5. 442 dəfə oxunub ,   0 şərh   Çap et

Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[1] və “Xabir”[2] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz nümunədir. Məhz bu mənada Quran ən möhkəm yolu, ən münasib prinsipi və  ən mükəmməl hökmləri tam və qüsursuz ehtiva edən yeganə İlahi kitabdır: “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir”.[3]

Çünki Quran kainatın təkvini xüsusiyyətlərini oxuyan müxtəlif lisanların əbədi tərcümanıdır. Görünməz və görünən aləmin müfəssiridir.[4] Allahın isimlərinin və vəsflərinin, yerdə və göydə var olan gizli mənəvi xəzinələrin kəşşafıdır. Hadisələrin mahiyyətində yatan həqiqətlərin açarıdır. Görünən dünyada görünməyən aləmin dilidir. Bu şəhadət aləminin[5] həqiqi mahiyyətindən gələn əbədi rəhmani iltifatların və əzəli sübhani[6] xitabların xəzinəsidir. İslam aləminin mənəvi günəşidir, təməlidir, həndəsəsidir, planıdır. Üxrəvi aləmlərin müqəddəs xəritəsidir. Allahın zatının, sifətinin, əsmasının (gözəl isimlərinin) və şuunatının[7] tərcümanı, şərhçisi və dəlilidir. İnsanlıq aləminin mürəbbisidir (tərbiyəçisidir). Bəşəriyyətin ən üstün səviyyəsi olan İslamiyyətin abi-həyatı və ziyasıdır. O, əsl hikmət və fikir kitabıdır, bütün insanlar ona tabe olmalıdır. Bəşəriyyəti səadətə aparan həqiqi mürşiddir. İnsan üçün həm şəriət, dua, zikr, ibadət, həm fikir və hikmət, həm də əmr və dəvət (təbliğ) kitabıdır. Xülasə, bəşəriyyətin hər cür mənəvi və fikri ehtiyaclarını təmin edən bütün kitablar bu müqəddəs bəyanda cəm olunmuşdur.[8]

Zaman və məkan sərhədlərinə sığmayan Quran bütün xalq və nəsilləri daima doğru yola – hidayətə yönəldən bir kitabdır. Hidayət isə yaxşı və doğru nə varsa, hamısını özündə ehtiva edir. Əsl səadətə aparan hər yol və xeyir ondadır, bəşər övladının vəzifəsi ona yönəlməkdir.  Və onda əks olunan həqiqətlər nə zaman, nə də məkanla məhdudlaşır.

Quran şüur və vicdanda qeyri-müəyyənlikdən uzaq inancla və ruh dünyasını gərəksiz qorxu və xurafatların sıxıntılarından arındıran əqidə ilə, çalışmağa, qurub-tikməyə əlverişli olan bəşər enerjisini hərəkətə gətirib təbiət qanunlarının sirləri ilə insan fitrətinin sirlərini ən münasib formada uzlaşdıran metodla insanı ən doğru yola yönəldir.

Quran batin və zahir dünyaları düzgün əlaqələndirməklə, duyğu və hərəkətlər arasında rabitə qurmaqla və inancla davranışın tarazlığını təmin etməklə insanı ən doğru yola yönəldir.

Quran əmr edilən ibadətlərlə qulun güc və qüvvəsi arasında müvazinəti təmin etməklə  onu ən doğruya yönəldir. İbadətlər nə insanın yerinə yetirə bilməyəcəyi qədər ağır və çox, nə də ona tənbəllik gətirəcək qədər bəsitdir. Nə çox ağır, nə çox yüngüldür.

 Quran insanlararası münasibətləri də tənzimləməkdə ən düzgün yolu göstərən kitabdır. İstər fərdlər, istər ortaqlar, istər hökumət və dövlətlər, istərsə də xalqların qarşılıqlı münasibətlərini sabit və möhkəm təməllərlə əsaslandırır. Bəzi insanların fikir ayrılığı, istək və həvəsləri bu möhkəm təməlləri sarsıda bilməz. Bəzi şəfqət və yaxınlıq hisləri bu təməlləri əyib bükə bilməz. Şəxsi mənfəət və mənafelər onun hədəfini dəyişdirə bilməz. Çünki bu təməllər hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah qatından gəlir. O, yaratdıqlarının halını ən yaxşı bilən, məkan və zamanından asılı olmayaraq  qullarının ehtiyacını ən yaxşı təmin edəndir.

Quran bütün səmavi dinləri təsdiqləyir, onları haqq dinin fərdləri sayır və müqəddəsliyinə ehtiramla yanaşır. Beləliklə, Allah tərəfindən göndərilən, heç bir dəyişikliyə məruz qalmayan səmavi dinlərin bütün mənsublarını sülh və əmin-amanlıq damı altında toplayır.

Quranı özünə rəhbər bilməyib hidayətə çatmayanlara gəldikdə isə onlar nəfsinə uyan kimsələrdir. Bu bəşər övladları hər işdə tələsən, həqiqi mənfəətini və zərərini bilməyən, arzu və istəklərinin arxasınca düşərək yuvarlanıb gedən insanlardır.[9]

Quranın bu xüsusiyyəti təkcə inananların deyil, qərb dünyasının da diqqətini çəkmişdir. Qərb əsilli şərqşünas Sedio deyir: “Quran insanlara Allah hüququnu tanıdıb, məxluqatın Xaliqdən gözləyəcəyi şeyləri və Xaliqə münasibətini aydın şəkildə öyrətmişdir. Quran əxlaq və fəlsəfənin bütün əsaslarını ehtiva edir. Fəzilət və rəzalət, xeyir və şər, əşyanın həqiqi mahiyyəti, bir sözlə, hər mövzu Quranda öz əksini tapmışdır. Hikmət və fəlsəfənin əsası olan ədalət və hüquq bərabərliyini, başqalarına yaxşılıq etməyi, fəzilətli olmağı öyrədən əsaslar – bütün bunların hamısı Quranda vardır. Quran insanı qənaətkar olmağa və orta yolu tutmağa sövq edir, zəlalətdən qoruyur, zəif əxlaqi cəhətlərin zülmət qaranlığından çıxarır, uca əxlaqın nuruna qovuşdurur, insanın qüsurlarını, xətalarını islah edib onu yüksək və kamil əxlaqa çatdırır”.

Hər iki dünyanın səadətinə gedən yolları göstərmək ona həvalə edilmişdir.  Xoşbəxtliyin qızıl açarı onun əlindədir. O, hər yerdə qarşımıza çıxıb bizi heyrət və təəccübə sövq edən müəmmaların düyünlərini açmasaydı, min bir bilməcələrə heyrətlənməkdən başqa əlimizdən bir şey gəlməyəcək, müşahidə və düşüncələrimizi izah edə bilməyəcəkdik. O, Xızır kimi imdadımıza yetməsəydi, bu ucsuz-bucaqsız çöllərdə qərib, kimsəsiz qalıb məhv olacaqdıq.



[1]Hər şeyi ən incəliyinə kimi bilən

[2]Hər şeydən dərhal xəbərdar olan

[3]“İsra” 17⁄9

[4]Təfsir, şərh edən

[5]İnsanların maddi gözləri ilə gördükləri, müşahidə etdikləri aləm.

[6]İlahi. Allaha məxsus, Onun icraatına aid. Allahın Sübhan sifətinə aid.

[7]1.Keyfiyyətlər, hallar.2. Əmrlər, tələblər.

[8]Sözler, səh. 339-340.

[9]Qütüb, a.ç. ə., 5⁄2215.



Açar sözləri

quran quranın faydaları

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz