İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu xüsusla bağlı buyurur:
“Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə[1] enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan danışır”.[2]
Səhabə Useyd b. Xudayr belə bir hadisə ilə şəxsən qaşılaşmışdır:
“Gecə (xurma xırmanında olarkən) “Bəqərə” surəsini oxuyurdu. Atını da özünə yaxın yerə bağlamışdı. Birdən atı şahə qalxdı. O da dayandı. At da sakitləşdi. Useyd yenidən oxumağa başlayanda at bir də şahə qalxdı. Useyd oxumağa aram verən kimi at da sakitləşdi. Üstündən bir az keçmiş yenidən oxumağa başlamışdı ki, atın şahə qalxdığını gördü. Oğlu Yəhya atın yaxınlığında idi. Oğluna bir xətər yetirər deyə onu atdan uzaqlaşdırmağa getdi. Başını səmaya qaldıranda nə görsə yaxşıdır: göydə çətirə oxşar nəsə dayanmışdı, içində də çıraq kimi nəsə vardı. Səhər açılar-açılmaz dərhal Rəsulullahın hüzuruna gedib başına gələnləri danışdı. Allah Rəsulu: “O gördüklərinin nə olduğunu bilirsən?” – deyə soruşdu. Xudayr: “Xeyr bilmirəm”, – deyə cavab verdi.
Rəsulullah: “Onlar mələklər idi. Sənin səsinə gəlmişdilər. Əgər oxumağa davam etsəydin, səhərəcən sənə qulaq asacaqdılar. Səhər olanda da hamı onları görəcəkdi, onlar insanlardan gizlənməyəcəkdilər”, – buyurdu.”[3] Başqa bir rəvayətdə isə Quran oxunarkən enən şeyin “səkinə” olduğu bildirilir.[4]
Möcüzəli bəyan olan Qurani-Kərimin altı parlaq, nurlu yönü var. Əsas qorxular və şübhələr ora girə bilməz. Çünki ərşə söykənib, o tərəfində vəhy nuru dayanıb. Önündə və hədəfində iki dünyanın səadəti var, əllərini əbədiyyətə və axirətə uzadıb, onda cənnət və səadət əks olunub. Üstündə möcüzə möhürü var, göz qamaşdırır. Altında bürhan və dəlil dirəkləri dayanıb. İçi xalis hidayətdir, sağ tərəfi “əfələ yəqilunlar”la (“heç düşünmürlərmi”) ağılları sorğu-sual edib “sədəqtə” (doğru söylədin) dedirdir. Sol tərəfində qəlblərə ruhani zövqlər verməklə vicdanları şahid tutaraq “bərəkallah” dedirdir. Vahimə və şübhə oğruları belə möcüzəli bir bəyana − Qurana hansı bucaqdan, haradan girə bilər?
Bəli, Quran müxtəlif dövrlərdə yaşayan peyğəmbərlərin, övliyanın, muvahhidlərin[5] bütün kitablarının sirlərini özündə birləşdirir. Yəni bütün kitab əhli və ağıl sahibləri Qurani-Hakimin o mücməl[6] əhkamını və əsaslarını kitablarında zikr, qəbul və təsdiq etmişlər. Deməli, onlar Quranın səmavi şəcərəsinin kökləridir.
Qurani-Hakim həmçinin vəhyə söykənir və vəhydir. Çünki Quranı nazil edən cəlal sahibi Allah Hz. Məhəmmədin (sallallahu əleyhi və səlləm) möcüzələri ilə onun vəhy olduğunu göstərir, isbat edir. Və nazil olan Quran da az sözlə çox şey ifadə etməsi ilə ərşdən gəldiyini göstərir. Və Rəsuli-Əkrəmin ilk vəhylər nazil olanda keçirdiyi təlaşı, nazil edilən vəhyə hörmət və ehtiramı, hamıdan çox Qurana ixlasla yanaşması və hörməti göstərir ki, Quran əzəldən gələn vəhydir və onun müsafiridir.
Üstəlik Quran açıq-aşkar bir hidayətdir. Çünki onun əksi birbaşa küfrün zəlalətidir. Quran həm də iman nurlarının xəzinəsidir. İman nurlarının əksi də qaranlıqdır.
Həqiqətlər Quranda cəm olunmuşdur. Xəyallar və xurafatlar onun içinə girə bilməz. Onun həqiqəti ilə yoğrulmuş İslam aləmi, onun əsasları ilə qurulmuş şəriət və onun uca kəlamı isbat edir ki, şəhadət aləminə aid bəhslərin də olduğu kimi qeyb aləminə dair mövzularda da həqiqətin özüdür, mayasıdır və içində heç bir ziddiyyət yoxdur.
Quranın meyvələri həm mükəmməldir, həm də təravətlidir. Elə isə Quran ağacının kökü həqiqətdədir, canlıdır. Çünki meyvənin həyatı ağacın həyatını göstərir. Hər bir əsrdə neçə-neçə əsfiya və övliya kimi kamil və nurlu meyvələr yetişdirib.
Saysız-hesabsız əlamətlər qəti olaraq göstərir ki, Quran həm bəşəriyyətin, həm cinlərin, həm mələklərin qəbul etdiyi və rəğbət bəslədiyi bir kitabdır, oxunarkən onlar pərvanə kimi iştiyaqla, sevə-sevə başına toplaşırlar.
Quran vəhy olmaqla yanaşı, mütləq dəlilərlə (sübutlarla) tədqiq edilib qüvvətləndirilmişdir. Bəli, alimlərin ittifaqı buna şahiddir. Kəlam elminin alimləri və İbn Sina, İbn Rüşd kimi fəlsəfə dahiləri Quran prinsiplərini üsulları, dəlilləri ilə isbat etmişlər.
Quranı pozulmamış, pak fitrətlər – xarakterlər də təsdiq edir. Əgər bir qüsur və mərəz olmasa, bütün sağlam fitrətlər onu təsdiqləyər. Çünki vicdan və qəlb ancaq onun nurları ilə hüzur, rahatlıq tapır. Deməli, sağlam fitrətlər və vicdanlar onun həqiqətinə şahidlik edir. Bəli, fitrət öz dili ilə Qurana: “Sən olmadan fitrətimiz kamilləşə bilməz”, – deyir.
Quran həmçinin açıq-aşkar və mütləq, əbədi və daimi bir möcüzədir. Hər zaman öz möcüzəsini göstərir. Digər möcüzələr kimi qısa ömürlü və müvəqqəti deyildir.
Quranın irşad halqası (doğru yolu göstərmək) o qədər genişdir ki, hətta Həzrəti Cəbrail (əleyhissalam) belə bir tələbə ilə çiyin-çiyinə verib onun dərsini dinləyir, öz payını götürür. Və İbn Sina kimi ən dahi filosof Quran oxuyan ən sırafi insanla üz-üzə oturub eyni dərsi dinləyir və öyrənirlər. Hətta bəzən o sıravi adam imanının qüvvəti və saflığı səviyyəsindən asılı olaraq həmin dərsdən İbn Sinadan da çox bəhrələnir.
Quran içində bir göz var, bütün kainatı görür, əhatə edir və kainatı bir kitab səhifələri kimi əks etdirir, təbəqələrini və aləmlərini bəyan edir. Quran bir saat ustası kimi kainatı açır, çevirir, göstərir, xüsusiyyətlərini danışır.[7]
Süfyan Sevri də: “İnsan Quran oxuyanda mələk onun gözlərindən öpür”, – deyir.[8]
[1]Hüzur, mənəvi rahatlıq
[2]Müslim, Zikr 38; Əbu Davud, Salət, 349; Tirmizi, Qiraət 3.
[3]Buxari, Fədailul-Quran 15; Müslim, Müsafirin 242.
[4]Buxari, Fədailul-Quran 11; Müslim, Müsafirin 240.
[5]Allahın birliyinə inananların
[6]Az sözlə çox şey ifadə edən
[7]Məktubat, 19-cu məktub.
[8]Qəzali, İhya: Quran və əhlinin fəzilətləri fəsli