43. 279 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təalanın Rəsuluna vəhy etdiyi Qurani-Kərim haqq ilə batili bir-birindən ayıran, dərdlərə dəva, qəlblərə nur və öyüd mənbəyi, hidayət rəhbəri və feyz qaynağıdır. İlahi kitabların ən böyüyü və bənzərsiz bir nurdur. Dost və düşməni diz çökdürən, onları özünə heyran qoyan, nazil olduğu gündən bəri əslini, təzəliyini və gəncliyini qoruyan yeganə ilahi kitabdır.

 “Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə, “qaraə” felinin məsdər şəkli olub “oxumaq” deməkdir. “Qiyamə” surəsinin 17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. “Quran” sözü “oxunan”, “tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə Allahın kitabının xüsusi adına çevrilmişdir.

Allah (cəllə cəlaluhu) bəşəriyyətə göndərdiyi bu son kitabını müxtəlif isimlərlə də adlandırmışdır. “Quran”dan sonra ən məşhur ad “əl-Kitab”dır. Digər məşhur adlarına “əl-Furqan” (həqiqəti yanlış və batildən ayıran) və “ət-Tənzil” (hissə-hissə nazil edilən vəhy) kimi isimləri də misal göstərə bilərik. Bunlardan başqa Qurani-Kərimin “əz-Zikr”, “ən-Nur”, “əş-Şəfa” kimi elə özündən götürülən, bəzi alimlərin fikrincə, sayı əlli beşə, hətta doxsana çatan isimləri də vardır. Bunların çoxu, əslində, Quranın məxsusi adı deyil, xüsusiyyətlərini bildirir.

Quranın tərifi

Qurani-Kərimə müxtəlif aspektlərdən təriflər verilmişdir. Bir neçəsinə burada nəzər salaq:

Quran Həzrət Məhəmmədə (sallallahu aleyhi və səlləm) vəhy yolu ilə nazil olmuş, səhifələrdə yazılmış, təvatürlə[1] nəql edilmiş, tilavəti (oxunması) ibadət sayılan ilahi kəlamdır.

Quran miladi 610-632-ci illər arasında, iyirmi üç illik risalət dövründə Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) müxtəlif vəsilələrlə Allah tərəfindən göndərilmiş vəhylərin məcmusudur[2].

Quran bəşərin ruhi-mənəvi və maddi-cismani cəhətlərini ehtiva etməklə yüksəklərin fövqündən bəşəriyyətin üfüqünə doğmuş ən mükəmməl bəyanlar və ilahi qanunlar toplusudur.

Quran bütün mövcudatın Sahibi Allahın əzəli kəlamı və fərmanıdır.

Quran bütün aləmlərin Rəbbi olan Allahın bəndələrə göndərdiyi bənzərsiz bir iltifat və lütfdür.

Quran o əbədi və dəyişməz ilahi prinsipləri ilə bütün bəşəriyyətin xoşbəxtlik mənbəyi və o səadətə aparan ən kəsə, ən işıqlı yol olaraq misilsiz ilahi xitabdır.

Quran varlığın və hadisələrin tərcümanı, makro və mikro aləmlərin müfəssiri, bu dünyada qeyb aləminin dili, bəşəriyyətə ilahi iltifatların sənədi, İslamiyyətin özü, əsası, nuru və ziyası, axirət aləmlərinin xəritəsi və ona inananların səadət vəsiləsi olduğu kimi, eyni zamanda açıq-gizli, bilavasitə və bilvasitə bir dua məcmusudur.


[1] Təvatür − dini mətinlərdə yalan olması qeyri-mümkün olan bir sözün və ya xəbərin etibarlı və doğru sözlü insanlardan gəlməsi. Yalan ehtimalı olmayan və bir camaatdan gələn qüvvətli xəbər.

[2] Zərkani, “Mənahilül-irfan”, 1/18.




Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz