, çox vaxt da doqquz aylıqkən dünyaya gələr.

Dünyaya gələndən sonra yetkinləşmək, əqli və fiziki qabiliyyətlərə yiyələnmək üçün müəyyən yaş həddinə çatmağa çalışarsınız. Bəzi insanlar yeniyetmə yaşına çatmadan vəfat edər, bəziləri də yaşayıb, ömür karvanı ilə addımlayıb ömrün ən pis dövrünə qədəm qoyar. Beli bükülər, saçları ağarar və ömrün ən ərzəl (Quranın ifadəsidir. “Rəzil”, “pis” deməkdir – red.) çağına girər. Varlıqdan sonra yoxluğu görəsiniz, verilən nemətlərin bir-bir əldən çıxdığını anlayasınız deyə bu hala gətirilərsiniz. Həyata uşaqlıqla başlayıb axırda da saqqallı uşaq kimi köçüb gedərsiniz.

“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. (Bunları edən) o Allah ölüləri diriltməyə qadir deyilmi?!”[27]

Sizi müəyyən mərhələlərdən keçirib bu hala gətirən, insan edən Allah ölüləri diriltməyə qabil deyilmi?

Göründüyü kimi, Qurani-Kərim həşr həqiqətini əqli və məntiqi metodlarla isbat edir. Quran ayələrinin, demək olar ki, üçdə biri bu həqiqətlərdən bəhs açır.

Fikir, düşüncə, hiss, duyğu, insan, insanlıq və bütün bunlarla əlaqədar olan niyyətlər, əməllər və fəaliyyətlər bu dünyadan bir çay kimi axıb keçir. Axırda gedib axış məcrasının mahiyyətinə uyğun olan bir “hovuzda” toplanır. Biz bu dünyada mükafat və cəza görmürük. Görsək də, bunlar ancaq və ancaq əməllərimizin onda biri qədər ya olar, ya olmaz. Nə qədər zalımlar, cabbarlar[28] və azğınlıqda fironları geridə qoyan tiranlar bu dünyada yaşayıb heç bir cəza, işgəncə görmədən, başı, beli, dişi ağrımadan, üstəlik, cəbərutluğunu,[29] xodfüruşluğunu[30] bir mənada özü ilə o biri dünyaya aparır.

Digər tərəfdən, min bir müsibətə məruz qalan, min bir məşəqqət içində çırpınan məzlumlar da ömrü iztirab içində başa vururlar.

Zalımın öz düşüncə və hesabı olduğu kimi, məzlumun da özünə görə niyyət və fikirləri vardır. Beləcə zalım və məzlumlar əməlləri hesaba çəkilmək üçün Uca Allahın hüzuruna çıxacaq. Sorğu-sualdan sonra  məzlum dünyada bütün varlığı ilə inandığı Cənnətə, zalım isə Cəhənnəmə atılacaq. Halbuki zalım o anadək ağlına da gətirmir ki, Cəhhənəmə düşəcək.

Mütləq Adil olan Allah o biri dünyada savabla günahı, xeyirxah əməllərlə şər əməlləri bir-birindən  ayıracaq, şərlilər və zalımlar güruhuna: “Ey günahkarlar, bu gün belə ayrılın”[31] deyə xitab edəcəkdir. Dünya həyatında əməllər bu cür cəza və mükafat üçün ayrılmasa da, digər əşyalar arasında yaxşı pisdən, gözəl çirkindən seçilir. Halbuki insan kimi kainatın nümunəsi və cövhəri olan bir varlığın belə bir qaydadan istisna edilməsi, mümkün deyildir. Burada əməllərinə görə sorğu-suala çəkilmirsə, demək, başqa bir aləmə saxlanılır.

Toxum yerə səpilir, çürüyür və göyərib yeni bir həyatın başlanğıcı olur. Ağac qol-budaq atıb səmalara baş çəkir, yaşıl yarpaqlarla və ləziz meyvələrlə bəzənir. Daha sonra da hər şeyini töküb sümük kimi qupquru quruyur. Lakin növbəti baharda təzədən süslənib gözəllik saçır.

Bütün heyvanat və həşərat payızda qış yuxusuna gedir, bir mənada ölümün qoynuna sığınır, gələn baharda isə həşr və nəşrlə təzədən cana gəlir. Bütün varlıqların həyatına hakim olan bu qanundan insanın kənarda qalması mümkündürmü? Onun da bir baharı, bir qışı və ikinci baharı vardır. Çünki o da bir toxumdan meydana gəlmiş, bir ağac kimi böyümüşdür, fikir, sirr, xafi kimi meyvələr vermişdir. Daha sonra da əl-ayağı tutmaz olmuş, bir toxumtək yenidən torpağa basdırılmışdır. İndi isə ikinci baharını gözləyir, vaxt-vədəsi çatanda və Sura üfürüləndə diriləcəkdir.

Ölümdən sonrakı həyat” kitabından götürülmüşdür.

[1] Tirmizi, “Təfsir”, (Surə 113-114, 1); Əhməd ibn Hənbəl, “əl-Müsnəd” VI/215, 237, 215, 252. Allah Rəsulu burada “ay” mənasında “ğasiq” kəlməsini işlətdiyinə görə, alimlər “Fəlaq” surəsinin 3-cü ayəsinin izahında bu hədisə də istinad etmişlər.

[2] Quyruqlu ulduz – Dumanlı işıq verən ləkə və quyruğa oxşar işıq zolağı şəklində olan göy cismi/kometa.

[3] Sur – Qurani-Kərimdə və Peyğəmbərimizin (s.ə.s) hədislərində bildirilir ki, qiyamətin qopuşu dörd böyük mələkdən biri olan Həzrət İsrafilin (ə.s) “Sur” adlanan şeypuru üfürməsi ilə başlanacaq. Sura birinci dəfə üfürəndə qiyamət qopacaq, kainat məhv olacaq, ikinci dəfə üfürəndə isə ölənlər məzarlarından qalxacaq və Allahın hüzuruna gedəcək.

[4] Qiyasi-təmsili  metodunda Allah-Təalanın qüdrətinə makro aləmdən nümunələr verilir və bəyan edilir ki,  bu icraatı həyata keçirən Allah həşri gerçəkləşdirməyə də qadirdir. Oxşarını göstərmə metodunda isə Yer üzündə müşahidə edilən öldürmə və diriltmə hadisiləri nəzərə çatdırılır. 

[5] Afaqi dəlillər  – Kainat və kainatdan cərəyan edən hadisələrə dair dəlillər.

[6] Normo aləm – Bəşər aləmi, şəhadət aləmi.

[7] “Rad” surəsi, 13/2.

[8] Haqq-əl-yəqin – Mərifət (Allahı tanıma) mərtəbəsinin ən yüksəyi. Bilməyin üç dərəcəsi vardır: elm-əl-yəqin, eyn-əl-yəqin və haqq-əl-yəqin. “Elm-əl-yəqin” göz ilə görüb müşahidə etmək deməkdir. Məsələn, uzaqdan tüstü qalxdığını görüb orada ocaq yandığını düşünmək. “Eyn-əl-yəqin” ocağın alovlandığını gözlə görüb müşahidə etmək, “Haqq-əl-yəqin” isə bir az da irəliləyərək ocağı bütün görüntüsü, çıxan tüstüsü və hərarəti ilə hiss etmək deməkdir.

[9] Rübubiyyət – Cənabi-Haqqın hər zaman, hər yerdə, hər məxluqa möhtac olduğu şeyləri verməsi.

[10] Şüunat – Keyfiyyətlər, hallar, əmrlər, tələblər.

[11] “Ənbiya” surəsi, 21/104.

[12] Məhfəzə – Qab, mücrü, sandıqça.

[13] “Əhqaf” surəsi, 46/33.

[14] “Qaf” surəsi, 50/38.

[15] “Yasin” surəsi, 36/81.

[16] “Naziat” surəsi, 79/27.

[17] “Füssilət” surəsi, 41/39.

[18] “Həcc” surəsi, 22/5.

[19] “Həcc” surəsi, 22/6.

[20] “Həcc” surəsi, 22/7.

[21] Ənfüsi – Məxsusi, daxilə aid, subyektiv.

[22] “Əraf” surəsi, 7/29.

[23] “Yasin” surəsi, 36/77-79.

[24] “Yasin” surəsi, 36/80.

[25] “Həcc” surəsi, 22/5.

[26] Əhsəni-təqvim – Cənabi-Haqqın insanı ən gözəl biçim və surətdə yaratması. “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (“Tin” surəsi, 95/4).

[27] “Qiyamə” surəsi, 75/36-40.

[28] Cabbar – İnsanlar haqqında işlədiləndə “zalım, qəddar, müstəbid” mənasını verir. Allah-Təalanın sifəti kimi isə “istədiyini mütləq etdirən”, “böyüklük”, “əzəmət”, “qüdrət sahibi” anlamına gəlir.

[29] Cəbərut – Uzun müddət davam edən hakimlik, hakimiyyət, qüdrət.

[30] Xodfüruşluq – Özündən razılıq, özünə məftunluq, ənaniyyət. 44. Buxari, “Ədəb”, 18; Müslim, “Tövbə”, 22.

[31] “Yasin” surəsi, 36/59.



Açar sözləri

axiret həşr ölüm qiyamət

Bənzər məqalələr

Qüslsuz ölən axirətə imansız gedir?

Cünub olan yəni qüslu pozulan şəxs ilk fürsətdə yuyunmalıdır. Bir insan qəlbində iman olduğu halda qüslsuz ölsə də axirətə imanla köçmüş sayılır. Allah Rəsulu (s.ə.s.) Uhud döyüşündə cənabətli (qüslsüz) şəhid olan Hanzala ibn Amrın (r.a.) mələklər tərəfindən yuyulduğunu bildirmişdir.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Ölüm qorxusu

Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?


Şərh yaz