11. 211 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Allah-Təalanın Quranda “mən” deyil, “biz” ifadəsini işlətməsinin hikməti nədir?

Cavab: Əvvəla qeyd edək ki, Quranın endirilmə qayəsi cəmiyyətdə tövhid (Allahın birliyi, tayı-bərabərinin olmadığı) əqidəsini formalaşdırmaqdır. Quranda hər yerdə “mən” əvəzinə “biz” əvəzliyi işlədilməmişdir. Yəni Qurandakı xitab formaları ayələrə və mövzuya görə dəyişir. Aşağıdakı ayaələrə nəzər salanda bunu açıq-aşkar görə bilərik:

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!”[1]

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”[2]

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[3]

Uca Allah bu ayələrdə olduğu kimi bir çox ayədə özü haqqında “mən” əvəzliyi işlətmişdir. Ayələrə nəzər saldıqda görərik ki, “Məndən qorxun!”, “Məni səndən soruşduqda”, “Mən (onlara) yaxınam” ifadələri birbaşa Allahın zatı ilə əlaqəlidir və arada heç bir vasitə yoxdur.

Allahın “mən” deyə xitab elədiyi ayələrin əksəriyyəti zatı ilə əlaqəlidir. “Biz” deyə xitab elədiyi ayələrdə isə arada bir vasitə mövcuddur.

Məsələn, Quranın endirildiyini xəbər verən bütün ayələrdə “biz endirdik”[4] buyrulur. Bütün ayələr vəhy vasitəsilə peyğəmbərə bildirildiyinə görə burada Allahla peyğəmbər arasındakı vasitəçi Cəbrayıldır.

Bundan əlavə “…üstünüzə buludla kölgə saldıq…”[5] ayəsində işi gördürən Allah, işi görən isə mələklərdir. Burda Allahın mələklərə iş gördürməyini doğru anlamaq lazımdır. İnsan aciz olduğuna görə yəni bütün işi özü görə bilmədiyinə görə işçilərlə işləmək məcburiyyətindədir. Lakin Allah kainatdakı qüdrətini göstərmək, bununla hər şeyə qadir olduğunu bildirmək üçün mələklərdən istifadə edir.

Bir çox müfəssirlər bu ayələrin Allahın əzəmət və qüdrətinin dəlili kimi qəbul edirlər. Yəni Allah Əsmaul-hüsnası və sifətləri ilə birlikdə xitab edərək öz böyüklüyünü göstərmişdir. Bəzi müfəssirlərə görə isə, Allah-Təala isim və sifətlərinin çoxluğu səbəbi ilə bir çox ayələrdə özü haqqında ‘biz’ demişdir. 

Məsələn, “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”” (Hicr, 15/9). Bu ayədəki biz ifadələrinin çoxluğu Allahın həm əzəmətinə, həm də məsələnin əhəmiyyətinə işarədir.

“Kövsər” surəsinin “Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” ayəsinin təfsirində “Buradakı “biz”dən məqsəd Allahın əzəmətini göstərməkdir. Çünki “Kövsəri Rəsulullaha hədiyyə olaraq verən yerin və göyün sahibi olan Allah Təaladır. Hədiyyə edilən şey də verənin böyüklüyünə görə qiymət və əzəmət qazanır”. Eyni zamanda Osmanlı dövrünün məşhur müfəssiri Əbu Suud Əfəndi də “İrşadu Əqlu-səlim” adlı təfsirində “Şübhəsiz Quranı biz nazil etdik və biz də onu qoruyacağıq” ayəsini təfsir edərkən “Biz əzəməti-şanımızla nazil etdik” − deyə təfsir edir. Yəni, Qurandakı “biz” kəlməsinə Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır.

Böyük İslam alimlərindən biri də Bəqərə surəsinin 34-cü ayəsinin təfsirində “mən” mənasındakı “inni” və “biz dedik” mənasındakı “qulnə” kəlmələri haqqında bunları deyir:

Allahın xəlq etməsində vasitə yoxdur, kəlam və xitabında isə vasitə vardır”.[6]

Fikrimizi bir nümunə ilə əsaslandırmağa çalışsaq, dövlət rəsmilərindən biri tabeliyindəki məmura hər hansı məsələni birbaşa əmr şəklində və öz adından asanlıqla deyə bilər. Məsələn, “filan işi belə etməlisən və ya səndən bunu etməyini mən tələb edirəm”. Həmin şəxs radio və ya televiziya vasitəsilə xalqa müraciət edərkən “Biz idarə olaraq belə qərara gəldik” – ifadəsindən istifadə edir. Çünki burada idarənin (dövlətin) adından danışır və xitab etdiyi kütlə ümumidir.

Bənzətmədəki kimi olmasa da, Uca Allah məxluqata bəzən xüsusi, bəzən də ümumi xitab etmişdir. Məsələn, Hz. Musanın (ə.s) Onu görmək istəyinə cavabən “Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!” (Taha surəsi, 20/12). Bu xitabda İsrail oğulları ilə əlaqəli heç nə yoxdur. Buna görə də “mən” ifadəsi işlədilmişdir.

Uca Allah Peyğəmbərimiz (s.ə.s) haqqında “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).” (Ənbiya surəsi 21/107) ayəsində “biz” ifadəsini işlətmişdir. Çünki Rəhmət Peyğəmbərinin (s.ə.s) göndərilməsi bütün məxluqatla əlaqəlidir.

Rəsulullah (s.ə.s) rəhmətin canlı mücəssəməsi olduğu kimi, Quran da Onun gətirdiyi carçısı olduğu həqiqətləri ehtiva, kainatın mənasını tərcümə edən rəhmət kitabıdır. Buna görə də Uca Allah “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (Qədr surəsi, 97/1) – buyurmuş, bütün varlıqlarla əlaqəli olan bu mövzuda “biz” ifadəsini işlətmişdir.

Allah-Təala bütün əzəməti ilə “biz” ifadəsini işlətməklə bizlərə sanki bir ədəb öyrətməkdədir. Ehtiyac olmadığı halda səbəblərə yer verdiyini bəyan edərək “mən, mən” deyən eqist nəfslərə “biz” deməyin vacibliyini xatırlatmaqdadır. “Etdim, düzəltdim, gördüm, tikdim” kimi ifadələrlə özünü insanlara göstərmək istəyənlərə ictimai şüurun əhəmiyyətini göstərməkdədir.

Buna görə də Allahın bəzi ayələrdə biz deyə xitab etməsi -haşa!- Allahın birdən çox olması mənasına gəlməməlidir, gələ də bilməz.

Xülasə, Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Quranda Uca Allah haqqında həm “mən”, həm də  “biz” əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətli olduğunu bildirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətə Allahdan daha layiq olan yoxdur. Ona görə də, Uca Allah Özünün tək və şəriksiz olduğunu isbat etmək üçün tək şəklindən, ucalığını və əzəmətini təsdiqləmək üçün isə cəm şəklindən istifadə edir.


[1] Bəqərə surəsi, 2/40-41.
[2] Bəqərə surəsi, 2/186.
[3] Zariyat surəsi, 51/56.
[4] Hicr surəsi, 9.
[5] Bəqərə surəsi, 2/57.
[6] İşarətül-icaz, s. 230.



Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz