Qərib bir ölkəyə, tanımadığı bir yerə səyahət edən hər kəs, orada rahatlığını təmin etmək, getdiyi yerdən maksimum faydalanmaq üçün özünə etibarlı rəhbər, bələdçi axtarar. Rəhbərsiz yola çıxarsa, yolda çaş-baş qalar, təhlükələrdən xəbərsiz olar. İçərisində əbədi qalmadığı, müvəqqəti olan dünya həyatında da insan əslində bir yolçuya bənzəyir. İnsanın ən çox rəhbərə ehtiyac duyacağı bir səyahət varsa, o da dünyadan əbədiyyətə doğru edilən səyahətdir. Bəşəriyyət tarixinə nəzər salsaq, bu yolda rəhbərsiz addımlayanların uğursuz aqibətini müşahidə edərik. Rəhbərsiz qaldığı dövrlərdə insanlar öz övladları ilə belə necə davranacağını bilməyib onları diri-diri torpağa basdıracaq qədər çaşqınlıq içərisində qaldığına, yollarını itirdiyinə şahid olarıq.
Yol bələdçisinə ehtiyac duymayıb, özündən arxayın olan, nəfsinin həvasını, arzu-istəyini özünə rəhbər edənlərin aqibətini həm dünən, həm bu gün görmək mümkündür. Danılmaz həqiqətdir ki, nəfis insana heç vaxt doğru yolu göstərməz, əksinə arzu-həvəsin arxasınca sürükləyib, yerin dibinə batırar; elə-aləmə rəzil-rüsvay edər; həm dünyada, həm də axirətdə insanın üzünü qara, başını aşağı edər.
İslamiyyətin gəlişindən öncə insanların halına nəzər saldıqda, rəhbərsiz dövrün acı aqibətini və rəhbərə olan ehtiyacın böyüklüyünü çox rahat görə bilirik. Cahilliyə dövrü adlanan bu dövrdə vicdanı pak və Allahın qoyduğu təmiz fitrəti pozulmayan insanlar da vardı, ancaq onlar da insanların dərdinə əlac ola bilmirdi. Onlar özləri də bir yolçu idi. Vicdanlarının işığında addımlasalar da bu işıq insanlığın içərisində qaldığı zülməti aydınlatmaq üçün kifayət etmirdi. Digərlərindən fərqli olaraq bu insanlar gediləcək bu çətin səyahət əsnasında insanın acizliyinin və ehtiyacının çox olduğu şüurunda idilər. Zeyd ibn Amr bunlardan biri idi. Onun Kəbə yanında hayqırarkən “Allahım! Sənə necə ibadət edəcəyimi bir bilsəm, o şəkildə ibadət edərdim. Təəssüf ki, bilmirəm.[1] Allahım! Şahid ol ki mən İbrahimin dini üzrəyəm.”[2]– dilindən bu sözlər tökülmüşdü. İslamın zühurundan az öncə də yolda quldurlar tərəfindən öldürülmüşdü.
Bəli, insanı ən yaxşı yaradan Rəbbi bilirdi. Qaranlığı, zülməti dağıdıb, ortalığı aydınlığa qovduracaq mesaj ancaq İlahi dərgahdan gələ bilərdi. Ancaq Allah insanlara yol rəhbəri təyin edə bilərdi. Yol rəhbəri olacaq insan da cəmiyyətdəki çaş-başlığın iztirabını yaşayan, bağrı yanıq biri olmalı idi.
