10. 462 dəfə oxunub ,   0 şərh   Çap et

Quran insanın Allahı tanıma səviyyəsini ehtiva edir. İnsan Quranda əks olunan mənalarla Allaha nə qədər yaxınlaşsa, Onu o qədər tanıyacaq və  tanıdığı səviyyədə də mərifətə[1] yiyələnəcək. Mərifət sahibi olmuş insan da Quran oxuyarkən sanki Allahla mükalimə edəcək. Məhz bu mənada – istər Quran, istərsə Furqan­ deyək – orada təfəkkür edilənin ilahi isim, sifət və əsərlər olduğunu biləcək və yaxınlaşanın Allah (cəllə cəlaluhu) olduğunu dərk edəcəyik. Bu zirvədə və kamal üfüqündə – hədisdə bildirildiyi kimi – Allah (cəllə cəlaluhu) görən gözümüz, danışan ağzımız, eşidən qulağımız və böyük həqiqətləri ehtiva edən qəlbimiz olacaq.

Və beləcə bizlər də Allah üçün görəcək, eşidəcək, hiss edəcək və Onun əmr və qadağalarına uyğun qərarlar verəcəyik. Qəlbimiz Gizli Xəzinə olan Zati-Üluhiyyət[2] həqiqətlərini ətrafa əks etdirəcəkdir. Bunu Quran bildirir. Quran mərifətullahın tərcümanıdır.[3]

Quran oxumağın dünyaya aid faydaları

a. Nəsihət, dərdlərə şəfa, hidayət və rəhmətdir

Quran təkcə ölümdən sonrakı həyatla bağlı xüsusları açıqlayan, ibadətlər haqqında bilik verən və Yaradanın birliyini, varlığını sübut edən dəlilləri ehtiva etmir, eyni zamanda dünya səadətinin əldə edilməsi yollarını göstərir. Quran gözəl nəsihətçi, yol göstərən bələdçi və qəlblərə şəfa qaynağıdır. Bu məsələdə Allah Rəsulu təbib, Quran da əlindəki dərmandır. Allah-Təala buyurur: “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərin dərdlərinə bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) nazil edildi!”.[4]

Bu ayədə Quranın dörd mərhələli təsiri bəyan edilir. Əvvəlcə insanın maddi-mənəvi bünyəsinə zərəri olan bəzi ünsürlərə görə xəbərdarlıq edilir, hətta bu mənada müəyyən məhdudiyyətlər qoyulur. Bu mərhələ ayədə “məviza” sözü ilə ifadə olunur. Sonra ikinci mərhələyə – dərdə şəfa verilməsinə keçilir. Bu da həkimin xəstəlik ünsürlərini vücuddan təmizləmək üçün xəstəyə dərman verməsinə bənzəyir. Quran da şübhəli şeyləri qadağan etməklə insanları arındırır və bu istiqamətdə bəzi tövsiyələr verir.

 Fəcr surəsinin bəzi ayələri bu məqamda yaxşı nümunədir:

“Allah ədalətli olmağı, yaxşılıq etməyi, ən gözəl davranışı, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya əl tutmağı) buyurur, çirkin əməlləri, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”[5] İnsanlar ilahi əmr və qadağalara  büsbütün əməl etdikdə dərdlərdən xilas olur, qəlblər hüzur və rahatlığa qovuşur və nəticə olaraq Uca Yaradanın: “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!”[6] bəyanındakı sirdən agah olur… (Bu bəyana müxatəb səviyyəsinə yüksəlir) Bu sirlə İlahi rəhməti əldə edir ki, ayənin sonunda bildirilən “Quranın mərhəmət olması” ifadəsi də buna işarədir.

Həzrəti Əli (radiyallahu anh) demişdir: “Allahın kitabını öyrənin, çünki ən üstün söz odur. Quranı öyrənməyə çalışın. Çünki Quran qəlblərin baharıdır. Quranın nurundan şəfa diləyin. Çünki Quran qəlblərin xəstəliklərinə şəfadır. Quranı gözəl şəkildə oxuyun, çünki ifadələrin ən gözəli Qurandır. Quran yanınızda oxunanda susub bütün ruhunuzla dinləyin ki, sizə mərhəmət edilsin. Qurandan öyrəndiyiniz şeyə əməl edin ki, hidayətə çatasınız. Çünki bildiyinə əməl etməyən alimin biliksizliyi ucbatından haqdan sapan elmsizdən heç bir fərqi yoxdur”.[7]