Bu təmiz fitrətli insanlardan biri də vicdanı təmiz, əxlaqı gözəl, sinəsi dərdli, Həzrət Muhamməd (s.ə.s) idi. O, iztirab içərində qıvrınaraq cəmiyyəti düşdüyü bu yol çaşqınlığından qurtarmaq üçün çıxış yolu axtarırdı. Ömrünün ən kamil yaş dövründə idi. Bu axtarış onu Nur dağına çıxarmışdı. Oradan Məkkə tam görünürdü. Qıvrına-qıvrına cəmiyyətin halını düşünür, təfəkkür edirdi. Nəhayət ki, bir gün insanın Yaradanı insanı özü ilə baş-başa buraxmadı, insana ilk rəhbər olacaq Qurani-Kərimi əmin elçisi Cəbrayıl (ə.s) vasitəsi ilə göndərdi. İlk mesaj: “Oxu! Yardan Rəbbinin adı ilə oxu..” (Əlaq, 96/1-2)
Quranı Kərimdə ilk dövrdə enən surələrdən biri olan “Duha” surəsində Allah Rəsulun cəmiyyət üçün çəkdiyi iztirabı dilə gətirir. وَوَجَدَكَ ضَٓالًّا فَهَدٰىۖ “Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!” (Duha, 93/7) Allah Rəsulu (s.ə.s) peyğəmbərliyindən öncə də, sonra da bir dəlalət içərisində olmayıb. Ancaq O (səs), bəşəriyyətin içərisinə düşdüyü çaşqınlıq üçün bir axtarış içərisində idi. Bu axtarışın bu sancının nəticəsi insanın vəhylə qovuşub qaranlıq dünyalarının aydınlanması oldu. Allah (c.c.) Bizə Quranın bu rəhbərliyini təqdim edərkən: “Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.” (əl-Bəqərə 2) – buyurur.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Quran öz rəhbərliyi ilə insanı məxluq qarşısında əyilməkdən qurtarıb bütün məxluqatı insana, insanı isə Yaradana qul etməklə onu varlıqlar üstündəki məqamına yüksəltdi. Yenə Quran insana bütün ehtiyacının gerçək mənbəyini göstərməklə onun məxluqatın dilənçiliyindən qurtaran bir rəhbər oldu. Quran insanın həyatı boyu hər an qarşılaşdığı bütün problemlərin həllində müraciət edəcəyi sirli, möcüzəli, müstəqim bir həll yolu və yanıltmayan bir rəhbərə çevrilidi.
Allah Rəsulunun (s.ə.s) üfüqündən Quranın tərifinə nəzər saldıqda onun bizim üçün nə qədər həyatı bir rəhbər olduğunu daha yaxşı anlayarıq.
Haris əl-Avər (r.a) belə rəvayət edir: “Məscidə daxil olduğum zaman gördüm ki, xalq, ibadəti tərk edib faydasız mövzularla məşğuldur. Həzrət Əlinin (Allah ondan razı olsun) yanına gəldim. Dedim: “Ey Möminlərin Əmri, camaat məsciddə dedi-qodu ilə məşğuldur.” O da mənə:
– Doğru söyləyirsən? Həqiqətən eləmi edirlər? – dedi. Mən də:
– Bəli, – dedim. O da cavabında:
– “Mən, Allah Rəsulunun (səs) belə dediyini eşitdim.” dedi:
“Xəbəriniz olsun! Bir fitnə ortaya çıxacaq.” Mən də dərhal soruşdum: “Ondan qurtuluş yolu nədir, Ey Allahın Rəsulu?” Buyurdular ki: “Allahın Kitabına tabe olmaqdır. (O elə bir kitabdır ki) onda, sizdən əvvəlki millətlərin əhvalatı, sizdən sonra (qiyamətə qədər) olacaqlar haqqında xəbərlər, eyni zamanda sizin aranızda, (ixtilaflar üzündən, iman-küfr, itaət-üsyan, halal-haram və s. kimi) baş verə biləcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili ayırd edən tək ölçüdür. Onda hər şey ciddidir. Kim bir zalımdan qorxaraq, ondan qopar və onunla əməl etməzsə, bax o zaman Allah da onu həlak edər. Kim onun xaricində bir hidayət qaynağı axtararsa Allah o kimsəni sapdırar. Çünki o, Allahın ən sağlam ipi, hablul-mətindir. O, hikmət ədalı xatırladıcı bir bəyan və Haqqa qovuşduran bir yoldur. O, özünə tabe olanları (fərqli arzulara qapılıb) sürüşməkdən, özünü (qiraət edən) dilləri də iltibastan[3] qoruyar. Alimlər heç bir zaman Onu mütaliədən doymaz.. O, özünü çox-çox, təkrar-təkrar oxuyana bezginlik verməz və damağındakı dadı əskiltməz. Quranın insanlara heyrət verən yönləri sonsuzdur. O elə bir kitabdır ki, cinlər dinlədikəri vaxt, “Biz, doğru yolu göstərən heyrətamiz və heç eşitmədiyimiz bir Quran dinlədik. Biz onun (Allah kəlamı olduğuna) inandıq” (Cinn 72/1-2) deməkdən özlərini saxlaya bilmədilər. Onun üslubu ilə danışan doğrunu söyləmiş olar. Onunla əməl edən mütləq mükafat görər. Kim onunla hökm verərsə ədalətlə hökm edər. Kim ona çağırarsa, doğru yola çağırmış olar.” Ey Avər, sən də bu gözəl sözləri yaxşı yadda saxla!” [4]
Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. Allah (c.c.) göylərin əmin elçisi Cəbrayıl vasitəsi ilə göndərdiyi Nurlu Kitabını yer üzünün əmini Həzrət Muhəmmədə (səs) əmanət etmiş və onu peyğəmbərliklə vəzifələndirmişdir. Allah Rəsulu Rəbbindən aldığı bu nuru heç əskiltmədən, saf, təmiz bir güzgünün günəş şüalarını əks etdirdiyi kimi öz həyatında əks etdirmişdir.
Onun bu halını pak zövcəsi, möminlərin anası Həzrət Aişə (r.anha) necə də gözəl ifadə etmişdir. Belə ki, ona Allah Rəsulunun (s.ə.s) əxlaqını soruşanlara “siz heç Quran oxumursunuz, Onun əxlaqı Quran idi,” – buyurmuşdur.[5]
Allah Rəsulun (s.ə.s) əxlaqı da, həyatının hər anı da Quran olmuşdur. Quran rəhbərliyinə addım-addım izlədiyi həyatına Allahın (c.c) “sənin ömrünə andolsun ki …(Hicr 15/72)”– deyə qəsəm etməsi də bu həqiqəti ifadə edir.
Bəli, Uca Allah bəşəriyyət üçün iki əsas yanıltmayan rəhbər seçmişdir. İnsan onlara bağlılığı ölçüsündə dünya həyatının bütün vadilərini və bütün dəryalarını rahatlıqla keçib, heç bir çaşqınlığa düşmədən, sağ-salamat əbədi səadət mənzilinə çata bilər.
Bu iki rəhbər bizə bu şəkildə təqdim edilir:
إنَّ أحْسَنَ الحَديثِ كِتَابُ اللَّهِ، وأَحْسَنَ الهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللهُ عليه وسلَّمَ، وشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا
“Şübhəsiz sözlərin ən gözəli Allahın kitabıdır, yolların ən gözəli isə Muhammədin yoludur. Ən şərli işlər isə sonradan (o ikisinə müvafiq olmadan) icad edilənlərdir.”[6]
Allah Rəsulunun getdiyi işıqlı yola Sünnə adı verilir. Bu elə bir yoldur ki onu izləyən Quranın göstərdiyi yolda getmiş olar. Bu yola tabe olmadan Quran rəhbərliyindən istifadə etmək də mümkün deyildir. Uca Allah, Quranın rəhbərliyinə Rəsulullahın (s.ə.s) izində tabe olmağı əmr etmiş, rəsuluna itaət etməyi Özünə itaətlə eyniləşdirmişdir. Quranla yanaşı Sünnənin rəhbərliyinin də mühüm olduğunu bir çox yerdə vurğulamışdır. Xatırladaq ki, Sünnə, Allah Rəsulun (s.ə.s) sözləri, gördüyü işlər və təqririndən ibarətdir.
Allah Rəsuluna itaət və onun Sünnəsinə bağlı qalmanın əhəmiyyəti bağlı Quran ayələrinə nəzər salaq:
هُوَ الَّذِي بَعَثَ فِي اْلأُمِّيِّينَ رَسُولاً مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ “Ümmilərə (yazıb-oxumaq bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.” (Cümə, 62/2)
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إلاَّ لِيُطَاعَ بِإِذْنِ اللهِ “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın izni ilə itaət olunsun deyə, göndərdik.” (Nisa, 4/64)
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَرَسُولَهُ وَلاَ تَوَلَّوْا عَنْهُ “ Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!” (Ənfal, 8/20.)
قُلْ اَطٖيعُوا اللّٰهَ وَاَطٖيعُوا الرَّسُولَۚ فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْؕ وَاِنْ تُطٖيعُوهُ تَهْتَدُواؕ وَمَا عَلَى الرَّسُولِ اِلَّا الْبَلَاغُ الْمُبٖينُ “De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir” (Nur, 24 /54)
قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللهُ “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran 3/31)
لَقَدْ كَانَ لَكُمْ في رَسُولِ اللهِ اُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُوا اللهَ وَالْيَوْمَ اْلاٰخِرَ وَذَكَرَ اللهَ كَثِيراً
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab 33/21)
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا
“…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (Həşr 59/7)
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ اِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُٓ اَمْراً اَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ اَمْرِهِمْؕ وَمَنْ يَعْصِ اللّٰهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالاً مُبٖيناً
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! (Əhzab 33/36)
Qeyd olunan bütün ayələr Quran Kərimdən kamil mənada istifadənin Allah Rəsulunun izində addımlamaqla mümkün olacağını göstərir. Özləri Allah Rəsulunun (s.ə.s) əshabəsi da sadəcə Quran Kərimlə kifayətlənməyib, halbuki onlar ərəb dilini yaşı bilirdilər. Səhabə, Quranı Sünnə ilə bir bütöv olaraq görmüş və o şəkildə həyatlarına tətbiq etmişlər. Onlar bizlərə Quran və Sünnə işığında insan həyatının necə işıqlanacağını göstərən ən parlaq nümunədir.
Quran nazil olduğu zaman insanlardan bəziləri qısqanclıq və həsəd səbəbi ilə Allah Rəsulunu (s.ə.s) qəbul etmədikləri üçün Quranın nurundan da istifadə edə bilmədilər, eləcə ölüb getdilər. Əfsuslar olsun ki, bu gün də “Quran müsəlmanlığı” adı ilə Quranı Kərimi əsas kimi götürüb. Allah Rəsulunun (s.ə.s) rəhbərliyinə arxa çevirənlər vardır. Yuxarıda qeyd olunan ayələrdən də aydın olduğu kimi bu cür İslam anlayışı əslində Qurandan da Sünnədən də uzaq bir anlayışıdır. Belə şəxslər “sözlərin və yolların ən gözəlindən” üz döndərib əməllərin ən şərlisinə üz tutmuş sayılırlar.
Quran və Sünnənin bizlərə yol göstərə bilməsi üçün, dilimizlə tələffüz, qəlbimizlə rəğbət etdiyimiz qədər həyatımızda da əks etməli, onu yaşamalıyıq.
Quran və Sünnəyə tabe olub, onu həyatımıza düzgün şəkildə əks etdirmək üçün səhabə həyatına nəzər salmada fayda vardır. Onlar ilk muxatəblər idi.
Allah Rəsulu (s.ə.s) vəfatına yaxın Muaz ibn Cəbəli (r.a) Yəmənə vali olaraq təyin etmişdi. Yola salıb vidalaşarkən ona bir neçə sual verdi:
-Sənə bir məsələnin həlli üçün gəlsələr bu zaman necə höküm verəcəksən? Muaz (r.a):
-Allahın Kitabı ilə, – dedi
– Əgər Allahın Kitabında da bir şey tapmasan, o zaman nə ilə hökm verəcəksən?!
– Allah Rəsulunun hökm etdiyi ilə hökm edəcəyəm, – dedi
– Əgər onda da bir şey tapmazsan?
– O zaman da öz rəyim ilə ictihad edərəm, – dedi. Bunu eşidən Allah Rəsulu (s.ə.s) belə dua elədi:
-Nəbisini razı olduğu şeydə müvəffəq edən Allaha həmd olsun![7]
Hz.Ömərin Bəqərə surəsini on iki ilə öyrəndiyi və şükür üçün bir dəvə qurbanı kəsdiyi qeyd edilir.[8] Abdullah ibn Ömər ( r.a) isə Bəqərə surəsini səkkiz ildə bitirmişdir.[9]
Günümüzdə insanların zehnini məşğul edən çox şey olmasına baxmayaraq Quranın tamamını iki ildə əzbərləyə, hifz edə bilər. Zehinlərin saf təmiz olduğu bir dövrdə bu insanların Quranın bir surəsini səkkiz və ya on iki ilə əzbərləməsinin tək səbəbi, əzbərlədikləri hər ayəni həyatlarına tətbiq edib sonra yeni ayənin öyrənməyə üz tutmaları olmuşdur.
Əshabə, Quran ayələrinin tamamına özlərini muxatəb bilmiş, sanki özlərinə nazil olurmuş kimi qeydsiz-şərtsiz Ona tabe olmuş və hökmlərini də həyatlarına tətbiq etmişlər.
Məsələn içkini haram edən ayət nazil olunca bunu eşidən hər kəs bazarlarda satdığı içki tuluqlarını deşərək, boşaltmış, o gün Mədinə küçələrində şərab seli axmışdır.[10]
Ənəs ibn Malik rəvayət edir ki, ənsarın arasında Mədinədə ən çox xurma ağacı olan səhabə atalığı Əbu Talha idi. Bunlardan onun ən çox sevdiyi, məscidin qarşı tərəfində yerləşən Beyruhə bağı idi. Peyğəmbərimiz (s.ə.s) tez-tez o bağa gəlib, oradakı dadlı sudan içərdi. “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız…”(Ali İmran, 3/92) ayəsi nazil olduqda Əbu Talha Allah Rəsulunun yanına gəldi. Dedi ki, “Ya Rəsulullah! Uca Allah buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız…” Mənim də ən çox sevdiyim mal Beyruhə bağımdır. Mən onu Allah yolunda sədəqə verirəm və ümid edirəm ki, Allah yanında bundan da xeyirlisini, Axirət mükafatını tapacağam. Götür onu, Allahın sənə məsləhət gördüyü işlərə sərf et, ya Rəsulullah!” Peyğəmbər (s.ə.s) buyurdu: “Bəh-bəh, bu mal qazanc gətirəcək, mütləq qazanc gətirəcək! Sənin dediyini eşitdim, lakin məsləhət görürəm ki, bunu öz qohum-əqrəbana xərclə, payla.” Əbu Talha: “Belə də edərəm, ya Rəsulullah!”– dedi, sonra da onu qohum-əqrəbası və əmisi oğulları arasında bölüşdürdü.” [11]
Əshabə, Qurana tabe olmadakı həssaslığı Sünnədə də göstərmişdir. Onlar hər iki rəhbərin də Allah tərəfindən olduğunu yaxşı dərk etmişdilər. Məhz buna görə də Sünnənin olduğu yerdə öz rəylərini, öz düşüncələrini və duyğularını ikinci plana atmışlar.
Həzrət Ömər Kəbəni təvaf edərkən Onun küncündə yer alan Həcərül-Əsvəd daşına yaxınlaşır və onun öpdükdən sonra belə deyir: “Mən bilirəm ki, sən bir daşsan. Nə fayda, nə də zərər verə bilməzsən. Allah Rəsulunun səni öpdüyünü görməsəydim, mən də səni öpməzdim.”[12] Bəli, Həzrət Ömərin (r.a) o daşı öpməsinin tək səbəbi sünnətə olan bağlılığı olmuşdur.
Həzrət Əli məstlərin üstünə məsh edilməsi xüsusunda belə buyurur: Rəsulallahın (s.ə.s) məstlərin üstünə məsh etdiyini görməsəydim, mənə görə onların altını məsh etmək daha uyğun olardı”.[13]
Üsamə səriyyəsi səhabənin Sünnəyə bağlılığını, Allah Rəsuluna (s.ə.s) itaətini göstərən gözəl nümunələrdən biridir. Rəsulullah (səllallahu əleyhi və səlləm) ən son təşkil etdiyi səfər Üsamənin səriyyəsi olmuşdur. Həyatının axır günlərində Roma (Bizans) üzərinə göndərmək üçün hazırladığı orduya “övladım” deyib evində böyütdüyü Mutə qəhrəmanı Zeyd ibn Harisənin oğlu Üsaməni sərkərdə təyin etmişdi. Ona: “Allahın adı və bərəkətiylə atanın öldürüldüyü yerə qədər get və oraları atlarına tapdalat!”-buyurmuşdu. Üsamənin əmrinə verilən bu orduda Həzrət Əbu Bəkir, Həzrət Ömər, Həzrət Osman kimi məşhur səhabələr də vardı. Ordu hərəkət etmədən Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm) xəstələndi. Qoşunun yola çıxması üçün hazırlıq görüləndə xəbər gəldi ki, Rəsulullahın xəstəliyi ağırlaşıb. Bunu eşidən Üsamə bayrağı gətirib Onun qapısının önündə yerə sancdı və hüzuruna girdi. Peyğəmbərimiz artıq danışa bilmirdi. Üsamə deyir ki: “Əllərini səmaya qaldırdıqdan sonra üzərimə endirdi. Mənə dua etdiyini anladım.” Bu əsnada Peyğəmbərimizin səhhətinin bir az yaxşılaşdığını görən Üsamə yola çıxmaq üçün ayrıldı. Elə orduya hərəkət əmrini verəcəkdi ki, İki Cahan Günəşinin qürub xəbəri ilə hər yan inlədi. Bəli, Üsaməni Mutəyə göndərən Rəsul artıq dünya ilə vidalaşmışdı. Ancaq yer üzündə Onun məfkurəsini, əsərlərini, mirasını layiqincə, qüsursuz təmsil edən insanlar qoyub getmişdi. Həzrət Əbu Bəkir xəlifə seçilincə o kədərli qəlblərin iniltiləri arasında dərhal bu işə əl atdı. Rəsulullahın vəfat xəbəri yayılan kimi bəzi yerlərdə dindən dönmə hadisələri baş vermişdi. Müseyləmətül- Kəzzab, Əsvədül-Ansi və daha neçə-neçə şəxs hələ Rəsulullahın sağlığında peyğəmbərlik sevdası ilə ortaya çıxmışdılar. Bunlar Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm) vəfat xəbərini alar-almaz hər tərəfdə fitnə ocaqlarını körükləməyə başladılar. Mədinə üzərinə hər an onların basqın və hücumu gözlənilənirdi. Toplanan orduya bəlkə Mədinədə ehtiyac vardı, məhz bu ərəfədə bizanslılara qarşı göndərildi. Ordunu Rəsulullah (s.ə.s.) hazırlamış, sonra da: “Üsamənin qoşununu göndərin” buyurmuşdu. Başda Həzrət Əbu Bəkir olmaqla heç bir səhabə başqa fikirlərə düşüb Onun (s.ə.s) əmrindən zərrə qədər kənara çıxmadı. Müsəlmanların xəlifəsi Həzrət Əbu Bəkir: “Vallah, canavarlar dörd bir tərəfdən üzərimizə hücum etsələr, Rəsulullahın dalğalandırdığı bu bayrağı endirmərəm” deyərək orduya hərəkət əmri verdi. Hətta qoşunu bir qədər müşayiət də etdi. Gənc sərkərdə at belində, özü isə piyada![14] Bəli, budur səhabə itaəti, səhabə bağlılığı. Ən ağır və çətin dövrlərdə belə Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm) əmrlərini bu dərəcədə həssaslıqla yerinə yetirirdilər.
Mövzunu xülasə edəcək olsaq deyə bilərik ki, bəşəriyyət ilahi rəhbərlikdən uzaq qaldığı bütün dövrlərdə yolunu itirmiş və zülmət içərisində çırpınmışdır. İlahi rəhmətin təcəllisi olan vəhy və peyğəmbər rəhbərliyi sayəsində isə qısa zamanda yolunu tapmış istiqamət üzrə addımlamış və səadət mənzilinə qovuşmuşdur. Bu gün də sabah da insanın səadəti bu iki rəhbərə, Quran və Sünnəyə bağlılığı nisbətində olacaqdır.
[1] İbn Həcər, əl-İsabə, I, 569-570
[2] Buxari, “Mənaqibul-ənsar”, 24
[3] fikrinin qarışması
[4] Tirmizi, Fəzailul-Quran 14
[5] Müslim, Müsafirin 139
[6] Buxari, Ədəb 70; İtisam 2; Müslim, Cuma 43; Nəsəi, İydeyn 22, Səhv 65; İbn Macə, Müqəddimə 7; Darimi, Müqəddimə 23; Əhməd ibn Hənbəl, III, 310, 319, 371.
[7] Tabakât, 3:584; Müsnəd, 5:230; ibn-i Kəsîr, Sire, 4/199
[8] Qurtubi Əhkamul-Quran, Beyrut 1985 I, 40;
[9] Muvatta, “Quran” 11
[10] Buxari, Təfsir,109
[11] Buxari, Zəkat, 45
[12] Buxari Həcc, 50
[13] Əbu Davud, Təharət, 63
[14] İbn Sad, Tabaqatul-kübra, 2/190-191. İbn Hişam, Sirə, 4/301.
Xudavənd Məhərrəmov
ilahiyyatçı