 Bir İslam alimi də Quranın maddi və mənəvi şəfa mənbəyi olduğunu belə ifadə edir: “Quranın insanı yorub usandırmamasının bir hikməti də budur: Quran qəlblərə qida, ağıllara qüvvət və zənginlik, ruha su və işıq, nəfslərə dərman və şəfa olduğuna görə oxuyanı usandırmır. Hər gün çörək yeyirik, ancaq bezmirik. Lakin ən gözəl meyvəni hər gün yesək, bezərik. Deməli, Quran haqq-həqiqət, doğru söz, hidayət və heyrətamiz fəsahət olduğuna görə insanı bezdirib usandırmır. Daima gəncliyini qoruyub saxladığı kimi, təzəliyini və şirinliyini də qoruyur. Hətta Qureyşin böyüklərindən bir bəlağət ustası Qurana qulaq asmağa gedir. Dinlədikdən sonra qayıdıb belə deyir: “Bu kəlam olduqca şirin və cazibədardır, insan sözünə bənzəmir, mən şairləri, kahinləri tanıyıram, bu, onların heç birinin sözünə oxşamır. Olsa-olsa, ardımızca gələnləri aldatmaqdan ötrü onu sehr adlandırmalıyıq”.[8]

b. Quran rəhbərdir.

Quran bütün bəşəriyyətə rəhbərdir. İnsan nə qədər inkişaf edir-etsin, maddi baxımdan hansı səviyyəyə çatırsa-çatsın, Quranın prinsiplərinə həmişə ehtiyacı var. Bu hidayət toplumun müəyyən hissəsini deyil, hər bir fərdini ehtiva edən, bütün insan­lara hava-su kimi gərəkli olan və mütərəqqi mədəniyyətlərin yüksəlişinin müntəzəmliyinə də təminat verən bir kitab kimi nazil olmuşdur. İnsan bu hidayətlə dünyada lazım olanı  öyrənməli, eyni zamanda əsl qayəni də unutmamalıdır.

 Quran bu dünyada toplumun həyatını nurani, səadətli və düzgün şəkildə dəyişməklə yanaşı, insanların həm nəfsində, həm qəlbində, həm ruhunda, həm ağlında, həm şəxsi, həm sosial, həm də idari həyatında elə bir dəyişiklik etmiş, bu dəyişikliyi elə davam etdirmiş və elə idarə etmişdir ki, on dörd əsrdir, ən az, yüz milyondan çox insanın dilində hər dəqiqədə 6666 ayəsi böyük ehtiramla oxunur, insanları tərbiyə edir, nəfsləri təmizləyir, qəlbləri saflaşdırır, ruhlara inkişaf və tərəqqi, ağıllara istiqamət və nur, həyata həyat və səadət bəxş edir. Təbii ki, belə bir kitab bənzərsizdir, heyrətamizdir, xariqüladədir, möcüzədir.[9]

Qurani-Hakim ağıllı və şüurlu adamlara imam, cin və insanlara mürşiddir, fəzilətli insanlara rəhbər, həqiqət əhlinə müəllimdir. Ona görə də bəşərin danışığı və üslubuna uyğun nazil olması bir zərurətdir, mütləqdir. Çünki cinlər və insanlar Allaha münacatı (yalvarış, duanı) ondan götürür, dua etməyi ondan öyrənir, məsələlərini onun lisanı ilə dilə gətirir, tərbiyə qaydalarını ondan öyrənir. Bütün bunlar kimi hər kəs onu özünə mənbə bilir.[10]

Quranın rəhbər olması ilahi bəyanda konkret vurğulanır:

“Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır”.[11]

“O, iman gətirənlərə hidayət və şəfadır”.[12]


[1]Bilmək, tanımaq. Allahı tanımaq

[2]Allahın Zatına xas xüsusiyyətlər

[3]Fasıldan Fasıla, 1⁄187.

[4]“Yunus” surəsi, 10⁄57

[5]“Nəhl” surəsi, 16⁄90

[6]“Fəcr” surəsi, 89⁄27-30

[7]İbn Kəsir, əl-Bidayə, 7⁄30.

[8]Sözler, 25-ci söz.

[9]Şualar, səh.134

[10]Sözler, səh.85

[11]“Bəqərə” surəsi, 2⁄2

[12]“Fussilət” surəsi, 41⁄44



Açar sözləri

quran quran oxumaq

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz